Gözlərimə ağ damır...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28208 | 2010-05-22 01:25
Məni bədgümanlıqda, ümidsizlikdə suçlamayın. Elə bilməyin ki, əlim hər yerdən üzülüb. Xeyr, içimdə ümid də, Tanrıya böyük inam da var. Elə bu səbəbdən də dünya coğrafiyasında baş verənləri informasiya vasitələrindən izləyə-izləyə hələ 70-ci illərdə eşitdiyim bir xəbərin gerçək olacağına şübhələrim get-gedə artır. Yəqin ki, həmin o 70-ci illərdə deyilən xəbərin nədən ibarət olduğunu o illər yaşayanlar xatırlayırlar. O vaxtlar deyilirdi ki, dünyanın sonu yaxınlaşdıqca yer üzünü su basacaq. Bir növü məşhər günü yetişəcək və haqq-hesab zamanı olacaq.
   
   Bu günlərdə Avstriya alimlərinin bir xəbərini mətbuatdan oxudum. Xəbərdə deyilirdi ki, Avstriya alimləri maraqlı tədqiqat-araşdırma işlərinə başlayıblar və belə qənaətə gəliblər ki, 2300-cü ildə dünyanın çox böyük hissəsi su altında qalacaq. Qismən quru ərazilərdə isə həyat olmayacaq. Bir sözlə həmin o 70-ci illərdə deyilən xəbər avstriya alimlərinə görə, 2300-cü ildə öz təsdiqini tapacaq. Bu araşdırmanın yekununa şübhəm olmasa da, hər halda alimlər məndən qat-qat çox bilərlər. Amma içimdə belə bir qaraltı var ki, görəsən həmin o vaxt avstriya da su altında qalacaq, yoxsa yox. Bəlkə araşdırmaçı alimlər öz ölkələrini xilas etməyin yolunu bilirlər, ya da onu bilmək üzərində işləyirlər? Nə isə. Alimlər öz bildiklərini, öz kəşflərini həyata keçirsinlər, mən qayıdım məmləkətimizə.
   
   Ötən şənbə-bazar günlərini Azərbaycanın Kürün, Arazın girovuna çevrilmiş bölgələrində keçirdim. Tüğyan eləyən Kürün insanlara qarşı necə amansız və etinasız olduğunu gördüm. Evlərindən köçən və evlərinə qayıdan insanların baxışlarını müşahidə etdim. Bax, həmin o baxışlarda dünyanın sü altında qalacağı barədə suallarla qarşılaşdım. Amma cavab verə bilmədim. Çünki həqiqətən sular qan-qan deyirdi. Və həqiqətən də bu qan-qan deyən suların sivrilmiş qılınc kimi qarşısına çıxanları çapıb keçməsi adamın canına bir vahimə hopdurur, çapalamağa, əl-qol atmağa, nə isə bir iş görməyə çağırırg İş də görülür. Bilmirəm, bütün gücləmi, bütün istəkləmi, amma görülür.
   
   Doğulduğum, yaşadığım Tuğ kəndində təbiət tez-tez şıltaqlıq edirdi. Kəndin hər iki tərəfindən dağ çayı axırdı və hər iki çay da sonda gəlib bir ünvanda qovuşurdu. Adamlar bu çayları həm çox sevirdilər, onlarla qürur duyurdular, həm də yaz-payız aylarında çaya bir az ehtiyatla, həm də bir az çəkinə-çəkinə yaxınlaşırdılar. Çünki ilin yaz, payız fəslində bu çaylar sözə baxmırdılar, bir saymamazlıq göstərirdilər. Çünki sular cilova yatmayan atlar kimi yerə-göyə meydan oxuyurdu. Bunu billə-bilə biz hər iki çayın sahilində bostan-tərəvəzlə, təsərrüfatla məşğul olurduq. Çünki dağlıq ərazi olan kəndimizdə əkin sahələri məhz həmin çayların, yəni Hatout və Quru çayın sahilində idi. Sellər mövsümü başlayanda bəzən əkdiyimiz bostan-tərəvəz məhsullarının necə yuyulub getdiyini kənardan seyr etməkdən başqa əlimizdən heç nə gəlmirdi. Gözləyirdik sular durulurdu və başlayırdıq payızlıq bostan-tərəvəz məhsulları əkməyə. O da yenə təbiətin ümidinə idi. Bax, beləcə dartışa-dartışa, bir-birimizə güzəştə gedə-gedə, bir-birimizi yola verə-verə yaşayırdıq bu iki çayın arasında. İndi o yerlər düşmən əlindədi və mənə elə gəlir ki, o çaylar da indi həminki deyil. Çünki mənim tanıdığım, mənim bildiyim o dağ çayları gərək düşmənləri çoxdan yuyub aparmış olaydı. Nə isə...
   
