adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

XiLASKAR

VƏSİLƏ USUBOVA
30574 | 2010-05-08 04:45
Böyüklü-kiçikli heç bir müharibəni bir günlə yada salmaq, qeyd eləmək kifayət deyil. Başlandığı və bitdiyi günlə çərçivəyə salıb planetimizin yaxasından assaq da, gətirdiyi fəlakət və faciələrin, insan övladına yaşatdığı acıların, aldığı ömürlərin, dağladığı sinələrin tam, dolğun mənzərəsini yarada bilmərik. Müharibələr mənə kağız üzərinə dağılmış mürəkkəbi xatırladır həmişə. Yayıldıqca yayılır, gec quruyur və quruyandan sonra da o vərəq heç nəyə yaramır. Çox incə müqayisədir, deməyin. Miqyasına görə fəlakətlərin ən yayğını, dağıdıcısıdı. Alovu qarsıdan, nəfəsi dəyən nə insan, nə də torpaq uzun illər özünə gələ bilmir. Ən qədim tarixlə işim yoxdu, görəsən, bizim eranın bir əsri, bir qərinəsi, lap elə 20-25 ili varmı ki, o dövrdə ya uluslararası, millətlərarası, ya da elə hansısa ölkənin öz daxilində müharibə, qanlı toqquşma olmasın?! Ən dəqiqini tarixçilər bilər. Sağlam mühakimə qəti, müsbət cavaba söykənə bilmir. Barmaqla sayılası üç-dörd ölkəni çıxmaq şərtilə...
   
   Bizim nəslin doğum tarixi Qələbə günündən heç on il də ayrılmır. Ağlımız kəsəndən əksər ailələrdə kiminsə, kimlərinsə çatmadığını hiss eləmişik. Ev yiyələrinin ən az girib-çıxdıqları otaqların yuxarı başında xalça vurulmuş divardan sinəsi orden-medallı kişi şəkilləri asılardı. Bu şəkillər evlərə ayrı bir hüzn verərdi. Hər kəs bu şəkillərin sahiblərinə xüsusi ehtiram və kədərlə baxar, onların haqqında, demək olar ki, danışmazdılar. Və bütün evlərdə də bu şəkil sahiblərinin gözü yolda qoyduqları ağbirçək ana, dul gəlin vardı. Gözümü açandan kəndimizdəki evlərin həyətini çəpərsiz, pəncərələrini pərdəsiz görmüşəm. Elə bilirəm ki, adamlar darıxdıqlarından belə eləyirdilər. Baxışları nə qədər uzaqlara işləyirmişsə, ümidləri də bir o qədər uzun olurmuş, yəqin... Müharibədən sonra neçə il oğul evləndirib, qız köçürməmişdilər. Sonralar vaxtı çatanları evləndirsələr də, toyları çalğısız yola vermişdilər. Kim nə deyir-desin, yas saxlamaq ehtiramın ən böyük, ən ləyaqətli ifadəsidi.
   
   Qarabağ savaşında da pəncərəsinin pərdəsini açıb atanlar oldu. Heç olmasa, həyət qapısınacan yolu görə bilirdilər...
   
   Həyət-bacasından kişi həniri gəlməyən evlər də vardı o illərdə. Ana qızı, ya da gəlini ilə qalmışdı bir damın altında. Heç kəsdən pis dolanmırdılar. Kiminsə mərhəmətinə tuş gəlməməkçin başqalarından da artıq əlləşib-vuruşurdular. İşləyirdilər, qazanırdılar. Hər şeyləri vardı. Ancaq... Təkcə qadın nəfəsiynən qızmır ev-eşik, ailə ocağı... Alınları açıq, üzləri ağdı. Qələbəyə öz paylarını vermişdilər. Amma bir şeydən nigarandılar. Bir də Vətənə əsgər lazım olsa... bu qapıdan kim çıxacaqdı?! Zaman bu nisgilə də son qoydu. Qızlar ərə gedib oğul-qız yiyəsi oldular, analar nəvə şirinliyini daddılar. Amma... ər, nişanlı yolunu gözləyib ömürlük subay qalanlar da oldu.
   
   Elə bu da bir ehtiram nişanəsidi. Nigaran əsgər ruhuna ehtiram nişanəsi. İnsanın özünə və sevdiyinə sədaqət nişanəsi...
   
   O qadınların bir dəfə də olsun cəbhədən gəlməyənlərə ağı deyib ağladığını görmədim. Dinc həyatda övladını itirmiş ana tanıyırdım ki, özü demiş, gözlərini qara torpaq örtüncə balasını oxşayıb ağladı. Amma "qara kağız"ı gələnləri, itkin düşənləri heç kəs ağlamırdı. İllər ötdükcə bu dözümün səbəbini anladım. Onların göz yaşını saxlayan ümid idi, gedənlərin bir gün dönəcəyinə inam idi. Heç o müdhiş qara kağızlar da bu ümidin, inamın gür işığına kölgə sala bilməmişdi. Bir də ki,... onlar hamısı bir-birinə təsəlliydi...
   
