adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"LEYLƏYİN İNTİQAMI"

ƏBÜLFƏT MƏDƏTOĞLU
19741 | 2015-04-02 09:02
Novruz qabağı görüşdük. Daha doğrusu, həmişə olduğu kimi, bu dəfə də o, məni qabaqladı. Zəng edib çərşənbə xeyir-duasını, arzularını bildirdi. Sözarası da xatırlatdı ki, yeni bir kitabı işıq üzü görüb. Mənim də qəribə xüsusiyyətim var. Kitab barəsində eşidəndə dərhal onu əldə etməyə çalışıram. Odur ki, Qəşəm müəllimin sözünü göydə tutdum. Rica etdim ki, həmin kitabı mənə çatdırsın. Bayram günlərində bu kitabla baş-başa qalım. Onsuz da getməyə kəndim, gəzib-dolaşmağa... Nə isə...
Sağ olsun, çatdırdı mənə kitabı. Və onu da bildirdi ki, leyləyin intiqamının nə demək olduğundan yəqin ki, xəbərdarsan. Sorğusuna gülümsəməklə cavab verdim. Beləcə, avtoqraf yazılmış "Leyləyin intiqamı mənim oldu. Elə həmin günü vərəqləyib gözdən keçirdim və öz-özlüyümdə kitabı iki hissəyə ayırdım. Birinci hissədə Qəşəm İsabəylinin şeirləri, ikinci hissədə bir-birindən maraqlı, dadlı-duzlu, satirası, yumoru canında gen-bol olan alleqorik hekayələr...
Bu gün həmin kitabın birinci hissəsindən danışacam. Daha dəqiq desəm, "Leyləyin intiqamı"ndakı şeirlər barəsində düşündüklərimi və bu şeirlərin mənə etdiyi təsiri diqqətə çatdıracam. Güman edirəm ki, hər təzə sözü maraqla izləyən oxucu üçün "Leyləyin intiqamı" kitabındakı şeirlər maraq doğuracaq. Çünki bu şeirlərdə müəllif öz üslubuna, öz yanaşmasına sahib qalmaqla bərabər, həm də şeirlərin uşaq və gənc nəsil yaddaşı üçün önəmini, təsirini də diqqətdə saxlayıb. Sonda da şeirə çevrilən fikir həm yığcamlığı, həm məna yükü baxımından yaddaşa rahatca nəqş olunmaq imkanı qazanıbdı. Məsələn:

Vətən torpaq, daş deyil,
Vətən vətəndaş deyil.
Can evi candı Vətən,
Hiss, həyəcandı Vətən!

Və yaxud:

İki hecalıdır - "Ana",
İki hecalıdır - "Ata",
İki hecalıdır - "Vətən"
Bəs nədən,
İkianalı olmurg
İkiatalı olmurg
Bəs nədən
İkiparalıdır Vətən?!

Zənnimcə, bu iki şeir istənilən məktəblinin yaddaşında bir-iki dəfə oxumaqla qala bilər. Çünki həm sadədi, həm düşündürücüdü, həm də mayasında məntiq var. Ümumiyyətlə, Qəşəm İsabəylinin yaradıcılığında həmişə məntiq daha çox qabardılır. Oxucu onun ən kiçik şeirindən tutmuş irihəcmli hekayəsinə, povestinə qədər olan bütün yazılarında bunu hiss edir. Aydınca görür ki, müəllif nəyi aşılamağa və nəyə güvəndiyini nəzərə çaptırmağa çalışır. Məncə, fikir məntiqli olanda o, artıq bədii gücünü də artırır, təsir imkanlarını da genişləndirir. Söz yığımından çıxaraq oxunaqlı, düşündürücü bir bədii nümunəyə çevrilir.
Qəşəm İsabəylinin barəsində bəhs etdiyim kitabında yer alan şeirlərin hər birində həmin o söylədiyim məntiqin ifadəsini, təcəssümünü duyub izləyə-izləyə mən həm də bu şeirlərin evimdə, ailəmdə uşaqlar üçün maraq doğrucağını da məmnunluqla yaşadım. Axı, istənilən uşaq üçün dilinə yatan, söyləyə biləcəyi asan olan şeir həm də onun nitqini, zehninin inkişafına müsbət təsir göstərir. Bax, bunu nəzərə alan şair də həmin o uşaqların gözüylə, sözüylə pıçıldayır fikirlərini və yazır:

Ay baba, ayaqların
Nə yaman ərköyündü;
Çəkmələrimi verdim,
geyinmir.

Və yaxud:

Allaha and olsun,
Kefdi babam.
Bütün günü oxuyur ha;
Səhər yerindən duranda:
- Vay də-əəə-dəə-mmmg
Axşam yatağına girəndə:
- Öldüm, ay ana-aaa-ag

"Leyləyin intiqamı" kitabındakı şeirlərin hər birinin mövzusu Azərbaycan coğrafiyası, Azərbaycan təbiəti və dünya uşağıdı. Yəni biz öz coğrafiyamızda, öz təbiətimizdə nəyi görürksə, onu onu qavramağa, onu dərk etməyə, ona qovuşmağa çalışırıq. Ancaq burda fərqli məqam ondan ibarətdir ki, dünyanın istənilən yerində doğulan və yaşayan uşaq həmin həmin uşaqlıq yaşı dövründə hadisələrə, təbiətə, valideynlərinə demək olar ki, eyni münasibəti, eyni hissləri yaşayır. Azərbaycanda doğulan uşaq ata-anaya, nənə-babaya, məktəbə, qara, yağışa, zooparka necə münasibətdədirsə, Avropada da, Afrikada da və yaxud başqa bir qitədə də bunun yüzdə səksən oxşarı necə deyərlər, təkrarlanır. Bu mənada, yaradıcılığı Avropa mətbuatında yüksək qiymətləndirilən və bir çox beynəlxalq tədbirlərdə imzası təsdiqlənmiş, əsərləri tərcümə olunmuş Qəşəm İsabəylinin orijinallığı sevindiricidi. Bir az da konkret desəm, Qəşəm İsabəyli sözə, qələmə təkcə məmləkətin içindən yox, həm də dünyanın pəncərəsindən baxmaqla dəyər verməyə, onu ərsəyə gətirməyə çalışan yazıçılarımızdan, şairlərimizdən biridi. Düşünürəm ki, "Leyləyin intiqamı" kitabındakı şeirləri istənilən dilə çevirib istənilən ölkədə yaymaq, oxumaq nə tərcüməçiyə, nə də naşirə problem ola bilməz. Çünki burdakı uşaq dünyası hər kəsə doğmadı.

TƏQVİM / ARXİV