adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

iYiRMi BEŞƏ BiR QALMIŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
35962 | 2010-05-08 04:45
May ayının nəfəsi duyulan ilk gündən köhnə xatirələrim təzələnməyə başlayır. Özü də bu proses təkcə bu il və yaxud da ötən il baş verməyib. Düz 24 ildir ki, belədir. Belədi deyəndə ki, düz 24 il bundan öncə Bakı Dövlət Universitetinin son kursunun son günlərində bütün tələbələr kimi, Məzun foto-albomu üçün şəkillər çəkdirdik. Başqa fakültələri deyə bilmərəm, ilk dəfə onda biz bir təşəbbüs irəli sürdük. Qərara aldıq ki, həmin foto-albomun sonuna vərəqlər də əlavə edək. Vərəqlərdə hər kəsin ünvanı və telefon nömrəsi də göstərilsin. Ən vacibi isə çox diqqəti çəkən bir şriftlə görüş günümüz də yazılsın. Bu istəyimizi gerçəkləşdirdik. İndi bizim Məzun foto- albomumuzda yazılıb: 9 may - Heydər Əliyev (o vaxtlar Lenin) sarayının önündə səhər saat 10-da.
   
   24 ildir ki, həmin yerdə, həmin saatda görüşə yığışırıq. Bəzən o görüşə hamımız gəlirik. Daha çox da oğlanlar. Qızları qınamaq olmaz, onlar indi hərəsi bir evin xanımıdırlar, uşaqlar, nəvələr başlarını qatır. Odur ki, üzürlü sayılırlar. Amma oğlanların böyük əksəriyyəti 9 may günü həmin saatda həmin ünvana gəlirlər. Açığını deyim ki, o görüşə, o ünvana daha çox mən tələsirəm. Və hər dəfə də görüş yerinə gəlib orda kimlərinsə artıq digərlərimizi gözlədiyini görəndə həm sevinirəm, həm də bir balaca öz tənbəlliyimə görə, özümü danlayıram.
   
   Ötən il görüş yerinə gələndə gözlərimə inanmadım. Tələbə yoldaşlarımızdan biri Balakəndən gələn avtobusla özünü şəhərə dan yeri söküləndə çatdırmışdı. Gecəni avtobusda keçirən Akif tələbəlikdə olduğu kimi, o utancaq təbəssümü ilə oturacaqdan qalxıb irəliyə addımladı. Qucaqlaşdıq...yenə əvvəlki səmimiyyət...yenə əvvəlki doğmalıq və bir də bu günlər həsrətini çəkdiyim ehtiram...
   
   Bizim qrupda uşaqların böyük əksəriyyəti orta məktəbi bitirən kimi universitet tələbəsi adını qazanmışdı. Onların içərisində dörd-beş nəfərimiz hərbi xidmətdən, istehsalatdan gəlmişdik universitet auditoriyalarına. Bu səbəbədən də yaşca onlardan böyük idik və "bu balaca" uşaqlar da bizləri həmişə böyük gözündə görür, hörmət və ehtiramla yanaşır, aramızdakı pərdəni qoruyurdular. Səmimi deyəcəm ki, həmin o pərdə bizləri bir az da doğmalaşdırmışdı, bir az da qaynayıb qarışmışdıq bir-birimizə. Hamı öz yerini bildiyindən heç kim bir-birinin xətrinə dəymir, bir-birinə laqeydlik nümayiş etdirmirdi.
   
   Mən qrupun "starostası" - sinifkomu-başbiləni idim. İndinin özündə də tələbə yoldaşlarım istər telefon əlaqələrində, istərsə də görüşəndə mənə "starosta" kimi müraciət edirlər. Onda olduğu kimi, indi də yuxarı başda əyləşdirir, mənim məsləhətlərimə sayğı ilə yanaşırlar. Hətta ilk tostu da, məclisi idarə etməyi də mənə həvalə edirlər. Bu da məni çəkib aparır çox-çox uzaqlara. Yəni Bakı Dövlət Universitetinə qəbul olunduğum 1980-ci ilə...
   
