MEHRiBAN DüŞMƏN

FAİQ QİSMƏTOĞLU
36418 | 2010-06-05 01:40
Deyirlər insandan mürəkkəb varlıq yoxdu. Bəlkə də bu sözdə böyük həqiqət var. Çox qəribədir ki, Allah-Təala başqa canlılardan fərqli olaraq insana şüur da bəxş edib. Ağılı və hər şeyi yerində olan insansa, bir də görürsən elə işlər görür ki, adam məəttəl qalır. O qədər məəttəl qalır ki, çox ağıllı və təmiz adam saydığın o insanın görünməyən sifətləri, cizgiləri, xasiyyəti üzə çıxır. Məsələn, hər hansı məclisdə yaxın dostunun şərəfinə badə qaldıran və ona can sağlığı arzulayan, ağızdolusu təriflər söyləyən adam bir gündən sonra arxada həmin insan barəsində tamamilə başqa fikirlər söyləyir. Yəni bir gün əvvəl məclisdə deyirdi ki, bu adam çox nurlu, işıqlı, mərd insandı. Sabahı günü də bildirir ki, həmin adamdan alçaq, şərəfsiz və qorxulu insan yoxdu. İndi siz təsəvvür edin, hər gün dostunun süfrəsi arxasında əyləşən və ondan istifadə eləyən bir adam sabahı günü sifətini necə dəyişib rəngdən-rəngə düşür. Vəzifəsindən, imkanlarından və həmin adamın səlahiyyətlərindən gen-bol istifadə eləyən, həmişə də şəninə təriflər söyləyən bu insan nə qədər qorxulu bir məxluqdur. Ona görə məxluq sözünü deyirik ki, belələrinə insan yox, şeytan kimi baxmaq lazımdır. Bu şeytanlar varlı və imkanlı insanların qəlbinə girərək özünü ən doğma adam kimi onlara sevdirir. Daha doğrusu, bu adamlar süfrənin başında əyləşən mehriban düşməndir. Üzünə bir söz deyir, arxasınca başqa bir söz. Hətta ən yaxın adamları vəzifəli şəxslərə yaxın dura bilməyəndə bu cür mehriban düşmənlər onun həm evində olur, həm işində olur, həm də harda eyş-işrət varsa, orda üzə çıxır. İmkanlı adamın doğma bacı-qardaşı və qohum-əqrəbası qalır qıraqda, bu mehriban düşmənlər o ki, var ondan istifadə eləyir, öz problemlərini yoluna qoyurlar, onların pulu ilə özlərinə ev alır, maşın alır və övladlarına gün-güzəran düzəldirlər. Dahilərdən kimsə deyib: "Allah məni dostlarımdan qorusun, düşmənlərimlə özüm bacararam". "Qabusnamə"də yazılır ki, səni tənqid edən və nöqsanını üzünə deyən adamdan qorxma. O adamdan qorx ki, o hər gün səni tərifləyir. Həqiqətən də insanın nöqsanını üzə deyən adamdan çəkinmək lazım deyil. Düzdür, bu cür adamlar müdirlərin, vəzifəli şəxslərin xoşuna gəlmir. Amma bu cür adamlar heç vaxt namərdlik edib arxadan adamın kürəyinə bıçaq saplamaz. Namərdliyi o adamlar edirlər ki, onlar üzdə səni tərifləyir, hər gün süfrənin başında əyləşib çörəyini yeyir və sonra da fürsət düşəndə bu mehriban düşmən sənin başını "pambıqla kəsir". Bax, belələri hamı üçün qorxuludur. Belələri mehriban düşməndir. Mehriban düşməndən nə qədər uzaq olsan, başın bir o qədər salamat qalar.
   
   
   
   ***
   
   Vaxtı ilə bizim kəndə də belə bir mehriban düşmən olub. Çox imkanlı adamların az vaxtda "dilini tapıb" və sonra da onu özünə ən yaxın dost kimi təqdim edib. Bu adam da elə bilib ki, qardaşdan da, bacıdan da, əmioğludan da bu insan ona daha sədaqətlidir. Hər gün varlı adamın qapısına gedən və onun şəninə xoş təriflər söyləyən mehriban düşmən bir gün öyrənir ki, həmin kişinin oğlu tibb institutuna qəbul olmaq istəyir. Daha doğrusu, imkanlı adam övladının hansı ali məktəbə gedəcəyini heç kimə deməsə də, hər gün süfrəsinin başında əyləşən bu adama deyir. Sovet dövründə də belə idi ki, ali məktəbələrdə qəbul imtahanları zamanı hər hansı abituriyentdən rektorluğa anonim məktub gələn kimi həmin an o abituriyenti nəzarətə götürür, imtahan zamanı savadlı olub-olmamasından asılı olmayaraq ona "2" yazılırdı. Həmin abituriyent də hüquq fakültəsinə qəbul imtahanı verirmiş. Elə tarix imtahanı zamanı onun barəsində anonim məktub rektorluğa daxil olur. Oğlan sualların hamısına cavab versə də, rektorluqdan imtahan götürən müəllimlərə gəlib deyirlər ki, bu abituriyentə "2" yazmalısan. İmtahan götürən müəllimlərsə abituriyenti müdafiə edərək bildirirlər ki, bu uşaq bütün suallara əla cavab verib. Axı bizim necə insafımız gələr ki, ona "2" yazaq. Müəllimlər "2" yaza bilmirlər. Xəbəri eşidən rektor özü imtahana gəlir, təzədən həmin abituriyenti sorğu-suala tutur və görür ki, həqiqətən də bu abituriyent "5"ə layiqdir. Həmin uşağa "5"i yazırlar və sonrakı imtahanlar da komissiyanın iştirakı ilə götürülür. Həmin imtahanlardan da yüksək qiymət alan abituriyent hüquq fakültəsinə daxil olur. Kənddə sonradan məlum olur ki, həmin abituriyent haqqında anonim məktubu mehriban düşmən yazıbmış. Çünki həmin şəxs bir neçə adam barəsində də anonim məkbuları müxtəlif ünvanlara yazıb göndəribmiş. İmkanlı adam hövsələdən çıxıb qapısına gələn mehriban düşmənə deyir ki, ə, sən nə zəhərli ilanmışsan. Burda çörəyimi yeyirsən, arxada da anonim məktub yazırsan. İtil bu qapıdan, bir də gözüm səni görməsin. Mehriban düşmən o qapıdan ilim-ilim itir. Amma sonradan başqa imkanlı adamların aftafasını götürməyə başlayır. Maskası yırtılandan sonra digər adamlar da ondan üz döndərir və onu yaxına buraxmır.
   
