adalet.az header logo
  • Bakı 20°C

ATATüRK SEVGiSi

SEYFƏDDİN ALTAYLI
46262 | 2010-05-22 01:25
Mənim dəyərsiz bədənim əlbəttə bir gün torpaq olacaqdı; ancaq Türkiyə Cümhuriyyəti əbədiyyətə kimi yaşayacaqdı.
   
   
   
   Mustafa Kamal ATATÜRK
   
   
   
   Dünyaya gəlib, boya-başa çatdığım İgdir vilayətinin Dizə (bəzi nadan məmurlar 60-cı illərdə onun adını dəyişib Koçqıran eləyib) kəndində kasıb, ancaq xoşbəxt bir ocağımız vardı. İbtidai məktəbi yenicə bitirmişdim. Ailənin salamat qalmış yeganə övladı olmağım, atamla anamın qocalmış olmaları səbəbiylə xüsusilə atam məni oxutmağa heç cürə meyil göstərmirdi. Mən, oxuyacağam deyə ayağımı dirədikcə o da "əsla olmaz, kəndimizdə qalacaqsan və yerlərimizi əkib biçəcəksən, burada ömür sürəcəksən, bizə baxacaqsan" deyirdi. Biraz da üstələyəndə hiddətlənib özündən çıxırdı, rəhmətlik onsuz da əsəbani bir kişi idi. O vaxtlar xırmanı vəl ilə sürərdik. Bir neçə dənə camışımız vardı, vələ onları qoşardıq. Ay yarım işləyib xırmanı eliyər, samanı samanlığa, buğdanı da evə yığardıq. Hər il ancaq yeyəcəyimizə və toxumluğumuza görə buğda götürə bilərdik.
   
    Avqust ayının cır-cıraması idi və kölgədə 45 dərəcə isti vardı. Atama, "məni orta məktəbə yazdır, oxumaq istəyirəm" dedim, kişi özündən çıxdı. "Dünya dağıla səni məktəbə qoymaram, dədə-baba ocağımızı kor qoyub hara gedirsənə!" deyə sözümü ağzıma təpdi. Gördüm belə olmayacaq əlimdəki çubuğu tulazladım və gedib kölgədə oturdum, sonra da atama;" əgər məni oxutmasan mən də işləməyəcəyəm, sabah birigün evdən də çıxıb gedəcəyəm, hər payız gələndə gəlib bir camışımızı oğurlayıb aparıb satacağam, camışlarımızın sayı orta məktəbi və liseyi qurtarana kimi mənə kifayət edər.."dedim. Kişinin gözləri kəlləsinə çıxdı və vəldən düşən kimi əlində çubuq üstümə cumdu. Yeyəcəyim qarağac çubuğunun yanğısını duyub götürüldüm, o da məni qovalamağı buraxdı. Bu dəfə məni dilə tutmağa başladı və nə illah etdi isə qəti fikrimi bildirdim. Axırda razı oldu və ertəsi günü xırmanı yarlı-yarımçıq qoyub məni aparıb İgdirdə orta məktəbə qeyd etdirdi.
   
   Orta məktəbi, liseyi əyani oxudum (təəssüf ki, liseyi bitirdiyim il atamı əbədilik itirdim, hətta toyumu da görmədi) və müəllim məktəbini qiyabi bitirib müəllimliyə başladım. Yeddi il müəllim işlədikdən sonra da imtahanlarda iştirak edib İstanbul Universitetinin ədəbiyyat fakültəsini qazandım. Ailəmi və uşaqlarımı kənddə qoyub üz tutdum İstanbula, həm oxudum həm müəllimlik elədim. Gecələri ən böyük əyləncəm dərsləri mütaliə eləmək, kitab oxumaq və dostlarımla müəyyən günlərdə tariximiz, ədəbiyyatımız, dilimiz və keçmişimizlə bağlı söhbətləri eləməkdi. Marağımı ən çox cəlb edən məsələ isə xüsusilə qədim tariximizdi. O illərdə tariximizlə bağlı xeyli geniş məlumat yiyəsi oldum. Mərhum Prof. Dr. İbrahim Kafəsoğlunun müəllimimiz olması bizə Tanrının bir lütfü idi. Sonrakı illərdə mərhum alimimiz Prof. Dr. Bahəddin Ögəli tanıdım və hər iki elm xadimimizin əsərlərini dönə dönə oxudum, tədqiq etdim.
   