   İndi oturub fikirləşirəm və bir-bir fikirləşdiklərimi gözlərimin önündən də keçirirəm. İndiki tələbələrlə, bu günün gəncliyi ilə müqayisələr aparıram. Biz onda auditoriyada ilk dərsi... ilk tanışlığı necə yaşadıq... necə bir-birimizlə ünsiyyət qurmağa başladıq... auditoriyaları seçməkdə çəkdiyimiz çətinliklər... bir-birimizin adını yadda saxlamaq üçün etdiyimiz cəhdlər... müəllimlərlə ilk təmas... ilk mühazirələr... ilk seminarlar... ilk dərsdən yayınmalar...hərbi dərsdəki şıltaqlıqlarımız... bir sözlə, böyük bir dünya. Elə bir dünya ki, ora nə əl çatır, nə ün yetir. Amma o dünyanın sakinləri ilə (dünyasını dəyişən tələbə yoldaşlarımıza Allah rəhmət eləsin!) təmas qurmaq, onlarla üz-üzə gəlmək doğrudan da gözəldir, könül rahatlığıdı. Çünki heç birimizin digərindən nə gizlənmək cəhdi yoxdur, nə də gizlədəcəyi gözləri. Zarafatlarımız da səmimi olub, giley-güzarımız da. Bax, elə ona görə də bu gün əksəriyyəti öz peşə yönümünü dəyişsə də, müxtəlif vəzifələrdə çalışsa da, onların heç biri böyük vəzifələrinin kürsüsündən, şöhrətindən heç də "havalanmayıblar", qoruyub saxlaya biliblər əvvəlki səmimiyyətlərini. İstər Prezident Aparatında, istər gömrükdə, istər fövqəladə hallar, vergi sistemlərində, istərsə də digər hüquq-mühafizə orqanlarında... çalışan bu uşaqların bir-birinə münasibətdə səmimiyyəti tələbəlikdə olduğu kimi qalmaqdadı. Bax, bu bizim qazancımızdı, bu bizim insanlığımızın uğurudu. Və mən də düşündükcə həmin uğurun təkcə bizlər üçün deyil, bizim çevrəmiz üçün də nə qədər dəyərli olduğunu bir daha dərk edir və Tanrıma şükür edirəm. Təkcə ona görə yox ki, biz beləyik, həm də ona görə ki, bu dünyada maddiyyat heç də hər şey deyilmiş, mənəviyyat ona güc gələ bilirmiş...
   
   Amma bizim hər birimiz bu böyük şəhərə müxtəlif ünvanlardan üz tutub gələndə bizi belə bir taleyin gözlədiyini bilmirdik. Yaxşı ki, tale üzümüzə heç olmasa belə bir ünsiyyətlə güldü.
   
   
   
   gedək ömrüm-günüm, gedək şəhərdən
   
   gedək yolumuza baxan dağlara
   
   gedək ömrüm-günüm, bizi qəhərdən-
   
   yandıran dağlara, yaxan dağlara.
   
   
   
   qalxaq cığırlarla kol-kosdan tutub
   
   bənövşə, kəkotu ətrini udub
   
   dünəni bir anlıq atıb, unudub-
   
   sarılaq dumanlar qalxan dağlara.
   
   
   
   həyata bir günlük "təzələn!" -deyək
   
   dağlara bizimlə "məzələn" -deyək
   
   neçə səhvimizə, düzələn, deyək-
   
   günəş kürəyindən çıxan dağlara.
   
   
   
   dinləyək nə desə, axıra kimi
   
   görək çıxaracaq paxıra, kimi
   
   seçib saxlayacaq axıra kimi-
   
   kimi bənzədəcək o xan dağlara?
   
   
   
   ***
   
   
   
