adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

NƏ ETMƏLi?

21098 | 2010-06-05 01:40
Dəyirmi dünyamız öz oxu ətrafında aramla fırlandıqca elə bil arabir çalxalanmağa başlayıb. Fəsillər sıra ilə əvəzlənsələr də, ildən-ilə əvvəlkitək eyni şəkildə təkrarlanmır.Yayda payız, payızda qış, qışda baharlı günlərlə qarşılaşırıq. Həyatımızın axarı təbiətin əsrlərlə dəyişməz qalan qəliblərinə daha sığmır. Gah Şərqdə, gah Qərbdə, gah Şimalda, gah Cənubda vaxtsız düşən soyuqlardan, qəfil hücum çəkən qasırğalardan, aşıb-daşan çaylardan, sel sularından, səmaya od püskürən vulkanlardan adamlar qorxuya düşüb təlaş içində narahat günlər yaşayır, əziyyət çəkir. Təbii fəlakətlərlə yanaşı, başımıza bəla olan müxtəlif bədbəxt hadisələrin sayı artır. Təyyarələr qəzaya uğrayır, daş kömür mədənləri uçub-dağılır. Günün günorta çağında xəstəxanalara,məktəblərə silahlı basqınlar edilir. Günahsızlar qırılır, günahkarlar tapılmır, cəzasız qalır. Neft buruqları yanır, yanacaq daşıyan tankerlər dənizləri mundarlayır. Bu minvalla təbiəti bizdən küsdürən amillər günbəgün çoxalır. Quruda at oynadanlar azmış kimi, okeanda yol azmışlar gəmilərə hücum çəkir, soyğunçuluqla kifayətlənməyib, adamları girov götürür. Sağımızda-solumuzda ləyaqət, şəfər, ədalət, insanlıq ucuzlaşanda, haqsızlıq hökm sürəndə, harınlıq dəbə minəndə, gözümüzdə getdikcə daralan dünyaya cürbəcür rəzalət vulkanları meydan oxuyanda aləm niyə çalxalanmasın ki? Ağızlar suyla dolsa da, çox dodaqlar quruyub, cadar-cadardır. Lal dillər, kar qulaqlar da hər ehtimala qarşı kilidlənib. Haray çəkib haqq səsiylə dağı-daşı lərzəyə salan, hünər göstərib Zülfüqar qılıncı ilə Yer üzündən zülmün kökünü kəsəcək ər oğullar ərşə çəkilib. Əvəzində özlərini güclü və əvəzolunmaz sanıb, kiçiklərə böyük dərd çəkdirməklə fərqləndiklərinin fərqində olmayan başabəla paşalar, xanlar, bəylər törənib. Çirkab girdabı memarlarından bezmiş dünya qəzəbindən sıxıldıqca, mənəviyyatın xüsusi çəkisi azalır. İndi saf adam tapmaq da, saf su bulmaq qədər çətinləşib. Mənşəyi naməlum mayelər büllur çeşmə suyu adıyla şüşələrə doldurulub süfrələrə düzüləndə, cəmiyyətə nəcabət, şücaət, səxavət təcəssümü, mərhəmət rəmzi kimi sırınan nanəciblərin, nakəslərin sırası artar. Ruzi-bərəkət qıtlığı yaşananda hərəni bir üsulla mundarlamaqdan, kimlərdənsə, nələrdənsə asılı vəziyyətə salmaqdan həzz alan dəyyuslar çoxalar. Belələrinin Tanrıdan umacağı olmasa, Allahın böyüklüyünü də danarlar. Bu bataqlıqdan necə qurtulmalı?
   
   
   
   ***
   
   Yaxın keçmişdə dost-tanışa çox vaxt "qardaş" deyərdik. Həyət-bacada kimdənsə nəsə soruşanda "ay qardaş" ifadəsini işlədərdik. Bu sözün mayasında doğmalıq vardı. İndi onun məna yükü dəyişib. Məişətdə gündəlik işlənən söz lüğətimizə yavaş-yavaş qullağı dələn kəlmələr daxil olur. Doğma qardaşlarsa illərlə küsülü qalır, bir-birinin malına tamah salır, əhli-əyalına göz qoyur, canına qəsd edir. Səbəb nədir, kimliyimizimi unutduq?
   
    Təkcə ailələr yox, sözlər də içindən parçalananda mənasını dəyişir. Elə "qardaş" sözünü götürək. İkiyə bölünəndə hər heca müstəqilləşib fərqli anlam daşıyır: "qar" soyuqluq, "daş" ağırlıq deyilmi? Yoxsa, aradakı münasibətləri mürəkkəbləşdirən, soyudan, ağırlaşdıran qardır, daşdır? "Qardaş" əvəzinə rusların "brat", yaxud ingilislərin "brother" (braze) sözünü işlətsək, vəziyyət dəyişərmi?
   
