adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HOLLiVUDUN "XAç ATASI"

BABƏK YUSİFOĞLU
51597 | 2010-05-25 02:16
O vaxt sakit səs tonuna və aram, amma nüfuzedici danışığa malik olan bu gəncin bir zamanlar dünya kinosunun divinə çevriləcəyini heç kim ağlına belə gətirə bilməzdi. Çünki bu çətin, məşəqqətli yolu keçmək istedaddan başqa insandan çox şey tələb edirdi. Amma o bunu bacardı. "Arzular tramvayı"ndan sonra bu hündürboy, özünəməxsus cizgilərə malik gənc özünü çoxlarının hafizəsinə yazdı. Və pyesdəki bu rolundan sonra teatr tamaşaçıları bu gənc istedadı itirdilər. Çünki dünya kinosunun şöhrət zirvəsində özünə möhtəşəm yer tutan, milyonlarla insanın sevimlisinə çevrilən, özündən sonra bir məktəb qoyan Marlon Brando Hollivuda getdi və geri dönmədi. O, yalnız teatr səhnəsində bir də, özü də sonuncu dəfə 9 ildən sonra Bernard Şounun "İnsan və silah tamaşasında göründü...
   
   İlk dəfə 1944-cü ildə "Mən anamı sevirəm" pyesində səhnəyə çıxan o gənc aktyoru heç kəs tanımırdı. Başqalri kimi bu gənc də ona tapşırılanları bacardığı kimi yerinə yetirmiş, sonra da nigarançılıq uçərisində nələrin olacağını düşünmüşdü. Tamaşaçılar onu qəbul edəcəkdilərmi? Ona "sən lazım deyilsən" deyiləcəkdilərmi? Onsuz da həmin dövrlər aktyor olmaq üçün rejissorların qapısında o qədər gənc növbə gözləyirdi ki. Gənc Brando gələcək aktyor taleyinin ən erkən günlərini yaşayırdı.
   
   MARLON BRANDO
   
   
   
   O, Birləşmiş Ştatların Nebraska ştatı Omaha şəhərində 1924-cü il aprelin 3-də dünyaya göz açıb. Marlonun uşaqlığı demək olmaz ki, pis, ehtiyac içərisində keçib. Əksinə, yaşadıqları şəhərdə hörmətə malik atası tikinti materiallarının alqı-satqısı ilə məşğul oldurdu və maddi cəhətdən ailəni yaxşı təmin edirdi. Gənclik illərində nə vaxtsa teatr karyerası haqda xəyallar quran anası Dodi yalnız aktyor oğlunun anası olmaq qisməti ilə barışdı.
   
   Gənc Marlonu doğulduğu şəhər "tutmurdu". O harasa, irəliyə can atdığının fərqində idi. Bu istəklər də onu çox çəkmədi ki, Nyu-Yorkda yaşayan böyük bacısı Frensisin yanına gətirdi. Və o burada həyata qatılmaq üçün əsl mücadiləyə qatlaşmalı oldu. Marlon şəhərdə yaşamaq, istəklərinə çatmaq üçün yük maşını da sürdü, lift dispetçiri də, limonad satan da işlədi. O hətta hərbi akademiyada da təhsil aldı. Bir qədər sonra isə onun yolu səhnəyə sarı, Nyu-York teatr sinfinə yönəldi. Burada özünün aktyor kimi ilk debütünü etdi. Daha sonra "Arzular tramvayı"nda yaratdığı obraz bir çoxlarının diqqətini çəkdi. Və demək olar ki, bu onun üçün bir mayak rolunu oynadı. Məhz bundan sonra Brando Hollivuda üz tutdu. Və onun burada filmə çəkilməsi üçün o qədər də uzun vaxt lazım gəlmədi. 1950-ci ildə rejissor Tsinneman onu "Kişilər" filminə çəkdi. Brandonun filimdə yaratdığı İkinci Dünya Müharibəsinin əlili obrazı bəyənildi. Bu o demək idi ki, müvəffəqiyyət başlayıb. Və bir zamanlar teatrda oynadığı "Arzular tramvayı" ekranlaşdırılarkən Marlon burada da özünə rol aldı. Bu oyunundan sonra rejissorlar bu gənc istedadı diqqətə aldılar. Bu, Hollivuda gəlmiş gənc, hələ tanınmamış bir aktyor üçün yalnız əlçatmaz arzular ola bilərdi. Amma Brandonun istedadı bu arzuların gerçəkləşməsi üçün kifayət edirdi.
   
