adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

TƏKi SƏN SƏSLƏ MƏNi

ƏBÜLFƏT MƏDƏTOĞLU
37362 | 2010-05-15 01:54
Orta məktəbin sonuncu siniflərində oxuyurdum və həmin illərdə acgözlüklə etdiyim mütaliə məni bir kitabla qarşılaşdırdı. Kitabın müəllifi sonralar şəxsən tanıdığım, mənə qayğıkeşlik göstərmiş mərhum yazıçımız Əlfi Qasımov idi. Bu kitaba Əlfi müəllim qəribə bir ad qoymuşdu. Ad belə idi: "İnsan qaranquş deyil". Və onu da deyim ki, bu ad da təsadüfən seçilməmişdi. Kitabdakı əsərlərdən birinin adı idi. Mən əsəri oxuyandan sonra o dövrün məktəbliləri kimi içimdə bir maraq yarandı (bilmirəm bu gün də belədir, yoxsa yox) və götürüb "Azərbaycan gəncləri" qəzetinə bir məktub ünvanladım. Xahiş etdim ki, mənim məktubumu yazıçı Əlfi Qasımova çatdırsınlar.
   
   Doğrusu, heç xəbərim yox idi ki, onda Əlfi müəllim böyük bir dövlət vəzifəsində çalışırdı. Mən sadəcə bir məktəbli, bir oxucu istəyi ilə bu məktubu yazmışdım. Bir müddət sonra mənə cavab gəldi. Məktubun üzərindəki imzanı görəndə gözlərimə inanmadım. Cavab məktubunu Əlfi müəllim göndərmişdi. Məktubda iş ünvanı da göstərilmişdi. Yazmışdı ki, Bakıya yolun düşəndə gəl, görüşək.
   
   Mən orta məktəbi bitirdim, Bakıya gəldim və təbii ki, kənddən məktub yazdığım ünvanlara da baş çəkdim. O cümlədən rəhmətlik Əlfi müəllim Qasımovla da görüşdüm və bir oxucu kimi ona öz iradımı, yəni razılaşmadığım məqamı da bildirdim. Dedim ki, insan əslində həm də qaranquşdu. Hara gedir getsin, sonda öz yuvasına qayıdır. O da gülümsəyib dedi ki, elə mən də bunu oxuculara xatırlatmaq istəmişəm. Demək istəmişəm ki, qaranquşun yuvası dağılanda o həmin yeri tərk edir. Amma insan dağılan yuvasının yerində təzədən yuva qurur.
   
   Bu bir kəlmə izah mənə hər şeyi yenidən diqtə etdi. Əsəri oxuyarkən hardasa, nəyisə tuta bilmədiyimə görə özümü qınadım və anladım ki, insan həqiqətən öz yuvasına, öz ocağına bağlılıqda hər şeyi, hər kəsi, o cümlədən elə yuvası üçün çarpışan qaranquşu da üstələyir...
   
   Son günlər bütün ölkənin diqqəti bölgələrimzdə tüğyan edən, daha çox isə Araz-Kür ovalığında at oynadan sel sularındadı. Suları ram etmək o qədər çətinləşib ki, evlər, kəndlər, əkin-biçin sahələri, mal-davar su altında qalır, insanlar ağır zəhmət hesabına tikdikləri evlərdən canlarını götürüb çıxırlar... Bu kadrları ekrandan seyr etdikcə xəyalım qanadlanır. Qanadlandıqca da məni uzaqlara, ötən əsrin 90-cı illərinə aparır. Yadıma Ermənistandan, Dağlıq Qarabağdan üzü böyük Azərbaycana, o cümlədən bu gün sular altında qalan bölgələrə üz tutan ilk köçlər düşür... O karvanı siz də gözünüzün önünə gətirin. Bu insanlar özləri ilə nələri götürürdülər...yük maşınlarını, traktor qoşqularını, eləcə də at-ulaq yüklərinin nədən ibarət olduğunu bir anlıq xatırlayın. Mən o yüklərlə yanaşı o baxışları da, o çöhrələri də unuda bilmirəm və elə bilirəm ki, o baxışlarda, o çöhrələrdə nəsə bir naümidlik, nigarançılıq, lap elə üsyan dolu məqamlar var idi. O məqamlar sözsüz, dil-dodaq tərpətmədən danışırdı, xatırladırdı. Demək istəyirdi ki, qoyub gəldiyim ev, barını dərmədiyim meyvə ağacları, südünü sağmadığım inəklər, örüşdən qaytarmadığım qoyunlar, hininin ağzını açmadığım toyuq-cücə, yalını vermədiyim it, suvarmadığım gül-çiçək, bir sözlə hər şey dalımca fəryad qoparır, arxamca boylanır, məni səsləyir, geri qayıt, deyir... Amma mən bu çağrışlara ürəyi ilə qulaq asa-asa böyük Azərbaycana doğru gələn insanların baxışlarını, çöhrələrini qarsıyan top-tüfəng səsini, barıt qoxusunu o çağrışdan, o səsdən nə qədər güclü olduğunu anlamaq iqtidarında deyildim. Elə bilirdim ki, bu adamlar xoflanıblar, vahimələniblər, küyə düşüblər, lap elə havalanıblar, elə ona görə də evlərindən baş götürüb gedirlər. Özüm o taleyi, o günü yaşayandan sonra yenə bir vaxtlar Əlfi Qasımovun qarşısında yaşadığım həmin o duyğuları təkrar yaşamalı oldum, anlaya bilmədiyimi yenidən dərk etdim. Sən demə, hər səsə, hər çağrışa həmin an qayıtmaq o qədər də asan deyilmiş...
   