   Bütün bu yaşadığım və kağıza köçürdüyüm duyğular əslində məni Kürün, Arazın dəliqanlı xofuyla baş-başa qoyub. Mənə elə gəlir ki, biz bu sınaqlara mütləq dözməliyik. Yoxsa həqiqətən yaşayacağımız durum ağlasığmaz olacaq.
   
   
   
   bir tənhalıq xofundan
   
   divar üstümə gəlir.
   
   günün günorta çağı
   
   nə var üstümə gəlir.
   
   
   
   nə səmt tapa bilirəm
   
   nə də ki, bir ip ucu.
   
   qarşımda boynun büküb
   
   hər günümün öz suçu...
   
   
   
   ***
   
   Sonuncu ölən ümiddi-deyirlər. Amma insan özündə bir balaca təpər tapanda o ümidin ölməsinə imkan vermir. Elə mən də son həftələrin, günlərin təlaşlarının içərisində ümid və ümidsizliyin necə baş-başa gəldiyini görürəm. Sanki güləşirlər, biri o birini üstələməyə, yıxmağa çalışır. Belə anlarda köməyimə təkcə xatirələr, təkcə eşitdiklərim yox, həm də gördüklərim, inandıqlarım, güvəndiklərim çatır. Təsəvvür edin ki, yaşadığın sıxıntı, məruz qaldığın basqılar, səni üstələyən ehtiyaclar, yoluna kötük yuvarlayanlar, ardınca hədyan danışanlar, bir sözlə, yumşaq desək, əks cəbhəndə olanlar nələri varsa silahlanıb üstünə gəlirlər. Burda qaçmaq təkcə namərdlik yox, həm də zəiflik, gücsüzlük və bir az da çılpaq desəm, az qala qorxaqlıq sayılası haldı. Ona görə dilini dişinə sıxıb, olan-qalan gücünü toparlayıb tarana getməyə hazırlaşırsan. Ürəyində deyirsən ki, "nə olar, olar". Və...
   
   Mən gündəlik mətbuatı, informasiya vasitələrini mütaliə etməyə, izləməyə çalışıram. Və hər dəfə də görüb əmin oluram ki, çalışdığım qəzet, mənimlə bahəm bu qəzetdə yazanlar daha çox həyatdan, səmimiyyətdən, insanlıqdan, faktlardan qaynaqlanırlar. İstər köşə yazılarında, istər araşdırmalarında onlar özlərini, öz biliklərini, öz düşüncələrini və nəhayət görmək istədiklərini qələmə alırlar.
   
   Təbii ki, bu yazılar bazar üçün deyil, oxucu üçündü. Və həmin oxucu da harda olmağından asılı olmayaraq həmin yazıları tapıb oxuyur. Oxumayanlara da oxuyanlar söyləyirlər. Mən buna öz varlığım kimi əminəm və istər bölgələrdə, istər paytaxtda görüşdüyüm, qarşılaşdığım, əlaqə saxladığım dostlar, tanışlar öz fikirləri ilə mənim inamımı dəfələrlə təsdiqləyirlər.
   
   Deməli, insan özünü yazanda, öz düşüncələrini sərgiləyəndə həm bir rahatlıq tapır, həm də bu yazdıqlarının başqaları üçün də, iynə ucu boyda olsa da, yararlı olacağına inanır. Çünki özünü, yaşadıqlarını yazanda onu heç kəsə and-amanla, yalvarışla qəbul etdirmək, inandırmaq gərək olmur. Görünən gerçəklik özü öz haqqını ortaya qoyur. Mən də bu əqidəylə, bu istəklə bütün yazılarıma yanaşıram. Çünki onların hər birində mənim özüm varam. Özüm olan yerdə isə sözüm var.
   
   
   
   şeirlərim-
   
   mənim həyatım...
   
   gözünüz-
   
   görmək, istəmirsə
   
   könlünüz sevinmək,
   
   neylək-
   
   qoy belə olsun...
   
   mən -
   
   qanadsız, budaqsız
   
   siz-
   
   sevgisiz yaşayın...
   
   və hər gün də
   
   təzədən başlayın
   
   bir gün əvvəlki
   
   nifrətlə,
   
   əsəblə
   
   çözməyə
   
   həyatımı-
   
   siz buna adət edin
   
   mən də -
   
   dözməyə!..
   
   axı, mən dözdükcə
   
   gücünüz yetməyəcək-
   
   ürəyimi üzməyə...
   
   
   
   ***
   
   İqtisadi durum insanı kənardan müşahidə etməyə, onu oxumağa, onu öz yerində necə dayanmasını seyr etməyə imkan verən şərtlərdən biridi. Çünki cibində babat pulu, imkanı olan insan yerlə, göylə əlləşir. Nə Allaha bəndəlik edir, nə də bəndəyə yoldaşlıq. Elə bilir ki, həmin pulla, həmin imkanla hər şeyi satın ala bilər. Və ən vacibi elə bilir ki, onun pulu onun hökmüdü. Bu hökmə də hamı baş əyməlidi. Amma yaxşı ki, dünyanın mizan- tərəzisində gec-tez çox şeylər, o cümlədən də pul hökmü öz yerini tuta bilir. Çünki hər şey pulla alınmır, çox şeydən fərqli olaraq...
   
