adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SIZ HARADAN... GƏLMiSiNiZ, MüSYÖ?

BABƏK YUSİFOĞLU
43915 | 2010-05-18 02:52
Tarixi mənbələrdə Qalliya adlanan bu ərazi zamanın müxtəlif dönəmlərində bir sıra işğallara məruz qalıb. Yazılanlara əsaslansaq deyə bilərik ki, bu ərazilərə gələn ilk tayfalardan biri keltlər olub. Amma sonradan ərazi bütün Avropaya və Asiyaya meydan oxuyan Roma imperiyasının əlinə keçib. Uzun müddət onların idarəçiliyi altında yaşayan Qalliya sonralar döyüşkən qotlar tərəfindən işğal edildi. Tarixin sonrakı dönəmlərində isə bu torpaqlarda franklar bərqərar olublar. Bütün bunlarla yanaşı həm qədimdə, həm də sonrakı zamanlarda nüfuzlu dövlətlərdən biri sayılan Fransa həmişə Avropanın həyatında ən önəmli rol oynayıb. Yəqin elə bu tarixi ənənənin nəticəsidir ki, müasir dövrdə "Qoca qitə"nin bütün ciddi siyasi, iqtisadi, ictimai proseslərini Fransasız təsəvvür etmək mümkün deyil. Avropa Birliyinin yaranmasında, inkişaf etməsində, hətta genişlənməsində önəmli rol oynayan bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri, nüvə dövlətidir. Yeri gəlmişkən, onu da qeyd edim ki, çoxlu sayda ermənilərin məskunlaşdığı bu ölkə erməni lobbisinin təsiri altında olmasına baxmayaraq guya Azərbaycanın ərazi bütövlüyü məsələsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi çıxış edir.
   
   SARKOZİ
   
   
   
   Nikola Pol Stefan Sarkozi de Naji-Boça ("Naji-Boça" adı müxtəlif mənbələrdə müxtəlif cür yazılır) 1955-ci il yanvarın 28-də Fransa paytaxtı Parisin lap yaxınlığındakı Neyi-syür-Sen şəhərciyində anadan olub. Sarkozi de Naji-Boça ailəsi əslində təmiz fransız mənşəli deyildi. Atası Pal (sonradan o, adını fransızlaşdıraraq Pol ilə əvəzləyəcəkdi) Budapeşt yaxınlığında təminatlı ailədə doğulmuşdu. 1944-cü ildə Fransaya gələrək Parisin yaxın şəhərciklərinin birində məskunlaşmış, 1949-cu ildə şəhərdə yaxşı tanınan yəhudi həkimin qızı Andree ilə evlənmişdi. Dörd ildən sonra vətəndaşlıq əldə edən bu emmiqrantın işləri heç bundan sonra da düz getmədi və ailənin problemləri artdı. Əslində maddi sıxıntılardan başqa ailədə psixoloji gərginliklər də az deyildi. Ərlə arvadın arasında artan fikir ayrılıqları yaxşı heç nə vəd etmirdi. Balaca Nikolanın cəmi dörd yaşı olanda - 1959-cu ildə onun valideynləri ayrılaraq rəsmən boşandılar. Sən demə, ailəni daha çətin günlər gözləyirmiş. Anası ixtisasca vəkil olsa da, üç oğlunu dolandırmaq üçün yetərli gəlirə malik deyildi. Bu üzdən də oğlanları erkən yaşlarından zəhmətə qatlaşmalı oldular.
   
   Qardaşlardan ortancılı Nikola daha "çoxbilmiş" olduğu üçün gələcək həyatını hansı istiqamətdə quracağını müəyyənləşdirmişdi. 1978-ci ildə təhsil aldığı Paris Siyasi elmlər üzrə ali məktəbi bitirsə də, ingiliscəni zəif bildiyi üçün məktəb ona diplom vermədi. Həmin dövrlərin şahidləri söyləyirlər ki, Nikola nə edəcəyi haqqında danışmağı sevməz, hər hansı uğursuzluqdan isə ruhdan düşməzdi. Özünü tam fransız hiss etməyən Nikolanın uşaqlığı çox sıxıntılı keçib. Amma o bunların hamısını adladaraq anasının yolunu davam etdirmək qərarına gəldi. Qeyd edim ki, "yəhudi ağlı" onun karyerasında həmişə önəmli rol oynayıb. Peşəkar vəkillik sertfikatı əldə edən Sarkozi 6 il bu işini davam etdirdi. Amma bununla kifayətlənmək onun təbiri deyildi. Hansı addımların ona karyera qurmaqda kömək edə biləcəyini yaxşı bilən Nikola Sarkozi gənclik illərindən ölkənin siyasi həyatına qoşuldu, tələbə hərəkatlarında fəal iştirak edərək digərlərindən fərqlənməyə başladı. Şahidlərin dediklərini nəzərə alsaq, siyasi həyatında onun uzaqgörənliyindən başqa şanslı olması da işə çox yaradı. Belə ki, artıq 28 yaşında Nikola doğma Neyi-syür-Sendə mer postuna sahibləndi və uzun müddət bu vəzifədə oturdu.
   
