SU MEYMUNUN BOğAZINA çIXANDA...

FAİQ QİSMƏTOĞLU
20387 | 2010-05-08 04:45
Bəzən adamı o qədər bezdirir və boğaza yığırlar ki, həmin insan nə qədər səbrli olsa da, bir gün hövsələdən çıxıb əlini qana batırır. Və sonra da əlini qana batıran bu adam yaxalanaraq həbsxanaya salınır. İstintaq başlanır və məhkəmə prosesləri günbəgün uzanır. Həm istintaqda, həm də məhkəmə araşdırmaları zamanı hər hansı bir insanın törətdiyi cinayət obyektiv araşdırılmır. Yəni ona görə obyektiv araşdırılmır ki, bu insanı nə vadar edib ki, o ağır bir cinayətə qol qoyub. İstintaqçıları, eləcə də məhəkəmə prosesinə sədirlik edən hakimi o maraqlandırır ki, ağır cinayət hadisəsi baş verib. Cinayət baş verənə qədər onu doğuran səbəblər incəliyinə, dəqiqliyinə qədər araşdırılmır və hər şey nəticənin üstündə qurulur. Nəticə də ondan ibarət olur ki, təqsirkar niyə filankəsi qətlə yetirib. Ancaq qətlə yetirilən şəxsin günahları, bu günahı doğuran səbəblər və digər motivlər kölgədə qalır. Bütün günahı da sonda yığıb qoyurlar cinayəti törədənin üstünə. Cinayəti törədən də istintaqçılara və hakimə nə qədər yalvarıb-yaxarsa da onun dediyinə əhəmiyyət verən tapılmır. Əhəmiyyət verən tapılmır ki, niyə filankəs durduğu yerdə kimisə qətlə yetirib. Adamı o qədər incidirlər və başına olmazın oyununu açırlar, təbii ki, bu insan da əzab-əziyyətə, gərginliyə, zülmə dözməyib həmin əzablardan canını qurtarmaq üçün ağır cinayətlərə əl atır. Təbii ki, hər bir cinayətin müqabilində onu törədən adama cəza təyin edilməlidir. Amma bu cəza gərək ədalətli olsun. Cəza ədalətli olmayanda istər-istəməz bütün meyarlar unudulur, qərəzçilik, şəxsi maraq və kimlərinsə sifarişi üstünlük təşkil edir. Bir də heç kim yaddan çıxarmamalıdır ki, su meymunun boğazına çıxanda o da balasını ayağının altına atır. Yəni kimsə hər hansı zülümdən, məşəqqətdən, iztirabdan və dərddən qurtarmaq üçün bu cinayəti törədirsə, deməli, təkcə cinayəti törədən yox, cinayətə şərait yaradan, onu həmin həddə çatdıran səbəblər də araşdırılmalıdır. Bax, onda heç kəs durduğu yerdə kiməsə əl qaldırmaz və kimisə qətlə yetirməz.
   
   
   
   ***
   
   
   
   Bakının Xətai rayonunda, daha doğrusu, köhnə "Bakı" kinoteatrının yanında əvvəllər həftənin şənbə-bazar günləri kənd təsərrüfatı yarmarkası təşkil edilirdi. Burda da ərazi geniş olduğu üçün əhali və eləcə də yerli sakinlər heç bir problem yaşamır və çətinliklə üzləşmirdi. Amma bir neçə həftədir ki, həmin yarmarka Yeni Əhmədli qəsəbəsindəki Məzahir Rüstəmov küçəsinə köçürülüb. Yarmarkanın həmin küçəyə köçürülməsi ilə bir çox çətinliklər və problemlər üzə çıxıb. Həftənin 5-ci günü axşamından həmin küçə iki tərəfdən bağlanır, orda yaşayan sakinlər daha çətin anlar yaşamağa məcbur olurlar. Əgər fikirləşsək ki, yaxınlıqda poliklinika, uşaq bağçası, məktəb var, bax, onda görərik ki, həmin insanlar həftənin şənbə-bazar günləri yolun bağlanması nəticəsində nə qədər böyük çətinliklə üzləşirlər. Məzahir Rüstəmov küçəsində yaşayan bir neçə sakin redaksiyamıza zəng edib bildirir ki, yarmarka olan günü nə özümüz, nə də uşaqlarımız bu yolla hərəkət edə bilmirik. Gərək biz o yolu ya piyada gələk, ya da bir neçə küçəni fırlanıb başqa bir yoldan evimizə qayıdaq. Həmin günlər xəstəmiz olanda isə vəziyyət ikiqat çətinləşir. Bu yaxınlarda azyaşlı uşağımızın biri xəstələnmişdi. Təcili yardıma zəng edib kömək istədik. Ancaq təcili yardım maşını bizim küçəyə gələ bilmədiyini bildirdi. Biz ağır vəziyyətdə olan uşağı qucağımıza alıb piyada, qaça-qaça bir taksiyə yaxınlaşdıq. Taksi də dedi ki, yol bağlıdı mən hara gedim? Bir sözlə, həmin günü biz hansı çətinlkilər yaşadıq bir Allah bilir.
   
