adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

RiNQiN BÖYüK KRALI

BABƏK YUSİFOĞLU
33991 | 2010-05-12 01:48
(Əvvəli qəzetimizin
   
   04 may 2010-cu il sayında)
   
   
   
   SİYASİ
   
   QALMAQAL
   
   
   
   Amma bu istedadlı və gənc boksçunu qarşıda yeni bir "skandal" gözləyirdi. 1967-ci ildə Vyetnamda müharibə aparan ABŞ qanunlarına qarşı çıxan Əlini məhkəməyə verdilər və ona 5 il iş, 10 min dollar cərimə kəsdilər. Onu qeyd edək ki, bu cəzaların heç biri sonadək icra edilmədi. Amma buna baxmayaraq Əlini çempion titulundan məhrum etdilər və 3 il müddətinə boks ona qadağan olundu. Sovet dönəmini yaşayanlar yaxşı xatırlayırlar ki, məhz bu siyasi proseslərdən sonra Məhəmməd Əlini Moskvaya dəvət etdilər. Və o məmnuniyyətlə SSRİ-yə gəldi. Hətta Baş katib L. İ. Brejnevlə belə görüşdü.
   
   Üç il boksdan ayrı düşmüş Əli yenidən rinqə qayıtdıqdan sonra ilk olaraq onu müharibəyə getmədiyi üçün "qorxaq" adlandıran məşhur boksçu Banovenlə qarşılaşdı. Gərgin keçən döyüşün 15-ci raundunda Əli rəqibini nakaut etdi. Amma siyasi baxışlarına görə məhrum edildiyi çempionluq adını özünə qaytarmaq üçün onu qarşıda hələ daha ağır döyüşlər gözləyirdi.
   
   
   
   CO FREYZERLƏ DÖYÜŞ
   
   
   
   Həmin döyüşlərdən ən nəhəngi 1971-ci ildə məğlubiyyətin nə olduğunu bilməyən, dünya çempionu, çox qüvvətli Co Freyzerlə Nyu-Yorkda keçirildi. Bu dünyanın ən səs-küylü matçı idi. Çünki ən ağır çəkililər arasında birinci dəfəydiki heç vaxt məğlubiyyət yaşamamış çempionlar qarşılaşırdı. Bu qarşılaşmanı milyonlarla insan izlədi. Amma bu dəfə Əli şansızlıq yaşadı. 15-ci raundadək döyüş uzandı. Sonuncu raundda Co Məhəmməd Əlini nakdaun vəziyyətinə saldı. Əli bütün boks karyerası boyu ilk məğlubiyyətini qazandı. (O cəmi üç dəfə məğlubiyyət yaşayıb).
   
   1973-cü ildə Ken Nortonla döyüşdə referilərin mübahisəli qərarlarına görə Məhəmməd Əli məğlub oldu. Sentyabrda keçirilən matç-revanşda isə Əli məğlubiyyətin əvəzini çıxaraq Norton üzərində qələbə qazandı. Bunun ardınca isə o, Freyzerlə boks münasibətlərini qaydaya salmağı planlaşdırırdı. Və bu üzdən də Əli 1974-cü ildə
   
   
   
   İKİNCİ DƏFƏ
   
   CO FREYZERLƏ
   
   QARŞI-QARŞIYA
   
   
   
   gəldi. Bu döyüş də əslində elə birinci matçda olduğu kimi çox gərgin keçdi. Amma bu dəfə Məhəmməd Əli rəqibinin borcunu qaytararaq onu məğlub etdi. Freyzer titulunu itirməli oldu. Bu dəfə o, peşəkar boks dünyasında adını qorumaq üçün hərəkətə keçməli idi. Ona görə də il yarımdan sonra Co onunla döyüşü gözləyən Corc Formenlə qarşılaşmaq üçün Yamaykaya uçdu. Keçmiş pastor, dördkünc sifətli, xeyirxah görnüşlü Formen "əmi"nin döyüşü onun üçün gözlənilməz oldu. Nəhəng Formen elə ikinci raunddaca Conun "nəfəsini kəsərək" onu oyundan çıxardı. Bu gurultulu qarşılamadan sonra isə dünya yenidən nəzərlərini Əliyə tərəf çevirir. Rəsmən elan olunmasa da hamı artıq Formen-Əli döyüşünü gözləyirdi.
   
