DAğLAR DAğIMDI MƏNiM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
30323 | 2010-06-05 01:40
Yəqin ki, Dədə Qorqud boylarından xəbəriniz var. Bu boylardakı deyimlər, müraciətlər, çağırışlar, bir sözlə, burda təsvir olunan bütün mənzərələr hər halda yadınızdadır. Mən sizi çox dərinə çəkməyəcəm. Sadəcə bir məqamdan yapışmaq istəyirəm. Dədə Qorqud boylarında belə bir müraciət də var:
   
   - Qarşı yatan qarlı dağlar...
   
   İndi nə qarşımda qarlı dağları görürəm, nə də onların qarını. Çünki o dağlar məndən çox-çox uzaqdadı. Deməli, elə o çox-çox uzaqlara da qarlar yağır. Mən də bunları yalnız təsəvvür edirəm, xəyalən gəzib gəlirəm o dağları, sürüşürəm o qarların üstündə və ən vacibi o qar mənə soyuqluqdan, həsrətdən çox istilik, od-ocaq, alov təsiri bağışlayır. Elə bil ki, onun qəsdi məni yandırmaq, məni kül etməkdir. Bəlkə də bu heç belə deyil. Bu mənim uydurduqlarım, bu mənim özümə təsəlli üçün yaratdıqlarım, lap elə gördüyüm yuxulardı. Hər şey ola bilər. Sadəcə olmayan bir məqam var, o da dağların və o dağlarla bir yerdə onun zirvəsinə yağan qarın məndən uzaq olmasıdır, əlimin çatmamasıdır...
   
   Dağları elə-belə yadıma salmadım. Və bir də ki, mənim bütün inanclarıma görə, elə-belə heç nə olmür. Hər şeyin mütləq bir səbəbi var... hərəkətə gətirəni var, təqdim edəni var... Və biz də bunu məhz o hərəkətdə, o təqdimatda görürük... İndi havalar yavaş-yavaş qışın, yazın ovqatından uzaqlaşıb yayın simləri üsütündə köklənir və yavaş-yavaş da istilər bizim bədənimizə, həyat tərzimizə, yaşamımıza, bir sözlə, aləmimizə təsir edir. Ona görə də baş verənləri hiss edirik, ona uyğunlaşmağa, ondan müəyyən mənada qorunmağa variantlar düşünürük, yollar axtarırıq. Bax, belə bir məqamda dağlar yada düşür, onun gözəllikləri ilə yanaşı, onun sığınacaq olması, onun təbiəti, onun bir növü insanı özü qədər ucaltması və ən nəhayət ağappaq, bumbuz qar təpələri... bunları düşündükcə elə hiss edirsən ki, yenicə başlayan bu yayın istisi səndən bir addım aralıdan gedir və sən də həmin o istinin qarsımağı, ütməyi ovqatının içində dağlara xəyalən üz tutursan. Elə bilirsən ki, bu yolla qorunacaqsan, dağlara pənah aparacaqsan. Amma neyləyəsən ki, xəyal heç vaxt gerçəkliyə çevrilmir. Olsa da onu barmaqla saymaq yəqin ki, mümkün olar...
   
   İndi dağlarda yavaş-yavaş şaxtanın sazağın yerini mülayim yaz havası, yaz mənzərəsi tutmaqdadı. Bax, elə bu mənzərənin içərisində də dağları. O ağappaq qar da yavaş-yavaş əriyir. Əridikcə də çayların suyu artır, çeşmələrin qatışığı çoxalır... Mən bunları təkcə təsəvvür etmirəm. Çünki onun reallığını, onun gerçəkliyini yaşamış, görmüşəm. Ona görə də bu barədə nəsə yazanda, nəsə deyəndə elə bilirəm ki, həmin mənzərə mənim gözlərimin qarşısındadı, mən onun ağuşundayam. Bu mənada kimsə məni qınamaq istəsə qəbul etmərəm. Bəlkə də qınayanlar da haqlıdır. Çünki onların öz yanaşması, öz yaşadıqları var və olub. Mən də dağları təsvir etdiyim kimi görmüşəm. Ən vacibi isə o dağlarda adamları da elə dağların özü kimi, təbiəti kimi, çayları, çeşmələri kimi görüb tanımışam. Gözəllərini dumanı, buludu, çəni, şehi, çeşmələri kimi qəbul etmişəm və özüm də bilmədən o dağ çiçəklərinə vurulmuşam, ağlımı-huşumu əlimdən alıblar. Özü də necə alıblarsa, hələ də geri qaytara bilmirəm. Çünki dağlar da uzaqlardadı, onun özünə bənzəyən gözəlləri də. Mən isə bu Bakıda, onun hər cür qəribəliklərinin içərisində yaşaya-yaşaya təkcə nisgil çəkmirəm, həm də sabahlara özümlə bərabər bir sevgi, bir ümid işığı aparıram. Düşünürəm ki, mənim yaşadıqlarım, mənim təsəvvür etdiklərim, həmçinin mənim tərənnümlərim bizi nə vaxtsa dağlara, onun gözəlliklərinə və gözəllərinə qovuşduracaq.
   
