Bezin sağ olsun, Vaqif Bəhmənli

ETİBAR CƏBRAYILOĞLU
52795 | 2010-06-05 01:40
Yol xəritəsi yerinə...
   
   
   
   "... Vaqif Bəhmənli yol adamıdır-hardan gəldiyini də bilir, hara getdiyini də.
   
   Vaqif Bəhmənli çöl adamıdır- doqquz mərtəbəli evin balkonunda bitməyinə baxmayın!
   
   Vaqif Bəhmənli yük adamıdır- yoxsa dərdi, azarı olanlar məhz onu qırağa çəkib ürəklərini boşaltmazdılar ki!
   
   Qələm adamıdır, hal adamıdır, iç adamıdır, Allah adamıdır.
   
   Mənə belə gəlir ki, Vaqif müəllimin indiyəcən nə xətrinə dəyən olub, nə də o bir kimsənin ürəyini qırıb. O, bu dünyada bu dünyayla hesabı açmadan yaşayır- 0:0. Amma şeirləri elə deyil, ürəyi qırılanı da var, ürək qıranı da, sənə toxunanı da tapa bilərsən, sənin toxunduğunu da!.."
   
   Şair Vaqif Bəhmənlini tanıyanlara, tanımayanlara, tanımaq fürsəti axtaranlara, hətta tanımaq istəməyənlərə ünvanlanan bu sözlər mənim deyil. Bəxtəvər başıma, hardaydı məndə belə bacarıq...
   
   Şair dostum Qulu Ağsəsin sözləridi. Hamının ürəyindən xəbər verdiyindən qoy bu yazıma bələdçilik eləsin.
   
   Yazımız, yolumuz açıq olsun!
   
   
   
   Vaqif Bəhmənli çeşməsindən beş seçmə:
   
   
   
   "Bəzən güclü yazıçıda da
   
   həyat həqiqəti çatmır"
   
   "İlham pərisini heç yerdə
   
   görməmişəm"
   
   "Azərbaycandakı inkişafı görməmək
   
    üçün gərək namərd olasan"
   
   "Söz aləminə taxıl zəmisinə
   
   düşən odla gəlmişəm"
   
   "Jurnalistikanı poeziyanın
   
   qapısında bir qul kimi saxladım"
   
   
   
   - Vaqif bəy, beşləri qoşalayıb hara belə?
   
   - Çətin sual olsa da, deyim, mən öz yolumu gedirəm. Əslində rəqəmlər şərtidi. Uzun illər bundan qabaq yazdığım şeirlərin birində deyirdim ki, ömrümü bütöv yaşamaq istəyirəm. Əslində günü, həftəni, ayı, ili, şənbə-bazarı insan özü təqvim olaraq uydurub. Onsuz da insan bütöv bir ömür yaşayır. Şəxsən mənim hara getməyimə gəlincə, hara gedirdimsə elə ora da gedirəm. Yol birdi, o yoldan dönmək fikrim yoxdu.
   
   - Bu yolda SÖZün yol yoldaşlığı necədi? SÖZlə yol getmək maraqlıdı, yoxsa cansıxıcı?
   
   - Bu yolda yol yoldaşı olan insanlar, ağaclar mənim üçün qiymətlidi. SÖZlə isə xüsusi bir yoldaşlığım var. Hərdən elə fikirləşirəm ki, həyatımdan SÖZü çıxsalar, yerdə çox az şey qalar. Bəlkə də heç nə qalmaz. Ona görə də SÖZü özümə ən etibarlı yol yoldaşı sayıram. Hələ ki, bir yerdə yol gedirik...
   
   - Dostunuz Maarif Soltan sizin ədəbi nəsli ədəbiyyatımızda ən abırlı nəsil adlandırır...
   
   - Ədəbiyyatda abırlı insanlar həmişə olub, var və olacaq da. Ədəbiyyatda mənə həm bizdən əvvəlki nəsil, həm də sonra gələn nəsil və o cümlədən yaşıdlarım kömək edib. Bu kömək təkcə "Uğurlu yol" yazmaqla, şeirlərin, kitabların çapına yardımçı olmaqla ölçülmür. Məni əhatə edən bütün ədəbi nəsillərin nümayəndələrindən enerji almışam. Mən onlara nə vermişəm, bunu deyə bilmərəm.
   
   - Ədəbiyyatda nəsillər arasındakı savaşa, gizli və açıq intriqalara heç vaxt qoşulmayan Vaqif Bəhmənlinin fikrincə, ədəbiyyat belə mübarizələrdən nə qazana bilər?
   