   
   
   1979-1981-ci illərdə
   
   
   
   Jak Şirakın prezidentliyə namizədliyini dəstəkləyən Nikola seçki kampaniyasında Şirakı dəstəkləyən gənclər komitəsinə başçılıq edirdi. Bu işdə göstərdiyi canfəşanlıq onu daha ciddi, daha böyük siyasi fiqurların gözündə qaldırdı. Artıq onu şəxsən tanımağa başlamışdılar. Elə bunun nəticəsində də Jak Şirak prezident seçildikdən sonra özünü uğurla onun himayəsinə verə bildi və ardınca ciddi siyasi reputasiya qazandı. Artıq yüksək vəzifə qapıları önündə açılmağa başlamışdı. 1986-cı ildən 1988-ci ilədək O-de Sen (Yusarı Sena) departamentinin ali şurasının vitse-prezidenti vəzifəsini qazandı. Ardınca da Fransa parlamentinin deputatı seçildi.
   
   Qeyd etdiyim kimi, hələ 80-ci illərdə qollistlərin lideri və Parisin meri olan Jak Şirakın yaxın ətrafında özünə yer edən Nikola çox qısa zaman ərzində partiya ierarxiyasında ciddi vəzifələrdə çalışdı. Siyasi arenada olan insanlarla ünsiyyət qurmaq bacarığına malik Nikola Sarkozi qısa müddət ərzində çoxlarının rəğbətini qazana bildi. Artıq 1993-cü ildə o, Fransa hökuməti Eduar Balladyurun kabinetində büdcə naziri və hökumətin rəsmi nümayəndəsi təyin edildi. Bir ildən sonra isə Sarkozi kommunikasiya naziri də oldu. Amma onu daha da irəliyə getmək düşündürürdü. Çünki oturduğu kresloların statusu Nikolanı qane etmirdi. Bundan ötrü əslən heç fransız olmayan bu karyerist adam nəsə yeni addımlar düşünməliydi. Düşündü də. Amma bu dəfə onun hesablamaları gözlədiyi nəticəni vermədi. Belə ki, 1995-ci ildə siyasi populyarlığa malik olan prezident seçkilərində Balladyuru dəstəkləməyə başladı. Lakin seçki kampaniyasında Balladyurdan xeyli az reytinqə malik olan Jak Şirak gözlənilmədən üstünlüyü ələ aldı və seçkilərdə qələbə qazanaraq prezident seçildi. O, Sarkozinin bu hərəkətini xəyanət kimi qiymətləndirdiyi üçün onu hökumət postlarından kənarlaşdırdı.
   
   Ətrafda baş verənlərdən tez nəticə çıxarmağı və karyerası üçün istənilən dönüşü etməyi bacaran Sarkozi səhvini düzəltməyə girişdi. Növbəti prezident seçkilərində - 2002-ci ildə artıq o, Şirakın namizədliyini dəstəkləyərək onun üçün çalışmağa başladı. Çox keçmədi ki, bu addımları öz nəticəsini verdi. Seçkilərin ikinci turunda qələbə qazandıqdan sonra Nikola Sarkozinin hərəkətini mükafatlandıran prezident ona daxili işlər naziri vəzifəsini verdi. 2004-cü ilin aprelində isə hökumətin yeni heyətində Sarkoziyə dövlət naziri vəzifəsi tapşırılmaqla yanaşı onu həm də O-de Sen departamentinin ali şurasının sədri seçdilər. Amma yüksəliş davam edirdi. Bir neçə ay sonra sağ-mərkəzçi kursa malik Sarkozi çox böyük üstünlüklə xalq hərəkatı İttifaqının sədri oldu. Bundan sonra isə o özü hökumətdəki vəzifəsindən getdi, amma əvəzində partiyadakı fəaliyyətini daha da gücləndirdi.
   
   
   
   Ümumi Avropa
   
   konstitusiyası
   
   
   
   ilə bağlı Fransada keçirilən referendumdakı uğursuzluqdan sonra Raffarenin nazirlər kabineti istefaya getməli oldu, onu əvəzləyən Dominik de Vilpen isə hökuməti möhkəmləndirmək üçün ətrafına daha populyar simaları yığmaqla vəziyyəti düzəltməyə cəhd etdi. Və həmin dövr üçün Nikola Sarkozi də üstün populyarlığa malik idi. Bunun üçün də onu yenidən hökumətin yüksək postlarından birinə çağırdılar. Amma çox keçmədi ki, ölkə başçısının himayəsi altında olan, prezidentin siyasi varisi hesab edilən de Vilpen anladı ki, siyasi arenada onun ən böyük rəqibi məhz Sarkozidir. Onun daha çox irəli getmək şansları vardı. Bu əngəllənməliydi. Çox keçmədi ki, siyasi meydandakı pillələri böyük sürətlə qalxan keçmiş emmiqrant haqqında söz-söhbətlər ətrafı bürüməyə başladı. Hər yerdə danışılırdı ki, Sarkozinin nəzarətində olan məşhur kompaniya iflasa uğrayıb. Ən çox da dövriyyədə Nikolanın ailə məsələləri gündəmi zəbt etdi.
   
