adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Sabir və alverçi Əskinaz

ŞAHNAZ KAMAL
63169 | 2010-05-28 04:41
Onuncu sinfə qədər təhsilimi kəndimizdəki orta məktəbdə aldim. Atam və mən belə qərara gəldik ki, onbirinci sinfi rayon mərkəzindəki məktəblərdən birində oxuyum, eyni zamanda qəbul imtahanına hazırlaşım. Elə də etdik. Qalacağım yeri də müəyyənləşdirmışdik: uzaq qohumumun evi.
   
   Həmişə kənddə yaşadığımdan, rayona ancaq qonaq kimi gəldiyimdən, demək olar ki, buralarda heç bir yeri tanımırdım. Amma özumə çox güvəncli və inadkar biri olduğumdan elə ilk gündən hazırlığa tək getmək qərarına gəldim. Ingilis dilindən hazırlığa gedəcəyim müəllimin evini mənə nişan verən uzaq qohumum olan qadın onu da tapşırdı ki, dərs bitən kimi, gəldiyimiz yolla evə qayıdım. Üstəlik dəqiqləşdirmə də apardı:
   
   - Bacararsanmı?
   
   - Əlbəttə,-dedim.
   
   O, getdi. Mənsə müəllimənin evinin darvazasını açıb içəri girdim. Bir saat keçdi, dərsim bitdi. Küçəyə çıxdım. Evə qayıtmalıydım. Ünvanı tapa bilmirdim. Küçələri firlana-fırlana qalmışdım. Gəzib-dolanib yenə ingilis dili müəlliminin evinin yanına qayıdırdım. Kimsədən soruşmaga da utanırdım. Hava get-gedə qaralırdı. Məcbur olub, yoldan keçən bir nəfərdən "Sabir küçəsinə necə getmək olar"-deyə soruşdum. Yaşlı kisi bir az duruxdu,basını buladi:
   
   -Tanımıram.
   
   Soruşduğum ikinci, üçüncü,dördüncü adamlar da mənə eyni cavabı verdilər. Onlardan biri ilə qısa dialoqum da oldu:
   
   -Deyirsiz tanımıram. Bu rayonda coxdan yasayırsız?
   
   -Gözümü burda açmişam. Nədir ki?..
   
   -Bəs onda necə ola bilər ki, Sabir küçəsini tanımırsız?
   
   -Ay bala, Sabir küçəsi nədir? Denən poçtun yanı, bazarın yanı, deyim sənə haradır.
   
   Təəccüb içərisindəydim. Soruşduğum onuncu adamdan da eyni cavabı eşitdim. Fikirləşdim ki, bəlkə küçənin adını düz demirəm... Yox, axı dünən atamdan soruşmuşdum, demişdi ki, Mirzə Ələkbər Sabir adına küçədir. Hətta yasayacagım evin Sabir və Puşkin küçələrinin kəsişdiyi ərazidə olduğunu da anlatmışdı.
   
   Sabir və Puşkin küçələrinin kəsişdiyi yeri axtarmağım da nəticə vermədi. Soruşduğum adamlar oranı da tanımadı. Qaranlıq isə tündləşməyindəydi. Evi tapa bilməsəm, neyləyəcəm? Ətrafa bir də diqqətlə göz gəzdirdim. Bu zaman orta yaslı qadınla 13-14 yaşlarında qızın söhbət edə-edə yanımdan ötdüklərini gördüm. Son umid yeri bilib, onlara yaxınlaşdım:
   
   -Salam. Bağışlayın, bilmirsiz, Sabir kuçəsinə necə getmək olar?
   
   - Sabir?- xanımın sualından sanki ürəyim düşdü: deməli, bunlar da tanımır. Ətraflı izahat verməli oldum:
   
   - Bilirsiz, mən bu rayona təzə gəlmişəm, nabələdəm... Mahir Ələkbərov adına məktəbdə oxuyuram, orda işləyən Məleykə müəllimənin evində qalıram.
   
   -Məktəbi tanıyıram, amma Məleykə müəlliməni yox. Evinizin yaninda nə var?
   
   -Bilmirəm, dünən gəlmişəm, hələ oranı yaxşı tanımıram. Gözüm dolmuşdu, hiçqırtımı güclə saxlayırdım. Deyəsən qadnın mənə yazığı gəldi.
   
   -Yaxsi, aglama. Eviniz necədir? - deyə soruşdu.
   
   -Iki mərtəbəli, köhnə binadı...- ətraflı cavab verməyə heyim qalmamışdı.
   
   - Hə?.. Qonşuların kimdir? Tanıyırsan? - dalbadal verilən suallara başımla əvvəl "yox" desəm də, yaddaşımda ilişib qalan bir adı dilimə gətirə bildim:
   
   - Qonsumuzda biri var, deyəsən adı Əskinazdir. Bazarda qızıl satır. Axşam Məleykə müəllim telefonla onun barəsində danışırdı. Belə başa düşdüm ki, qonşuluqda qalır.
   
   Elə bil qadının çiyinlərindən yük götürüldü: dərindən nəfəs alaraq dedi:
   
   -Rəhmətliyin nəvəsi, səhərdən bələ de də. Yoxsa başlamısan ay nə bilim Sabir küçəsi... Puşkin küçəsinin kəsişdiyi yer... De ki, alverçi Əskinaz yaşayan ev, bütün rayon barmaqla gostərsin sənə. Gəl səni aparım evinizə.
   
   Bir də bu vəziyyətlə qarşılaşmayım deyə, sonralar daha diqqətli olmağa başladim. Amma alverçi Əskinazın Sabirdən daha tanınmış olmasına hələ də təəccüb edirəm.

TƏQVİM / ARXİV