   Xətai rayonunun Yeni Əhmədli yaşayış sahəsində Məzahir Rüstəmov küçəsində yaşayan sakinlər bildirirlər ki, əgər yarmarka bizim küçədən yığışdırılmasa, bundan sonra isti yay günlərində daha ağır anlar yaşamalı olacağıq. Bir tərəfdə müxtəlif kənd təsərrüfatı məhsullarını satan satıcıların əlindən, digər tərəfdən də yarmarkaya gələn adamların səs-küyündən evimizdə rahat otura bilməyəcəyik. Hələ biz onu demirik ki, yay vaxtı xarab olmuş kənd təsərrüfatı məhsulları və eləcə də məişət tullantıları küçəyə atılır, antisanitariya yaranır. Həmin məhsulların üfunətindən evdə otura bilmirik. Bir sözlə, Məzahir Rüstəmov küçəsində yaşayan sakinlər ümidlərini adiyyatı təşkilatlara bağlayır ki, bəlkə onların dərdinə əncam qıla, yaranmış problemi tezliklə yoluna qoya.
   
   
   
   ***
   
   
   
   Dəfələrlə yazmışıq ki, bu gün məmləkətimizdə kitab, qəzet oxuyanların sayı günbəgün azalır. Əgər bunun bir səbəbi əlifbanın dəyişməsisə, digər bir səbəbi qəzetlərin qiymətinin bahalaşmasıdı. Ancaq deyəsən bundan da böyük səbəb var. Bu səbəb də ondan ibarətdir ki, rayon mərkəzlərinə qəzetlər getsə də, kəndələrə illərlə, aylarla heç bir qəzet göndərilmir. Bir daha bunun nə dərəcədə doğru olduğunu kəndimizdə olarkən hiss elədim. Söhbət elədiyim adamlar vaxtı ilə kitab-qəzet oxuyan və dünyanın çox işlərindən məlumat tutan insanlardı. Onlar dedilər ki, müəllim, bizim bu böyük kəndə beş-altı ildi bir qəzet gəlmir. Biz qəzetləri ötən əsrin 90-cı illərində, bir də sonunda görmüşük. Ondan bəri bir qəzetin üzünü görə bilmirik. Təbii ki, indiki dövrdə qəzet-jurnalların kəndlərə gəlməsi üçün ya ona abunə olmaq lazımdır, ya da kimlərsə həmin qəzet-jurnalları kəndlərə aparıb müftə-müsəllim camaata paylamalıdır. Düzdür, hər kənddə nə qədər desən ticarət və iaşə obyektləri var. Ancaq bir dənə olsun qəzet-jurnal satılan köşk yoxdur. Sovet hökumətinin vaxtında hər kəndin öz poçtalyonu olardı və bu poçtalyon da camaatın abunə yazıldığı qəzet-juranlı aparıb verərdi onların ya özünə, ya da evinə. İndi qəzet-jurnal olmadığına görə, heç kənddə poçtalyon da yoxdur. Bizim kənddə rəhmətlik poçtalyon Bahadur kişi var idi. Bəzən o qəzeti pulsuz da paylayırdı. Deyirdi onsuz da filankəs qəzet oxuyan deyil. Bəlkə sən bu qəzeti oxudun. Belə bir təklif vermək istəyirik: onsuz da qəzetlərin xeyli hissəsi "vozvrat" adı ilə geri qayıdır və sonra da bu geri qayıdan qəzetlər redaksiyalarda qalaq-qalaq yığılıb qalır. Deyirik bəlkə geri qayıdan qəzetləri məmləkətimizin əyalətlərində, kəndlərində aparıb kimlərsə o insanlara pulsuz paylasın. Onsuz da kəndlərdə elə adamlar var ki, qəzet oxumaq üçün ürəyi gedir, ancaq onu tapa bilmir. Qəzetlərin bu yolla yayılması həm insanlar arasında savadsızlığı aradan qaldırar, həm də maarifçilik baxımından çox böyük xeyirxahlıq olar.
   