   
   
   Yazıçı Ellia Kazan
   
   
   
   yazırdı: "Marlon Brando həqiqətən də dünyanın ən yaxşı aktyorudur... Gözəllik və xarakter - bu əzabverici ağrı həyatı boyu onu müşayət edəcək..." Hollivudda artıq anlayırdılar ki, güclü temperamentə malik qeyri-ordinar, fərdi xüsusiyyətlə ilə digərlərindən kəskin fərqlənən bir aktyor ortaya çıxıb. Tamaşaçılar bu xüsusuyyətinə görə onu sevməyə başladılar. Məhz bundan sonra Marlon Brando biri-birinin ardınca filmlərə çəkilməyə başladı. 1952-ci ildə "Yaşasın Sapata", 1953-cü ildə "Vəhşi", 1954-cü ildə "Portda"... filmləri doğrudan da başqalarından fərqlənən Brandonu daha da şöhrətləndirdi. Artıq hər yerdə onun obrazlarından, özündən, şəxsi həyətından danışılırdı. Rejissorlar onunla işləmək arzularını bildirirdilər. Onlar bilirdilər ki, bütün təbii maneraları, danışığı, təbəssümü ilə aktyor olan bu gənc hələ şöhrət yolunun lap başlanğıcındadır. Kazanın çəkdiyi "Portda" lentində ona verilən obrazı parlaq şəkildə canlandıran Brando zirvəyə gedən yolda yeni bir zəfərə imza atdı. Məhz bundan sonra Marlon Brando "Oskar" mükafatına layiq görüldü və bu mükafatı alan ən gənc aktyor oldu.
   
   Amerikanın qəzetləri susmur, Marlon adı ətrafında bir ajiotaj yaşanırdı: "O, hər şeyi oynaya bilir və yaratdığı bütün rollar dahiyanə olacaq", "Bu gənc aktyor öz istedadı ilə təkcə özünə deyil, bütün Amerika kinosuna şöhrət gətirir", "O bütün dünya kinosunun simvoluna çevriləcək... onu hamı sevəcək, ona hamı nifrət və hörmət edəcək və hamı ondan qorxacaq..." Başlıqları qəzet səhifələrini bəzəyirdi. Bəlkə də bu və ya digər tərifləri yazan qəzetlər o vaxt heç öz yazdıqlarından o qədər də əmin deyildilər, sadəcə onlara tapşırılan işi səs-küylə görməyə çalışırdılar, lakin həyat göstərdi ki, deyilənlərin hamısı doğrudur. "Oskar"dan sonra Marlon Brandonun yaradıcılığında, belə demək mümkünsə, ikinci dövr başladı. Amma demək lazımdı ki, Onun 1954-64-cü illər yaradıcılığında hamının gözlədiyi yeni, möhtəşəm obrazlar görünmədi. Marlon Brando bu illərdə çəkildiyi lentlərdə sadəcə özünün əvvəlki qabiliyyətlərini bir növ başqa cür təqdim etməklə kifayətləndi. Və saf-çürük etmədən əksər dəvətləri qəbul etdi, müxtəlif janrlarda çəkildi. O dövrün mütəxəssisləri yazırdılar ki, Brando hətta bu cür obrazlara belə özünün təkrarsız xüsusiyyətlərindən nəsə verir. Həmin illərdə Brondonun "Təqib"də canlandırdığı şerif Kolderni böyük "iş" hesab etmək olar. Amma zirvəyə gedən yol bitməmişdi...
   