   Həmin dövrlərədək artıq ikinci evliliyini yaşayan Nikola Sarkozinin ikinci arvadı da - Sesiliya da ona xəyanət etmişdi. Qadın nigahda ikən ərini buraxaraq sevgilisi ilə Nyu-Yorka getmişdi. Bu məsələlərin qarşısını almaq üçün Sarkozi hərəkətə keçdi və çox çəkmədi ki, arvadının qayıtmasına nail oldu. Mətbuatda adının bu cür hallanmasını isə rəqiblərinin işi olduğunu bəyan edən Nikola bu məsələdə də problem yaşamadı. Əslində fransız cəmiyyətində bunun faciə kimi qəbul edilməsini gözləmək absurd bir iş idi. Sarkozinin daha böyük hədəfləri vardı. O, adını Fransanın siyasi tarixinə böyük hərflərlə yazdırmalı idi. Daxili işlər naziri kimi ölkəni bürüyən fahişəliyin, gənclərin anarxist çıxışlarının, bəzi əyalətlərdə intizamsızlığın, Korsika adasında baş qaldıran separatizm hərəkatının, qeyri-leqal emmiqrasiyanın... qarşısını almaq üçün fəaliyyətə keçdi. Siyasi populyarlığını artırmaq naminə situasiyadan asılı olaraq ölkənin müsəlman zümrəsi üçün "kosmetik" yeniliklər etdi, fransızların xoşuna gəlmək üçünsə müsəlmanların ölkə ərazisinə axınını əngəlləmək üçün addımlar atdı.
   
   Artıq 2006-cı il idi. Sarkozinin ciddi rəqiblərindən biri sayılan de Vilpenin reytinqi aşağı düşdüyünə görə prezidentlik uğrunda mübarizədən kənarlaşdı. Amma demək olmazdı ki, onun digər rəqibləri zəif idi. Bu belə deyildi. Sosialistlərin nümayəndəsi Seqolen Ruayal, mərkəzçilərdən Fransua Bayra ölkənin birinci kreslosuna iddialı idilər. Onda belə söhbətlər də yayılmışdı ki, hətta Le Pen də bu marafona qatıla bilər. Özü də seçki ərəfəsində Şirak da özünün namizədliyi barəsində heç bir mövqe bildirmirdi.
   
   
   
   Prezidentlik...
   
   
   
   Nəhayət 2007-ci il seçkilərinə az qalmış Şirak prosesə qatılmayacağını söylədi. Buna baxmayaraq namizədlərdən heç biri seçkilərin birinci turunda qələbə qazana bilmədi. İkinci turda isə bir macar emmiqrantın ailəsində dünyaya göz açan Nikola Sarkozi bütün imkanlarını işə salıb qələbə qazanaraq Fransa dövlətinin başçısı oldu. Amma qeyd edək ki, Fransanın mövcud problemləri heç də həllini tapmadı. Xüsusilə ölkənin müsəlman əhalisi - rəsmi statistikaya görə onların sayı 5 milyona yaxındır - bu gün də basqılara məruz qalmaqda davam edir. Hətta həmin problemlərin artdığını da demək olar. Ölkədəki 200 min pravoslavın haqqı daha çox qorunur, nəinki sayca qat-qat çox olan müsəlmanların. Tarix boyu müsəlmanlara qarşı baş verən səlib yürüşlərinin əsas iştirakçılarından biri olan Fransa müasir dövrdə də ənənəvi siyasətini yürüdür. Daim Türkiyənin Avropa Birliyi üzvlüyünə qarşı çıxan Fransa hətta Ermənistanın özündə belə olmayan qanunlar qəbul etməklə dini şovnizm siyasətini bir daha nümayiş etdirdi. Əlbəttə, müsyö Sarkozi başda olmaqla. İndi Fransada heç kəs hətta şifahi şəkildə belə qondarma "erməni soyqırımı" olmayıb deyə bilməz.
   
   Nikolanın ailə həyatı heç də parlaq olmayıb. O ilk arvadından 1993-cü ildə, ikinci arvadından 2007-ci ildə boşanıb. Və hər iki nigahdan bir övladı anadan olub. Birinci boşanmadan fərqli olaraq ikinci arvadından ayrılan Nikola çox tez bir zamanda məşhur maniken Karlo Bruno ilə ailə qurdu. Və hazırda onunla birgə yaşayır. Amma deyim ki, üçüncü ailəsinin də möhkəm təməllər üzərində qurulmadığını söyləyənlər çoxdu. Hətta deyilir ki, Sarkozi artıq Karlo ilə də problemlər yaşayır. Amma Nikola gülümsər görünməkdə davam edir..
   
   
   
   

TƏQVİM / ARXİV