ŞƏRiKLi çÖRƏK

FAİQ QİSMƏTOĞLU
42653 | 2010-05-28 04:42
Bir tikə çörəyin qədrini bilməyən, heç vaxt tonlarla bərəkəti və ruzunu qiymətləndirə bilməz. Bir də görürsən ki, uzun müddət bir-biri ilə dostulq və yoldaşlıq eləyən, tonlarla çörək kəsən adamlar bir dəqiqənin içərisində hər şeyi tapdaladı və olan xətir-hörməti yaddan çıxardı. Ancaq bu ötəri, bir az da başqa bir formada demiş olsaq, hisslər kiminsə yadından uzun müddət çıxmır. Deyir ki, filankəslə duz-çörək kəsdim, yoldaşlıq elədim, amma heç nəyi mülahizə eləmədi. Bir dəqiqənin içərisində olan-qalan xətir-hörməti tapdaladı.
   
   Atalar yaxşı deyib: "Şərikli iş görəndə əvvəlcə şərtini kəs ki, sonra xırmanda yabalaşmayasan". Bax bu sözün özü çox böyük məna kəsb edir. Bir də görürsən ki, hər hansı adam şərikli iş görür, ticarət obyekti açır, torpaq əkir, məhsul becərir, müəyyən məqam gələndə dava-dalaş düşür. Yəni qazanılan pulun müqabilində onu bölüşə bilməyən şəriklər arasında dava-dalaş səngimir. Hətta bu dava-dalaş zamanı bir-birini qanına qəltan eləyən, bir-birinə bıçaq çəkən və ya bir-birini yıxıb sürüyən adamlar da olub. Əsəblərini cilovlaya bilməyən bu insanlar şərti əvvəlcədən kəsmədiklərinə görə, xırmanda yabalaşmağa başlayırlar. Onda da qan su yerinə axır.
   
   Ümumiyyətlə, şərikli iş görmək o qədər də asan deyil. Ən azından ona görə ki, şəriklik ilə qazanılan çörək tən yarıdan iki yerə bölünməlidir. Onu iki yerə bölməyi bacaran insanlar dostluq da eləyirlər, çörək də qazanırlar və bir-biri ilə sonradan alnıaçıq da görüşə bilirlər. Daha doğrusu, bu cür insanlar bərkə-boşa düşdüklərinə görə və bir-birlərini yaxşı tanıdıqları üçün haramlığa yol vermirlər.
   
   
   
   ***
   
   Hər şeyin şərikini görmüşdüm, ancaq dilənçinin bir-biri ilə şərik olmasını görməmişdim. Axır ki, bunu da gördüm. Bu yaxınlarda "Pürrəngi"də çay içəndə şair dostum Xaqani Ayxandan geyimli-kecimli qəşəng qızın nə işlə məşğul olduğunu soruşdum. Dedim ki, bu qız dilənçidir, yoxsa alverlə məşğul olur?! Çünki o qızın üst-başında 5-6 yüz manatlıq qızıl-zinyət əşyası və bahalı geyimlər olur. Heç kim ağlına gətirməz ki, həmin qız nəsə dilənçilik eləyə bilər. Heç bizim də ağlımıza gəlmirdi. Sadəcə olaraq, həmin qızı tez-tez çayxanada gördüyümə görə, onun barəsində nəsə soruşmalı oluram. Çünki çayxanaya biz də az-az qızlar və ya qadınlar gəlir. Xaqani Ayxan bildirdi ki, həmin qız dilənçi deyil, dilənçiyə şərikdi. İki ayağı olmayan bir kişini arabada hər gün gətirib qoyur ya parkın ortasında, ya da avtomobil yolunun kənarında. Yoldan keçənlər də həmin əlil insana ürəyi yandığı üçün çoxlu pul verir. Axşam düşəndə həmin qız gedib əlil arabasında kişini evinə aparır. Qazanılan pulları isə yarı bölürlər. Kişi əziyyət çəkir, günün, yağışın altında əl açmaqla pul qazanır, bir cavan qız da ona şərik çıxır. Bəlkə də o kişinin gündəlik qazancı 40-50 manata çatır. Təbii ki, qazanılan pullar iki yerə bölünəndə həmin qıza xeyli pul düşür. Hər hansı adam bir yerdə işləyəndə ayda 200-300 manat məvacib ala bilmir, amma bu qız hər ay hesablamaya görə, 700 manata yaxın pul qazanır. Söhbət kimin pul qazanıb-qazanmamasından getmir. Söhbət ondan gedir ki, nə qədər fərasətli olmalısan ki, iki ayağı olmayan, əlil bir insanın qazancının yarısını əlindən ala biləsən. Görünür, Allah Təala hərəyə bir cür taley qismət elədiyi kimi, həmin qıza da belə bir ömür yolu bəxş eləyib. Amma bu ömür yolundan çox, hardasa xəstə bir təxəyyülün məhsulu və eyni zamanda şikəst insanın çörəyinə şərik çıxmaq deməkdir. Bu cür şərikli çörəyi yemək olmaz. Bəlkə də günlərin birində o qəşəng qızın vicdanı oyanacaq və onu bu yoldan qaytaracaq. Ancaq hələ ki, hər gün həmin qəşəng qız iki ayağı olmayan əlil insanın dilənib qazandığı çörəyə şərik çıxır.
   