   
   
   ilk məqamdan bilirəm
   
   günahkaram, günaham...
   
   günü iki bölürəm-
   
   tən sevincəm, tən aham...
   
   
   
   kədər yüküm üyünməz
   
   heç kim qəmlə öyünməz
   
   qəm də mənsiz böyüməz
   
   mən bir qəmli sabaham...
   
   
   
   bunca qəmə xoşlanmış
   
   ürək, mənə düşmandır.
   
   öz-özümə tuşlanmış,
   
   içi dolu silaham.
   
   
   
   ilk görüşdən bu günə
   
   diz bükmədim yükünə...
   
   qurbandı hər tükünə-
   
   canım, sənə pənaham...
   
   
   
   ***
   
   Zaman hansı sürətlə hərəkət edir etsin, fərqi yoxdur. Əgər içində təpər, canında istək varsa, mütləq hansı yolla olur-olsun özünü zamanın ardınca çatdırmağa, onun ən azı ətəyindən yapışmağa cəhd göstərəcəksən. Söhbət onda deyil ki, sən zamana nəyi diqtə edəcəksən. Söhbət ondadır ki, sən zamanın çiyindaşı ola biləsən, ondan geridə qalmayasan, özü də bütün mənalarda. Çünki geri qaldıqca köhnə kişilərin dediyi kimi ifadə etsək, onda basaratın da bağlanacaq. İndi hünərin var, gəl bu basaratdan, bu qaramatdan çıx görüm, necə çıxırsan...
   
   Hər gün dünyanın kələfi bu və ya digər formada dolaşır. Özü də bu kələfin dolaşmağı getdikcə sürətlənir. Əgər fikir versəniz günbəgün artan təbii fəlakətlərin, təyyarə qəzalarının, qatarların yoldan çıxmasının, yanğınların, müxtəlif xəstəliklərin bəlkə də sayını hesablayıb qurtara bilməzsiniz. Ola bilsin ki, bu hansısa bir əlamətin göstəricisidir və yaxud nədənsə qorunmaq üçün xəbərdarlıqdır. Amma istənilən halda bunlar reallıqdır və biz də bu reallıqları görə-görə hələ ki, nə yolumuzu dəyişə bilirik, nə də özümüzə qayıdırıq. Mütəfəkkirlərdən birinin dediyi kimi, "biz özümüzə qayıdanda böyük oluruq". Amma görək qayıda bilirikmi? Ümumiyyətlə, bu qayıdış onun yolları, onun üsulları varmı? Kimsə bu barədə düşünübmü? Zənnimcə yox. Ən azı ona görə ki, belə bir qayıdışın variantları mümkün olsaydı, indi çoxdan heç kim də olmasa, türk özünə qayıdardı. Qaydardı ki, zamana və dünyaya türklüyünü sübut etsin, göstərsin.
   
   İstənilən bir məqam ona olan baxışlara görə, fərqli qiymətləndirilir. Tutaq ki, mən Türkiyə ilə bağlı sonuncu böyük qalmaqala münasibətim sırf müsəlman, sırf azərbaycanlı, sırf qarabağlı münasibətidi. Mən istərdim ki, dərhal haqlı haqsızı yerində oturtsun, öz böyüklüyünü, öz bütövlüyünü göstərsin. Başqaları isə bunu daha dinc, daha sivil variantda həll etməyə maraqlıdır. Mən onları da başa düşürəm, ancaq anlaya bilmədiyim türkün bir millət və dövlət olaraq hər gün itirməsidi... İtirə-itirə kiçilirik, balacalaşırıq. Özü də təkcə ərazi baxımından yox, həm də bütün baxımlardan. Necə ki, neçə yüz ildir Azərbaycan itirə-itirə kiçilibdir, ərazi baxımından, mənəvi dəyərlər baxımından. Nə isə...
   
