adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Bir səfərin təəssüüratı

18349 | 2010-05-08 04:44
Bir vaxtlar Qırmızı körpünü asanlıqla adlayıb yubanmadan Gürcüstan ərazisinə keçərdik. İndi dost ölkəyə səfər etmək üçün hər iki tərəfin gömrük nəzarətindən, sərhəd yoxlama məntəqəsindən keçməlisən. Qatarla səyahətin ən dadsız-duzsuz, üzücü-yorucu xatirəsi də yolun bu hissəsinin payına düşür. İstər-istəməz boşuna xeyli vaxt itirirsən. Amma nə etmək olar? Günümüzün reallığı belədir.
   
   Günlərin birində az gedib, düz gedib, dərə-təpə düz gedib, nəhayət, gəlib çatdım dəli Kürün ikiyə böldüyü qədim şəhərin dəmir yolu dayanacağına. Sovetlərdən qalma vağzalın vaxtından erkən "qocaldığı" nəzərimdən qaçmadı. Yoldan gələn yorğun qatarlar da sanki dərindən köks ötürüb bu səliqə-sahmansızlıqdan xəcalət çəkirdi. Alt keçiddəki natəmizlik maneələrini ehtiyatla adlayıb maşınla mehmanxanaya yollandım. Yaşıllığa qərq olan şəhərdə avtomobil müfəttişləri gözümə dəymədi. Gürcüstanda ümumiyyətlə müfəttiş qalmayıb. Bu qurum ləğv olandan qəzaların sayı azalıb, sürücülər sükan arxasında daha sərbəst və məsuliyyətli olub. Kür çayının sahili ilə gəlib çatdım mərkəzi otellərdən birinə. Yerimi rahatlayıb, üst-başımı dəyişib çıxdım şəhər gəzintisinə.
   
   Şeytanbazar adı ilə tanınan məhəllədə qədimdən əsasən azərbaycanlılar yaşayıblar. İndi onların sayı kəskin surətdə azalmaqdadır.Yuxarı məhəllələrdə köhnə evlər söküldükcə, köklü sakinlər şəhər mərkəzindən didərgin salınır.
   
   Meydan paytaxta gələn turistləri ən çox cəlb edən guşədir. Dağ başında qədim Narın qalanın nişanələri, qarşı tərəfdə Metexi qalası, üstü kaşı ilə işlənmiş Şah Abbas hamamı, yenicə bərpa edilmiş köhnə Tiflisin fərqli memati üslublu binaları, yerdən təbii şəkildə çıxan kükürdlü su ilə işləyən kümbəzli hamamlar, qədim şərab zirzəmiləri, əntiq mallar və hədiyyəlik əşyalar satan dükanlar bura gələn hər kəsin diqqətini cəlb edir. Bu füsunkar guşədə milli iftixarımız olan Heydər Əliyevin adına gözəl bağ salınıb. Onun şərəfinə ucaldılan abidənin önündən tər çiçəklər görmək olmur.
   
   Doxsanıncı illərin əvvəlində Gürcüstanda da vəziyyət ürəkaçan deyildi. Yetmiş il ölkədə yaxşı-pis sosialist birgə yaşayış prinsipləri mövcud idi. SSRİ dağılanda o anlayışlar havaya sovruldu. Əvəzində milli münasibətlər pozuldu, iqtisadi əlaqələr qırıldı, piştaxtalar boşaldı, əsəblər yay tək gərildi. Elə bil təyyarədən Qafqaz sıra dağlarının ətəyinə ədavət, düşmənçilik, millətçilik toxumları səpələndi. İş yerləri azaldı, çörək qıtlığı yarandı. Cinayətkarlıq, ozbaşınalıq baş qaldırdıqca kütləvi qorxu hissi əhaliyə böyük problemlər yaşatdı. Bu proseslər postsovet məkanını qara buludlar kimi büsbütün bürüdü. Küçələrdə nəinki adamlar, hətta tarixi abidələr, heykəllər də məhv edilir, ya da əlvan metal külçəsi kimi satılırdı. Tbilisidə Mirzə Fətəlinin bürüncdən tökülən büstü də dəmir parçası alverçiləri tərəfindən gözaltı edilmişdi. Yaxşı ki, başqa bir gürcü azərbaycanlı dostlarıyla birgə gecəylə abidəni "oğurladıb" öz həyətində gizlətdi. İndi həmin heykəl məktəbin həyətində qoyulub.
   
