RUHUMUN AZADLIğI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
29810 | 2010-05-28 04:41
Saata baxıram... Səhərin açılmasına hələ xeyli var. Xeyli deyəndə ki, indi saat 01:25 dəqiqədir. Özünüz fikirləşin, görün səhərə nə qədər qalıb, yuxum ərşə çəkilib. Televiziyanın düymələrini dəyişməkdən barmaqlarımın ucu göynəyir. Amma tərs kimi bu gecə telekanallarda fərli, maraqlı, diqqəti çəkən heç bir şey göstərilmir. Sanki bu gecə telekanallar da mənimlə acığa durublar, dava-dava edirlər ki, səhəri bir az da zülmlə açım...
   
   Masamın üstündəki kitablara baxıram. Oxumağa da həvəsim yoxdu. Günün qəzetlərini də topalayıb bir kənara atmışam. Bir sözlə, bu dörd divarın arasında özümə yer tapa bilmirəm. Ürəyim elə sıxılır ki, sanki kobud bir əl gülöyşə narı sıxır... Amma bu sıxılan ürəyin ağrısını özümdən başqa heç kəs duymur. Özüm də ki, bu gündə...
   
   Durub pəncərədən boylanıram. Həyətdə heç nə görünmür. Küçə lampaları neçə gündür ki, yandırılmır. Bilmirəm uşaqlar daş atıb sınıdırıblar, yoxsa ümumiyyətlə, xətdə cərəyan yoxdu. Heç nə görə bilmədiyimdən bir az da öz-özümə əsəbləşirəm, asılqandan pencəyimi götürüb həyətə çıxıram. Bax, onda hiss edirəm ki, tək-tək damcılar düşür. O qədər seyrəkdi ki, rahatca saymaq da olar. Mən bu damcıları saya-saya nəyi axtardığımı, nədən bu qədər gərgin olduğumu çözməyə, aydınlaşdırmağa çalışıram. Elə bu vaxt su şırıltısına oxşayan bir səs eşidirəm, qaranlığa diqqət yetirirəm. Məhlənin ayağındakı ofisin xadiməsi yır-yığış edir. O da ya yatıb yuxuya qalmaqdan qorxaraq tez gəlibdi, ya da bir neçə yerdə işləyir, ona görə işini belə sahmanlayıbdı ki, problemi olmasın, iş yerini itirməsin. Bu yaşlı qadının halı ürəyimi ağrıdır. Əslində onun dincələn, istirahət edən vaxtıdır. Amma çörək pulu, ehtiyac onu gecənin bu vaxtı evdən çıxmağa, yır-yığışa məcbur edib...
   
   Hardansa yadıma düşür, belə bir deyim var, deyirlər ki, hərənin dərdi özünə bir dağdı. Görünür, bu dünyada bizim bilmədiyimiz, görmədiyimiz neçə minlərlə dağlar var imiş...
   
   Hə, elə dağları düşündüyüm anda içimdən sanki bir ağrı sızıb keçdi. Bu, daha çox hansısa bir telin qırılmasını xatırlatdı mənə. Özümdən asılı olamayaraq əlimi ürəyimin üstünə qoydum. Ovcumun içində onun döyüntüsünü hiss etdim və anladım ki, bu döyüntü təkcə yaşamaq əlaməti deyil. O həm də ağrıların ürək çırpıntılarına qoşulan ahəngidi. O ağrıların ki...
   
   İndi təbii fəlakətlə bağlı ölkə mətbuatında, ifnormasiyalarda müəyyən bilgilər verilir. Bu bilgiləri də hər kəs bir cürə qəbul edir. Mən şəxsən gün ərzində təkcə xəbərlər proqramını deyil, hətta mobil telefon vasitəsi ilə həmin ərazidə olan doğmaları, dostları da arayıb xəbər tutmağa çalışıram. Çünki doğmalarımın yaşadığı qəsəbədə böyük narahatçılıq var. Və mən də bir oğul kimi valideynlərimin bu ahıl çağında, qaçqınlığın zülmünə alışdıqları bir vaxtda təbii fəlakətlə üz-üzə gəlmələrindən, onun narahatlığını, gərginliyini yaşamalarından üzülürəm. Nə hökmüm, nə imkanım, nə də gücüm nəyisə dəyişməyə çatmır. Bax, bunun özü ürəyimin həmin o narahat duyğularının bir damarıdır. Bir az da dəqiq ifadə etsəm, bu narahatlıq ürəyimi işğal edən gərginliyin bir hissəsidir. Mən "işğal" sözünü hər dəfə kağıza köçürəndə, dilə gətirəndə kəndimizi xatırlayıram, onun işğalını xatırlayıram və onun yazın indiki çağındakı durumunu göz önünə gətirirəm. Bu da istər-istəməz sıxıntılarımı, ağrılarımı artırır. Özü də elə bir həddə gətirib çatdırır ki, ondan qurtulmaq öz canımdan qurtulmaq qədər çətin, həm də asandır. Ancaq bu asanlığın içərisində bir günah yaşamaq da var.
   
