adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
31 Mart 2015 17:08
2223
MƏMLƏKƏT
A- A+

Kredit faizləri aşağı salınmalıdır

Manatın devolvasiyasından sonra banka krediti olan insanların bu borcu hansı qaydada qaytarması barədə mediada müxtəlif səpkili müzakirələr getdi. Bəzi ekspertlər kreditlərin keçmiş, bəziləri isə yeni məzənnə ilə qaytarılmalı olduğunu bildirdi. Bəs hüquqi baxımdan bu məsələ necə tənzimlənməlidir.

"AtaHolding” ASC-nin Hüquq departamentinin rəhbəri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Qorxmaz Ağayev deyir ki, manatın məzənnəsində korreksiya müyyən iqtisadi sahələrdə müsbət effekt versə də, bir çox bazar iştirakçıları bu və ya digər şəkildə zərərlə üzləşdilər: "Aydın məsələdir ki, fəaliyyəti əsasən pul vəsaitləri ilə bağlı əməliyyatlar üzərində qurulmuş bank sektoru və digər maliyyə institutları daha çox zərərə məruz qaldılar. Bu vəziyyət bank sektoru və onun müştərilərini üz-üzə qoydu və onların artan templə gedən əməkdaşlığına mənfi təsir göstərdi. Bundan əlavə, devalvasiyadan sonrakı günlərdə müxtəlif televiziya kanallarında, internet resurslarında və sosial şəbəkələrdə öhdəliklərin hansı məzənnə ilə ödənilməsi, xarici valyutada öhdəliklərin qanuni olub-olmaması barədə ekspertlərin bəzən ziddiyyətli şərhləri və təklifləri bank sektoru, həmçinin onun müştəriləri arasında olan gərginliyi bir az da artırdı. Təbii ki, belə bir vəziyyətdə bank sektoru və onun müştərilərinin üzərinə böyük bir məsuliyyət düşür. Bu da əməkdaşlıq şəraitində çıxış yolları tapmaqdan ibarətdir. Çünki müştərilər bilməlidirlər ki, kreditlərin ödənilməsində gecikmələr onların kredit tarixçəsinə mənfi təsir edə, o cümlədən kreditlərin kütləvi şəkildə ödənilməməsi bank sistemini, yenidən kreditləşməni, əmanətlərin qaytarılmasını, pul köçürmələrini, dövlət büdcəsinə iri vergi ödənişlərini və nəticə etibarilə ölkə iqtisadiyyatını təhlükə ilə üz-üzə qoya bilər”. Qorxmaz Ağayev onu da bildirib ki, banklar da həmçinin müsbət tarixçəli müştərilərinə sahib çıxmalıdır, kreditlərdə restrukturizasiyaya getməli, kredit faizlərini aşağı salmalı, gərginliyin artmaması üçün digər tədbirlər görməlidirlər: "Həmçinin banklar devalvasiya ilə bağlı müştərilərlə yaranacaq mübahisələrin məhkəmə vasitəsilə həlli imkanları baradə qərarlar verərkən tələsməməli, daha çox müştərilərlə danışıqlar vasitəsinə müraciət etməlidirlər. Bu prosesdə peşəkarların xidmətindən istifadə etməlidirlər. Çünki məhkəmə presedenti sonradan qarşısıalınmaz proseslərə rəvac verə bilər. Təbii ki, ekspertlərin səsləndirdikləri rəylər, tövsiyələr və təkliflər də olduqca vacibdir. Bu rəylər vəziyyətdən çıxış yollarında, heç şübhəsiz ki, böyük rol oynacaqdır. Lakin bu rəylərdə hansısa hesablanmamış səhvlər vəziyyəti gərginləşdirə bilər. Çünki məsələ çox həssasdır. Bununla belə əlamətdar haldır ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid başlayan gündən bəri bəlkə də ilk dəfə iqtisadi və mülki xarakterli qanunvericiliyin bir müddəası bu səviyyədə kütləvi müzakirə predmeti olub. Heç şübhəsiz, bu hadisə nəinki bank və kommersiya subyektləri, həmçinin adi vətəndaşların da hüquqi mədəniyyətinin inkişafına xeyli təsir edəcəkdir. Bu mövzuda ən çox səsləndirilən