adalet.az header logo
  • Bakı 18°C

RiNQiN BÖYüK KRALI

BABƏK YUSİFOĞLU
34024 | 2010-05-04 06:25
Bir zamanlar onun adı bütün dünyaya böyük səs-səda salmışdı. Kiçikdən böyüyə, qadından kişiyə, hər kəs onun adını duymuş, eşitmişdi. Özü də əsl adını yox, sonradan, yəni islamı qəbul etdikdən sonra götürdüyü - MƏHƏMMƏD ƏLİ adını. Onun belə məşhurluğunun səbəbi bəlkədə qeyri-adi boksçu olması ilə yanaşı, həm də ədalətsizlik ilə barışmayan xarakteri, Tanrıya olan inamı idi. Əslində Amerikanın Luisvill şəhərinin küçələrində cəngəllik qanunları ilə böyüyən bu qara dərili uşağın bir zamanlar dünyanı bürüyən bir şöhrət sahibi olacağına heç kəs inanmazdı. Hətta özü də bunu təxmin belə edə bilməzdi. Amma oldu. Allahın ona verdiyi qeyri-adi gücün, qeyri-adi inadkarlığın, qeyri-adi zəhmətin hesabına o buna nail ola bildi. Məhəmməd Əli bu yolda ilk addımları atandan sonra daxilində böyük bir inamın yarandığını da hiss etmişdi. O bu yolu sonuna qədər getməyə qərarlı idi...
   
   1942-ci ilin 17-i yanvarında Amerika Birləşmiş Ştatlarının Kentukki ştatının Luisvill şəhərində bir oğlan uşağı dünyaya gəldi. Adını Kassius Marsellus Kley qoydular. Onun uşaqlığı Amerikanın qara dərili uşaqlarından o qədər də fərqlənməyib. Əvvəldən böyük fiziki gücə, hündür boya, ağır çəkiyə malik olmasına baxmayaraq inanılmaz cəldliyə sahib olan bu yeniyetmə dalaşmağı, kiməsə fiziki xətər yetirməyi qəti xoşlamazdı. Bəlkədə elə bu səbəbdən idi ki, Kassius məktəbli illərində cəmi ikicə dəfə dalaşmağa girişib. Hər iki halda da qarşı tərəf yumruqların işə düşməsinə səbəb olub. Birinci dəfə dostları ilə klubda vaxt keçirərkən iki gənc onlara "ilişmiş"di. Onda Kassius həmin şəxslərin çıxıb getməsinə çox çalışsa da bu mümkün olmamışdı. Onda gələcək çempion istəməsə də bu harın gənclərin elə klubdaca dərsini vermişdi. Əslində orada dalaşma çox da uzun sürməmişdi. Kassius öndəki adamı bir zərbə ilə nakauta saldığı üçün ikincisi qorxusunda dabanına tüpürüb qaçmışdı.
   
   Onun ikinci küçə döyüşü elə Olimpiya oyunları vaxtına təsadüf edib. Hər gün tezdən məşqlərə başlayan Kassius səhərlər uzun bir məsafə qaçardı. Və hər dəfə də qarşısında çoxlu kişilər toplaşan barın önündən keçərdi. Bu orada duranlardan birinin xoşuna gəlmədiyi üçün Kassiusa dərs vermək qərarına gəlir, növbəti qaçış zamanı qəfildən onun önünə çıxaraq düz üzündən qüvvətli zərbə vurur. Kley bu zərbədən səntirləsə də tez bir zaman özünü toparlaya bilir, bundan sonra həmin şəxsi ara verməyən zərbələrə tutur. Və həmin adam onun əlindən zorla qurtula bilir. Bu hadisəni məhəllədə uzun müddət unutmadılar.
   
   Kassius isə inadla rinqə can atırdı...
   
   
   
   ONA İLK MƏŞQÇİLİK EDƏN ANJELO DANDİ
   
   
   
   sonralar Kleylə tanışlığını belə xatırlayacaqdı. O danışardı. Telefonda tanımadığı bir gəncin səsini eşidir:
   
   - Cənab Dandi, mənim adım Kassius Kleydi. Siz gərək məni yanınıza götürəsiniz. Mən iki ildən sonra Olimpiya çempionu olacağam.
   
   Anjelo kiminsə onunla zarafatlaşdığını təxmin etdiyindən elə zarafatla da cavab verib:
   
   - Doğrudanmı?
   