   
   
   Gücüm çatmır öz canımı
   
   Özüm-özümdən qurtarım.
   
   Töküb ortaya qanımı
   
   Dərdə dözümdən qurtarım.
   
   
   
   Artdıqca yolun yağırı
   
   Sevgi dəlisi fağırı
   
   Dişlə,dırnaqla, axırı-
   
   Tanış izimdən qurtarım.
   
   
   
   Su tək səmtinə axanın
   
   Özün yandırıb-yaxanın
   
   Güzgüdən mənə baxanın
   
   Üzün üzümdən qutarım.
   
   
   
   ***
   
   Çox vaxt insan öz aləminə qapılıb öz-özü ilə danışmağa, özü öz problemlərinin ip ucunu tapmağa çalışır. Bax, həmin anda o insana yaxınlaşıb, onun həmin durumuna müdaxilə edəndə hiss edirsən ki, bu tərəf- müqabilinin heç ürəyincə olmadı. Bu duyğuları mən də yaşamışam və bu gün də yaşayıram. Ərki keçənlər, sözü yerində deyə bilənlər bəzən mənə bunu irad tuturlar. Özümə qapılmağımı, bir küncə sığınmağımı özümün özümə qəsdim kimi qiymətləndirirlər. Hətta səsinin tonunu bir az qaldırıb danlayanlar da olur. Deyirlər ki, adam özü özünə düşmən olmaz, özü özünün ömrünü baltalamaz. Bu gen dünyadan könüllü əl üzməz və s. və ilaxır. Mən də bütün bunları dinləyirəm və bütün bunlara haqq qazandıra-qazandıra özümü tapdığım, özümün rahat olduğum həmin o qapalı dünyaya çəkilməyə yenə də üstünlük verirəm.
   
   Öncə ona görə ki, o dünyamda mən özüməm...hökm verən də... icra edəndə... daş daşıyıb, qum ələyəndə... ev tikən də...quyu qazıb su çəkən də...özü-özüylə danışan da... öz-özünə gülən də...özü özünün günahlarının ayaqlarından asan da...
   
   İnsana bunca asudəlik, bunca azadlıq, bunca özgürlük daha harda verilib?!. Məgər biz bu azadlıqlar üçün mübarizə aparmırıq? Əgər mübarizəmiz öz azadlıqlarımıza, öz xəyallarımıza, öz arzularımıza qovuşmaq üçündürsə, onda niyə mənə irad tutursunuz? Axı, mən yalnız özümə çəkiləndə, öz dünyama üz tutanda həmin o, uğrunda mübarizə apardıqlarımıza qovuşuram, sizə xoş olsa da, olmasa da.
   
   Hər kəsin öz dünyasının ağası olması onun ən böyük özgürlüyüdü. Bu özgürlüyün nəyin hesabına əldə edilməsi artıq o yolu seçənin haqqı və bacarığı deməkdi. Yəni seçdiyin haqqı öz bacarıqların, öz gücün hesabına əldə etməyin deməkd. Təbii ki, bütün seçimlərə, bütün haqlara qovuşmaq olmur. Çünki sədlər, maneələr o qədərdi ki... onların hər birini aşmağa bəzən bir ömür bəs etmir... Ona görə də insanların bir çox məsələlərə laqeyd münasibət bəsləməsi, etinasızlıq göstərməsi anlaşılandı. Amma nə qədər anlaşılan olur olsun, biganə yaşamaq mənim üçün qəbulolunmazdı. Çünki mən biganələri bizlərdən biri saymıram. Hətta o nə qədər şirin,yaxın olsa belə.
   
   
   
   Mən bir damla göz yaşı
   
   Sil, kipriyin qurusun.
   
   Ayazısın qüssə-qəm-
   
   Baxışların durulsun.
   
   
   
   Haqqın yoxdu susmağa
   
   Sakitcə uduzmağa...
   
   Ürəyimi asmağa-
   
   Dar ağacı qurulsun.
   