   Görünür zamanın indiki durumu ya çox qəlizdir baş aça bilmirik, ya da bu zaman bizim zaman deyil, bizim əleyhimizə işləyir. Əks halda, biz özümüzün, bütövlüyümüzün, kimliyimizin davasını çox rahat bir şəkildə həll edə bilərik. Amma zaman əleyhimizə olduğundan biz təklənir və gücsüzləşirik. Təəssüf...
   
   Doğrudur, ataların bir qəribə deyimi var. Söyləyiblər ki, "su gələn arxa bir də gələr". Bundan başqa həm də tarixdə bir təkrar, bir dönüş də mümkündür. Əgər zaman təkrarlansa, onda bizim böyüklüyümüz bu dəfə daha qaçılmaz olacaqdır. Təkcə maddi baxımdan yox, həm də mənəvi baxımdan. Ümumiyyətlə, insanın özünə qayıtmaq istəyi, özünü tanıması, onun özünə qayıdışının uğurlu olmasının ilk şərtidir. Onda təkcə özün yox, həm də özünün qəbul etdiklərinin, özünün oxşarlarının yanında və özündə olursan. Deməli, axtarmağa, aramağa və qovuşmağa dəyər...
   
   
   
   bəndə idim daş olmuşam
   
   sonra dönüb quş olmuşam
   
   indi lap tay-tuş olmuşam-
   
   dərdimlə, düm-düz gəzirəm...
   
   zirvə qarın arayan tək
   
   qız telini darayan tək
   
   hamı xoşbəxt, yarıyan, tək-
   
   mən yatmağa diz gəzirəm...
   
   
   
   baxıb gülən, gülüb baxan
   
   dərdə açıq sinəm, yaxam
   
   görüşümə pünhan çıxan-
   
   bizə tanış iz gəzirəm!
   
   
   
   ***
   
   İllərlə oturub fikirləşsəm belə Tanrının yazdığını, taleyin hökmünü dəyişə bilməzsən. Necə deyərlər, haqdan gələni haqq özü müəyyənləşdirir. Kimə nə verməyi, kimdən nəyi almağı o özü daha yaxşı bilir. O mənada indi həsrətini çəkdiyim dağların, o dağların zirvəsindəki ağappaq qarın, eləcə də o dağlara sığınan, o dağlardan təbiətin bütün gözəlliklərini öz qanına, öz canına, öz çöhrəsinə hopduran gözəllərə indiki durumda mənim üçün nə demək olduğunu və ona qovuşmağın yolları da daha çox Tanrıya bəllidir. Mən bütün hallarda Allahın bir qara qulu kimi görünən ağ cığırla işığa doğru, dağlara doğru yol getməyə üstünlük vermişəm. Amma neyləyim ki, bu yolun dolanbacları yaman çoxdur. Onları aşmaq, onlardan yan keçmək özü də bir dözüm və hünər istəyir...
   
   Hardan baxırsan bax, dünya eləcə yupyumru qlobus şəklindədi. Düzdü, alimlər onu başqa cür də adlandırırlar, amma indiki məqamda qlobus bənzətməsi daha məqsədəuyğundur. Və mən də bu dünyanın bir nöqtəsində dayanıb, onunla bahəm fırlanmaqdayam. Elə bilirəm ki, nə vaxtsa o dağlara qayıdıb, o dağlara gedib çata biləcəm. Elə bilirəm ki, o dağlarda yenə həmin o gözəlliklər, o gözəllər dayanıb məni gözləyirlər və mən də o çaylardan, o çeşmələrdən, o dumandan, o şehdən bələm-bələm olub dünənimə qayıda biləcəm və orda səni görəcəm... həmişəki, kimi... xəyalımda qurduğum kimi... lap elə görmək istədiyim kimi.
   
   
   
   hər səhər
   
   özünə bax
   
   güzgüdə yox,
   
   pəncərə önündə...
   
   və hər səhər
   
   yuxulu gözünə bax
   
   görə bilsən
   
   məni pəncərə önündə
   
   bil ki,
   
   o gecəni yatmamışam-
   
   yuxuna
   
   keşik çəkmişəm
   
   evinizin tinində...
   
   
   
   Bütün təfərrüatlarına varmadan dünyanın bir gerçəkliyini qəbul etməyə məcburam. Bu gün yaşadıqlarımla xəyalımda qurduqlarım arasında əl çatmayan, ün yetməyən bir məsafə var... onun əvvəlində dağlar dayanır - özü də başı qarlı, sonunda da dağlar - ürəyimdəki göynərtisinə dözə bilmədiyim dağlar...

TƏQVİM / ARXİV