   
   
   ***
   
   İndi alim olmaq, müdaifə eləmək çox asan olub. Bir az o kitabdan, bir az bu kitabdan, bir az da başqa ədəbiyyatlardan köçürüb olursan ya elmlər namizədi, ya da elmlər doktoru. Ümumiyyətlə, mən humanitar elmlər sahəsində fəlsəfədən başqa digər fənlər üzrə alimliyi, elmlər doktorluğu heç cürə başa düşə bilmirəm. Alimlik o deməkdir ki, kimsə yeni bir kəşf edir, ixtira yaradır. Yaxud da elə bir fikir söyləyir ki, o fikir tamamilə orijinal olur. Yoxsa hər hansı humanitar fəndən mövzu götürüb müdafiə eləməklə alim olmaq, ya da elmlər doktoru adı almaq bizcə böyük kəşflərdən xəbər vermir. Sadəcə olaraq həmin elmi işlər hər hansı tədqiqatın obyektinə çevrilə bilər. Amma bunun elmlər doktoru səviyyəsində öz həllini tapması indiki zəngin informasiya texnologiyaları dövründə bir o qədər də təəccüblü deyil. Məsələn, filologiya üzrə elmlər doktoru adını əldə edən bir alim əgər 300-ə yaxın ədəbiyyatdan və müxtəlif elmi mənbələrdən istifadə edirsə, burada hansı böyük yenilikdən və kəşflərdən söhbət gedə bilər. Əgər hər hansı bir tədqiqatçı Nizamidən, Füzulidən, Nəsimidən mövzu götürüb onların fəlsəfi fikirlərini özünəməxsus, orijinal bir formada təhlil edirsə, bunu qəbul etmək olar. Çünki yeni fəlsəfi fikrin, deyimin, klassik ədəbiyyatın nümayəndələrinin dünyəvi düşüncələrini açıqlamaq təbii ki, o qədər də asan deyil. Bu mövzuları açıqlayan və təhlil edən alimin güclü məntiqi təfəkkürü və dərin savadı istər-istəməz üzə çıxır. Təəssüf ki, bizdə elə elmlər doktoru var ki, onların müdafiə etdikləri tədqiqatın mövzusunun adını dəqiqləşdirməyə böyük ehtiyac var. Yəni mövzuya baxırsan heç bir şey başa düşmürsən. Əgər mövzunun adı məntiqi, qrammatik və üslubu cəhətdən dolğun deyilsə, onda hansı yüksək tədqiqatdan və elmi işdən söhbət gedə bilər. Təsadüfi deyil ki, son vaxtlar MEA-nın Hüquq İnstitutunun bir neçə əməkdaşının müdafiə etdikləri namizədlik və doktorluq işləri plagiatlığa görə ləğv edilib. Həmin elmi işlərə rəhbərlik edən elmlər doktorlarına axırınıcı xəbərdarlıq olunub. Məgər bundan da böyük biabırçılıq olar? İndi elm sahəsini bəziləri bazara çevrilib. Ondan-bundan oğurluq eləməklə elmlər namizədi və elmlər doktoru olmaq olmaz. Bunun günlərin birində eybəcərliyi üzə çıxır. Sovet dövründə elmlər doktorlarını, professorları, akademikləri barmaqla saymaq olurdu. İndi o qədər elmlər doktoru peyda olub ki, heç kim onlardan baş çıxara bilmir. Amma məmləkətimizdə çox istedadlı və dəyərli elmlər doktorları da var, professorlar da, akademiklər də. Elm aləminə dolayısı yollarla gələn "elmlər doktorları" o birilərinin adına ləkə gətirir. Hər halda, elmimizədə də əməlli-başlı təmizlənmə işləri aparılmalıdır.

TƏQVİM / ARXİV