adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Aprel 2015 17:25
185923
MODA
A- A+

Feminizmin rəngi tapıldı

İndiyə qədər dəb nələri yaratmadı, nə dəlilikləri, çirkinlikləri, gözəllikləri sərgiləmədi. Cırıq paltarları, əcaib saç düzümlərini, çılpaqlığı, zidd rəngləri yüksək moda kimi təqdim etdilər. Bu çılğınlıqlara mühafizəkarlar nə qədər etiraz etsələr də moda diktəsinin qarşısını heç kim ala bilmədi, heç bundan sonra alınması da mümkün olan deyil. Amma bu son dəb trendi daha təəccüblü oldu. Belə ki, bundan sonra qocalıqdan qorxan qadınlar özlərini qocaya bənzədəcəklər. Yəni bu il boz, ağarmış saçlar dəbə minib. İndiyə qədər başında bir ağ tük görünəndə Məşədi İbad kimi dartıb çıxardan qadınlar indi saçlarının qara hissələrini də ağardacaqlar. Ağardacaqlar deyəndə ki, artıq başlayıblar: məşhur xanımlar yeni "qocalmış” imiclərini İnstagramda sərgiləyirlər. Ledi Qaqa, Rihanna, Nikol Riçi və başqalarının sosial şəbəkələrdəki gümüşü-ağ saçları onların fanatlarını da ilhama gətirib. Artıq ABŞ-da gözəllik salonları qocalmaq istəyən cavan qadınların "ata ocağı"na çevrilib. Sosial şəbəkələrdə hətta "Nənələrin saçları” adlı həştəq də yaradılıb.    

Stilistlər özləri bu rəngin belə sıçrayışla populyarlaşmasına məəttəl qalıblar. Düzü, bu modelyerlərə yenilik baxımından sərf eləsə də, sosioloqları və mühafizəkarları narahat edib. Qafalardakı böyük "Niyə” sualına isə müxtəlif cavablar verilir. Bəziləri qadınların bununla saç boyamağa qarşı çıxdıqlarını, qocalmanın təbii hadisə kimi qəbul edilib bir gözəllik kimi təbliğ olunmasına çalışdıqlarını deyirlər. İllərdən bəri amansız düşmənləri - qocalıq qarşısında yenilməzliklərini göstərirlər. Bir qrup ekspertlər isə bunu feminizm asi çaları kimi təqdim edirlər. Əslində bu elə birinci səbəblə sıx əlaqədardır. Buna misal olaraq, Parisdə keçirilmiş son moda həftəsində Jan Pol Qotye kolleksiyasının nümayişində yaşlı, ağsaçlı xanımların podiuma çıxarılmasını göstərmək olar. Bu nə deməkdir? Feminizmin ağbirçəkləri meydan sulayır? Ən azından nümunə olur - "Qadınların sərvəti cavanlığıdır"- deyən kişilərə tutarlı zırbı endirmək üçün. Dünyanın onsuz da matriarxatlığa istiqamətləndiyi aydın görünür, amma bu işi sürətləndirmək kimlərə lazımdır?! Qadın hərəkatının nümayəndələri, şüarları, tələbləri artıq ötən əsrdən masaya qoyulub, bir qalırdı rəngini bəlirləmək, bu da yarandı. "Ağ hərəkat” qar uçqunu kimi sürətlə yuvarlanaraq qarşısına çıxan müxtəlif rəngdən, irqdən olan qadınları və "yeni qadınları” – transları ağuşuna alır. Amma bu uçqunda boğulmaq, donmaq da var axı! Olsun, dəyişən dünyada daş heykəlləri buz heykəllərin əvəzləməsi də təəccüblü görünməz.     


Şəfiqə Şəfa