fikirlərdən biri - kreditlərin xarici valyutada verilməsinin qanunvericiliyə zidd olması və bu səbəbdən bağlanmış müqavilələrin etibarsız sayılacağı ilə bağlı mövqedir. Bu mövqeni müdafiə edən mütəxəssislər Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə (Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi birbaşa qadağan edilir) və Mülki Məcəllənin 439.1-ci maddəsinə (Rezidentlər arasında pul öhdəliyi manatla ifadə olunmalıdır) istinad edirlər. Hesab edirəm ki, bu mövqe qanunvericiliyin mənasi və tətbiqi təcrübəsinə, xarici valyutalarla beynəlxalq əməliyyat praktikasına ümumən uyğun deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Ölkə ərazisində "Yeganə Ödəniş Vasitəsi” manatdır. Yəni bütün ödənişlər manatla aparılmalıdır, həmçinin müqavilədə manatla göstərilməlidir. Lakin manat özü-özlüyündə təkcə ödəniş vasitəsi deyildir, o həmçinin əşyadır. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə görə, pullar əşya sayılır. Burada da pul dedikdə təkcə manat başa düşülməməlidir. Başqa sözlə, pullar burada hansı ölkə tərəfindən tədavülə buraxılmasından asılı olmayaraq, fiziki obyekt kimi əşya hesab edilərək mülkiyyətin predmeti kimi tanınırlar. Bunun davamı olaraq Mülki Məcəllənin "Əşyaların mülki dövriyyəsi” adlanın 136.1-ci maddəsi qeyd edir ki, əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, əşyaların, o cümlədən pulun sərbəst şəkildə özgəninkiləşdirilməsi və bir şəxsdən başqasına keçməsi tam qanunidir. Bu qaydadan Mülki Məcəllə yalnız bir istisnanı qeyd edir – müvafiq əşyanın dövriyyədən çıxarılması və ya onların dövriyyəsinin məhdudlaşdırılması. Həmin maddənin 136.2-ci və 136.3-cü bəndlərində birmənalı olaraq qeyd edilir ki, mülki dövriyyədən çıxarılmış əşyalar və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar qanunvericilikdə birbaşa göstərilməlidir. Ölkəmizdə belə əşyaların dəqiq siyahısını 23 dekabr 2003-cü il tarixli qanunlarda tapmaq mümkündür. 23 dekabr 2003-cü il tarixli "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunularında hər hansı pulun və ya xarici valyutanın adı çəkilmir. Bu isə o deməkdir ki, Azərbaycan ərazisində hər hansı pul və ya xarici valyuta sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmçinin, Mülki Məcəllənin 739, 944 və 954-cü maddələrində müvafiq olaraq kredit, əmanət və bank hesabı müqavilələrinə verilmiş anlayışlarda da pulun bu əqdlər üzrə məhz əşya kimi mülkiyyət predmeti olması və onun bu rejimdən irəli gələrək qaytarılmalı (sərəncam verilə bilən) vəsait kimi təsnif edilməsi göz qabağındadır”. Qorxmaz Ağayev qeyd edib ki, Mülki Məcəllənin əmanət və kredit müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən müddəalarında da söhbət verilmiş borcun və ya əmanətin ödənilməsindən yox, məhz qaytarılmasından gedir: "Həmin maddələri bir-bir oxumaqla bir daha buna şahid olmaq olar ki, müqavilənin predmeti olan əsas məbləğin hər yerdə qaytarılması, faizin isə ödənilməsi terminlərindən istifadə edilib. Ümid edirəm ki, belə bir vəziyyətdə müştərilər və bank sektoru öz müqavilə üzrə vəzifələrinə nizam-intizamla və ləyaqətlə yanaşacaqlar. Məsələdən çıxış yollarını məhkəmə çəkişmələrində yox, masa ətrafında əməkdaşlıq şəraitində keçən müzakirələrdə tapacaqlar”.