KiM YATMIŞ, KiM OYAQ?

FAİQ QİSMƏTOĞLU
25212 | 2010-05-22 01:25
Oxucular elə biləcək ki, bəlkə də biz "Cırtdan"ın nağılını danışmaq istəyirik. Onsuz da bu dünya nağıl kimi bir şeydi. Bir də görürsən ki, var-dövləti və böyük imarətləri olan milyonçu bir adam bir dəqiqənin içərisində hər şeyi itirdi. Tək var-dövlətini deyil, bu varlı adam həyatını da itirir. Qazandığı milyonlar və milyardlar heç birisi onun köməyinə və dadına çata bilmir. Axı, atalar yaxşı deyib: "hay-hayla gələn, vay-vayla gedər". Bax, dünya bir göz qırpımında adama nəyi verirsə, bir göz qırpımında da onu əlindən alır və o insanı yaman günə qoyur. Belə çıxır ki, elə dünya bir nağılmış, çoxumuz yatmışıq bundan xəbərimiz yoxmuş. Ancaq bu nağılın içində çoxlarının görə və duya bilmədiyi qaranlıq bir aləm var. O qaranlıq aləmdə insan özünü axtara-axtara qalır. Daha doğrusu, heç bir metrdən artıq məsafəni görə bilmir.
   
   Biz başqa millətlərə nisbətən həmişə daha çox yatırıq və oyananda da iş görmək əvəzinə başlayırıq arvad kimi qeybət eləməyə. Yəni filakənsin filan şeyi var, bəhmənkəsin beş-altı obyekti var, bahalı maşınlar sürür və hər gün yeyib-içir. Rəhmətlik Üzeyir bəy Hacıbəyov belə bir felyeton qələmə alıb: "Biz nə tövr iş görürük". Felyetonun məzmunu bundan ibarətdir ki, başqa millətlər bir iş görəndə biz yatırıq. Bir millət siçan boyda iş düzəldir biz yatırıq, sonra camış boyda iş düzəldir yenə biz yatırıq və fil boyda iş düzəldəndə başlayırıq oyanmağa. Deyirik, gəlin biz də böyük-böyük işlər görək. Balacadan yox, elə fil düzəltməkdən işə başlayırıq. Bir az iş görürük, sonra yoruluruq. Fildən balaca nədir? Camış. Deyirik bəlkə camış boyda iş düzəldək. Ondan da bir şey düzəldə bilmirik. Başlayırıq camışdan balaca nəsə bir iş görməyə. Onu da görəndə yoruluruq. Sonra fikirləşirik ki, işə yekə şeylərdən yox, balaca işlər görməkdən başlayaq. Düşünürük ki, elə siçan boyda iş düzəltsək daha yaxşıdır. Bir balaca tər töküb siçan boyda iş görmək istəyirik ki, onda aramızdan bir pişik çıxıb o siçanı götürüb aparır.
   
   Bax, biz belə iş görürük, heç də zəmanə dəyişməyib. Hər işimiz yarımçıq, hər işimiz başdan sovdu. Bir yerdə yol çəkiriksə, o yol bir-iki ildən sonra mütləq dağılmalıdır. Bir yerdə od qiymətinə körpü salırıqsa, o körpü də nə vaxtsa yavaş-yavaş dağılmağa başlayır. Əgər kimlərsə dövlətin hesabından milyonlar xərcləyib ölkədə elektrik infrastrukturunu və şəbəkəsini yenidən qurursa, amma bir balaca hava soyuq olanda, külək güclü əsəndə o dəqiqə həmin xətlərdə qırılmalar baş verir. Nəticədə Bakı kimi böyük şəhərin yarıdan çoxunun işığı yanmır. Elə bütün xidmət sahələri and-aman eləyirlər ki, bəs biz yay vaxtı qışa ciddi hazırlıq işləri görürük. Camaat da onların dediklərinə inanır və böyük ümid bəsləyir ki, yəqin bu qış ötən qışlar kimi çətin anlar yaşamayacağıq. Ancaq elə ki, qış gəlir, bir balaca soyuqlar düşür, qar yağır və yollar buz bağlayır, onda yenidən camaatın işıqları sönür, qara günü başlayır. Qara gün də başlayanda bütün işlər alt-üst olur, adamların əsəbləri pozulur və tarıma çəkilir. Di gəl, belə şəraitdə rahat yaşa görüm necə yaşayırsan. Belə çıxır ki, elə biz həmişə yatmağı xoşlayırıq.
   