   
   
   Həyat yaşıl biçənək
   
   Yoxdu özgə seçənək...
   
   Neçə oddan keçərək-
   
   Ruhum sənə vurulsun.
   
   
   
   ***
   
   İstənilən azadlıq, hətta ailə daxilində də elə-belə könüllü bağışlanılmır. Lap övladlarımıza belə onların umduqları sərbəstlikləri, azadlıqları qədərincə, idarə oluna biləcək həcmdə verəməyə həmişə maraq göstərmişik. Çünki Şeyx Nizaminin dediyi "Artıq içiləndə dərd verir o da" kəlamı bizim üçün suyun önəmini heç vaxt azaltmayıb. Əksinə, onun mahiyyətini və gərəkliliyini, eləcə də qədərini müəyyənləşdirmək imkanına yetişə bilmşik. Bu mənada uşaqlarımız üçün, özümüz üçün fərqindən və mahiyyətindən asılı olmayaraq, gərəkli sayılan azadlıqları əldə etməyin mübarizədən, zəhmətdən gəlib keçdiyini zaman-zaman müəyyənləşdirmişik. Özü də bu müəyyənliyə çatmaq üçün sərf etdiyimiz zaman kəsiyi bizlər üçün həmişə şirin olubdu. Təbii ki, nəticəsinə görə.
   
   Gecənin həmin dar vaxtında, yaşımın bu çağına kimi qazandığım azadlıqları xatırlamaq istədim. Düşündüm ki, əl-ayağın çoxdan yığışdığı, səhərin isə açılmaq istəmədiyi bu gecədə heç kəsin xəbəri olmadan mənə aid olan, daha doğrusu, mənim əldə etdiyim azadlıqlarımı barmaqlarımı qatlaya-qatlaya saymağa başlayım. Nə qədər saysam da, amma bütün bunların hamısını cəm halında ürəyimin hər an umduğu və hər an onun üçün darıxdığı o ünvanın olmamasından yarımçıq azadlıq təsiri bağışladı. Çünki insan istənilən yaşda doğma ocağının istisi üçün, doğma yuvanın ətri, qoxusu üçün qəribsəyir. Hətta qısa müddətli bir səfərdən geri qayıdanda öz evinin, öz ocağının işığı da, ətri də, bir sözlə hər şeyi sənin könlünü rahatlayır, ruhunu sakitləşdirir. Məncə, ruhun sakit olduğu məqam ən böyük azadlıqdı...
   
   İndi necə yaşamağımdan, nədən yazmağımdan asılı olmayaraq, mənə elə gəlir ki, bu məqamda həmin o, ruhun azadlığına qovuşa bilmişəm.
   
    Nə gecə yadıma düşür, nə saat, nə də ətrafdakı bu laqeyd sükut. Çünki ruhum azaddır! Artıq istədiklərimi düşünə bilirəm... istədiyim xəyalları qururam...istədiyim misraları pıçıldayıram. Bax, elə bu misralar kimi:
   
   
   
   Səndən sənə məsafədi
   
   Məndən mənə gəldiyim yol.
   
   Təkcə dilim söyləmir ki,
   
   Ürək də deyir qurban ol-
   
   Sevdiyinə!..
   
   
   
   Özünü oda-közə vur
   
   Qoyma ruhu da incisin.
   
   Ruhum olub pərvanəsi
   
   Pıçıldayıb, incim!- desin-
   
   Sevdiyinə!..
   
   
   
   Həyatın hər növrağında
   
   Hər yerdə qoşa görünsün.
   
   Ürək, qələm-varağına
   
   Yalnız məhəbbət bürünsün-
   
   Sevdiyinə!..
   
   
   
   Hə, bütün olanlarla yanaşı, bütün olacaqlar da insan üçündü. Daha doğrusu, insanın yaşayıb qiymətləndirilməsi üçündür. Mən gördüklərimin fərqinə varmadan hamısının qədrini bilmişəm. Təbii ki, gücüm çatan qədər... görəcəklərim də nə olacaq, onu zaman göstərəcək. Onlar üçün də qollarımı açmışam. Lakin yeganə sıxıntım ruhumun azadlığı ilə bağlıdır. Ruhuma toxunanda, ruhuma laqeydlik göstərəndə, onda hər şey bir anda uçub dağılır. Mənim ruhumun azadlığı mənim yaşamağım deməkdir. Əgər yaşamağımı istəyirsinizsə, ona biganə olmayın...

TƏQVİM / ARXİV