   - Ədəbiyyat heç nə qazanmır. Düzdü, ədəbiyyatətrafı söz-söhbət həmişə olub, bəlkə lap Nizaminin, Füzulinin zamanında da. Ədəbi cərəyanlar bir-biri ilə mübahisə apara-apara, toqquşa-toqquşa inkişaf ediblər. Amma bunun özündə belə etik çərçivələri qorumaq vacibdi. Ədəbiyyatın amalı insana xidmət etməkdi. Belə olan halda ədəbiyyat nümunələri yaradan insanların etik çərçivələri, normaları pozması heç cür müsbət qarşılana bilməz.
   
   - Ustad jurnalistimiz Şakir Yaqubova illər öncə verdiyiniz müsahibədə deyirsiz ki, əgər mənim çox, lap çox pulum olsa, o pulun hamısını, sonuncu qəpiyə qədər ortaya qoyub Qarabağın işğal olunmuş torpaqlarını qan tökülmədən alardım. Yenə o fikirdə qalırsız?
   
   - İndiyə qədər nə demişəmsə, yenə həmin fikirlərdə qalıram. Minnətdaram ki, sən qardaşım Şakir Yaqubovun adını xatırladın. Bu vaxta kimi mətbuat üçün çoxlu müsahibələr vermişəm. Amma Şakir müəllimin hazırladığı müsahibənin özünəməxsus yeri var. Təsadüfi deyil ki, həmin müsahibəni "Sınıq güzgü" kitabıma ön söz kimi daxil etmişəm. "Sınıq güzgü" nadir kitablardandır ki, ön sözü müsahibə ilə başlayır. Şakir Yaqubovun yazdığı o müsahibə bu janrın bütün tələblərinə cavab verir. Ona görə də həmin müsahibəni Şakir Yaqubovun əsəri kimi kitabıma daxil etmişəm.
   
   Bayaq dediyim kim, Qarabağın azad olunması ilə bağlı səsləndirdiyim fikirdə qalıram. Azərbaycan xalqı, cəmiyyətimiz bütün gücünü, qüvvəsini toplayıb yeganə problemimizin həllinə çalışmalıdı. Bu da Qarabağın işğal altında qalan torpaqlarımızın problemidi. Ən ümdə vəzifəmiz həmin problemi həll etməkdi. Hər şey göz qabağındadı. Bu günki Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil, inkişafın getdiyini görməmək üçün gərək namərd olasan. Bu dəyişikliklər bütün cəmiyyətdə, o cümlədən, ədəbiyyatda və mədəniyyətdə də gedir. Təəssüf ki, bircə Qarabağ problemi həll olunmamış qalır. Bu gün hər birimiz bu barədə düşünməliyik, biz torpaqlarımızın işğaldan azad olunması üçün nə kömək edə bilərik. Təbii, dövlətimiz böyük çabalar göstərir, yüksək səviyyələrdə danışıqlar aparır. Mənim fikrimcə, bu məsələni xalq özü həll etməlidi. Xalq, xalq, xalq... Xalq deyəndə başda prezident olmaqla, hər birimizi -ziyalıdan, yazıçı-şairdən tutmuş adi vətəndaşa qədər hamımızı nəzərdə tuturam. Biz bu yolda çox qanlar görmüşük, itkilər vermişik. İndi elə etməliyik ki, növbəti dəfə itki vermədən, qan axıdılmadan bu məsələ həll olunsun.
   
   - "Bərəkət" qəzetinə rəhbərlik etdiyiniz dövrdə dostunuz Seyran Səxavət həmin nəşrdə "Kasıb" səhifəsi açmışdı. "Bütün ölkələrin kasıbları, birləşin!" şüarı ilə çıxan o səhifəni bərpa etmək mümkün olsa, ətrafına neçə milyon oxucu toplayar?
   
   - "Kasıb"ın indi neçə milyon oxucu toplaya biləcəyini dəqiq deyə bilmərəm. Xasiyyətcə yumoru sevən adamam. Məndən əvvəl deyilən bir fikirlə tam şərikəm ki, yumoru sevməyən insanın yetkinliyi bir qədər şübhəlidi. Yumor insanı yaşadan bir dəyərdi. Rəhmətlik Məhəmməd Füzulinin "Salam verdim, rüşvət deyildi, almadılar"- fikrinin özündə böyük bir həqiqətlə yanaşı yumor da var. Mən müxtəlif qəzetlərdə yumorla bağlı rubrikalar aparmışam - "Pürrəng çay içə-içə", "Altı günün biri şənbə". "Ədalət" qəzetində çalışanda "Ətalət", "525-ci qəzet"də "Sarımsaq" səhifələrini hazırlamışam. "Bərəkət"də çalışanda Seyran müəllim indi sənin xatırladığın "Kasıb" səhifəsi yaratmaq təklif etdi və biz qəzetdə ona səhifə ayırdıq.
   