   - Daha sonra mən dünyanın ən yaxşı peşəkar boksçusu olacağam.
   
   - Sənin neçə yaşın var?
   
   - On altı.
   
   Bu vaxt Dandi danışığı kəsib dəstəyi asmaq istəyib. Amma özündən də asılı olmayaraq qəfildən: - "Gələrsən" - deyib. Və Kleyin, yəni Məhəmməd Əlinin zala gəlib məşqə başlamasını görən Dandi elə o vaxt anlayıb ki, bu bir möcüzədi. Çəkisinə və hündür boy-buxununa baxmayaraq Əlinin cəld və yüngül hərəkətlərindən, hissiyyatından başqa onun orqanizmində olan qəribəlik hətta həkimləri də çox heyrətləndirdi. Əlinin nəbzi bir dəqiqə ərzində 55-56 dəfə vurur, həyəcandan qan təzyiqi 190-a çatırdı. Bütün bunları görən həkim qorxusundan kəkələyərək Dandiyə məsləhət görmüşdü ki, gənci təcili olaraq qospitala aparsınlar. Özünü itirən Dandini isə Əli sakitləşdirməyə və məşqlərini davam etdirməyə başlayıb.
   
   O, ilk zəfərini 17 yaşında qazandı. 1959-cu ildə o, "Qızıl əlcək" həvəskarlar turnirinin qalibi olduğu üçün ABŞ yığmasının tərkibinə düşdü və 1960-cı ildə Romada keçirilən Olimpiya çempionatında yarımağır çəkidə rəqiblərinə qalib gəldi. Və belə demək mümkünsə bu qələbə onun üçün böyük yolun başlanğıcı rolunu oynadı. Belə ki, bu uğurundan sonra Luisvilldə onun həmyerliləri bu perspektivli gənclə öyünməyə başladılar. O vaxt şəhərin imkanlı adamlarından 11 nəfəri hətta bunun üçün pul da köçürdülər. Onların sırasında vətənpərvər milyonçu kimi tanınan Uilyam Faverhem də vardı. Sonralar Əli bu hadisələr haqqında bəhs edərkən milyonçu ilə görüşünü belə təsvir edəcəkdi: "O mənim məşqlərimə gəlir, şübhə ilə oradakı prosesləri izləyərdi. O bu ziyarətləri ilə əmin olmaq istəyirdi ki, qoyduğu pullar boşuna getməyəcək. Hər dəfə də mənim qəhrəmanlığımdan bəhs edən yazılar olan qəzetləri mənə verər, gedərkən isə onlara görə bir neçə sent almağı da unutmazdı".
   
   Olimpiya çempionuna peşəkar boks reytinqində təxminən 9-10-cu yerləri verirdilər. Bu da Əlini heç cür qane etmirdi. O, daha irəliyə, çempion kəmərinə can atırdı və onu qazanacağına əmin idi. Amma müəyyən dairələrdə ona inananlar yox idi. Çünki çoxları belə hesab edirdilər ki, Məhəmməd Əlinin olimpiya qələbəsi təsadüfü bir şeydir. Boks dünyasında kifayət qədər avtoritet qazanmaq üçün ona nələrsə etmək vacib idi. Və etdi də. Əli hələ onu qəbul etməyən peşəkar boks dünyasını qıcıqlandırmaq, onlara toxunmaq üçün açıqlamalar verməyə başladı. O hədələdi, bildirdi ki, istənilən peşəkarı məğlub edə bilər, çünki o, nəhəngdir. Hətta bildirirdi ki, acıqlı Listonu düz kameralar qarşısında bitirər. Kassius Kleyin planları baş tutmaqdaydı. Boksun bəzi bossları qəzəblənmişdi. Artıq böyük-kiçik bütün rəqiblərini rinqə sərmiş qəzəbli Liston da dünənki "burnu fırtıqlı bir uşağın" onun ünvanına göndərdiyi hədələrdən özünə yer tapa bilmirdi. Amma bədbəxtçilikdən Sonni Liston bu gənc boksçunun tükənməyən enerjisini, fərqli boks taktikasını, ustalığını, amansız sürətini nəzərə almamışdı və elə bu yekəxanalığı da ona çox baha başa gəldi. Hətta o, bir qədər əvvəl Kassiusun elə 4-cü raunddaca təcrübəli və qüvvətli Arçi Mur üzərindəki nakautla qələbəsini də saya salmamışdı. Amma hələ onların qarşılaşması tezliklə baş tutmadı. Kassiusun boks həyatı isə davam edirdi.
   