   
   
   "XAÇ ATASI"
   
   
   
   1972-ci ildə məhşur kinorejissor Frensis Kappola özünün ən möhtəşəm filmlərindən sayılan "Xaç atası"nı ekranlaşdırdı. Bu lent 70-ci və ondan sonrakı illərdə ekranları birmənalı şəkldə fəth edən bir əsərə döndü. Bu gözəl filmdə rol alan Marlon Brando bir daha dünya tamaşaçısının sevimlisinə çevrildi. O, bu obrazla o zamanadək qanqsterlər haqqında daşlaşmış obrazı belə insanların təsəvvüründən silib atdı. Brandonun filmdə yaratdığı təkrarsız obraz - mafiyanın Xaç atası Vito Korleoni "Oskar" mükafatına layiq görüldü. Bu artıq aktyorun ikici "Oskar"ı idi. Amma "Vito Korleoni" bu böyük kino ödülünü almağa, həmin möhtəşəm mərasimdə iştirak etməyə getmədi. Brandonun hərəkəti o illər yerli hindu tayfalarına qarşı təzyiqlərə etraz olaraq apardığı mübarizənin bir göstəricisi idi. Dünya isə Marlon Brando sənətindən zövq almaqdaydı. Bu mükəmməl film o dövrün demək olar ki, bütün rekordlarını təzələdi. Lakin Brando istedadı bitib tükənmirdi. "Xaç ata"sının ardınca "Parisdəki sonuncu tanqo" filmi tamaşaçıları heyranlıq içərisində buraxdı. Marlon Brando möhtəşəm idi.
   
   Brando həyatda da olduğu kimi idi, sürprizlərlə dolu. O, şöhrəti xoşlasa da hansısa qəbahətini, günahlarını danmağı sevməzdi. Özündən təsvirlərlə yalançı qəhrəman düzəltməyə həvəsi yox idi. O hətta həyatındakı hadisələri rəngsiz-boyasız danışmaqdan da çəkinməzdi. Bir dərə jurnalistlərin - onun ağır xarakteri, kobud, qaradinməz halları ilə bağlı verdikləri suala özünəməxsus cavab vermişdi. Məndən bundan artığını gözləmək lazım deyil, söyləmişdi: "Mən çox pis xarakterli adamam. Niyə?.. Uşaqlıqda normal evimiz, atamız, anamız və mənim iki bacım vardı. Mən anama heyran idim. O, gözəl, bütün işlərə özünü çatdıran, sakit təbiətli, hər kəsi dinləməyə hazır bir qadın idi. Amma bunlar çox da uzun sürmədi. Çünki sonrlar anam tez-tez evdən "itməyə" başladı. Bu zamanlar qonşular öz aralarında danışırdılar ki, onu kilsədə deyil, barlarda tapmaq olar. Həqiqətən də anam tez-tez evə sərxoş gəlməyə başlamışdı. Gələndə də pişikləri yanına yığıb onlara valeriyanka verərdi və elə onlarla birlikdə, onların arasında da yuxuya gedərdi. Bir neçə il keçəndən sonra anam evdən birdəfəlik getdi, ondan sonra mən də evi tərk etdim... Uzun müddət ötdü, günlərin birində anam Nyu-Yorka mənim yanıma gəldi. Yenə sərxoş idi. Elə sərxoş idi ki, ayaq üstə dura bilməyib yıxıldı. Amma mən heç onu qaldırmadım da. Bir neçə dəqiqədən sonra ona sarı əyiləndə anam məndən soruşdu ki, sən də valeriyanka varmı? Bu görüşümüzdən bir qədər sonra o öldü..."
   