   Kasıblıq insanın özündən çox asılıdı. Tutaq ki, yaşadığım bu 55 ildə kimisə həmişə kasıb görəndə birinci elə o insanın özünü qınamışam. İnsanın bir az da olsa qolunun gücü varsa, o, kasıb olmamalıdı. Kasıblıq psixologiyasına köklənən insan çox asanlıqla kasıb ola bilər. Allahın adı haqqı, tezdən iş ardınca, çörək dalınca evdən çıxan adam heç vaxt kasıb olmaz.
   
   - Sizin də, mənim də gözəl tanıdığımız bir insan var- əməkdar inşaatçı İlyas Bədəlov. Mən İlyas müəllimin yubileyində yazı yazmaq istəyirdim, nəsə toparlanıb yaza bilmədim. Bəlkə siz mənə məsləhət verəsiz, yazını necə başlayım? Hər halda İlyas müəllimə iki şeir həsr etmisiz...
   
   - Şair hər adama şeir həsr eləmir. Mən adbaad çox az adama şeir həsr etmişəm. Şeir həsr etdiklərim də mənim həyatımda yeri olan insanlardı. İstəmişəm ki, onlar qardaş deyilən həqiqətə bağlansınlar. Belə deyək də, həmin şeirlər bir növ böyük qardaş həqiqətinə çağrışlardı. Elə insanlar var ki, qanı sənin qanınıdan olmasa da, sən cəmiyyət qarşısınıda onun mərdliyini, kişiliyini görmüsən, həmin adamlar haqqında hökmən nəsə yazmaq istəyirsən. Çünki həmin insanlardan gələn müsbət enerjini başqaları ilə paylaşmaq ehtiyacı hiss edirsən. Dostumuz İlyas Bədəlov da belə insanlardandı. İlyas müəllimdə o qədər həyat materialı var ki, rahatca oturub nəsə yaza da bilərdi. Bəzən görürsən ki, istedadlı bir yazıçıda həyat materialı çatmadığından əsərini oxumaq olmur.
   
   - Həyat yoldaşınız Rəhilə xanım əksər kitablarınızın redaktoru və tərtibçisi olub. Rəhilə xanımın bəyənmədiyi şeirlər varm? Bəlkə o şeirləri "Ədalət"də çap edək...
   
   - Bunu gərək Rəhilə xanımın özündən soruşaq. Mən şeirlərimi həmişə ona oxuyuram, bilirəm ki, hamısını da bəyənir. Bəyənmədiyi yox, razı qalmadığı şeirlərim var. Bəzən hansısa şeirimdə yalan uydururam, Rəhilə xanım da bilmir, bu həqiqətdi, yoxsa yalan...
   
   - Taleyinizdə rəsmi yerlərdə çalışmaq qisməti də var. Məsələn, bu gün Mədəniyyət və Turizm Nazirliyində məsul bir sahədə çalışırsınız. Yuxarılarda nə var, nə yox?
   
   - Ömrüm boyu dövlətimizin yanında olmuşam. Harda işləməyimdən asılı olmayaraq, həmişə mənə etibar edilən işi vicdanla yerinə yetirməyə çalışmışam. Bu da bir zəhmətkeşlik, bu da bir tər tökməkdi.
   
   - İlham pərisinin çalışdığınız Hökumət Evinə gəldiyi məqamlar olur?
   
   - İlham pərisini ümumiyyətlə heç yerdə görməmişəm. O nə mənim evimdə, nə küçədə, nə də Hökumət Evində var. Mən şair kimi içimdən, canımdan gələn hissləri reallaşdırmağa çalışıram. Bəzən yaradıcı adamlar ilham pərisini reallığa çevirirlər. Guya qapını açıb gəlir, hətta onun adı-familyası var. Bunlar hamısı boş-boş şeylərdi. Şairlik Allahın insana verdiyi ruhdu. Bu ruh hər bir insanda var, amma hamıya şeir yazmaq gücündə verilməyib. Əslində ilham pərisi şairin içindədi. Deməli, şeir yazanda o gəlmir, bəlkə də bədəndən çıxır. Bədəndən çıxanda da onunla üzbəüz oturursan.
   
   - Bayaq xatırlatdığınız "Sınıq güzgü" kitabına sizin həm də tanınmış sənət adamları ilə çox maraqlı müsahibələriniz daxil edilib. Bu gün kimlərdən müsahibə götürmək istərdiz?
   
