Səsi bərk çıxanın kaseti çıxdı
Türkiyə Böyük Millət Məclisində sakitlikdi. Milcək uçmaq istəsə səsi həmən eşidiləcək. Elə bil heç əvvəlki parlament deyil. Bir neçə gün öncə oralar belə sakit görünmürdü. Səs-küydən tutulmayan çox az qulaq qalmışdı. Böyük Millət Məclisində az qala Böyük Vətən Müharibəsi gedirdi. Cəbhənin ön sıralarında da Cümhuriyyət Xalq Partiyasının başqanı, ipə-sapa yatmayan Dəniz Baykal gedirdi. İndi daha getmir, səbəbi də az qala bütün dünyaya bəllidi.
Qardaşımız Türkiyənin mediası ana müxalifətin liderini hər yerdə biabır elədi. Dəniz Baykalın başına Baykal boyda dərd açdı. İnternetdə CHP liderinin guya partiyadaşı olan qadınlardan biri ilə intim münasibətlərini əks etdirən kadrlar görüntüləndi. Bizim telekanalların birində həmin görüntüləri bir neçə saniyə göstərdilər. Amma deyilənə görə, Baykalın istefası ilə nəticələnən həmin kasetdə tam 35 dəqiqəlik çəkiliş var. Film kimi yəni... Təbii ki, bizim telekanallar həmin kadrları tam yaya bilməz. Ən azından Milli Teleradio Yayım Şurası icazə verməz. Sözün düzünə qalsa, Dəniz Baykalın düşdüyü həmin vəziyyətə tam baxmaq heç bizə lazım da deyil.
Baxdığım bir neçə saniyəlik kadrlardan da bəlli olur ki, Dəniz Baykal epizodik görünən həmin qadınla təkcə beynəlxalq vəziyyət barədə söhbət eləmir. Amma bunu 35 dəqiqə çəkmək, bəzi kadrları intertendə yaymaq nəyə lazım idi axı? İndi bəzi mütəxəssislər iddia edirlər ki, yayılan görüntülər qondarmadı. Qəzetimizin baş məsləhətçisi Aqil Abbas da həftənin əvvəlində bu mövzuya toxunan yazısında qeyd etmişdi ki, indiki texnika əsrində Dəniz Baykalı Cülya Robertslə də "bir yatağa" salmaq olar. Düz deyir də. Özü də təkcə bizim baş məsləhətçimiz olduğuna görə yox...
Mən də dəyərli yazar Aqil bəyin və bəzi bilgisayar mütəxəssislərinin yorumları ilə razılaşmaq istəyirəm. Baxmayaraq ki, Dəniz Baykala münasibətim heç də birmənalı deyil. Söz vaxtına çəkər, 2004-cü ilin aprelində bir qrup həmkarımla Türkiyədə olanda proqrama uyğun Ankarada Dəniz Baykalla da görüşdüm. Trafik üzündən görüşə gecikdiyimizdən Dəniz Baykal Bakıdan gedən jurnalistlərə oturmağa yer də təklif etmədi. CXP-nin Ankaranın mərkəzində yerləşən, bir neçə mərtəbəyə sığmayan mərkəzi ofisində Baykal hamımızı ayaq üstə saxladı. Özünü elə apardı elə bil dünya dağılıb. Yaxşı ki, Dəniz Baykaldan müsahibə istəməyə getmişdik, vəzifə istəməyə yox...
Hər halda o böyüklükdə Türkiyənin siyasətində önəmli yerlərdən birini tutan, ana müxalifətə liderlik etmək kimi çətin missiyanı öz üzərinə götürən insanı belə qalmaqallı kasetlə hörmətdən, sonda da vəzifədən salmaq düzgün deyildi. 70-dən çox yaşı olan tanınmış siyasi xadimi gözdən saldılar. Nədi-nədi... Guya qoca at arpa yeməməlidi. Belə bir tuzaq qurmaq kimə lazım idi? Özü də belə bir həssas məqamda. Bu gün Türkiyədə hansı proseslərin getdiyini təkcə politoloqlar yox, elə hamı bilir. Belə bir zamanda Dəniz Baykalın yatması heç yerinə düşmədi. İndi Türkiyədəki qardaşlarımız odu söndürüb külü ilə məzələnirlər. Telejurnalistlər, çörəyi qəzetə məqalə yazmaqdan çıxanlar yatmaq bilmirlər. Bütün günü Dəniz Baykalın peşindədilər. İstefaya gedən başqanı gah balkonunda telefonla danışan anda, gah hüzr məclisinə gedən yerdə görüntüləyir, müsahibə almağa çalışırlar. Dəniz Baykal da illərin siyasətçisidi axı, özünü elə aparır ki, elə bil heç nə vecinə deyil. Guya Araz aşığındadı, Kür topuğundan. Amma öz aramızda qalsın, bu misal heç yerinə düşmədi. Adam indi Arazla Kürün adını çəkməyə də qorxur. Bir də gördün çayların ikisi də sözü bir yerə qoyub gəldilər düz Bakıya tərəf...
Dəniz Baykalın kaseti çıxandan Türkiyə telekanallarının Böyük Millət Məclisindən hazırladıqları süjetlərə baxa bilmirəm. Dənizsiz ora heç adamın ürəyinə yatmır. Baykal parlamentdə olanda oralar dəniz kimi çalxalanırdı. Dənizin mikrafondan eşidilən səsi elə nəyə desən dəyirdi. Bir şarkıda deyildiyi kimi
İndi harda o günlər...
AKP iqtidarına qarşı mübarizə aparan, həmişə səsi gur çıxan Dəniz Baykal üçün elə bir kaset çıxardılar ki, beləsi heç düşmənə də qismət olmasın. Siyasətin belə amansız işləri var, Dəniz əfəndi. Qəm eləmə, bu da ötüb gedəcək.
Ahın Baykala, Dəniz Baykal...