   Tələbəlikdə indiki kimi çörək dalınca, güzəran dalınca qaçmırdıq. Hər kəsin konkret bir məramı var idi - oxumaq, öyrənmək. Aldığımız təqaüd, qazandığımız qonorar, bir də valideynlərin dəstəyi bizə maraqlı bir ömür yaşadırdı. Ona görə də boş vaxtlarımızı bir-birimizi arayıb-axatarmağa, birgə respublika ərazisinin görməli yerlərini gəzməyə sərf edirdik. Həmin illərdə istər şimal bölgəsi olsun, istər cənub... Biz bu bölgələrin ən səfalı yerlərində süfrə açmaq, samovar çayı içmək imkanı qazandıq, Bata-batı ziyarət etdik, Göy-göldə, Hacıkənddə günəşi salamladıq. Və nə yaxşı ki, biz bunları edə bildik və üstəlik tələbə-inşaat dəstəsinin tərkibində keçmiş Sovetlər birliyinin bir çox şəhərlərini gəzib gördük. Mən indi bunlar barəsində övladlarıma danışanda onların həm maraqla, həm də həsədlə dinlədiklərini görüb içimdə sıxılıram. Çünki oğlumun indiki yaşında mən artıq sovetlər məkanının böyük şəhərlərini gəzib, görüb gəlmişdim. O isə, indi zarafatla deyildiyi kimi, yaşadığı Biləcəridən o tərəfi görməyib... Kimsə məni yenə nostalji hisslərə görə qınayacaq. Amma günün reallığı nə qədər acı olur-olsun onu etiraf etmək, onu dilə gətirmək lazımdı. Onsuz da mən yazsam da, yazmasam da, mən desəm də, deməsəm də bütün bunlar olub və mənim yaşıdlarımın yaddaşında da qalıbdı. Hətta həmin dövrün mətbuatında da öz əksini tapıb. Yəni tarix tarixliyində qalır. Onu görməmək mümkün deyil. Olsa-olsa yanından keçib etinasızlıq nümayiş etdirə bilərsən. Bu da sonda üzüntüyə səbəb ola bilər, təbii ki, duyğusallar üçün...
   
   İndi Sarayın önündəki parkda tələbə yoldaşlarımın bir-bir müxtəlif səmtlərdən gələcəyini və səs-küyün aləmi bürüyəcəyini düşünə-düşünə ötənlərin xoş təəssüratları içərisində bir nisgil də yaşayıram. O da təbii ki, mənim özəl həyatımla, didərgin düşdüyüm yurd-yuva ilə və zamanın sərt üzü ilə bağlıdır. Bunun əslində heç kimə, o cümlədən tələbə yoldaşlarıma da dəxli yoxdur. Amma dəxli olmadığı qədər də həm də dəxli var. Ən azı biz bu torpaqda yaşayırıq və bu millətə aidik. Nə isə...
   
   
   
   bir alın yazısı var
   
   bir də ki, qara qələm
   
   həsrətin imkan vermir
   
   mən də bir kara gələm!..
   
   
   
   görüş yerlərimiz çox
   
   sayın unutmaqdan qorx!
   
   tapa bilməməkdən yox-
   
   bilmirəm, hara gələm...
   
   
   
   daha keçib iş işdən
   
   bizə nə gərək düşmən
   
   sən sevgisində peşman-
   
   mən - günü qara gələn...
   
   
   
   ***
   
   
   
   Düz 25 ilin tamamına bir addım qalıb. Bir ildən sonra tələbəliyimizin bizə vida dediyi təqvimin 25 yaşı tamam olacaq. Belə götürəndə 25 il bir igidin ömrüdü. Bilmirəm, o 25 ili bizlərdən kimlər qarşılayacaq, kimlər hansı ovqatda olacaq. Amma bir şeyi yaxşı bilirəm ki, o 25 ili qeyd edəndə yenə bir anlıq sükut qaçılmazdı. Yəni anım olacaq... kimlərsə anılacaq...kimlərsə xatırlanacaq...kimlərinsə bir xatirəsi çözüləcək...bir zarafatı dilə gələcək və beləcə o anım əslində yaşama çevriləcək... dostların - tələbə yoldaşlarının yaddaşında, ürəyində...
   
   İndi isə səhərin açılmasını səbirsizliklə gözləyirəm. Ürəyim o uşaqların hamısı üçün darıxır, eləcə hamısını görmək istəyirəm. Özü də hamısını əvvəlki səmimiyyətində, əvvəlki görkəmində, əvvəlki ovqatında. Bilirəm ki, bu mümkün deyil, hər halda istəyirəm də!.. Bu mənim könül duyğum, könül pıçıltımdı. Kaş ki, o uşaqların yaddaşında yaşayan tələbəliyimiz öz şirin anları ilə bizlərin ağrı-acısına bir azca su səpə, təsəlli verə!.. həmişə olduğu kimi...

TƏQVİM / ARXİV