   İkinci Dünya savaşı bu ölkədə (SSRİ) kişinin qədr-qiymətini çox artırmışdı. Kişi Vətənin əsgəri, qoruyanı, ailənin qürur yeriydi. Bu gün necə, müstəqil Vətənimizdə də belədimi? Sualın cavabını özümə istəmirəm, hər kəs öz ürəyində cavablandırsa, kifayətdi...
   
   
   
   ***
   
   Qələbə gününün əzəməti keçmiş vətənimizlə birgə dağıldı. İndi nə qədər bir yerə yığmağa çalışsaq da, əvvəlki hüsnü alınmır. Bəlkə ona görə ki, İkinci Dünya müharibəsindən sağ qalanları indi barmaqla saymaq olar. Sıraları çox seyrəlib. Bir şairimiz bu barədə şeir də yazmışdı. Çox təəssüf ki, şeiri "düşərli" oldu, çox keçmədən ölkəmizi Qarabağ müharibəsi veteranlarının, əlil və şikəstlərinin dalğası bürüdü. Ancaq bunların şöhrəti, qiyməti, hörməti əvvəlkilər qədər deyil. Görünür, ruslar öz torpaqlarının qədrini daha artıq bilirlər. Hərb tarixinin qürurunu daha yüksək tutmağı bacarırlar. Hər halda, biz belə görüb duyurduq. Belə də olmalıdı. Veteranların köhnəsi də, təzəsi də ən böyük dəyərə, ehtirama layiqdi. Çünki müharibələr fəlakət mənbəyi olsa da, həm də dövlətin, millətin şərəf tarixidi. Bu şərəf tarixini yazan igidlər də hər ayda, hər ildə doğulmur. Hər kəs də bir yol verilən canı torpağına, Vətəninə qurban vermir.
   
    Və bir də ona görə ki, onlar müharibənin nə demək olduğunu bilirlər!
   
    Müharibənin nə demək olduğunu biz də bilirikmi?!
   
   Orta məktəbdə tarix müəllimimiz deyirdi: Uşaqlar, müharibə nə sizin kitablarda oxuduqlarınızdı, nə də kinolarda gördükləriniz...
   
    Bəs, onda müharibə nədi?!
   
    Qələbənin 65 illiyi ərəfəsində imkanım olduqca televiziya kanallarımızda (əsasən AzTV-də) Böyük Vətən müharibəsindən bəhs edən filmlərə bağmağa çalışmışam. Uşaqlıqda, gənclikdə baxdığım bu " davalı" kinolar indi mənə daha çox şeylər deyirdi. Uşaqlıqda belə filmlərə baxandan sonra qorxurdum. Yuxuda görürdüm ki, dəmir kaskalı, əli avtomatlı almanlar kəndimizə hücum edib, evimizi də araya alıblar. Xoşbəxtlikdən, ya qaçıb canımı qurtarır, ya da ən qorxulu yerində ayılırdım. ( O zaman yuxuların hikmətini, onların da idarə olunduğunu anlamırdım). Gənclikdə isə, nəinki xeyli ürəklənmişdim, üstəlik, macərapərəst də olmuşdum. Cəbhədəki snayper, tibb bacısı, telefonçu qızlara qibtə eləyirdim. Belə gözəl-göyçək, igid oğlanlarla bir səngərdə vuruşmaq da, ölmək də qorxusuzdu. Bir tərəfdən də, hər dəqiqə, hər saat ölümlə üz-üzə gələnlərin sevib-sevilmək, dinc həyata qovuşmaq istəyi... Sevgidən güc alanlar və arzusunu, kamını gözlərində aparanlar... İndi isə, nə qorxur, nə də qibtə edirəm. Sinəsi al qana boyayanlara, həsrətlə can verənlərə sakitcə göz yaşı tökürəm, dünyanı qarışdıranlara nifrin yağdırıram, bu qan-qadanın nə vaxt qurtaracağına, insanların ağıllanacağına inanmaq istəyirəm...
   
   Düşünməyə də vaxt tapıram...
   