   O vaxt Gürcüstan ərazisində yaşayan azərbaycanlıların bir qismi yaranan çətinliyə dözməyib dədə-baba torpaqlarından Rusiyaya, Bakıya daşınırdı. Bu köç daha geniş miqyas ala bilərdi. 1993-cü ildə yenidən hakimiyyətə gələn prezident Heydər Əliyevin lider qətiyyəti, uzaqgörən siyasəti olmasa münasibətlər daha da kəskinləşib, yeni münaqişə ocağına çevrilə bilərdi. Məhz onun yüksək vətənpərvərlik, azərbaycançılıq maraqlardan qaynaqlanan hərtərəfli ölçülüb-biçilmiş addımları, müdrik qabaqlayıcı tədbirləri, rəhbər cəsarəti, iki dost ölkəni sağlam iqtisadi maraqlar zəminində bir-birinə daha da yaxınlaşdırdı, mən deyərdim ki, əbədi pərçimlədi. Fəqət milli-mənəvi dəyərləri, adət-ənənələri ictimai şüurun formalaşmasında ən başlıca amil hesab edən ümummilli lider Gürcüstanla Azərbaycan arasında mədəni-mənəvi bağları qırılmaz hala gətirmək üçün də çox əmək sərf etdi. Gürcüstana prezident olaraq ilk rəsmi səfərində azərbaycanlıların məişət, təhsil, təhcizat problemləri ilə yanaşı, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev-muzeylərinin yaradılması, 1947-ci ildən qapıları bağlanan Azərbaycan teatrının Tbilisidə yenidən açılması məsələsini də gündəmə gətirdi və bu təkliflərə hökumət səviyyəsində tezliklə baxılıb gerçəkləşməsinə nail oldu. Mütəxəssislər tarixi sənədlərə əsasən Nəriman Nərimanovun və Cəlil Məmmədquluzadənin yaşadıqları ünvanları dəqiq müəyyənləşdirdi. Hər iki mənzil, onun tövsiyəsinə əsasən, azərbaycanlı fiziki şəxslər tərəfindən özəlləşdirildi. Təbii ki, aparılan alqısatqı ticari maraq güdmürdü. Məqsəd milli şüuru qidalandıran, azərbaycançılıq ideyası ətrafında ilk növbədə gəncləri birləşdirən, tariximizin şanlı səhifələrini unutmağa qoymayan, ürəklərdə daim bu hərarəti qoruyub saxlayan, yaşadan yeni sağlam dayaq məntəqələri yaratmaq idi. Bu yolla Həmidə xanım, Əbdülrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmgüsar, Oksar Şmerlinq, Mirzəli Möcüz, Abdulla Şaiq kimi "Molla Nəsrəddin"çilər də Mirzə Cəlilin evmuzeyində yad ediləcəkdi. Nəriman Nərimanovun el yolunda haqqısayı, əməyi, zəhməti Mirzə Şəfi Vazeh küçəsində tarixi xanimanda daim xatırlanacaqdı. Yeni yaranan mədəniyyət ocaqlarına rəsmi muzey statusu almaq xeyli zaman aparsa da, nəticədə faktiki olaraq üç mədəniyyət mərkəzimiz M.F. Axundovun, N. Nərimanov və C. Məmmədquluzadənin ev-muzeyi Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyinin dövlət reyestrinə salındı. Muzeylərin yerləşdiyi binalar, mənim bildiyimə görə, Azərbaycan Mədəniyyət Nazirliyinin balansına salınaraq dövlət mülkiyyətinə daxildir. Nə yazıq ki, Vazeh küçəsində neçə vaxtdır buldozerlər, ekskavatorlar meydan sulayır. Həmin ünvanda yerli-dibli sökülən binaların sırasına Nəriman Nərimanovun evi də düşdü. Beləliklə bir muzeyimiz fəaliyyətini dayandırmalı oldu. Azərbaycan hökuməti ən yüksək səviyyədə ciddi surətdə məsələyə qarışandan sonra qarşı tərəf qərara aldı ki, ərazinin yeni layihəsində Nərimanovun evinin bərpası, daha doğrusu yenidən inşası planlaşdırılsın. İndi ümid var ki, doktor Nərimanın muzeyi nə vaxtsa yeniləşən məkanına qayıdacaq. Bəs küçənin adı necə, olduğu kimi saxlanılacaqmı?
   
