adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Mart 2015 18:28
1853
SİYASƏT
A- A+

Siyavuş Novruzovdan tələb

Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı keçirilmişdir. Seminarda Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf  Əliyev iştirak etmişlər. NATO-nun bu mötəbər tədbirində əsas məruzə ilə Serbiya Baş nazirinin müavini, Xarici işlər naziri, hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç çıxış edib.
 
SİA-nın yap.org.az saytına istinadən verdiyi məlumata görə, plenar iclasda çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov təşkilatın bəzi ölkələrə münasibətdə ikili standartdan çıxış etməsini yolverilməz hal kimi qiymətləndirib. Ukraynanın daxili işlərinə qarışması ittihamı ilə Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılmasını nümunə gətirən MM-in deputatı Siyavuş Novruzov bu cür sanksiyaların Ermənistana qarşı tətbiq olunmamasını ikili standartın bariz təzahürü kimi qiymətləndirib. Azərbaycanlı millət vəkili qeyd edib ki, əgər NATO və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı münasibətdə bu cür ikili standartdan imtina etməsə və qarşıduran tərəfələrə fərqli münasibət göstərəcəksə, o halda münaqişələrin həlli mümkün olmayacaqdır.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edən Siyavuş Novruzov bu qurumun bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görmədiyini plenar iclas iştirakçılarının nəzərinə çatdırıb. Həmsədrlərin münaqişə zonasına səfərlərini daha çox turist səfərlərinə bənzədən MM-in deputatı Siyavuş Novruzov ATƏT-in rəhbərliyindən bu münaqişənin  həlli ilə bağlı əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan  Ermənistana qarşı sərt sanksiyaların tətbiq edilməsini tələb edib.
 
MM-in deputatı Siyavuş Novruzov daha sonra öz çıxışında NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtında keçrilməsi ilə bağlı təklifə kəskin etirazını bildirib. O, digər ölkənin ərazilərini işğal etmiş işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçrilməsinin NATO kimi təşkilata nüfuz gətirməyəcəyini nəzərə çatdırıb. Ermənistanda əvvəllər keçirilmiş müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə ayrı-ayrı öləkələrin nümayəndələrinin rəsmi Yerevan tərəfindən təhqir edilməsindən, Moldova Respublikasının Ombudsmanının obyektiv çıxışına görə Yerevanda həbsindən və bu günə qədər davam edən təqibindən, Kəlbəcərdə öz doğma ata-ana yurdunu ziyarət edən iki Azərbaycan vətəndaşı üzərində qondarma məhkəmə prosesindən və hələ də onların girovluqda saxlanmasından bəhs edən Siyavuş Novruzov toplantı iştirakçılarını növbəti Rouz-Rout seminarının Ermənistanda  keçirilməsinin əleyhinə səs verməyə çağırıb.