   MƏHƏMMƏD
   
    ƏLİ - CORC FORMEN DÖYÜŞÜ
   
   
   
   1974-cü ilin 30 oktyabr gününə təyin edildi. Matç Kinşasedə baş tutdu. Bu qarşılaşmanı da dünya izləyirdi. Çünki dünyanın ən ağır, ən nəhəng, ən böyük boksçuları rinqə çıxmışdılar. Ağır zərbələrə və böyük ustalığa malik iki nəhəng arasında amansız döyüş başladı. Və əslində 7-ci raundadək heç kəs hansı tərəfəsə böyük üstünlük verə bilməzdi. Əli öz üslubunda idi. Rəqibi üzərinə çəkirdi. Rəqib ehtiyatla olsa da ara-sıra Əlinin üzərinə gedirdi. Formen üçün döyüş pis keçmirdi. Amma 8-ci raundun ortalarında Əli aldadıcı kombinasiya quraraq qəfildən Formenin çənəsinə zərbə endirdi. Corc vəziyyətdən çıxmaq üçün cəhdlər etsə də Əli buna imkan vermədi və Formen Əli qaşısında məğlub oldu.
   
   O, 1975-ci ildə Velnerlə qarşılaşdı və 15-ci raundda onu nakauta göndərdi. Həmin il ikinci dəfə Co Baqnerlə döyüşdü və yenidən onu məğlub etdi. Artıq sentyabrda hamının maraqla görmək istədiyi daha bir döyüş reallaşdı.
   
   
   
   ƏLİ CO FREYZERLƏ ÜÇÜNCÜ DƏFƏ ÜZ-ÜZƏ
   
   
   
   gəldi. Bu döyüş böyük mabahisələrə son qoymalıydı. Çünki hər iki tərəfin azarkeşləri öz qəhramanlarını daha güclü hesab edirdilər. Peşəkar boksda da özünə hörmət edən idmançılar bu cür qeyri-müəyyənliyi qəbul etmək istəmirdilər. Bu və bir çox səbəblər üzündən döyüş son dərəcə aqressiv başladı və amansız şəkildə davam etdi. Hər iki idmançı bütün bacarıqlarını, güclərini, təcrübələrini ortaya qoymuşdular, çünki burada onlar üçün rəsmi addan başqa böyük bir mübahisənin taleyi həll olunurdu. Tərəflər rəhmsizcəsinə biri-birini vururdular. Freyzer Əliyə aman verməmək üçün tez-tez hücumlar edir, qarşısındakını yerə sərməyi düşünürdü. Amma rəqibini daha çox yumruq ataraq yormağa vadar etməsini qarşısına məqsəd qoyan Məhəmməd Əli bu ağır zərbələrdən qorunur, onlara dözürdü. 13-cü raundadək Freyzerin yumruq yağmuru davam etdi. Və qarşılaşmanı böyük həyəcanla izləyən tamaşaçılar əsl şounun şahidi oldular. Bütün döyüş boyu zərbələri dəf etməkdə olan Məhəmməd Əli vulkan kimi qəfildən oyandı. Onun yarım tonluq gücə malik zərbələri artıq enerjisini itirməkdə olan Conun sifətinə, qarnına dəyməyə başladı. Tamaşaçıların alqışları altında Əli rəqibini rəsmən döyməyə başladı. Bu ara verməyən ağır yumruqlar onu pis vəziyyətə saldı. Artıq 14-cü raundda Freyzer praktik olaraq qarşısında heç nəyi seçə bilmirdi. Bunun üçün referi qarşılaşmanı dayandırdı. Şahidlərin dediyinə görə, hakim Freyzerin gözləri önündə tutduğu üç barmağını saymağı xahiş edəndə Co - "bir" - cavab vermişdi. Bu döyüşdən sonra Əli də Freyzeri özündən sonra ən yaxşı boksçu adlandırmışdı. 1976-cı ildə Nortonla üçüncü dəfə rinqə çıxan Əli qələbə qazanaraq çempion titulunu uğurla qoruyub saxladı.
   
   1977-ci ildə də Əli qələbə qazandı. 1978-ci ildə isə o ümumiyyətlə boksdan getmək istədi. Amma onun üçün bir döyüş də təşkil edildiyini bildirdilər. Bu dəfə Əlinin rəqibi Olimpiya çempionu, reytinq cədvəlində 7-ci olan Spinks idi. Döyüş fevralda baş tutdu və Əli burada özünün 3-cü məğlubiyyətini yaşadı. Amma böyük idmançı boksdan bu şəkildə getməyi özünə rəva görmədi. Buna görə də və bundan sonra bəyan onu məğlub etməyi bacaran Spinksi matç-revanşa çağırdı. Həmin ilin sentyabrında baş tutan döyüşdə Məhəmməd Əli onu rinqdə əzişdirərək üçüncü dəfə Dünya Çempionu adını qazandı etdi ki, o, daha boksdan gedir. Və getdi də. Amma həyatında yaranan maddi problemləri çözmək üçün Əli yenidən rinqdə göründü. 1980-cı ildə öz tələbəsinə qarşı döyüşə çıxaraq onu rinqdən çıxardı. Bir il sonra isə Berbiklə 10 raundlu bərabər səviyyəli döyüşdə qalibiyyəti hakimlər Əlinin rəqibinə veridilər. Və bu matçdan sonra Əli boksdan birdəfəlik getdi. Amma...
   
