adalet.az header logo
  • Bakı 20°C

-Yazarın arxivindən-

VAHİD ƏLİFOĞLU
24526 | 2010-05-01 04:33
***
   
   
   
   Dünyada kədərsiz şair yoxumuş,
   
   Şairlik taleyin qəsdindən keçir.
   
   Asanca yazılan şer yoxumuş,
   
   Şer ölümlərin üstündən keçir.
   
   
   
   Kəsilən ağaclar sap üçün deyil,
   
   Hər yerindən duran balta götürdü.
   
   Mənim yazdıqlarım çap üçün deyil,
   
   Mənim yazdıqlarım kələ-kötürdü.
   
   
   
   Uzanır torpağa Allahın əli,
   
   Düz yola yüz yerdən qapı sallanır.
   
   Hər qapı dalında bir ev dayanıb,
   
   Hər evin içində bir div dayanıb.
   
   Açın mikrafonu, söz verin mənə...
   
   
   
   Mən atdan yazıram,
   
   itdən yazmıram,
   
   Qoyunun başında ipdən yazmıram.
   
   Əl-qoyun olmuşam atın yanında,
   
   Dönüb ip olmuşam ipin yanında.
   
   Baxıram quyuya gözlərim axır,
   
   Əllərim yalındı itin yanında...
   
   Susun, evim yanıb, yurdum dağılıb,
   
   Daşı üyüdənlər, qum ələyənlər,
   
   Hər yerə, hər yerə dərdim dağılıb,
   
   Acdı balalarım, şum ələyənlər...
   
   Mən şer yazmıram, söz ələyirəm,
   
   Qovrulmuş ovcumda köz ələyirəm,
   
   Hələ duz içində pörtdənir yaram,
   
   Dərd gəlir üstümə
   
   dörd divar kimi.
   
   Bir gün öz-özümü parçalayaram,
   
   Düzün ortasında canavar kimi...
   
   Deyirlər Koroğlu babamız olub.
   
   Çənlibel elimiz, obamız olub,
   
   Bu əyri ülgülər kimin oğludu,
   
   Həmzələr, tülkülər kimin oğludu?
   
   Açın mikrofonu söz verin mənə...
   
   
   
   Sən kimsən nəslinin xar xəlifəsi,
   
   Qanadlı qolların xor xəlifəsi.
   
   Dağılmış Bağdadın kor xəlifəsi,
   
   Bura Beyləqandı, Füzuli deyil,
   
   Bura İmişlidi, Zəngilan deyil...
   
   Qeyrəti qarnında piylənən kişi.
   
   Namusu cibində iylənən kişi.
   
   Gecdi, ayılsan da özünü yorma,
   
   Atanı, oğlunu, qızını yorma,
   
   Onsuz da haramdı bu duz,
   
   bu çörək,
   
   Bizim üstümüzdən gör nələr əsdi.
   
   Bircə gün tumanın içinə girmək
   
   Əlli il arvadlıq etməyə bəsdi!
   
   Qızım dərsə gedir, çantası yoxdu,
   
   Qızım dərsə gedir, ayağı yalın.
   
   Qırmızı toxların xatası yoxdu,
   
   Millət səsə gedir, ayağı yalın.
   
   
   
   Açın mikrafonu söz verin mənə...
   
   Örtün, çadırların üstünü örtün,
   
   Çadır mənliyimin çılpaq yeridir
   
   Örtün çadırların üstünü örtün,
   
   Çadır tapdalanmış papaq yeridi...
   
   Mən şer yazmıram, hədə yazmıram,
   
   Bağırıram uzun, dar qulaqlara,
   
   Dili ərşin yarım kar qulaqlara.
   
   Mən şer yazıram, hədə yazmıram.
   
   Gözlərdən süzülən suyu qazıram.
   
   Mən özüm-özümə quyu qazıram...
   
   
   
   ***
   
   Durma bu taleyin, baxtın qəsdinə,
   
   Dəryası quruyar, bulağı batar.
   
   Dəlitək yeriyib dərdin üstünə,
   
   Elə qışqıraram qulağı batar.
   
   
   
   Kimsə yorğun, arğın gəlir uzaqdan,
   
   Bu axşam nəyim var qalıb Allaha
   
   Sonuncu yarpaq da
   
   düşür budaqdan
   
   Barı inanasan payızdı daha...
   
   
   
   Ağaclar elə bil odda qovrulub,
   
   Yüz ildi doğranıb, saplaq qurumur.
   
   Qərib qəbirləri suyunan dolub,
   
   Göydə bulud yoxdu,
   
   torpaq qurumur...
   
   
   
   Dişləri ağarır, gözləri gülmür,
   
   Beşiklər sallanır söz quyulara.
   
   Vətənsiz qundaqlar salavat bilmir,
   
   Ay çəkib aparır kor quyulara...
   
   
   
   O doğma torpaqlar harda qaldılar,
   
   Yerin də, göyün də soyuqdu üzü.
   
   Aysız gecələrdə balta çaldılar,
   
   Qurd yeyir, qurd yeyir
   
   içərdən bizi...
   
   
   
   ***
   
   
   
   Keçmişin altını-üstə çevirən,
   
   Köçə bilərsənmi bu yad evə sən.
   
   Nəyə and içim ki, səni sevirəm
   
   Nəyə and verim ki, məni sevəsən.
   
   
   
   Ətəklər cırılıb, əl üzülübsə,
   
   Qabaqda nə var ki, qalandan demə.
   
   Özümüz yazmışıq nə yazılıbsa,
   
   Belə olmalıydı, yalandan demə...
   
   
   
   Çiçəyə oxşamır kəsək də, daş da,
   
   Dəlisov sevdalar uzaqdı məndən,
   
   Sən indi Leylinin anası yaşda,
   
   Məcnunun atası uşaqdı məndən...
   
   
   
   Biz kösöv olanda söndü ocaqlar,
   
   Külünə qovuşmaz külüm, sonsuzuq.
   
   Ayrı-ayrılıqda övladımız var,
   
   İkimiz bir yerdə, gülüm sonsuzuq.
   
   
   
   Mətbəxdə, yataqda
   
   xoş keçən ömrün,
   
   Guya ki, ləzzəti, tamı belədi.
   
   Təsəllisi birdi, boş keçən ömrün,
   
   Adam elə bilir hamı belədi.
   
   
   
   Bir qapıdan bəxtəvər tək girmədin,
   
   Şükür mən də öz başımın daşıyam.
   
   Heç sən də Allahın
   
   günün görmədin,
   
   Qoymadın ki, qulağı dinc yaşayam...
   
   
   
   Bu istəklər qabağıma çıxandan,
   
   Qazandığım, itirdiyim su olub.
   
   O dünyada tutacağam yaxandan,
   
   Deyəcəm ki, Əzrayılım bu olub...

TƏQVİM / ARXİV