   
   
   bir gerçəklik, bir yalan var
   
   tən yarıda durmuşam mən
   
   ay xəyala inananlar,-
   
   burda lap gül vurmuşam mən!
   
   
   
   içimdə ocaq yandırıb,
   
   öz-özümü inandırıb
   
   həsrətə vüsal andırıb-
   
   gör, nə xəyal qurmuşam mən?!
   
   
   
   itən günün qəmin çəkib
   
   dolan gözün nəmin çəkib
   
   dərd nədisə-cəmin çəkib-
   
   keşiyində durmuşam mən.
   
   
   
   ***
   
   Hər axşam işdən sonra günün son xəbərlərini telekanallarda axtarıram. Və bu xəbərlərin içərisində məni ən çox çəkən sel-suları altında qalan Kürün, Arazın şıltaqlığının qurbanına çevrilən bölgələrimizin durumudu. Elə sonuncu xəbərlər proqramında da həmin hadisələr şərh olunurdu. Birdən xilasedicilər balaca qayıqlarla sahilə çıxartdıqları bir ailə diqqətimi çəkdi. Balaca qızcığazın qucağında bir gəlincik də var idi. Sinəsinə elə sıxmışdı ki, sanki kimsə bu gəlinciyi ondan çəkib alacaq idi.
   
   Düzü, mənə çox təsir etdi. Dərhal evdəkilərə işarə verdim və belə anlarda qəbul etdiyim dərmanı gətirib verdilər. O dərmanları içsəm də nə o uşağın gözləri, nə də onun sinəsinə sıxdığı gəlincik yadımdan çıxmırdı. Halımın pərişanlığını duyub televizorun düyməsini basdılar. Türk kanallarının hansısa birində şou-proqram gedirdi. Amma mənim şouluq halım qalmamışdı. Əslində mənim heç bir halım qalmayıb. Çünki nəyim var idisə, nəyi qazanmışdımsa, nəyi qazanmaq şanslarım var idisə, lap kəsəsi, nəyə ümid bağlayırdımsa hamısı işğal olunmuşdu, özü də göz görə-görə... bütün dünya, hətta onun ən yekə təşkilatları baxa-baxa əlimdən alınmışdı... mənim etirazlarıma, mənim savaşıma, mənim şəhidliyimə məhəl qoymadan. Onsuz da mənim bu etinasızlığa üsyan edəcək halım da qalmamışdı. Ən azı o qızcığaz qədər nəyisə sinəmə sıxacaq gücüm də?! Mən öz evimdə, öz elimdə, öz torpağımda qaçqın olmuşam hamının gözü görə-görə...
   
   İndi dövlət qurumları, aidiyyatı təşkilatlar, nazirlər, məmurlar, daha nə bilim kimlər, hətta millət vəkilləri əl-ayağa düşüblər. Qərargah yaradılıb, müxtəlif təkliflərlə, müxtəlif təşəbbüslərlə çıxış edənlər də var, yardım göstərmək istəyənlər də, yardım umanlar da. Bax, elə bu sonuncular məni yaman göynədir. Çünki fikir yenə məni çəkib aparır 90-cı illərə...
   
   Onda Ermənistandan zorla qovulanlara da, Qarabağdan qaçqın düşənlərə də, hətta kəndində, evinin içində olanlara da hamilik edir, yardım göstərirdilər. Maşın karvanlarının önündə, yanında böyük şüarlar asılırdı. Bu gün də gözlərimin önündədi. Kəndimizə yardım gətirilmişdi. Yardımın nədən ibarət olduğunu desəm, bəlkə də yerinə düşməz. Amma şüar belə idi: "Kürdəmir camaatı sizinlədir!" Başqa bir şüar da var idi: "Bakının Nəsimi rayonunun sakinləri sizi tək qoymayacaq!"
   