   
   
   ***
   
   Kür və Araz çaylarında suyun çoxalması məmləkətimizin bir çox rayonlarında acınacaqlı vəziyyət yaradıb. Bu təbii fəlakətin qarşısını almaq üçün dövlət səviyyəsində tədbirlər görülüb. Yaradılmış Dövlət Komissiyası Şirvan, Hacıqabul, Zərdab, Ağcabədi, Salyan, Sabirabad, İmişli, Saatlı bölgələrində əhaliyə dəymiş ziyanı hesablayır. Sel nəticəsində 3 mindən çox ev dağılıb, 20 min insan evsiz-eşiksiz qalıb. Şükürlər olsun ki, Fövqəladə Hallar Nazirliyinin və eləcə də digər nazirliklərin köməkliyi nəticəsində insan təlafatının qarşısı alınıb. Yəni Allah uzaq eləsin, sel ola bilərdi ki, kəndləri, təsərrüfatları və mal-qaranı yuyub apardığı kimi, insanları da aparsın. Dövlətin gördüyü tədbirlər bu cür faciələrin qarşısını alıb. Xeyli vaxtdır ki, nə Fövqəladə Hallar Nazirliyinin, nə də digər nazirliklərin rəhbərləri dinclik bilmirlər. Onlar əvvəlcə Şirvanda yaradılmış qərargahda, sonra isə İmişlidə fəaliyyətə başlayan qərargahda bu təhlükənin qarşısını almaq üçün böyük işlər həyata keçirirlər. Bəndvurma işləri istər Araz çayı, istərsə də Kür çayının yaşayış məntəqələrinə yaxın sahələrində hər gün davam edir. Arazın yeni qolunun çəkilməsi və Sarı su gölünün Araza axıdılması bir balaca Kürdə suyun düşməsinə səbəb olub.
   
   Bu cür tədbirlər Salyanda da davamlı olaraq, həyata keçirilir. Salyana sel gəldiyini eşidən istedadlı şair Əlisəmid Kür özünü doğma elinə çatdırır. Salyanda bəndi üstündə bir neçə dövlət nümayəndələri ilə söhbət eləyən şairi görən yerli sakinlər ona yaxınlaşır. Sakinlərdən biri deyir ki, Əlisəmid Kür müəllim, bu Selin qarşısını almaqda bizə kömək edin. Əlisəmid Kür də vaxtı ilə Şamaxıda olan şair Tofiq Bayramın bir hadisəsini danışır. Onda da camaat şairdən Şamaxıdakı gölün qurudulmasını istəyirlər. Əlisəmid Kürdə ona ümidlə baxan insanlara ümid verib deyir ki, dövlət rəhbərliyi və eləcə də Salyan rayon İcra Hakimiyyətinin başçısı Əlağa Hüseynov sizin təhlükəsizliyiniz ilə bağlı bütün tədbirləri yüksək səviyyədə yerinə yetirirlər. Mənim özüm də şəhərdə duruş tapa bilməyib sizin yanınıza gəlmişəm. Fikirləşirəm ki, bu çətin gündə bütün salyanlılar - siyasətçisindən tutmuş, şairinə, yazıçısına qədər hamısı sizin yanınızda olmalı və insanlara ürək-dirək verməlidir. Camaat Bakıdan gələn hər bir nümayəndəyə böyük ümidlə baxır. Elə bilir ki, biz nəsə eləyə bilərik. Onsuz da Salyanda icra başçısı Əlağa Hüseynov nə lazımsa bütün tədbirləri dövlət komissiyası ilə bir yerdə yüksək səviyyədə yerinə yetirirlər. Sadəcə olaraq, camaat bir qədər şayiələrə, gəzən söz-söhbətlərə baş qoşmamalı, bəndvurma işlərində yaxından iştirak eləməlidirlər. Hərə bir kisə torpaq gətirib Kürün daşan hissəsinə qoysa, bu böyük bir iş olar. Ona görə də atalar yaxşı deyib ki, "el gücü sel gücü". Əlisəmid Kür onu da deyib ki, Salyanı seldən Əliağa Hüseynovun və eləcə də dövlət nümayəndələrinin operativ tədbirləri xilas edib. Yoxsa o tədbirlər vaxtında görülməsə idi bizim də kəndlərin çox hissəsi su altında qala bilərdi. Nə yaxşı ki, qüvvələr səfərbər olundu, insanlar ayağa qalxdı və bütün salyanlılar Əlağa Hüseynovun arxasında durdu. Təbii ki, camaatı seldən xilas edən, təhlükədən qutaran insanların da arxasında seldən güclü olan el-oba durur.
   