   
   
   XƏSTƏLİK...
   
   
   
   Möhtəşəm şöhrətə malik, haqqında əfsanələr danışılan, dünyanın ən güclü idmançısı hesan edilən Məhəmməd Əli boksdan gedəndən bir müddət sonra ağır parkinson xəstəliyinə tutuldu. Arvadı da daha şöhrət zirvəsindən düşən Əli ilə bir yaşamaq istəmədi. Və bu onu daha çox sarsıtdı. Onda bu böyük idmançının heç 40 yaşı da yox idi. Bu xəstəlikdən sonra möhtəşəm Əlinin əlləri ən adi hallarda belə əsməyə, danışığında, hərəkətlərində rabitəsizlik yaranmağa başladı. Nəhəng bədən quruluşuna malik bu adam kənardan ağıldankəm təsiri bağışlasa da əslində belə deyil. Parkinson xəstəliyi insanın düşüncəsini sıradan çıxarmır. O yenə əvvəlki Əlidi. Onun qızı - Leyla Əli də atasının yolu ilə gedərək boksu seçdi. O da peşəkar boksda atası kimi bir neçə dəfə dünya çempionu tituluna sahib olub.
   
    ŞƏXSİ HƏYATI
   
   
   
   Boks həyatından fərqli olaraq onu şəxsi həyatı çox uğursuz, acınacaqlı oldu. Üç dəfə ailə həyatı quran bu böyük idmançı hər üç qadın tərəfindən tərk edildi. Onların hər biri ayrı-ayrılıqda pullarının hesabını bilməyən Əlidən maksimum yararlandıqdan sonra onu qoyub getdilər. Əli uzun müddət tək, ehtiyac içərisində yaşamağa məcbur qaldı. Hətta onun elə vaxtları da oldu ki, ən vacib ehtiyaclarını ödəmək üçün pul tapa bilmirdi. Amma görünür Böyük Yaradan nəyə görəsə yenidən ona rəhm etdi. Onun doğma şəhərində - Luisvilldəki evlərinin yaxınlığında yaşayan bir qızcığaz - Lonni Əlidən 15 yaş kiçik olmasına baxmayaraq onu sevmişdi. Və bu sevgi sonradan onun həyat ocağında kül olmağa başlayan közləri üfürərək alışdırmışdı. Onlar evlənmişdilər.
   
   Əli ilə Lonni övladlığa götürdükləri 6 yaşlı Əsəd adlı oğlanla birlikdə hazırda Amerikanın Miçiqanda yerləşən 30 hektarlıq bir rançoda ömür sürürlər. Və çoxları bunu möcüzə kimi qiymətləndirsələr də deyək ki, Əsəd Əliyə heyrətamiz şəkildə oxşamaqdadır. Keçmiş çempion özü əvvəlki şöhrətinin köməyi ilə biznes işlərinə girişib və bu ona ildə 150-200 min dollar gəlir gətirir. Xeyirxah Əli isə bu qazancından xəstə uşaqların, parkinson xəstələrin müalicəsinə maddi yardım göstərməyi yaddan çıxarmır. Məhəmməd Əli əsl müsəlman olaraq hər gün beş dəfə üzünü qiblyə -Kəbə Evinə sarı tutub Allaha dualar edir, müsəlman kimi günlərini keçirir. Əli deyir: "Bəli, mənim təkcə rinqdəki rəqiblərimdən deyil, bir çoxlarından zəhləm gedirdi. Bu hisslər o qədər güclü idi ki, hətta başqa heç nə haqqında düşünə bilmirdim. Amma mən indi anlayıram ki, bütün bunlar çox pis hisslərdir". Hərdən onu sevənlər Əlidən - "rəqs edən boksçu" - obrazını göstərməyi xahiş edirlər. Çoxları şahiddir ki, bu zaman əsl möcüzə baş verir. Həmin anlar onun orqanizmi sözün əsl mənasında xəstəliyi bir yana atır: onun əlləri və ayaqları həqiqi döyüşdə olduğu kimi işləməyə başlayır, gözlərində isə müdhiş işartı parlayır. Və bu bitəndən sonra hər dəfə o özünü bitmiş halda yaxınında qoyulmuş kresloya salır. Bu möhtəşəm gücə malik bir insanın qürub rəqslərinə daha çox bənzəyir.
   
   Atlantada keçirilən Olimpiada da ona böyük etimad göstərilərək alovu yandırmaq şərəfi Əliyə etibar edilmişdi. Həmin vaxt onun titrəyən əllərindəki məhşər alışdırılacaq yuvacığa titrəyərək yaxınlaşanda çoxları bu səhnəni göz yaşları ilə seyr etmişdi. Axı, Məhəmməd Əli əfsanəsini heç kim unutmayıb...
   
   
   
   

TƏQVİM / ARXİV