adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Bir səfərin təəssüüratı

18938 | 2010-05-15 01:54
(əvvəli ötən sayımızda)
   
   
   
   Tbilisinin dağətəyi hissəsindəki məşhur Nəbatat bağı azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Elə düşünməyin ki, buna səbəb onun zəngin faunası, florasıdır. Bu torpaq Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Əhməd bəy Ağayev kimi əvəzsiz oğulları qoynuna aldığına görə bizə doğmadır, əzizdir. Keçmiş müsəlman qəbiristanlığı yerləşən bu ərazidə təbii ki, abidələrin sayı qatqat çox olub.
   
   Vaxtilə hər fürsətdə xalqlar dostluğu, vahid ailə ideyalarını tərənnüm edən SSRİ dövlətinin bir parçası olan Sovet Gürcüstanında qədim baş daşları kimlərəsə baş ağrısı yaradanda, sinə daşları bəzilərinə sanki sinə dağı çəkəndə, təmizlik, abadlıq, şəhər mərkəzinin genişləndirilməsi bəhanəsi ilə köhnə məzarlıq köçürüləndə, qədim abidələrin əksəriyyəti yerlə yeksan edildi. Boşalan sahələrə ağaclar əkildi, yaşıllıqlar salındı. Yaxşı ki, adları çəkilən mötəbər həmvətənlərimizin qəbirləri qorunub saxlandı, ünvanı dəyişmədi. Bir ara cəsədlərin qalıqlarını Bakıya gətirib, Fəxri Xiyabanda torpağa tapşırmaq təklifi də səslənmişdi. Bu məkrli plan məncə, torpağın təkcə üstünü deyil, altını da azərbaycanlılardan təmizləmək məqsədi güdürdü. Yaxşı ki, qara niyyət baş tutmadı. Yoxsa Nəbatat bağında bizlərdən nişanə qalmayacaqdı. Zər qədrini bilən mahir siyasət zərgəri Heydər Əliyevin təşəbbüsü ilə bu qəbirlərin üstü yenidən götürüldü, əsl sənət əsəri olan heykəllər ucaldıldı, ətraf ərazi abadlaşdırıldı. Fəqət bu gün təmir-tikinti işləri adı ilə Nəbatat bağına gedişgəliş məhdudlaşıb. Yəqin, bu üzdən məzara aparan yolları ot basıb. Ərazidə hərəkət istiqamətində yönləndirici işarələr qoyulmadığından Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri Əli Babayev bələdçim olmasa, dəfələrlə gəldiyim yeri çətin tapardım. Ruhu cənnətliklərin ziyarətçiləri xeyli azalıb, müəyyən bərpa, təmizlik işlərinə ehtiyac yaranıb. Əski əlifba ilə yazılı sinə daşlarının kimə aid olduğu bilinmir. Bir halda ki, bura ziyarətgahdır, sahibsiz, naməlum məzarlar olmamalıdır. Daşlar çatlasa da, dil açıb gileylənmir, dinib-danışmır, susur. Həyəcan təbilini gərək vaxtında çalaq ki, səsimizi-sözümüzü eşidib tədbir görən tapılsın. Axı,qürbətdə qalan əzizlərimizin ruhunu incitmək günahdır.
   
   
   
