adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
52718 | 2010-05-28 04:41
İndi media yaşadığımız bu günkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
    Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayaır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun.
   
   
   
   VERDİYİMİZ
   
   SUALLAR:
   
   
   
   
   
   -1-ci sual: Bir sıra rayonlarımızı sel basdığı üçün deyirlər bu yay kənd təsərrüfatı məhsulları çox bahalaşacaq. Sizcə bu düzdürmü?
   
   -2-ci sual: Hansı dövlət orqanına daha çox güvənirsiniz?
   
   -3-cü sual: Aldığınız əmək haqqından, yaxud aylıq qazancınızdan razısınızmı?
   
   
   
   -1. - Mahir: (ehtiyatda olan hərbçi) Sel doğrudan da bu il camaata zülm elədi. Gör neçə kəndimiz suyun altında qalıb. Mən belə hesab edirəm ki, bu mütləq bazaradakı qiymətlərə təsir göstərəcək. Bunsuz mümkün deyil.
   
   -2. - Bu sual bir az çətin oldu. Əslində mənim ən çox inandığım bizim indiki ordumuzdu. Başqaları haqqında bir söz demək istəmirəm.
   
   -3. - Mən babat pensiya alıram. Bu bizim ailəmizə gen-bol çatmasa da bunu özümüzə dərd eləmirəm. Eşitmişəm deyirlər ki, bizim pensiyalarımızı artırmaq istəyirlər. Artırsalar lap əla olar.
   
   
   
   -1. - Telman: (bərbər) Bəli, deyilənlər doğrudur. Bahalaşma olacaq, özü də əməlli-başlı. Rayonlardan gələn mal azalan kimi qiymətlər qalxacaq kəllə-çarxa.
   
   -2. - Düzü, mənim dövlət orqanları ilə heç bir işim olmaz. Elə buna görə də nə güvənirəm, nə də güvənmirəm. Belə də. Amma elələri var ki, gəlirlər, adamı işləməyə qoymurlar. O qədər qənbərqulu çıxarırlar ki, adamın anadan əmdiyi süd burnundan gəlir.
   
    -3. - Allah bərəkət versin, dolanırıq. Yaxşı vaxt da olur, çətinlik də olur. Mən naşükür deyiləm. Elə adamlar var ki, indi iş axtarır. Onlara baxan da bizim vəziyyətimiz pis deyil.
   
   
   
   -1. - Hüseyn: (təcili yardım maşınının sürücüsü) Onsuz da bahalıq həmişə olur. İndi bu sel də bəzilərinə bəhanə olacaq. Dindirmək də olmayacaq, başlayacaqlar seldən elə şeylər danışmağa ki, az qalacaqsan pencəyini də soyunub bu alverçilərə verəsən.
   
   -2. - Qardaş, məni bu cür suallarla işə salma. Mənim dövlətlə, onun orqanı ilə nə işim var? Mən kiməm ki, güvənəm, ya güvənməyəm? Başımızı salıb işimizi görürük. Şofer babayam, mənim ki, maşın sürməkdi.
   
   -3. - Mən çoxdandı bu işdə işləyirəm. Əvvəllər vəziyyət çox pis idi. Amma indi başımızı dolandıra bilirik. Bir parça çörəyimiz var.
   
   
   
   -1. - Aksana: (ətriyyat satıcısı, rusca cavab verir) Ola bilər. Adətən bizdə bazara anam getdiyindən mən qiymətləri dəqiq bilmirəm. Anlayıram ki, təklif azaldıqca qiymət qalxır. Yəqin burada da belə olacaq. (gülür) Bu, bazarın qanunudur. Belə deyilmi?
   
   - 2. - Bilirsiz, mənim dövlət orqanlarına işim düşmədiyi üçün konkret bir söz deyə bilmərəm. Yəqin hər kəs öz işini normal görür ki, ətrafda xaos yoxdu.
   
   - 3. - Bizim müdirimiz yaxşı adamdı. Maaşımızı vaxtlı-vaxtında verir. Amma mən inanmıram ki, kimsə puluna bəsdi desin. Bu pul elə şeydi ki, məbləğini soruşsanız, deyə bilməzlər, amma hamı istəyir ki, çoxlu pulu olsun.
   
   
   
   - 1. - Adını söyləmədi: (məmur) Yəqin ki, bu hadisələr qiymətlərə təsir göstərəcək. Amma inanmıram ki, bu uzun müddət belə davam edəcək. Yəqin ki, beş-on günə problemləri yoluna qoyacaqlar. Bahalıqla bağlı onu deyim ki, burada əsasən bəzi işbazlara nəzarəti gücləndirmək lazımdı. Onlar qaz vurub, qazan doldurmaq üçün həmişə fürsət gəzirlər. İndi də daşqını, seli bəhanə eləyib qiymətləri qaldıracaqlar. Amma nəzarət olsa, belə bir şey olmayacaq. Fikir versəniz, görərsiniz ki, artıq bəzi məhsulların qiymətini indidən qaldırıblar.
   
   - 2. - Güvəniləsi dövlət orqanlarımız çoxdu, hansını deyim?
   
   - 3. - Şikayətim yoxdu. İndi bacarıqlı adamlar üçün imkanlar var.
   
   
   
   - 1. - Tamara: (mağazada satıcı qadın) Əslində hökumət bu işlərə əməlli-başlı fikir verməlidir. Xəbərimiz var, hər gün televizorda görürük, camaat nə gündədu. Amma bu o demək döyül ki, kimin kefi necə istəyir bazarda bahalıq yaratsın. Bizimkilərə bir hay lazımdı. Başqa müsəlman ölkələrində Qurban bayramında ətin qiyməti düşür, amma bizdə həmin gün qiymət bir az da bahalaşır. İndidən bazarlarda qiymətlər qalxıb. Yəqin dinib-danışan olmasa, lap göyə qaldıracaqlar. İnsafları var bəyəm?
   
   - 2. - Nə deyim vallah, bunu mən deyə bilmərəm axı...
   
   - 3. - Yox, əmək haqqımız bizə çatmır. Hər şey bahadı, adam gedib ürəyi istəyəni ala bimir. Bizim ailədə beş nəfərik, üçümüz işləyirik, amma yenə heç nəyi çatdıra bilmirik. Həll olunası o qədər problemimiz var ki...

TƏQVİM / ARXİV