ƏMƏK MÜQAVİLƏLƏRİ

FAİQ QİSMƏTOĞLU
26700 | 2015-04-02 08:56
Onu bağlamayan hüquqi və vəzifəli şəxslər yüksək məbləğdə cərimə olunurlar

Heç kimə sirr deyil ki, bir çox idarə, təşkilat və istehsalat sahələrində işçilər işə qəbul edilərkən onlarla müdiriyyət arasında heç bir əmək müqaviləsi bağlanmır. Təbii ki, bu cür halların mövcudluğu sonradan işə götürülənin müəyyən problemlər yaşamasına şərait yaradır. Başqa sözlə demiş olsaq, işə götürülən şəxs istehsalat prosesi zamanı xəsarət alanda, məzuniyyətə çıxanda ona heç bir pul ödənilmir.
Əlbəttə, bu cür halların mövcudluğu ilk növbədə qanun pozuntusu deməkdir. Yəni işə götürən öz maraqları naminə həmin insanları bu və ya digər dərəcədə aşağılayır. Hamıya yaxşı bəllidir ki, indiki şəraitdə iş stajının olması ilk növbədə vacib şərtlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, əgər əmək müqaviləsi yoxdursa və işə götürülən qanunla qəbul edilmirsə, deməli, burda hardasa böyük bir boşluq var.
İlk növbədə boşluq ondan ibarətdir ki, işə götürənlər vergidən və digər sosial sığortalardan yayınmaq istəyirlər. Yəni onlar sosial fonda pul ödəməkdən və eləcə də digər xərclərdən boyun qaçırmaq istəyirlər. Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bu cür halların mövcudluğu birmənalı olaraq qanun pozuntusuna dəlalət edir. Axı hamıya gün kimi aydındır ki, kimsə hansısa təşkilatda, idarədə və istehsalat sahəsində çalışırsa, heç olmasa ildə bir dəfə məzuniyyətə çıxmalıdır. Əgər əməkhaqqı olmayan şəxs rəsmi surətdə bu qaydalara uyğun fəaliyyət göstərmirsə, deməli, heç məzuniyyətdən danışmağa dəyməz. Hələ biz başqa müavinətlərdən danışmırq.
Dövlət Əmək Müfəttişliyi bu cür qanunsuzluğa yol verən təşkilat, idarə və istehsalat sahələrində yoxlamalar aparıb. Yoxlamalar zamanı məlum olub ki, tikinti sektorunda çoxlu sayda qanun pozuntuları mövcuddur. Belə ki, ayrı-ayrı tikinti şirkətləri işə götürdükləri fəhlələrin əksəriyyəti ilə əmək müqavilələri bağlamır. Aydındır ki, bu cür qanun pozuntularının yaranması ilk növbədə həmin tikinti şirkətlərinə sərfəlidir. Əgər hər hansı tikinti şirkətində 200-300 fəhlə işləyirsə, cəmi-cümlətani onların 20-25 ilə əmək müqaviləsi bağlanır. Hətta bağlanmış əmək müqavilələrində belə yenə qanun pozuntularına yol verilir. Yəni onlara verilən əməkhaqqının məbləği sənəddə bir cür, reallıqda isə başqa cür olur. Bu isə birbaşa vergidən və sosial fondlara pul ödəməkdən yayınmaq deməkdir.
Daş karxanalarındakı vəziyyət isə daha acınacaqlıdır. Bakının Qaradağ rayonunda yüzlərlə daş karxanaları var. Və bu daş karxanalarının da öz sahibləri olur. Təəssüflə qeyd etməliyik ki, daş karxanalarında işləyən əksər fəhlələrlə əmək müqavilələri bağlanmır və təhlükəsizlik qaydalarına əməl edilmir. Dövlət Əmək Müfəttişliyinin daş karxanalarında keçirdiyi yoxlamalar bir daha bu cür faktları üzə çıxarıb. Yenə məlum olub ki, bayaq dediyimiz kimi, əksər daş karxanalarında fəhlələrlə əmək müqaviləsi bağlanmır, onlara geyimlər verilmir və hətta təhlükəsizlikləri belə təmin edilmir. Bu cür şəraitin mövcudluğu birmənalı olaraq işə götürülənlərin fəaliyyətinə mənfi təsir göstərir.
Axı, heç kimə haqq verilmir ki, fəhləyə, zəhmətkeş insana qul kimi baxılsın. Çünki Azərbaycan Konstitusiyasında bütün vətəndaşların hüquqları qanunla qorunur və o cümlədən haqları tapdanan və əməkhaqqı ala bilməyən, məzuniyyətə çıxmayan, istehsalat prosesi zamanı xəsarət alanların haqları da bu mövcud qanunla tənzimlənir. Heç kimə haqq verilmir ki, kimisə işə götürsün və onu istismar eləsin.
Əgər hər hansı hüquqi və vəzifəli şəxs bir insanı işə götürürsə, onda da hər şey qanunauyğun olmalıdır. Bu qanunlarsa ondan ibarətdir ki, işə götürənlə işə götürülən arasında əmək müqaviləsi bağlanmalıdır. Bu mütləq dərəcədə vacib bir şərtdir. İşə götürülən adam kimliyindən asılı olmayaraq vəzifəli şəxslərdən bunu tələb etməlidir. Əgər müqaviləsi varsa, bütün hallarda vəzifəli və hüquqi şəxslər buna görə məsuliyyət daşıyırlar. Əksinə, müqavilə bağlanmayıbsa, həmin vəzifəli və hüquqi şəxslər yüksək məbləğdə cərimə edilə bilərlər.

TƏQVİM / ARXİV