   Yuxudan qalxanda da yuxulu olmağımızla işləməyimiz bilinmir. Yəni fikirləşirik ki, bizə nə tapşırıblar, o işi can dərdi, can harayı görüb başa çatdıraq. Məsələn, bu gün Bakıda və eləcə də digər şəhərlərdə yüksək mərtəbəli evlər tikilir. Bu tikilən evlər on deyil, yüz deyil. Maşallah, məmləkətimizdə o qədər şirkətlər var ki, bir-birinin bəhsinə nə qədər desən "göydələn"lər tikə bilir. Qoy tiksinlər, amma elə tiksinlər ki, sonra bu "göydələn"lər bir balaca zəlzələ olanda uçub-dağılaraq minlərlə adamın ölümünə səbəb olmasın. Seysmoloqlar deyirlər ki, Yasamal, Əhmədli, Yeni Günəşli yaşayış sahələrində "göydələn"lər tikmək olmaz, ancaq bunu tikinti şirkətləri vecinə almır ki, almır. Burda ataların bir məsəli yada düşür: "Dəyirman bildiyini edər, çax-çax baş ağrıdar". Mütəxəssislər deyirlər ki, həmin yerlər zəlzələ üçün aktiv məkandır, sürüşkən zonadır. Ev tikənlərsə bu fikrə məhəl qoymadan əksinə, həmin yaşayış sahələrində "göydələn"lərin sayını günbəgün artırırlar. Onlar qətiyyən fikirləşmirlər ki, nə vaxtsa Bakıda güclü zəlzələ baş verər və bu güclü zəlzələ zamanı onların ucaltdıqları "göydələn"lər uça bilər. Onları ilin-günün bu vaxtında düşündürən odur ki, tez bazar bu "göydələn"ləri tiksinlər, müştəri tapıb sata bilsinlər.
   
   Çox qəribədir ki, Bakıda son vaxtlar inşa edilən "göydələn"lərdəki mənzillərə heç qaz xətti belə çəkilmir. Guya deyirlər ki, bu Avropa ölkələrində də belədir. Üstəlik, həmin "göydələn"ləri bir-birinin "ağzının içində" inşa edirlər. Hər hansı "göydələn"də yanğın baş verərsə, o zaman Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, texnikaları həmin həyətə belə girməyə yer tapmır. Təbii ki, belə olanda yanğın zamanı mənzil sahibləri daha çox ziyan görür və aləm bir-birinə dəyir. Bax, onda yanğın vaxtı ziyan çəkən adamlar yavaş-yavaş ayılırlar ki, ay dadi-bidad mən bir ətək pul verib "novostroyka"da ev almışam, burda da adam kimi yaşaya bilmirəm. Bir-birinin yanında tikilən "göydələn"lərin kanalizasiya və kommunikasiya xətləri də çətinliklə həllini tapır. Yəni əvvəllər şəhərin baş planına uyğun düzəldilmiş kanalizasiya xətləri yeni "göydələn"lərdən çəkilən xətt zamanı axıdılan tullantıları qəbul edə bilmir və bu zaman kanalizasiya xətti partlayır, çirkab sular küçəni ağzına götürür. Hətta bəzən çirkab sular içməli suya qarışıb ayrı-ayrı yerlərə axır. Çirkab suların axması gölməçələrin və müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Bununsa nə dərəcədə ağır olmasını sanitar həkimlər daha gözəl bilirlər. Çirkab sular ilk növbədə antisanitariya şəraiti yaratmaqla yanaşı, müxtəlif mədə-bağırsaq xəstəliklərinin oyanmasına, yayılmasına və inkişafına bir təkan verir. Təəssüf ki, Bakı şəhərində "göydələn"lər tikilərkən bu məsələlər heç biri nəzərə alınmır. Hansı ki, "göydələn"lər tikilən zaman müxtəlif nazirliklər, komitələr və eləcə də xidmət sahələri onun tikilməsi ilə bağlı lazımi sənədlərə imza atır, razılıq verir. Bu imzanı atanlar elə bilməyin ki, "göydələn" tikənlərin qara gözünə, qara qaşına aşiqdi. Onların verdiyi "şirinlik" müqabilində bu sənədləri imza etmək o qədər də çətin deyil. Çünki əl əli yuyur, əl də üzü. Amma bir balaca o "göydələn"lərin birində qəza baş verəndə, fəlakət olanda həmin binanın tikintisinə icazə verən adiyyatı təşiklatların rəhbərləri yaxasını kənara çəkir və sudan quru çıxmaq istəyirlər.
   
   Guya onların bu işlərdən xəbəri yox imiş. Amma sənədlərə baxanda, arayışlar göz gəzdirəndə o dəqiqə ayrı-ayrı vəzifəli şəxslərin həmin sənədlərdə imzasını da görmək olur, möhürünü də. Bax, onda adamın gözü bərələ qalır. Gərək işi də görəndə elə görəsən ki, yuxudan qəfil ayılan kimi gözlərin bərələ qalmasın. Kim yatmış, kim oyaq? Kim yatıbsa, Allah yuxusunu şirin eləsin, oyaqlarınsa işi avand olsun.

TƏQVİM / ARXİV