   
   
   1963-CÜ İLDƏ ƏLİ
   
   
   
   məşhur rinq ustası Çarli Povellə döyüş keçirdi və onun üzərində parlaq qələbəyə imza atdı. Və matç "ilin döyüşü" adını qazandı. Döyüşlərdən yorulmaq bilməyən gənc boksçu elə həmin ilin mart ayında kifayət qədər şöhrətə malik Douq Janeslə üz-üzə gəldi və rəqibinə döyüşü sona qədər davam etdirmək şansı buraxmadı. 10-cu raundda qələbə artıq onun idi. Əli hər kəsi təəcübə qərq edəcək şeylər edirdi. Lazım olan müddətin ötməsini gözləməyən Əli cəmi üç aydan sonra təcrübəli Henri Kuperlə rinqə girdi. Bu, səs-küylü bir döyüş idi. Amma bu dəfə də Kassius qarşısındakına aman vermədi. 10-cu raund Kuper üçün də sonuncu oldu. Artıq peşəkar boks dünyası bu gənc istedad haqqında çox bərkdən danışmağa başlamışdı. Və bütün bunlar məşhur Sonni Listonu kənarda saxlaya bilməzdi. O, bu uşaq-muşağın dərsini əməllicə verməliydi. Döyüş günü təyin edildi. Onlar 1964-cü ilin fevral ayının 25-də biri-biri ilə haqq-hesab çəkməliydilər. Onsuz da həmin günədək boksçular arasında olan psixoloji savaşın sədası az qala bütün Amerikaya yayılmışdı və hamı bu amansız döyüşü səbrsizliklə gözləyirdi. Nəhayət gənc iddia ilə təcrübəli və qəzəbli iddia təyin olunmuş gün üz-üzə gəldi.
   
   Özünə çox arxayın olan Liston elə döyüşün ilk raundlarındaca qarşısındakı gəncin ağıllı bir rəqib olduğunu hiss etdi. Döyüş amansız mübarizə şəraitində keçdi. Və Sonni bu inadkar gəncin onunla bu cür döyüşməsindən qıcıqlandı. Amma bu reallıq idi. Mübarizə 7-ci raundadək davam etdi və Sonninin məğlubiyyəti ilə bitdi. Əli ağır çəki üzrə Dünya Çempionu adını qazandı. (Onun boyu 1m. 92 sm., çəkisi 92-97 kq. idi). Bu qələbədən sonra Kassiusun həyatında qazandığı böyük tituldan əlavə bir sıra dəyişikliklər də oldu. Artıq onun məğlubedilməzliyi haqqında söhbətlər hər yana yayılmağa başladı və gəncə qarşı hörmət böyüdü. Bundan başqa, onun daxilindəki inanclarında da, Tanrıya olan inamında da dəyişiklər yaranmağa başlamışdı. İslam haqqında bildikləri və sonradan öyrəndikləri bu 22 yaşlı gəncin daxilində müsəlmanlığa böyük məhəbbət yaratmışdı. Elə bu fikirləri də sonda onu islama daha sıx bağladı. Az sonra Kassius Kley müsəlmanlığı qəbul etdi, lakin bununla da kifayətlənməyib öz adını da dəyişərək islamın ən müqəddəs şəxsiyyətlərinin adlarını özünə götürdü - Məhəmməd Əli. Elə dünya da onu daha çox bu adla tanıdı, yadda saxladı, sevdi...
   
   "Burnu fırtıqlı uşaq" hesab etdiyi Məhəmməd Əliyə yenilməsini heç cür sinirə bilməyən, məğlubiyyətinin səbəbini çiynindəki zədə ilə izah edən Sonni Liston onu revanş döyüşünə çağırdı ki, yaşadıqlarının hamısının əvəzini çıxsın. Əli də bu çağırışı qəbul etdi.
   