   Bu şüarlar indi Tuğ kəndində həmin günləri yaşamış hər kəsin yadındadı. Amma heç kəsin xətrinə dəyməsin, nə biz tuğlu ola bildik, nə də Kürdəmir camaatı, nə də Bakının Nəsimi rayonunun sakinləri. Amma onda bu şüarlar bizdə qəribə bir ümid yaradırdı. Elə bilirdik ki, biz bu şüarları deyənlərin, yazanların səsinə qoşulsaq, səslərimizi birləşdirsək lap Yerevana gedib çıxa bilərik... Amma... biz Tuğdan çıxarıldıq!..
   
   
   
   dağlar aşıb dərələrə üz tutan
   
   asta-asta çəmən tutan, düz tutan
   
   gözəlliyi göz oxşayan, göz tutan-
   
   dağ dumanı, dolan mənim boynuma...
   
   
   
   çəhlim-çəhlim, irmaq-irmaq dolaşan
   
   təbiətin hər halıyla yollaşan
   
   kəpənəyin qanadına bulaşan-
   
   dağ dumanı, dolan mənim boynuma.
   
   
   
   bu şəhərə, sən də bir gün yollan, gəl,
   
   necə gəldi- dolayı gəl, dolan, gəl...
   
   gör nə çəkir burda sənsiz olan, gəl-
   
   dağ dumanı, dolan mənim boynuma...
   
   
   
   ***
   
   Hər dəfə könlümə toxunan, diqqətimi çəkən, iynəsini ruhuma sancan hansısa bir məqam qarşıma çıxanda bu günlərimi unuduram. Ümumiyyətlə, mənə elə gəlir ki, bu günkü mən o illərdəki məndən çox-çox fərqlənirəm, ondan çox-çox uzaqdayam. Bu nə obrazlı bədii söz deyil, nə də özümdən özümə bir tərifnamə. Mən sadəcə, bu gün qarşılaşdığım hər bir hadisədə dünənimi axtarıram. Bu da mənə çox baha başa gəlir, bilirsiniz niyə? Ona görə ki, mənim dünənimin şahidləri ətrafımda yoxdur. Eləcə də mənim dünənimin yaddaşında bu gün çiyindaşlıq etdiyim kimsəni də görmürəm. Belə olan halda yazdıqlarım, dediklərim o qədər ürək açan, rəhbərliyi razı salan olmur. Axı, hər dərd öz sahibinin can köynəyidi. İkinci köynək sadəcə olmaya da bilər.
   
   İndi sel sularının at oynatması həmin o anları mənim yadıma saldı. Köçləri, karvanları, ilk çadırları. Bu bənzətmə nə qədər doğrudu, deyə bilmərəm. Amma bir həqiqət var ki, bu məmləkət çadır şəhərlərindən canını qurtarmağa cəhd edirdi ki, yeniləri qurulmağa başladı. Heç istəməzdim ki, onların ömrü aylar qədər olsun. Yəni bu çadırların qoxusu sakinlərinin canına hopmamış kaş ki, bu problem çözülsün, sular cilovlansın, Kür, Araz ram edilsin, insanlar ocağına qayıtsın. Sular söndürdüyü ocaqları yandırmaq mümkündür. Təki o ocağa qayıtmaq problem olmasın və...
   
   Mən qulağıma gələn səslərə vurğun adamam. O səslərin içərisində biri mənim üçün son dərəcə doğmadı. Çünki o səsdə ümid də var, təsəlli də, inam da, sevgi də... Və hətta həyatın özü də. Bir halda ki, mən sel sularının səsi içərisindən o səsi ayrıd edə bilirəm, o səsi duyuram, deməli, o səsə hamımızın ehtiyacı var. Təki onu duya bilək... təki ona səs verə bilək...təki o səs eşidilsin. Hətta bizə dəli desə də!..
   
   
   
   mən bir ürəyi
   
   dəli etdim
   
   düşdü
   
   Məcnunun gününə
   
   xəbəri olmadan...
   
   sonra
   
   özüm iziylə getdim
   
   nəfəs almadan...
   
   bir görüş yerində
   
   çıxanda önünə
   
   keçmişdən söz salmadan
   
   o mənə "dəli" dedi
   
   mən ona!..
   
   bu da dalınca getdiyimiz səs-
   
   mənə də nəfəs idi,
   
   ona da nəfəs...

TƏQVİM / ARXİV