   
   
   ***
   
   
   
   Biz "Ədalət" qəzeti olaraq yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tez-tez reyd materialları və müxtəlif yazılar dərc edirik. Məqsədimiz də ondan ibarət olur ki, sürücülər və piyadalar bir qədər maariflənsin, onları gözləyən təhlükədən özlərini qorusunlar. Təkcə bu maarifçilik ideyalarını biz aparmırıq. Eyni zamanda hərəkətin təhlükəsizliyi ilə bağlı müxtəlif televiziya kanallarında və kütləvi informasiya vasitələrində tez-tez süjetlər və yazılar gedir. Gözləmək olar ki, bu cür təbliğatdan və maarifləndirmə işlərindən sonra başqa sürücülər "gözü çıxan" qardaşından ibrət dərsi götürəcək və nəqliyyat vasitəsini təhlükəsiz idarə edəcək. Ancaq atalar yaxşı deyib ki, "sən saydığını say, gör fələk nə sayır". Demək olar ki, hər gün olmasa da, günaşırı respublikamızın avtomobil və şəhərdaxili yollarında ağır qəzalar baş verir. Özü də bu ağır qəzalar zamanı ölənlər və yaralananlar daha çox olur. Onsuz da 10-15 gün bundan əvvəl respublikanın avtomobil yolunda müxtəlif istiqamətlərdə hərəkət edən iki avtobus sürücüsünün günahı üzündən ağır qəzalar baş verib. Bu zaman nə qədər insan həlak olub və xeyli də adam xəsarət alıb. Biz elə fikirləşirdik ki, bu avtobus qəzalarından sonra digər avtobus sürücüləri məsuliyyətlərini bir qədər də artıracaqlar. Amma hər şey biz düşündüyümüzün əksinə baş verdi. Belə ki, aprelin 6-da səhər saatlarında Gəncədən Bakıya gələn avtobus Hacıqabul rayonunun Muğan qəsəbəsində avtomobil yolunda təmirə dayanan "Kamaz" markalı yük maşınına çırpılıb. İndi siz təsəvvür edin, avtobus sürücüsü necə məsuliyyətsizliyə yol verib. Deyilənlərə görə, o sükan arxasında yatıbmış. Ağır qəza zamanı 5 nəfər həlak olub, 16 nəfər ağır xəsarət alıb. Xəsarət alanlar Hacıqabul və Şirvan rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Buna nə ad vermək olar, bax, onu başa düşmək olmur. Artıq Nəqliyyat Nazirliyi son vaxtlar avtobusların magistral yollarda törətdiyi qəzalarla bağlı konkret addımlar atmağa başlayıb. Gərək bu addımlar çoxdan atılaydı. Ancaq neyləmək olar, gec də olsa buna da şükür. Belə ki, axşam saat 17-dən sonra Bakı Beynəlxalq Avtovağzalından rayonlara və eləcə də xarici ölkələrə heç bir avtobus yola düşməyəcək. Axşam saat 1-dən səhər saat 6-ya qədər sürücülərin istirahət vaxtları hesab edilir. Bu müddətdə kimsə qeyri-qanuni sərnişin daşısa, onlar saxlanılacaq və barələrində daha ciddi tədbir görüləcəkdi. Sirr deyil ki, elə avtobus sürücüləri də gecə saatlarında və səhərə yaxın sükan arxasında yuxulayır və bu zaman qəzalar törədirlər. Yay vaxtı isə sürücülərin fasiləsiz olaraq uzaq məsafələrə dincəlmədən getməsi sükan arxasında yuxulama hallarını daha da artırır və böyük təhlükə yaradır. Bir sözlə, bütün avtobus sürücüləri və sərnişin daşıyan fərdi avtomobil sahibləri insanların taleyi ilə oynamamalı, gecə saatlarında sərnişin daşımamalıdırlar.

TƏQVİM / ARXİV