   - Müsahib seçməyə cəmiyyətdə son dərəcə maraqlı insanlar var. Amma sən də bilirsən ki, müsahibə mənim üçün jurnalistika sahəsində əsas janr olmayıb. Əslində müsahibə düşünüldüyü qədər sadə və asan janr deyil. Jurnalist maraqlı söhbət qurmaq üçün müsahibə götürmək istədiyi insanı dərindən tanımalıdı, müsahibinin verdiyi cavabı ondan əvvəl bilməlidi. Bu jurnalistikanın qızıl qanunudu. Ürəyinə, ruhuna yaxın müsahib tapmaq da əsas şərtdi. Amma indi çox vaxt müsahibəni at kimi belədən-belə çapırlar.
   
   Mən yazı aləminə sadə bir xəbərlə gəlmişəm. Doğulduğum Bəhmənlidə qatar keçən yolun hər iki tərəfində taxıl zəmiləri var idi. Bir dəfə bilmirəm, qatardanmı, yoxsa kibritdənmi həmin taxıl zəmisinə od düşdü. Camaat odu çətinlikə söndürdü. Füzuli rayonunda çıxan "Araz" qəzetinin redaksiyasına "Yanğın söndürüldü" adlı kiçik bir xəbər yazıb göndərdim. İlk mətbu "əsərimi" qəzetdə dərc elədilər. Söz aləminə taxıl zəmisinə düşən odla gəlmişəm. Jurnalistika fakültəsinə qəbul olunmağım, jurnalistikaya gəlişim əslində ədəbiyyata görə idi.
   
   - Məşq edirdiz?
   
   - Məşq deməzdim. Yazılarımın birində demişəm ki, jurnalistikanı poeziyanın qapısında bir qul kimi saxladım.
   
   - Hər halda taxıl zəmisinin söndürülən odu sizin qəlbinizdəki yazı-pozu odunu alovlandırdı.
   
   - Bu sənin izahatındı. Mən onu bilirəm ki, söndürülən odla gəlmişəm.
   
   - Tərifdən xoşunuz gəlir?
   
   - İnsan zəhmətinə qiymət verildiyini görəndə xoş hisslər keçirir, daha yaxşı çalışmaq istəyir. Orta məktəbdə Rza müəllim adlı müəllimimiz var idi. Onun şagirdlərini səliqəli xəttinə görə tanıyırdılar. Məsələn, yolda kiminsə dəftərindən bir varaq qopub düşübsə üstündə Vaqifin, Eldarın, Həsənin adı yazılmasa da bilirdilər ki, bu Rza müəllimin şagirdlərindən birinin dəftərindən düşüb. Hərdən gedib Rza müəllimin həyətində odun daşıyardıq. Rza müəllim hər dəfə təriflədikcə elə bil mənə əlavə güc-qüvvət gəlirdi. Tərif deyəndə ki, insanı ruhlandırmağa sadə bir söz də yetir. Ona görə də mən dostlarımı, çevrəmdəki insanları tərifləməyi çox sevirəm. Ən yüksək səviyyələrdə insanları xoş sözlər idarə edir. Biz gündəlik həyatımızda, evdə, işdə, insanlarla söhbətdə bu cür davranmalı, xoş sözü əsirgəməmliyik. Bizim xalq xoş sözə layiqdi. Yağın aşa nə ziyanı? Amma bunu yaltaqlığa çevirməməliyik.
   
   
   
   Yolun ortası, yazının sonu
   
   
   
   Beşlərdən yoğrulub sümüyüm, mayam,
   
   Beşlərə bağlıdı həyəcanım da.
   
   Sevginin dolaşıq yollarındayam,
   
   Beş ildi bir qızın odu canımda.
   
   
   
   Beş günlük dünyaya cəhənnəm dedik,
   
   Amma mən cənnətdə yaşaram yəqin.
   
   Beş il tələbəlik, beş il işsizlik,
   
   Beş il də türməyə düşərəm yəqin...
   
   
   
   Vaqif Bəhmənli 1955-ci ilin beşinci ayında dünyaya gəlib. Hesablamağa nə var ki, düz 55 yaşı var. Bu illər ərzində sürdüyü halal ömrə beş nəvəsi şahidlik edir. Hər şeiri, publisistik yazısı oxuculardan "5" alır. Yəqin elə bu müsahibəsi də başını beşlərə qoşar. Beşin sağ olsun, Vaqif Bəhmənli!
   
   

TƏQVİM / ARXİV