   İptidai məktəb, orta məktəb və liseydə oxuyarkən dərsliklərimizdə Atatürklə bağlı yazılanlar və deyilənlər məni heç cürə qane etmirdi. Universitet illərində bu marağımı biraz olsun aradan götürdüm.
   
   Təbii olaraq Atatürkü sevənlər də var, sevməyənlər də. Sevmək mövzusu subyektivdir və hərənin öz xarakterindən, anlayışından, biliyindən, təmayülündən asılıdır. Ancaq Atatürk kimi bir liderin Türkiyədə sözün əsl mənasında başa düşüldüyünə isə qəti inanmıram. Onun fikir dünyasını və şəxsiyyətini həqiqi mənada başa düşən ziyalıların sayının həddən artıq az olduğu qənaətindəyəm.
   
   Bəzi şər qüvvələr, müharibə meydanlarında məğlub edə bilmədikləri və qarşısında diz çökməli olduqları Atatürkü xalqın gözündən salmaq üçün illərdir var qüvvələriylə işlədilər və işləyirlər. Onların könüllü qulları və muzdlu əsgərləri, Atatürkün irqpərəst, dinə qarşı olduğunu dillərinə dolayıb cahil xalqa təəssüflər olsun ki, az da olsa qandıra, onları aldada biliblər. Bu cür məxluqatların bəziləri də şüurlu şəkildə Atatürkü özlərinə qalxan edib, onun düşüncə dünyasını, fikirlərini və həyata keçirdiklərinin mahiyətini pozmağa cəhd etmişdir və hələ də bundan əl çəkməyiblər.
   
   Türk dünyasının müstəsna guşəsi olan Azərbaycanı kənd-kənd dolandım və ordakı bacı-qardaşlarımızı düşüncə yönündən çox yaxşı tanıyıram. Onlardakı Atatürk sevgisi və şüuru, açıq deyim Türkiyədəkindən azı on qat artıqdır. Onlar müstəqilliyi itirməyin, özgəsinin qapazı altında yaşamağın nə demək olduğunu bilirlər və bu səbəblə Atatürkü bizdən neçə-neçə qat daha yaxşı analiz ediblər və başa düşüblər. Mən bu həqiqəti bütün çılpaqlığı ilə müşahidə etdim. Hətta bunu deyə bilərəm ki, Azərbaycanda orta məktəbi və ya iki illik ali məktəbi bitirən bir şəxs də Atatürkü, bizim bilmirəm hansı titrə malik ziyalılarımızdan daha yaxşı analiz edib, başa düşüb və sevir. Azərbaycanda xalqın arzularına tərcüman olaraq onları bir yerə yığan, onlardakı müstəqillik həsrətini daha da alovlandıran və bu münasibətlə də Sovet İmperiyasının boynuna ipi salıb dara çəkdirən mərhum əbülfəz Elçibəy, Azərbaycan Dövlət Başqanı sifətiylə Atatürkün məqbərəsini ziyarət etdiyində xüsusi dəftərə Atatürkə xitabən "sənin əsgərin" şəklindəki sözlərini desinlər deyə və ya Türkiyədəkilərin xoşuna gəlsin, münasibətilə də siyasi gediş olsun deyə yazmamışdı. Bizim təmtəraqlı, paqonlu professorlarımız Atatürkü başa düşmək yönündən Elçibəyin yanından yel olub ötə bilməyəcəklərini səmimi duyğularımla bəyan edə bilərəm.
   
