adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ÇIRAĞINI YANDIRAN VARSA...

1205 | 2015-03-31 09:50
O adam xoşbəxt insandır ki, dünyasını dəyişəndən sonra ocağında çırağını yandıran, yolunu davam etdirən və ömrünü yaşadanlar var. Bir də ki, dünya da xali deyil. Dünya yaxşı və əməli saleh insanları həmişə yaşadır. Əsas məsələ odur ki, sağlığında kimlərinsə yadından çıxmayasan, xeyir-şərdə iştirak eləsən, yıxılanı ayağa qaldırasan. Bax, onda insanın yaşamağı, yaratmağı özünü göstərir. Vay o gündən ki, sağlığında insanların yadından çıxasan və heç kimin köməyinə çatmayasan.
İsfəndiyar İsgəndər oğlu Səfərəliyev çox dəyərli, ağayana və ağsaqqal kişilərdən biri olub. İsfəndiyar müəllim ötən ilin martın 31-də haqq dünyasına qovuşub. Onda bir qar yağırdı ki, adamın ağlına gəlməzdi ki, martın sonunda belə soyuq ola və qar yağar. Üstəlik də şaxta adamı qılınc kimi kəsirdi. Amma buna baxmayaraq, Füzuli rayonunun camaatının çoxu onun yas mərasimində iştirak eləyirdi. Çox qəribə idi ki, o soyuq, o şaxtalı və qarlı gündə yas mərasiminə gələnlərin hamısı İsfəndiyar Səfərəliyevə sanki son borcunu vermək istəyirdi. Üstəlik də cənazə qəbiristanlığa çatanda hava daha da sərtləşdi, qar daha da gücləndi. Adamın sifətinə qırma kimi çırpılan qar dənələri sanki insanlara meydan oxumaq istəyirdi. Sanki demək istəyirdi ki, bax, sizin başınıza belə bir oyun açaram. Ancaq buna baxmayaraq, dəfn mərasimində qəbiristanlığa gedən insanların hamısı son ana qədər iştirak elədi.
Horadiz şəhər qəbiristanlığı yazın əvvəlində ağ örpəyə bələndi. Bu da bir mözüzə idi. Belə ki, qarın yağması özü hardasa bolluq rəmzi idi. İsfəndiyar Səfərəliyev 1940-cı ildə Füzuli rayonunun Kürdlər kəndində anadan olub. Rayonun sayılıb-seçilən ağsaqqallarından sayılıb. Heç vaxt düz söz deməkdən və haqq-ədaləti müdafiə eləməkdən çəkinməyib. Birinin işi çətinə düşəndə, kiminləsə barışıq lazım olanda, bax onda çoxları rəhmətlik İsfəndiyar Səfərəliyevi axtarırdı. Yaxşı bilirdilər ki, İsfəndiyar kişi hansı qapıya getsə orda barışıq olardı və bütün işlər qaydaya qoyulardı. Xüsusilə də kasıb və kimsəsiz adamlar həmişə İsfəndiyar Səfərəliyevi özünə arxa bilərdilər. Ən azından ona görə ki, onun qapısını döysəydilər və kömək istəsəydilər təmənnasız olaraq hamıya əl tutardı. İndi belə kişilər çox azdır. Bəlkə də barmaqla sayıla bilər.
Amma bir onu bilirəm ki, zamanından və məkanından asılı olmayaraq İsfəndiyar kişi kimi adamların yeri həmişə görünür. O, uzun müddət Füzulidə avtobazanın müdiri vəzifəsində çalışıb. Qarabağ müharibəsinin ən ağır günlərində həm maddi imkanları və həm də mənəvi gücü ilə torpaqlarımızın qorunmasında çox böyük köməklik göstərib. Xeyir-şərdə, toyda-düyündə İsfəndiyar kişi sinəsini qabağa verib və ağsaqqalıq edib.
Rayonun ictimai həyatında fəallıq göstərib, kimsəsizlərə əl tutub. Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.
Bu gün də İsfəndiyar Səfərəliyevin yeri görünür. Bir neçə gün bundan əvvəl avtomobil qəzasında bizim yaxın qohumlardan biri dünyasını dəyişib. Bax, onda da İsfəndiyar kişinin yeri bilindi. Çünki hər iki tərəfi barışdırmaq üçün bir ağsaqqal adam, bir ağayana kişi lazım idi. Və nə yaxşı ki, onun yurdunda Eldəniz kimi oğul var. O da atasının yolunu davam etdirir, xeyir-şərdə iştirak eləyir və hətta iki qohum arasında yaranan qan davasını da yatıra bilir.
Şükür İlahinin məsləhətinə. O insan xoşbəxtdir ki, Allah dərgahına qovuşandan sonra onun çırağını yandıran övladları var. O insan xoşbəxtdir ki, dünyasını dəyişəndə də kimlərinsə yadına düşür, kimlərinsə qəlbində yaşayır. Məhz İsfəndiyar Səfərəliyev belə ağayana, ağsaqqal kişilərdən biri olub. Qəbrin nurla dolsun, İsfəndiyar kişi!

TƏQVİM / ARXİV