   
   
   ***
   
   
   
   1947-ci ildə bağlanan Dram teatrının uzun fasilədən sonra bəxtinin açılması Heydər Əliyevin mədəniyyət sahəsində ən böyük xidmətlərindən biri kimi qiymətləndirilməlidir.Vaxtilə bu səhnədə Azərbaycan teatrının ən parlaq simaları çalışıb, unudulmaz obrazlar qalereyası yaradıblar. Ona dövlət statusu verildi, keçmiş binası özünə qaytarıldı. Heydər Əliyev Eduard Şevardnadze ilə şəxsi dostluq münasibətlərindən də iki dövlət, iki xalq arasında əlaqələrin möhkəmlənməsi üçün məharətlə istifadə etməyi bacarırdı. Azərbaycan teatrının Gürcüstanda yenidən açılması onun iradəsinin növbəti təntənəsi idi. 2004-cü ildə Gürcüstan prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə teatra ümummilli liderimizin adının verilməsi də bu fikri bir daha təsdiq edir. Fəqət nə yazıq ki, teatrın "ikinci həyatı" hələ də üzüntülü qayğıların əsarətindən qurtulmayıb. Açılışından xeyli zaman ötməsinə rəğmən gördüyüm məkana mədəniyyət ocağı deməyə dilim gəlmir. Yaşı yüzü haqlamış sənət məbədi indiki halında odu sönmüş közərən ocağa bənzəyir. Əvvəla bu günədək teatrın binasının yalnız bir qismi onun ixtiyarındadır. Binanın yarıdan çox hissəsində məskunlaşan sakinlər mənzillərini özəlləşdirib rahatca yaşayırlar. Birinci mərtəbədə fəaliyyət göstərən ticarət obyektlərini başqa yerə köçürməklə qeyri-yaşayış sahəsini boşaltmaq cəhdi də nəticəsiz qalıb. Truppanın gündəlik anormal iş şəraitini sözlə təsvir etmək çətindir. Bir teatrın ki, tamaşa salonu olmaya, digər çatışmazlıqlardan danışmağa dəyərmi? Son illərdə yalnız binanın dam örtüyü təzələnib. Amma, iç qismi xarabazar şəkildə qalmaqdadır. Teatrın kollektivi şəraitsizlik içində gücbəla ilə də olsa, ildə bir neçə əsər hazırlayıb, kiralıq salonlarda tamaşalarını nümayiş etdirirlər. Azərbaycanlılar yaşayan kəndlərdə öz məharətlərini göstərmək üçün ən azından aktyorların ixtiyarında nəqliyyat vasitəsi olmalıdır. Avtobus vəd edən çox olsa da, sözünə sahib çıxan hələ də tapılmayıb. İndiki mərhələdə dekorasiya, rekvizit, işıq, geyim sexlərinin, səs avadanlığının yoxluğundan danışmaq yersizdir. Ən azından ona görə ki, bunun üçün binada münasib şərait yoxdur. Əslində nə var ki, bu da olsun? Teatrın direktoru azərbaycanlılarla rusca danışan gürcüdür. Onun quş damından kiçik toz basmış kabinetini görəndə, halını xəbər almağa ehtiyac qalmadı. Dövlət dotasiyasında olduqlarından mədəniyyət nazirliyi xətti ilə büdcədən ayrılan vəsait hesabına bir təhər yaşayırlar. Aldıqları cüzi maaş yol xərcini güclə ödəyir. Nə maddi, nə mənəvi zövq alınmayan, elementar iş şəraiti olmayan yerdə sənət və sənətkarlıq məsələlərindən danışmaq yersiz və gülüncdür. İndiki halda o insanları teatra bağlayan yalnız vətəndaşlıq qeyrəti, sənətə olan məhəbbətdir. Mən elə düşünürəm ki, bu cür natamam, problemli obyektlərə milli iftixarımız olan Heydər Əliyevin adının verilməsi doğru deyil. Təkcə Bakı-Tbilisi-Ceyhan xəttinə görə Gürcüstan şəxsən Heydər Əliyevə əbədi minnətdar olmalıdır. Bir prezidentin sərəncamı ilə Azərbaycan teatrını yenidən açılması, digər prezidentin sərəncamı ilə ona ümummilli liderimizin adının verilməsi təqdirəlayıq addımdır. Bunu belə də qiymətləndiririk. Lakin uzun illər inzibatı və təşkilatı məsələləri diqqətdən kənar saxlamaqla, problemlərin həlli üçün əməli addımlar atmamaqla yaradıcı kollektivi iflic vəziyyətə gətirib çıxarmaq bağışlanmaz qəbahətdir. Bu məsələdə Azərbaycan mədəniyyət nazirliyinin də passivliyinə də haqq qazandırmaq çətindir. Teatrda danışırlar ki, iki il əvvəl nazir Əbülfəs Qarayev onlara bir avtobus hədiyyə ediləcəyinə söz vermişdi. Səhnə ustaları hələ də hörmətli nazirin vədinə əməl edəcəyinə ümidlərini itirməyiblər. Teatrın bütün problemləri bir avtobus ayrılması ilə həll olunsaydı, onu mən özüm təkbaşına çözərdim. Məsələ daha ciddidir və yubanmadan həllini gözləyir. Ən azından ulu öndər Heydər Əliyevin adını daşıdığı üçün!
   
    (ardı var)

TƏQVİM / ARXİV