   ***
   
   Kür çayının sahilində vaxtilə Mirzə Fətəli Axundovun tikdirdiyi iki mərtəbəli binada hələ Sovet dövründə ədibin evmuzeyi yaradılıb.1996-cı ildə Gürcüstana rəsmi səfəri zamanı prezident Heydər Əliyev bu ocağın əhəmiyyətini xüsusi vurğulayıb. Əlaqədər qurumlara ev-muzeyin fəaliyyəti ilə bağlı bütün məsələləri daim diqqət mərkəzində saxlamağı tapşırıb. Nəticədə bina təmir olunub, muzeyin fondu xeyli zənginləşib, fəaliyyəti genişlənib. Milli dramaturgiyamızın banisinin evində mən bir-neçə dəfə olmuşam. Amma son ziyarətimdə gördüm ki, indiki halında muzey əvvəlki görkəmini, mahiyyətini və əhəmiyyətini xeyli itirib. Ev-muzeyi məfhumunun fərqli məna yükü, adına uyğun tələbləri mövcuddur. Bura gələn qonaq hər şeydən öncə, həmin şəxsin yaşadığı mühitə düşməyi, o dövrün ab-havasını udmağı arzulayır. Təəssüf ki, bu parametrlər istər tematik planın, istər ekspozisiyanın hazırlığında lazımınca gözlənilməyib. Mirzə Fətəlinin əsərləri dəfələrlə müxtəlif dillərə tərcümə edilərək, kitab halında nəşr olunub. Muzeydə onların nümunələri toplanmayıb. Tam ədəbiyyat siyahısı da gözümə dəymədi. Ekspozisiyada mütəfəkkirin şəxsi əşyalarına, əl yazmalarına, məktublarına, işgüzar yazışmalarına üstünlük vermək əvəzinə, gələn qonaqlara Axundovla, onun yaşadığı mühitlə, dövrlə əlaqəsi olmayan çoxsaylı predmetlər, şəkillər, kitablar təqdim olunur. Ədibin zədələnmiş büstünün də bərpaçı əməyinə ehtiyacı var.
   
   Bir ara eşitmişdim ki, Mirzə Fətəli Axundovun ev-muzeyi Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Georgi Qabaşvilinin sərəncamına əsasən M.F.Axundov adına GürcüstanAzərbaycan dostluq muzeyinə çevrilib. Dövlət muzeylər reyestrinə də bu adla salınıb. Həmin sənədə əsasən Nəriman Nərimanov və Cəlil Məmmədquluzadənin ev-muzeyləri də memorial müzey kimi dövlət reyestrinə salınaraq, M.F. Axundov adına GürcüstanAzərbaycan dostluq muzeyinin idarəçiliyinə verilirmişdi.
   
   Bir neçə ay əvvəl informasiya agentliklərindən birinin yaydığı xəbərdə deyilirdi ki, Tbilisidə Axundovun ev-muzeyində əsaslı təmirdən sonra Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Burada müxtəlif dərnəklər fəaliyyət göstərir. Azərbaycanlılara gürcü dilində yazıb-oxumağı, danışmağı, milli musiqi alətlərimizdə çalmağı, rəqs etməyi öyrədirlər. İndi yazılanlara inanım, yoxsa gördüyümə? Gördüm ki, muzeyin girişində divara vurulan xatirə lövhəsində üslub və orfoqrafiya xətaları köhnədən necə varsa, dəyişməz, düzəlməz qalıb. Nə müzey, nə mərkəz, müəssisənin iş qrafiki haqda məlumat yoxdur. Binanın birinci mərtəbəsində vaxtilə yeməkxana yerləşib. Sahibindən pulla satın alınaraq, muzeyin ixtiyarına verilsə də, tozlu pəncərə şüşələrindən gözə çarpan antisanitariya yoldan ötənlərdə muzey təəssüratı yaratmır. Binanın həyətə baxan hissəsi daha acınacaqlı vəziyyətdə idi. İçəridəki tullantılar, dağıntılar görünməsin deyə, pisliklər inşaat örtüyü ilə pərdələnmişdi. Amma təmir-tikintidən əsər-əlamət hiss etmədim. Bircə nəfər fəhlə gözümə dəymədi ki, hal-əhval tutam. Düçündüm ki, muzeylə bağlı məsələnin nə yerdə olduğunu, hamıdan yaxşı rəhbərlik bilər. Amma direktor Leyla Əliyeva da yeni layihə, onun smeta dəyəri barədə bixəbər idi. Bircə onu dedi ki, məlum olmayan səbəblər üzündən təmir dayandırılıb. Leyla xanımdan rəhbəri olduğu müəssisənin dəqiq adını soruşdum. Dedi ki, bura Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzidir. Bunu eşidəndə lap çaşbaş qaldım. Hara gəldiyimi tam dəqiqləşdirə bilmədim. Mirzə Fətəli Axundovun ev-muzeyinə, yoxsa Mirzə Fətəli Axundov adına GürcüstanAzərbyacan Dostluq muzeyinə? Bəlkə, Mirzə Fətəli Axundov adına Azərbyacan Mədəniyyət Mərkəzinə, yaxud Mirzə Fətəli Axundov adına Tbilisi Mədəniyyət muzeyinə ? Bu adların hansı doğru, hansı yanlışdır? Nə üçün binanın giriş qapısında təşkilatın doğrudürüst adı yazılmayıb? Mətbuatda yuxarıda sadalanan adların hamısı hallanır. Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq doğru qərardır. Amma çox istərdim ki, onun ocağı közərməsin, gur alışıb yansın. Ürəkləri Azərbaycan sevgisi ilə isitsin, Azərbaycançılıq ideyası ilə alovlandırsın. Mərkəz əsas vəzifəsini sponsorların dəstəyi ilə bayramdan-bayrama çal-çağır süfrəsi arxasında bir neçə adamı bir araya gətirməkdə görməsin. Qayəsi maarifçilik sahəsində sistemli iş aparmaq, iki xalq arasında mövcud ədəbimədəni əlaqələrin möhkəmlənməsinə xidmət etmək, Gürcüstanda həqiqi dostlarımızın sayını artırmaq olsun.
   