   
   
   İkinci yüksəlişdən sonra
   
   
   
   Marlon Brando uğurla yeni filmlərə çəkildi. "Gəncəcik", "Don Juan de Marko" , "Cənnətin fəthi"... onun yaradıcılığında xüsusi yer tutur. Amma bütüm bunlarla yanaşı böyük aktyorun şəxsi həyatını qəribə və ziddiyyətli adlandırmaq olar. Onun həyatını araşdıranların yazdıqlarına görə, Brando rəsmən iki qadınla nigahda olub və həmi evliliklərin ikisindən də övladları dünyaya gəlib. Ümumiyyətlə, aktyorun özünün də qəbul etdiyi 6 övladı var ki, onlar Brando familyasını daşıyıblar. Onun övladlığına daha 6 nəfər iddia etsə də aktyor tərəfindən qəbul edilməyiblər. Onun başqa qadınlarla eşq macəraları yaşadığı da sirr deyil. Məhşur aktirisa Merilin Monro ilə yaxın əlaqələrə malik olmasını isə Amerikada bilməyən yox idi. Heç bu və ya digər əlaqələrini özü də heç vaxt danmayıb. Hətta Marlon Brondonun bioseksual, italyan mənşəli bir aktyorla da intim əlaqədə olduğu bildirilir.
   
   Ömrünün sonlarına az qalmış aktyor kino ilə vidalaşdığını bildirib və heç bir filmə çəkilməyib. Artıq həmin dövrlər Brandonun yaşı çox idi və onda piylənmə gedirdi. Aydın təsəvvür yaransın deyə onu demək olar ki, 60 yaşı haqlayan vaxtlarda Brondonun 123 kiloqram çəkisi vardı. Anasından fərqli olaraq Brandonun atası isə uzun müddət oğlu ilə əlaqə saxlayıb, onun işlərindən xəbərdar olub.
   
   
   
   BƏNZƏRSİZ ÖLÜM
   
   
   
   Marlon Brando 80 il ömür sürüb. 2003-cü ildə Marlonun səhhətində yaranan problemlər kəskinləşməyə başladı. O, müalicə alsa da sağlamlığı bərpa olunmadı. 2004-cü ildə müayinədən təkrar keçən aktyora həkimlər qəti diaqnoz qoydular: ürək və ağciyər işemiyasının son mərhələsi və kəskin piylənmə. Aktyorun ölümünü yubatmaq üçün həkimlər onu aparatlar vasitəsi ilə yaşatmaq məcburiyyətində qaldılar. Və deyilənlərə görə, aktyor sənətinin korifeyi aylarla bu vəziyyətdə yaşadı. Ölümündən təxminən 6 ay əvvəl hamıya - həkimlərə və yaxınlarına bildirdi ki, artıq o, ölməyə hazırdı. Bunun üçün Brando hətta özünün dəfn mərasiminin necə keçirilməsi üçün hər şeyi yazdı. Hətta tədbirə dostu Cek Nikolsonun başçılıq etməsini, kimlərin dəvət olunmasını, dəfn nitqinin kim tərəfindən söylənməsini belə yazdı. Aktyor istəkləri sırasında dostu Maykl Çeksonun da bir neçə kəlmə danışması da yer almışdı.
   
   Ölümündən bir müddət əvvəl xəstəxanadan çıxaraq evində dünyasını dəyişməyə qərar vermişdi. Və Brandonun öz razılığı ilə aparatlardan ayırmışdılar. 1 iyul 2004-cü ildə, 80 yaşında bütün dövrlərin və bütün xalqların böyük aktyorlarından biri hesab edilən Marlon Brando gözlərini əbədi yumdu.
   
   
   
   P.S. Amma Morlon Brondo bu gün də don Vito Korleoni və digər qəhrəmanların adları ilə yaşayır, yenə qəribə tonda danışır, yenə özünün insanlar tərəfindən unudulmasına imkan vermir...
   
   
   
   

TƏQVİM / ARXİV