   
   
   ***
   
   Kənan Hacını mən istedadlı yazıçı-publisist kimi tanıyıram. İstedadı ilə yanaşı, o çox abırlı, tərbiyəli və ismətli ziyalıdır. Tək-tük şair, yazıçı ola bilər ki, bu cür əxlaq və tərbiyə sahibi olsun. Onunla bu yaxınlarda bir yerdə görüşdük. Bir az qayğılı idi, bir az da dilxor. Hiss olunurdu ki, işləri nəsə yaxşı getmir. Ona görə yaxşı getmir ki, bu cür istedadlı gənclər kölgədə qalır və onların istedadından istifadə olunmur. Hansı ki, Kənan Hacı ədəbi proesesdə öz sözünü deyə bilən və özünəməxsus iz qoyan söz adamıdır. Amma onun təqaüd alanlar arasında adını görmədik. Bəlkə də kimsə buna görə, ruhdan düşüb, giley-güzar eləyərdi. Amma Kənan Hacı yenə nikbin idi və heç kimdən umu-küsü eləmirdi. Deyirdi ki, 35 yaşımda təqaüd ala bilmədim, Allah qoysa 50 yaşımda alaram. Təki cansağlığı olsun, təki Allah Təala bizə istədiyimizi qismət eləsin. Sonra da Kənan Hacı 22 kitabı çıxıb, ancaq bir misrası yadda qalmayan yazarlardan danışdı. Daha doğrusu, bu fikri ortalığa mən atdım. O da dərdli-dərdli danışdı ki, böyük Nizaminin, Füzulinin, Nəsiminin cəmi 1-2 kitabı olub və o kitabın içində həmin dahi insanların yaratdığı bütün əsərlər toplanıb. Amma indi şair var ki, 22 kitabı çıxıb, bir oxucu belə onu tanımır. Oxucu tanımadığı bir yana, mənim kimi yazı-pozu adamı bu 22 kitabın içində babat bir poetik misra tapa bilmirəm.
   
   Bax beləcə zəmanə dəyişir, istedadlılar qalır bir kənarda, istedadsızlar gündə bir kitab çap elətdirir, onu qapı-qapı paylayır və sonra da pul qazanır. Amma Kənan Hacı kimi istedadlı yazar kitabını buraxdırana qədər o dünyanı görüb gəlir. Çünki indiki dövrdə sponsor olmadan, kimsə sənə kömək eləmədən kitab çap elətdirmək çox çətindir. Gərək kitab da kitab olsun də. Məsələn oxucular Ramiz Rövşənin, Vaqif Bayatlı Ödərin, Vaqif Bəhmənlinin, Seyran Səxavətin, Əlisəmid Kürün kitablarını hələ də axtarırlar. Ramiz Rövşənin yeni çıxmış şeirlər kitabını şairin xəbəri olmadan hansısa nəşriyyat çap elətdirib, birini 10 manatdan satdırır. Oxucular da onu böyük həvəslə alırlar. Xaqani Ayxan Ramiz Rövşənlə telefonla danışanda dedi ki, sənin kitabını 10 manata satıram. Ramiz Rövşən də bildirdi ki, mənim o kitabdan xəbərim yoxdur. Mənim kitablarımı xəbərim olmadan çap edən nəşriyyatlar "piratçılıq" edirlər.
   
   İstedadlı yazar Kənan Hacı heç də ümidsiz deyil. Deyir ki, əsərlərimi müsabiqəyə təqdim eləmişəm. Böyük ümidim var ki, bu müsabiqədə qalib olacam. Amma ən böyük müsabiqə odur ki, sənin kitabını və yazdığın əsəri kimsə oxuyur. Əgər yazdığını kimsə oxumursa, Nobel mükafatı alsan da, onun heç bir mənası yoxdur.

TƏQVİM / ARXİV