    Leyla xanımdan Cəlil Məmmədquluzadənin ev-muzeyinin ünvanını, iş rejimini soruşdum. Xanımın cavabından pərişan oldum:
   
    -Özünüzü yorub o boyda yolu boşuna getməyin. Neçə vaxtdır, muzey bağlanıb. Nə zaman açılacağı bilinmir.
   
   Səbrimi toparlayıb bir sual da verdim:
   
   - N. Nərimanov və C.Məmmədquluzadə memorial müzeyərinin idarəçiliyi rəsmən sizə həvalə edilibsə, onların aqibətindən niyə bixəbərsiz?
   
   L.Əliyevanın bir qədər sıxıntı çəkdiyi, əsil səbəblərdən açıq danışmaq istəmədiyi titrək səsindən də duyulurdu:
   
   -İdarəçilik artıq bizə aid deyil. Nərimanovun yaşadığı ev şəhərin baş planına əsasən söküldüyündən bağlanıb. Əvəzində yeni bina tikiləndən sonra açılacaq. Mirzə Cəlilin ev-muzeyinin vəziyyətindən neçə vaxtdır ki, xəbərim yoxdur. Çünki o məsələ ilə artıq biz məşğul deyilik. Açarları da bizdən alıblar. Daha dəqiq məlumatı yəqin ki, səfirliyin işçiləri bilər.
   
    Mirzə Cəlilin yaşadığı evi heç olmasa kənardan görmək istəyimi içimdə boğmadım. Bu niyyətlə şəhərin enişli-yoxuşlu küçələri ilə əvvəl maşınla, sonra piyada xeyli dolaşıb, axtardığım ünvanı tapdım. Deyilənlər doğru çıxdı. Burada həqiqətən qonaqqara gözləmirdilər. Küçədə dayanan qara rəngli "Mersedes" də "Molla Nəsrəddin"çilərin faytonuna bənzəmirdi. Hər ehtimala qarşı qapını döydüm. Sizi deyib gəlmişəm, ay ev yiyəsi! Amma, səsimə hay verən olmadı. Divara vurulan xatirə lövhəsini diqqətlə oxudum:
   
    Azərbaycanın böyük demokrat ədibi Mirzə Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb-yaratmış, 1906-1918-ci illərdə məşhur "Molla Nəsrəddin" məcmuəsini nəşr etmişdir. (1866 Naxçıvan, 1931 Bakı)
   
    Məlumat kiril əlifbası ilə yazılmışdı. Xarici ölkədə memorial muzey olaraq dövlət reyestrinə düşən mədəniyyət ocağının adına isə heç rast gəlmədim. Axudovun da, Məmmədquluzadənin də kiril qrafikası ilə yazılmış, eyni zamanda estetik cəhətdən bugünkü tələblərə əsla cavab verəməyən xatirə lövhələri indiyə dək nədənsə yenisi ilə əvəzlənməyib. Belə münasibət adi məmur səhlənkarlığı sayıla bilməz. Bu, ciddi qanun pozuntusudur. 2003-cü ilin yanvar ayının 2-də qüvvəyə minən "Azərbyacan Respublikasının dövlət dili haqqında" qanuna ziddir. Xarici ölkənin paytaxtında Azərbaycana aid olan binalarda adı çəkilən lövhələrinin o vəziyyətdə divardan asılması bəzi məsul şəxslərin vəzifə borcuna məsuliyyətsiz münasibənin nəticəsi, siyasi savadsızlığının təzahürüdür. Necə ola bilər ki, Azərbaycan mədəniyyət ocaqlarında Azərbaycanda illərdən bəri rəsmən işlədilməyən yazı qrafikası işlənsin? Bunu gürcülər də, Gürcüstana gələn əcnəbi qonaqlar da görür, yəqin ki, ən azından təəccüblənirlər.
   