   
   
   ***
   
    Əsgər öz ölkəsində qürur doğurandı, güvən yaradandı. Özgə torpağa qədəm qoydumu, nəyisə tapdamalı, əzməlidi. Qisas hissi onu tərk edə bilməz. Bizə hansı yöndən təqdim, təlqin eləsələr də, tarix bir gün üzündən pərdəni götürür. Və biz də həqiqətləri olduğu kimi görmək zorundayıq. O dövrün filmləri bizimçün həmişə maraqlıdı. Ömrümüzdən çox şeylər alıb, həm də yadda qalan, məzmunlu yaşantılar bəxş edən o illərin xoş və həsrətli anıları filmlərdən aldığımız təəssürata ayrı rəng qatır. Son dövrdə gözlərimizi yağır eləyən kompüter səhnələrindən fərqli təbii döyüş epizodları, əsgər və komandirlərin davranışı... Bilmirsən, bu onların içindən gəlir, yoxsa yuxarıların qorxusundan hamı belə əmrə müntəzir, intizamlı, hər qarış torpaq uğrunda canından keçən, dostu darda qoymayandı. Yəqin ki, "hər ikisi" desək də, tərəzinin ikinci gözü ağır gələr. İnsan həmişə insandı, beyninə yeridilən hər türlü ideallardan öncə ətdən və sümükdən yaranmış varlıqdı...
   
   "Onlar Vətən uğrunda vuruşurdular" filmində döyüşçülərdən biri o birisindən Makedoniyalı İsgəndərin hansı millətdən olduğunu soruşur. İkinci ani fikrə gedib "O... Onun öz milləti vardı" deyir. İlk anda savadsız görünsə də, dərin məntiqi var bu sözlərin. Qəhrəmanlar, sərkərdələr millətin içindən çıxsalar da, tarixin müəyyən məqamında onlar da milləti təzədən yarada bilirlər...
   
   Təpədən dırnağadək silahlanmış, yaxşı bəslənmiş, şıq geyimli düşmənlə müqayisədə sovet ordusunun cəhdi, dirənişi, qələbə əzmi rəğbət doğurur...
   
   Yadımdadı, sovet dövründə "Azadlıq" filmi geniş əks-səda doğurmuşdu. Əvvəlkilərə nisbətən müharibənin sərt reallıqları, pafosdan bir qədər uzaq, işgüzar dialoqların nisbətən qabarıqlığı diqqəti çəkmişdi. İndi bizi hər şeyə inandırmaq çətin olsa da, bundan sonra nəyi dəyişdirmək mümkündür ki?! Razılaşsaq da, razılaşmasaq da, film necə çəkilibsə, tarixdə elə qalacaq və təqdim olunacaq. "SSRİ tarixi"ndən bizə öyrədilirdi ki, Faşist Almaniyası üzərində Qələbənin əsas səbəblərindən biri SSRİ-də yaşayan müxtəlif millətlərin düşmənə qarşı bir nəfər kimi vuruşması olmuşdu. Bu həqiqətən beləydimi? Beləydisə, Mərkəzin qiymətləndirməsi necəydi?! Filmi diqqətlə izləyirəm. Sovet qoşunları Berlinə istiqamət alıb. Tarix dərsliklərindən tanıdığım generalların əksəriyyəti filmdə təmsil olunub. Həzi Aslanovdan başqa. Beş il od-alovdan keçən general Berlinin iki addımlığında niyə ölməliymiş, görəsən? Ən nəhayət, bütün millətlər bir nəfər kimi vuruşurdusa, niyə Reyxstaqa bayraq sancılanda mənzərə dəyişdi? Yox, sən demə, bu ölkəni cəmi iki millət-Yeqorov və Kantariyanın təmsil elədikləri ruslar və gürcülər qoruyurmuş... Tarixçi alimlərimiz ekranlardan azərbaycanlıların arxada necə çalışdıqlarından, cəbhəyə maddi, mənəvi, iqtisadi yardımlarından kosmik rəqəmlər misal çəkirlər. Qadınlarımız qızıl zinətlərini, gümüş əşyalarını Fonda verir, yorğanlarını söküb əsgərlərə corab, əlcək, köynək toxuyurmuşlar. Bakı neftinin necə həlledici rol oynadığını dünya bilir. Paytaxtımıza Qəhrəman şəhər adı verilməsini gözləyirdik. Ancaq Qələbədən düz 45 il sonra Bakı küçələrinə sovet tankları yeridildi...
   
   Filmdəki polyak əsgərlərini də indi başqa yöndən görürdüm. Lex Kaçinskinin mülayim, işıqlı çöhrəsini xatırlayırdım. Deməli, əsgər çox zaman nəyin uğrunda, kimin tərəfindən vuruşduğunu özü də bilmir. Amma vuruşur, sonunu düşünmədən canına da, qanına da qıyır. Elə buna görə də Qələbə günü qeyd edilməlidi...
   
   Uzaq əsrlərdən gəlmə bir deyim var: "Sülhün qədrini bilmək üçün gərək müharibədən keçəsən..."
   
   Qələbənin köhnəsi olmur...
   
   Amma bizə təzəsi də lazımdı...

TƏQVİM / ARXİV