adalet.az header logo
  • Bakı 20°C

Bütləri dağıdan söz adamı

CEYHUN MUSAOĞLU
30551 | 2010-05-28 04:41
Həm efir məkanımızda, həm də mətbuat səhifələrində tamaşaçı və oxucu zövqünü korlayan kifayət qədər faktlar sadalamaq olar. Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyevin televiziyanın durumunu aydın göstərə bilən analitik məqalələrini, Mətbuat Şurasının sədri Əflatun Amaşovun 2009-cu ili reket qəzetlərlə mübarizə ili elan etməsini xatırlatmaq yetər ki, acınacaqlı mənzərəyə düşdüyümüzü dərk edək.
   
   Dərk etmək, hələ işin yarısıdı. Şərt düşdüyümüz quyudan çıxmaqdır. Bizə kəndir sallaya, əl uzada, "qorxma-qorxma" deyə bilərlər. Gərəkdi əhəmiyyət verməyək. Əhəmiyyət versək, bizə kəndir sallayanların, əl uzadanların, "qorxma-qorxma" deyənlərin quluna çevriləcəyik. Dilimizdə bitən ifadə belə olacaq: "Buyruq sizinkidir adil hökmdar, sizdə ədalət də, fəzilət də var".
   
   Özümüz düşdüyümüz quyudan özümüz çıxmalıyıq. Məqbul və yeganə yol budur: həmkarının uğuruna sevin, uğursuzluğuna kədərlən. Mümkün deyil ki, fəaliyyət olsun, uğur olmasın. Televiziya və qəzetlərimizdə hər şey qara rəngdə deyil. Pislər yaxşılardan çoxdursa, "yaxşı yoxdu" demək olmaz. Jurnalistə ümumiyyətlə belə yanaşma başucalığı gətirmir. Hər şeyi adıyla çağırmaq bizim öhdəliyimizdi. Həqiqəti o zaman başqasına qəbul etdirə bilərsən ki, əvvəl özün qəbul etdiyini sübüta yetirəsən.
   
   Mənim qəbul etdiyim verilişlər, yazılar var. Onları kimsə gözümdən sala bilməz. Amma onları kimlərinsə gözündə qaldıra bilərəm. İnanıram ondandı. Və inandıqlarım uğurunda bütün əqli mübarizələrə hazıram.
   
   Bundan sonra hər dəfə yazılarımda telekanallardakı yaxşı verilişlərin, qəzetlərdəki yaxşı yazıların heç olmasa adlarını çəkməyə çalışacam. İntellektim imkan versə, baxdıqlarımda və oxuduqlarımda "yaxşı nəyə deyirəm" sualına da cavab verəcəm. İlk olaraq ANS Şirkətlər Qrupunun "Günə Baxan" verilişinə diqqət çəkim. Zatən çoxumuzun diqqəti "Güna Baxan"-dadı. Həftənin 5 günü səhər saat 10:00-dan 13:00-a qədər canlı yayımlanan verilişin aparıcısı Turan İbrahimov barəsində ən çox danışılan telejurnalistdi desəm, yanılmaram. Köynək "qalmaqal"ı onun adı ətrafında tamam fərqli - xoşagəlməz situasiya yaradıb. Qarabağ, sel, rüşvət, yəni cəmiyyətdə ayaq tutub qaçan dərdlər qalıb bir kənara, hansı məna verdiyini bilmədən Turanın əyninə geyinərək tamaşaçı qarşısına çıxardığı köynək "bayraq" olub bir neçə nəfərin əlində. Turan falçıları ifşa edəndə, başqalarının hüquqlarını tapdayanları sözlə əzəndə, kimsəsizləri evləndirəndə, toylarına nazirləri, deputatları, ziyalıları gətizdirməyə nail olanda, bir sözlə, Turan yalançı bütlərə qarşı çıxanda o bir neçə nəfər hardaydı?
   
   Cavabınız var. Deyəcəksiz, burdaydıq, yazırdıq, pozurduq... Razıyam. Sadəcə soruşuram: niyə "Günə Baxan"ın gördüyü müsbət işləri yazmırdız? Sizi eşitməsəm də ağzınızı açıb yummağınızdan oxuyuram: "Yazmamaq yazmaq kimi bizim haqqımızdır". Olsun. Baxmayaraq, yaxşını görmək insanlıq borcumuzdur, deyə düşünürəm, amma arqumentinizi qəbul edirəm. Bəs anlaşılmazlığa aydınlıq gətirib üzr istəyən adamın üstünə hücüm çəkməyin, onu adekvat hərəkətə vadar etməyin adını nə qoyaq? Fikirləşməyin, tapa bilməzsiz. Məntiq sınanda bütün suallar cavabsız qalır.
   
   Turan hər dəfə reket qəzetlərin adını çəkəndə utanırdım, amma ona qıcıqlanmırdım. Əksinə, istəyirdim bir qədər ucadan desin, daha artıq utandırsın bizi. Bəlkə onda bir araya gəlib tarixi, ənənəsi olan mətbuatı təmizləyə bilərik. Başı uca gəzməyin naminə. Başı uca gəzmək istəyənlərə verdiyi dəstəyə görə "Günə Baxan"a minnətdarlıq düşür.
   
   Efirdəki anlaşılmazlığı tamaşaçıdan xəbər alan kimi, yoluna qoyan Turanasa əsəbilərini qorumağı arzulayaq. Dostum, buralarda min illərin xəstə streotiplərini dağıtmaq asan deyil. Kimsəyə bu missiyanı sonacan daşımaq qismət olmayıb. Qəhrəmanlıq missiyanı boynuna götürüb daha uzağa gedə bilməkdir. Bacardığın qədər uzağa get. Hər günümüzə diqqətlə bax. Daşlaşmış dərdlər görəcəksən. Hansına gücün çatır efirə gətir, tamaşaçıya göstər, imkan vermə, baxıb ağlayaq. Gülməyi təbliğ et. Falçılara, səviyyəsiz müğənnılrə, anasını arvadına, arvadını anasına dəyişənlərə, özünü yerin göyün ağası aparanlara gül. İRONİYA ET. Dərd gülüşdən qorxur! Devizin bu şüar olsun.

TƏQVİM / ARXİV