adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

iŞLƏNMƏMiŞ MÖVZU

MƏZAHİR ƏHMƏDZADƏ
37083 | 2010-05-15 01:54
Mən rayonda olanda bu gənc adamla tez-tez rastlaşıram. Onu ilk dəfə təxminən 10-12 il bundan əvvəl bir yas məclisindəki mollanın yanında görmüşdüm. İndi yadımdan çıxıb, xoş təsirli avazla nəsə oxuyub hamının diqqətini cəlb etmişdi.
   
   Az sonra mən onu daha yaxından tanıdım. Tale və ya qismət Rövşən adlı bu gənci yeniyetmə yaşlarından ruhani aləmlə bağlayıb, anlaşılan birbaşa mənada desək, molla olub. Tələsib "bu mövzu bizlik deyil" deyə başqa səhifələri bu yazının üstünə örtməyin, məsələ tamam başqadır.
   
   Oxuyun, mən Rövşəni iki vəziyyətdə təsvir edəcəyəm. İş başında, yəni yas məclisini aparanda, bir də "istirahət" günlərində.
   
   
   
   İşdən başlayaq
   
   
   
   Dəvət olunduğu yas məclislərinə vaxtında gələr. Çox zaman piyada, rastlaşdığı həmyerliləri ilə salamlaşa-salamlaşa. Nə saqqal saxlayar, nə də mollalığı uzaqdan bildirən pal-paltar geyinər. Yol gedərkən əlində təsbeh də görməzsən. Hər mövsümə uyğun sadə və səliqəli görkəmi olar. Bəzi mollalar kimi gözləməz ki, tanıyanlar onun qarşısına gəlsin, çalışar ki, özü irəli keçib salam versin, hal-əhval tutsun.
   
   Yas məclislərində süni görünə biləsi bircə hərəkətə belə yol verməz. Sünni-şiə söhbəti və münasibəti də onun ruhani kodeksində yer almır, bütün məclislərə eyni hörmət və etiramla yanaşır. Sual verməsən başqaları kimi o dünyadan - bu dünyadan ekskurslar uydurmaz. Heç vaxt məclisdəkiləri hədələməz ki, namaz qılmayan, oruc tutmayan və digər dini ayinlərə əməl etməyənləri cəhənnəm əzabı gözləyir. Bir çox mollalar kimi fars və ya Türkiyə türkcəsi şivəsində danışmaz, Amerikaya Əmrika, peygənbərə peyğumbər deməz. Təmiz Azəri türkçəsində məclis aparar, dindən sual versələr cavablandırar, yeri gələn də isə Nizamidən, Füzulidən, Sabirdən, Məmməd Arazdan, Əli Kərimdən... şeirlər söyləyər. (Sabirdən sonra gələn adları oxuyarkən yüz faiz təəccübləndiniz, qınamıram, eşitməyincə mən də inanmazdım.) Biologiya, anatomiya, filosofiya onun işi deyil, çünki caamatın başqalarının bu cür "alimliyinə" necə güldüyünü özü də çox görüb.
   
   O, imkan düşən, şərait yaranan kimi məclis iştirakçılarına çox məhrəm şəkildə belə məsləhət və xahişlər edər: "Övladlarınızın təhsili ilə gündəlik maraqlanın, məktəblə əlaqəni möhkəmləndirin, uşaqlarınızı bekar olmağa qoymayın, tez-tez içkinin, nakotikin bəlalarından söhbətlər açın..."
   
   Yas məclislərində gənclərə rast gələndə salamlaşar, bəzən onları adları ilə səsləyib tərifləyər, ağıllı, mərifətli uşaqlar olduğunu camaata da bildirər. Çox vaxt bunu qəsdən edər, stimul yaradar. Gənclərə ata-ana, vətən, ailə məhəbbətinin ucalığından danışar, bütün bunların Allaha xoş getdiyini gözəl misallarla çatdırar. Daha nə cənnət, nə cəhənnəm...
   
   
   
   İstirahət günlərində
   
   
   
   Görürsünüzmü, mən ona molla Rövşən deyə bilmirəm, baxmayaraq müasir dövrün savadlı və qəbul edilən ruhanisidir. Bəli, indi də boş vaxtları barədə. Əslində bunlar boş vaxtlardırmı?
   
   Rövşən imkanlı mollalardan deyil. Onun özü kimi evi də, yaşayışı da sadədir. Allahdansa ucuzbəsər bir maşını da yoxdur. Çox vaxt piyada gəzir. Ancaq onu tanıyanların hansı birinə söz desə günlərlə xidmətində durarlar. Tay-tuşlarından, hətta özündən 4-5 yaş kiçik olan tanışlarından da ayrı gəzib dolanmaz. Bir də görürsən stadionda futbol oynayır və ya parkda şahmat. Dostları ilə çayxanaya, yeməkxanaya, toya-nişana da gedir. İçki içən dostlarından üz döndərmir, ancaq ziyanını da xatırladır. Küçədə, park və bağlarda yersiz hərəkət edən yeniyetmə və gəncləri görəndə onları anlaşılmaz, qəribə misallarla qorxutmur, bir böyük qardaş, hətta təcrübəli bir müəllim kimi yanına çağırıb tanış olur. Bir az zarafat edir, bir az dilə tutur və çox təmkinlə öyüd-nəsihətini çatdırır. Və hər fürsətdə də "Amandı, özünüzü qoruyun, narkotikdən, pis-pis əməllərdən uzaq olun" deyir. Dərslərinizi yaxşı oxuyun, müəllimlərinizin, valideynlərinizin qüruru olun, özünüzü "filankəsə" oxşatmaqdansa, böyük alimlərimizə, yazıçılarımıza, generallarımıza, rəhbərlərimizə oxşadın- uşaqlar ondan bu cür sözlər də eşidib dostlaşırlar, ünsiyyət qururlar.
   
   Rövşənin əlində qəzet-kitab görənlər təəccüblənmirlər, demirlər ki, molla hara, qəzet-kitab hara? Hər məclisdə, hər görüşdə elmli, bilikli olmağın xoşbəxtliyini açıqlayan, "beşikdən qəbrədək oxumaq" fəlsəfəsini xatırladan bu səmimi, mehriban gəncin bir vətəndaş olaraq xidmətləri hansı birimizdən azdır ki? Bir ruhani şəxsin ki, bütün ideyası, əməli vətənin gözəlliyinə, insanların xoşbəxtliyinə, gənclərin sağlamlığına köklənə...
   
   Heç bilisiniz, Rövşən nə qədər gənci pis yollardan çəkindirib, nə qədər gənci düz yola qaytarıb? Özü də heç kəsin qarşısında şətr qoymadan!
   
   Bütün bunlar barədə mənə çox danışıblar, onun adına çox minnətdarlıq ediblər.
   
   Sağ ol, Rövşən! Bu yazını oxuyub heç təəccüblənib eləmə. Halal haqqındır.
   
   
   
   P.S. "İşlənməmiş mövzu" daha çox ali təhsil prossesində - diplom müdafiəsi ərəfəsində yada düşən, söylənilən ifadədir. Köşəyə sərlövhə kimi gətirilməsi sırf bir təsadüfdür.

TƏQVİM / ARXİV