   İndi Arazın, Kürün qoynuna aldığı ərazilərdə yaşanan durumu seyr edib paytaxta qayıdandan sonra ağlıma ilk gələn bu oldu ki, həmin bölgələrdə yaşayan və puluyla, imkanıyla özünü hər kəsdən üstün sayan bir para insanlar görəsən indi nə fikirləşirlər? Görəsən, onlar kürlük edən Kürlə niyə dil tapa bilmədilər? Niyə öz evlərini, mülklərini, təsərrüfatlarını sellərin, suların cəngindən ala bilmədilər?
   
   Bu sualları ağlıma gətirəndə hardansa yadıma bir neçə il bundan öncə Bakıda baş verən zəlzələ düşdü. Onda o zəlzələ anında şəhərin bütün insanları eyniləşmişdi. Hamı bir-biriylə elə bil qardaş-bacı olmuşdu, can deyib, can eşidir, təbii fəlakətdən çıxmaq yolları axtarırdılar...
   
   İlahi, həmin gecə təlaş yaşayan Bakı o qədər gözəlləşmişdi ki.. İlahi həmin gecə Bakı əhli o qədər bir-birinə doğmalaşmışdı ki... indinin özündə də o doğmalığın hardan gəldiyini, sonra onun hara uçub getdiyini anlaya bilmirəm... Bax, elə bölgələrdə olanda evlərini tərk edən insanların bir-birinə necə oxşadığını, bir-birinə necə canyananlıq göstərdiyini, bir-birinə necə təsəlli verdiyini müşahidə etdim. Bu təbii fəlakət də adamları Bakı zəlzələsində olduğu kimi qardaşlaşdırmışdı. Bəlkə də ifadəm, sözlərim kiməsə xoş gəlmədi, amma doğrudan adamların bu birliyi, bu qardaşlaşması son dərəcə gözəl idi. Hətta fəlakəti unutduracaq qədər gözəl idi...
   
   Mən heç vaxt kimsəyə, hətta haqqımı tapdalayanlara da pislik, fəlakət, faciə arzulamamışam. Çünki doğulduğum məkan, orda yaşayan insanlar, orda qonşuluq etdiyim bu günkü düşmənlərimiz mənə həyatı başqa cür görməyi, başqa cür sevməyi, başqa cür yanaşmağı aşılayıblar. Ona görə də mən ətrafımda bu gün baş verənlərdən yaxşı mənada yararlanmağı, faciədən, fəlakətdən yaxşı nələrisə tapıb götürməyi təbliğ etməkdə maraqlıyam. Axı atalar da deyib: "Hər ziyanda bir xeyir var".
   
   İndi təbii fəlakətlərin qismən girovu olsaq da, həyat davam edir. Bu davamlı həyatda sellərin əlimizdən aldıqlarını qaytara biləcəyimizə bütünlüklə əminəm. Sadəcə bir məqamdan başqa. O da bu qısa ömürdə üzülən, tükənən ümidlərin bizləri daxilən əzməsi, sındırmasıdı...heç istəmirəm ki, kimsə ümidsiz olsun... heç istəmirəm ki, kimsə sınsın... Çünki həyat doğrudan da qısadı, gödəkdi...
   
   
   
   Dirsəklənib göy üzünə, dümanlı-
   
   Zirvələrə ünüm çatmır, ün gödək!
   
   Həsrətliyə gün gah ildi, gah andı-
   
   Götürəndə ay uzundu, gün gödək!
   
   
   
   Dağlar dağım, çaylar axan göz yaşım
   
   Xəyalımdan tay, ömrümü bil gödək
   
   Üzüm gəlmir igidlikdən danışım-
   
   Çəmən mehi, yanağımı sil, gedək.
   
   
   
   Hər otunu, hər daşını sevməyə
   
   Vaxt tapmıram, uydurduğum il gödək
   
   Gecikirəm mən uğrunda ölməyə
   
   Dolanıram göz kölgəli, dil gödək...
   
   
   
   Çox ağırdı Qarabağsız yaşamaq...çox çətindi yurda, yuvaya uzaqlardan baxmaq...çox dözülməzdi əlin-ayağın sağ ola-ola düşmənlə haqq-hesab çəkməyə "lazım" gələnə kimi dayanıb dözmək... Odur ki, kölgəli gözlərimizin, vətən, torpaq yanında gödək dilimizin açılacağını, dil-dil ötəcəyini ümidlə gözləmək zorundayıq... Lazım gələnə kimi!..

TƏQVİM / ARXİV