   Qarşı səkidəki həyətdən orta boylu, qarabuğdayı gülərüz bir kişi mənə yaxınlaşdı. Soruşdu ki, sizə kim lazımdır? Görürəm qəribsiz, nə kömək edə bilərəm? Dedim, Bakıdan gəlmişəm. Cəlil Məmmədquluzadənin ev-muzeyinə tamaşa etmək istəyirdim. Qapını açan olmadı. Bu dəfə artıq mən soruşdum:
   
   -Ay ixtiyar, bəs sən kimsən?
   
   Deyəsən, kişinin yaralı yerinə toxundum:
   
   -Mən özüm də bilmirəm kiməm. Bir vaxtlar muzeyin gözətçisi idim. Üç-dörd aydır nə muzeyi, nə məni itirib-axtaran yoxdur. Hərdən sizin kimi, gələnlər olur. Mən üzbəüz həyətdə yaşayıram. Pəncərəmdən qapının ağzı görünür. Səs eşidib, eşiyə çıxıram. Sizə dediklərimi onlara da danışıram. Qıfılı bağlı görüb, kor-peşiman qayıdırlar geri.
   
   Əlavə ruzusu kəsilsə də, gürcü qardaşın kefi kök idi. Şərabın təsirindən yanaqları qızarmışdı. Mey-məzənin dadı-ləzzəti gürcü qardaşın damağından qaçmayınca ürəyimdən keçəni söylədim:
   
   -Bəlkə qapını açasan, gözucu da olsa, içərini görüm.
   
   Kişi and-aman elədi ki, səfirliyin işçiləri mənzilin açarlarını əlimdən alıblar. Neçə aydır maaş da vermirlər. Mən ancaq ümumi giriş qapısını aça bilərəm.
   
   Qapı aralananda gözlərimə inanmadım. Taxta şkafa turşu-şoraba balonları, boş şüşə qablar yığılmışdı. Buranın aylarla istifadəsiz qaldığını görən qonşu qapının girəcəyini öz ehtiyacına görə dəyərləndirib. Qış azuqəsini, mətbəxdə yer tutan lazımsız ayın-oyunu anbar əvəzinə bura yığıb.
   
    Vallah, deməyə söz tapmaq da çətindir. Bu, əslində, "Molla Nəsrəddin"lik mövzudur.
   
   Nəriman Nərimanovun ev-muzeyini yabançı iş adamları yıxdılar. Amma söz veriblər ki, evi yenidən tikib, təyinatı üzrə istifadəyə hazır şəkildə təhvil verəcəklər. Mirzə Cəlilin evini hələ sökməyiblər. Amma muzeyin adı var, özü yoxdur. Gələcək aqibəti də bəlli deyil.
   
    Sualımız mədəniyyət nazirliyinədir:
   
   -Tbilisidə Cəlil Məmmədquluzadə muzeyi varmı? yoxmu? Əgər varsa, giriş qapısında niyə lövhə vurulmayıb? Vaxtilə Cəlil Məmmədquluzadə, Həmidə xanım, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Oskar Şmerlinq, Bəhruz Kəngərlinin ayaq basdığı kandarda şoraba balonları saxlanmağına nə ad vermək olar? Belə biganəlyə qarşılıq ruzu bərəkət də bizdən qaçır? Qapısı üzümüzə açılmayan otaqlara çox güman ki, muzey adına heç nə qalmayıb...
   
   Sizi deyib gəlmişdim, böyük ustad! Nə yazıq ki, sizi deyil, o kəsləri gördüm. Sizi deyib gəlmişdik, Mirzə Cəlil! Nə yazıq ki, bu ayinədə yenə özümüzü gördüm...

TƏQVİM / ARXİV