   Hamı zəncirvari şəkildə bir-birinə pərçimlənib, ixtisaslaşmış kürəsəl oyunbazların əlində girinc qalıb. Elə bil el-obanı çəmbərləyən böyük bir təsbehin muncuğuna çevrilib. Hansı uzun əllərdə bükülü barmaqlara gündəlik oyuncaq olduğu bilinmir. Sahiblər keyfləri gələndə istixarə edirlər. Şəhadət barmağını bir-bir dənələrə sürtüb sığal vurub, tumar çəkirlər. Əsəbləşəndə təsbehi bir kənara atıb, günlərlə əl vurmurlar. Dənələnib dəlinərək ipə-sapa düzülən müncuqlar bəzən tarıma çəkilsə də, barmaqlar arasında sıxılı qalsa da, hər cəfaya dözürlər. Sap qırılsa, anidən pərənpərən düşüb gərəksiz olacaqlarını gözəl bilirlər. Tək qalmaq, təklənmək, gərəksiz olmaq qorxusu hər birimizin içində qərar tutub. Yalqızlıq xofunu necə dəf edək?
   
   
   
   ***
   
   Vaxtilə "Nə şirin sözdür azadlıq" adlı filmə baxmışdım. Ekranlarda çoxdan bəri o film gözümə dəymir. Olmaya, azadlığın dadı qaçıb, dəyəri itib, əvvəlki şirinliyi qalmayıb? İstək, tələb olsa, filmin nümayişinə sponsor tapılsa, tez-tez göstərərdilər. İndi gözlərdə, dillərdə şirinləşən kəlmələr, mövzular başqadır. Siyahının önündə "vəzifə, "hakimiyyət" sözləri durur. Ah, nə şirindir bu sözlər! Hamı ona can atır. Əlinə düşən kimi zəli kimi ondan möhkəm yapışıb qanını sovurur. Şişdikcə şirniklənir. Bəzən ilhamlanıb şeir yazır, nəğmə qoşur, alimlik sevdasına da giriftar olur. Məntiq sadədir: hər şeyin varsa, niyə də hər işi bacarmayasan? Var-dövlət, naz-nemət sahibləri arasında mənəvi ehtiyacları bu şəkildə ödəmək dəbə düşüb. Bu minvalla neçəsi havalanıb, təbiətdən uzaqlaşıb, təbabətdən asılı qalıb.
   
   Əgər kimyəvi tərkibinə görə adına H2O dediyimiz içməli su da təmiz deyilsə, siyasət necə saf və şəffaf olar? Siyasət aləmində zirvələr fəth etməyə can atan çoxdur. Buna qadir, nail söz və əməl sahibləri isə nadir tapılar. Bu yolda abır-həyasını, varını, varlığını, şöhrətini-şanını itirə-itirə nə qədər simalı-simasız məmur, xadim, siyasətçi zamanın çöplüyünə atılaraq unuduldu. Adı xatirələrdə qalan isə yalnız böyük əməl sahibləridir.
   
   İmam Qəzzali deyir ki, insanın üç dostu var. Biri adam ölən kimi, ona xəyanət edər bu, var-dövlətdir. O biri yarı yola kimi onunla gedər bu ailədir, qəbiristanlıqdan qayıdar. Üçüncüsü axirətə onunla bərabər yollanar, bu əməlləridir. Əməlisaleh olmaq şərəfdir. Nə edək ki, bunu bir an unutmayaq?
   
   ***
   
   Nə qədər ki, həqiqət tərəzisi qolu zorluların əlindədir, zülmün dumanı-çəni, Yer üzündən silinməyəcək. O tutqun örpəyin arxasından kainatın doğal gözəlliyi seyr edilməyəcək. Səma aydımlaşmır, meydan açılmır, mühit düzənlənmir, zövqlər düzəlmir ki, dil-dodaq açılsın, səmimiyyətdən, mərhəmətdən, məhəbbətdən ağız dolusu danışaq. İnternet gündəlik məişətimizə daxil olandan həyatımız da internet kimi viruslarla dolub, "troyan"lar qıfılsız qapımızı Troya atları kimi az qala təpiklə açır. Nə özümüzü, malımızı, mülkümüzü, nə də kürreyi-ərzlə aramızda yeganə körpü olan bilgisayarlarımızı pisliklərdən qorumağa gücümüz yetmir. Axirəti soruşmuram, belə getsə, deyin görək sabahımız necə olacaq?
   
   
   
   ***
   
   Yaşı minilliklər adlamış yuvarlaq Dünyamız yaranandan fırlanır. Bəzən çalxalansa da, heç vaxt öz məhvərindən çıxmır. Fəqət fırlanan kresloda əyləşən vəzifə sahibi elə zənn edir mövqe əbədidir. Peysəri sağa-sola dönmür, gözü ayağının altını görmür, qulağı özgə naləsini eşitmir. Xitabət kürsüsündən danışanda ağzı köpüklənə-köpüklənə "ən böyük sərvətimiz demokratiyadır. Onu qorumalıyıq!" deyir. Amma gecə-gündüz vətənin yox, vəzifəsinin, yastığının, döşəyinin altına yığdığı gizli sərvətinin, ora-bura səpələnən daşınmaz əmlakının keşiyini çəkir. İclaslarda söz azadlığını vəsf edir. "Qoy heç kim ürəyində heç nə saxlamasın. Hamı danışsın, istəyini bildirsin, ürəyini boşaltsın", deyir.
   
   Ürəyin nə qədər istəyirsə, ürəyində danış, dostum. Buna icazə var. Ürəklər boşalmalıdır, beyinlər kimi. Boş qəlbləri, boşalan beyinləri idarə etmək asandır. Ürəyimizdə danışmağa alışandan ürəkdən danışmağa, sevməyə, sevinməyə yadırğadıq... İndi nə etməli, necə yaşamalı, nədən danışmalı?

TƏQVİM / ARXİV