   Azərbaycanın böyük dövlət xadimi Heydər Əliyevin Atatürklə bağlı sözləri də sadəcə olaraq siyasi mülahizələrlə söylənmiş sözlər deyildir. Sovetlər Birliyi dövründə bütün xalqların, ən başda da rusların təpəsinə basa basa politbüroya kimi yüksəlmək hər igidin görəcəyi iş deyildi. Mərhum prezident Heydər Əliyev bunu bacarmış bir liderdi və Atatürklə bağlı həddən artıq gözəl fikirlər daşıyırdı. Atatürk Anadolunu türklüyünü nə cür azad etdisə, Türkiyə torpaqlarını yad çəkməsindən təmizlədisə, Heydər Əliyev də Azərbaycanı böyük bəlalardan xilas etdi və illər uzunu onun hər cürə sərvətini oğurlayanlara elə bir şillə çəkdi ki, onların üzündə barmaqlarının əbədilik izi qaldı.
   
   Türkiyədəki bir dini qrupa (səhv başa düşülməsin deyə o qrupun adını yazmıram) mənsub olan, dəfələrlə millətvəkilliyi, nazirlik və güclü bir partiyanın bir müddət liderliyini yeritmiş bir ailə dostumuz ilə bir gün söhbət edərkən üzünü mənə tutub;
   
   "Bilirsən ki, mən Atatürkə nifrət edirdim. Əlbəttə kifayətli məlumata sahib olduğuma görə şüurlu şəkildə yox.. İllərlə iştirak etdiyim yığıncaqlarda, söhbətlərdə daim onun əleyhində deyilən sözləri eşitmişdim və bu fikrim də, deyilənlərin təsiri altında yaranmışdı. Ancaq Atatürkə duyduğum nifrət məni narahat edirdi. Nəhayət bir gün Atatürkü tədqiq etmək qərarına gəldim. Özgələrinin onun barəsində yazdıqlarını, söylədiklərini bir kənara qoydum və Atatürkün həyatını, gördüyü işləri, əsərlərini, nitqlərini, bəyanatlarını oxudum. Bunun axırında da məndə bu qənaət hasil oldu. Atatürk məncə bir övliyadır və Tanrı onu Türk millətinə bir ərməğan kimi yollayıbdır. Onun vaxtında dini bütöv, mömin komandirlər vardı, hətta bəzilərinin rütbəsi Atatürkdən də yüksəkdi, ancaq Tanrı, Türk millətinin qurtuluş davasının məsuliyyətini Atatürkün çiyinlərinə qoydu, Allah onu seçdi, o seçilmiş bir insandı, məkanı cənnət olar inşallahg" dedi.
   
   Onun bu sözləri qarşısında daxili dünyamda üsyan təlatümləri yaransa da heç nə deyə bilmədim, eləcə dayanıb düz gözlərinin içinə bir müddət baxdım. Deyilə bilər ki, hər görüşümüzdə Atatürk barəsində kəskin sözlərlə mübahisə etdiyim bu ziyalı böyüyüm, nəhayət özülündəki keyfiyyətlə tutduğu səhv yoldan yayınmışdı, sağ əli digərlərini başına.
   
   Atatürk, mümkünsüzü mümkün hala gətirmiş bir liderdir. Onu heç olmasa Azərbaycandakı qardaş-bacılarımız qədər Türkiyə torpaqlarının yetirdiyi insanlar niyə ki, başa düşmür!ə Mənə görə bunun yeganə səbəbi Türkiyədəki təhsil sistemidir və bu problem qaysaq tutmayan, daim qanayan bir yaradır. Onu gələcək hakimiyyətlər mütləq sağaltmalıdır.
   
   Atatürkü məlumatsızlıq ucbatından başa düşməyən və sevməyənlərə "qafil", bilərək başa düşməyənlərə isə "bizdən olmayan" və ya "satqın" desəm, elə zənn edirəm ki, heç kəsə haqsızlıq eləmiş olmaram.

TƏQVİM / ARXİV