   
   
    REVANŞ QARŞILAŞMASI
   
   
   
   1965-ci ilin may ayının 25-də baş tutdu. VBA versiyası üzrə boksun prezidenti Bob Evans və bir sıra digər həmkarları boks dünyasına yenicə gəlmiş bu "uşağı" Dünya Çempionu titulundan məhrum etmək məqsədiylə bu döyüşün keçirilməsi üçün bütün imkanlarından istifadə etmişdi. Qarşılaşmanın Bostonda təyin olunmuş vaxtına bir həftə qalmış Məhəmməd Əli qospitala düşdü və yırtıqdan əməliyyat olundu. Bu üzdən də matçın yeri Men ştatının Lyuiston şəhərinə dəyişdirildi. Döyüş öncəsi hər şey çox həyəcanlı keçirdi. Listona tərəf olanlar da çox idi. Hamının gözlədiyi revanş matçı çox gərgin başladı. Hər iki tərəfin qüvvətli zərbələrinin səsini ilk sıralarda oturan tamaşıçılar belə eşidirdi. Döyüşün ikinci dəqiqəsində Əlinin o qədər də qüvvətli olmayan zərbəsi Listonu narahat durduğu bir vəziyyətdə tutdu və onu yerə aşırdı. Məhəmməd Əli isə rinqdə gərdiş edərək bağırırdı: "Qalx, alçaq! Qalx və döyüş!"
   
   Bundan sonra rinqdə anlaşılmaz olaylar cəryan etməyə başladı. Hətta bir neçə tamaşaçı özünü saxlaya bilməyib kantları aşıb içəri cummağa çalışdı. Həyəcan pik hədinə çatmışdı. Əli rinqdə rəqibinin başı üzərindən çəkilməmişdi, referi Cersi Co Uolkott isə hesablamağa tələsmirdi, Listonsa yerindən tərpənmək belə istəmirdi. Bunu görən Uolkott Əlini küncə tərəf itələyib apardı. Yalnız bu zaman Liston həvəssiz görünsə də ayağa qalxdı və döyüşü davam etdirməyə başladı. Elə bu zaman nüfuzlu nəşrlərdən biri hesab olunuan "Rinq" jurnalının redaktoru Nat Fleyşer referiyə sarı bağıraraq bildirdi ki, Liston yerdə 17 saniyə qalmışdır. Bundan sonra isə daha bir görünməmiş hadisə baş verdi. Referi heç bir halda haqqı olmayan hərəkət etdi. Uolkott döyüşən boksçuları ordaca nəzarətsiz buraxaraq Fleyşerlə vəziyyəti müzakirə etməyə girişdi. Onlar bu mübahisəni etdikləri vaxt, rinqdə döyüş tamam amansız xarakter aldı. Boksçular var qüvvələri ilə biri-birini zərbə atəşinə tutdular. Amma hiss olunurdu ki, Listonun vəziyyəti heç də yaxşı deyil. Bütün bunların şahidi olan tamaşaçıların səsi hər tərəfi bürüdü. Referi məhz bundan sonra rəqiblərin arasına girərək döyüşü saxladı və Əlinin qələbə çaldığını elan etdi.
   
   Məhəmməd Əli elə həmin il daha bir döyüş keçirdi. Noyabr ayında keçmiş dünya çempionu Floyd Patterson bu qarşılaşmada yalnız 12 raund Əlinin qarşısında duruş gətirə bildi. O, bu matçı texniki nakautla qazandı. Bundan sonra Məhəmməd Əli Zora Follini, kanadalı Corc Çuvalonu məğlub edərək İngiltərəyə getdi və orada təkrar Henri Kuperlə, daha sonra isə Brayn Londonla rinqə çıxıb qələbələr qazandı. Artıq növbə boksda böyük ad qazanmış və Məhəmməd Əlini qəbul etməyən Erni Terre ilə döyüşə növbə çatmışdı. Təşkilatçılar hər iki tərəfin razılığını alandan sonra matçın gününü və yerini müəyyən etdilər: 1967-ci il 6 fevral, Hyustonda. Və döyüş baş tutdu. O vaxtın nəşrləri bu qarşılaşma, Əlinin mütləq qələbəsi haqqında daha nələr yazmadılar. Əli rəqibini rəsmən həm məğlub etdi, həm də ruhən sındırdı: "Əli Ernidən əməlli-başlı bir kotlet düzəltdi. O, hər raundun başlanğıcında Erniyə yaxınlaşıb soruşurdu ki, ay axmaq, mənim adımı xatırlayırsanmı?" Əli bilərəkdən onu nakauta göndərmədi. 15 raund ərzində onu kötəkləyərək sifətini və sinəsini zərbələrlə parça-parça edib məğlubiyyətə uğratdı. Və 1966-1967-ci illərdə çempionluq adını qoruyub saxladı.
   
   
   
   (ardı var)

TƏQVİM / ARXİV