GÖY üZü TƏMiZ OLUR

FAİQ QİSMƏTOĞLU
33762 | 2010-05-01 04:33
Göy üzü Allahın və ruhlarındı. Bu sözləri heç də elə-belə insan deməyib. Yəni hər şeyi dərindən dərk edən, dünyanın bütün keşməkeşlərindən baş çıxaran filosoflardan biri bu fikri söyləyib. Tər-təmiz göy üzünü bir də görürsən ki, insanlar yaman günə qoyur. Gündə bir sınaq keçirir, br silah icad edir, ya da başqa bir forma da nəyisə kəşf etmək istəyir. Bu cür kəşflər isə sonda bumeranq kimi göy üzündən insanlara qayıdır. Təkcə o bumeranq kimi qayıtmır, həm də yağışa, doluya, selə dönüb insanların başına olmazın müsibətlərini gətirir. Təəssüf ki, yenə insan övladı bəd əməlindən qalmayıb göy üzünə Ramiz Rövşənin sözü ilə demiş olsaq, daş yox, daha ağır şeylər tullayır. Göy üzü isə bu cür ağır yükləri heç vaxt saxlaya bilmir və yenidən göy üzünə atılan həmin ağır yük insanların başına düşür.
   
   Hələ də bir çoxları elə fikirləşirlər ki, yəqin dünyanın axırı olmayacaq. Amma hər şeyin əvvəli və sonu olduğu kimi, dünyanın da axırı var. Haqq-hesabı, tufanı, çovğunu, seli, zəlzələsi var. Bunları dərk eləməyən və bunları düşünməyən hər hansı bir kəs çətin ki, nə vaxtsa bu tufanın, bu zəlzələnin ağrı-acısını görməsin. Ən azından son vaxtlar təbiətdə baş verən anomal hadisələr - leysan yağışlar, sürüşmələr, sunamilər, zəlzələlər onu deməyə əsas verir ki, heç bir ölkə və dövlət bu təhlükədən sığortalanmayıb. Ona görə də insanlar insan kimi hərəkət etməli, göy üzünə nə gəldi atmamalı və aləmi bir-birinə qarışdırmamalıdılar. Yoxsa bunun qisası çox ağır olacaq.
   
   
   
   ***
   
   Hər dəfə doğulduğum torpağa - Füzuli rayonunun Böyük Bəhmənli kəndinə gedəndə yolumu qəbiristanlığımızdan salıram. Orda bizim əzizlərimiz, atalarımız, analarımız və qardaşlarımız uyuyur. Bir-bir məzarlara baş çəkəndə və kimlərisə ziyarət edəndə daxilən insan bir rahatlıq duyur. O yerdə ki, məzarıstanlıq var, o yerdə ki, insanlar uyuyur, gərək onları heç vaxt dirilər yaddan çıxarmasın. Bir-bir qəbirlərə baxıram. Hamısı qohum-əqraba, dost-tanış və yaxın insanlardı. Bir salavat çevirib yaxınlıqdakı qəbirə yaxınlaşıram. Bir yaxın dostum, gözəl cərrah və qeyri-adi istedad sahibi olan Əhliman Pənahoğlunun məzarıdı. Özümdən asılı olmayaraq, baş daşını qucaqlayıb üzümü onun məzarına sürtürəm və göz yaşım onun məzarını isladır. Hər tərəfi ot, gül-çiçək ağzına alıb. Bir az qarşıda isə atamın, anamın və qardaşımın məzarı var. Seyran Səxavətin bir sözü yadıma düşür: jurnalist soruşur ki, Füzuliyə getsəydiniz ilk dəfə hara baş çəkərdiniz? O da deyir ki, şəhərdə olan qəbristanlığa. Atamın və anamın qəbirinin yanında yerə uzanıb əllərimlə onları qucaqlayardım. Bundan sonra bütün dərd çiynimdən götürülərdi. Həmin hissləri mən qəbristanlıqda olanda yaşadım. İstər-istəməz məzarıstana girəndə adam kövrəlir. Ancaq elə ki, molla bir Yasin oxuyur, gözündən yaş çıxır, bax onda adamın içi bir qədər dincəlir. Çünki Yasin oxunanda deyilənlərə görə, rəhmətə gedənlərin də ruhu şad olur və sevinir. Dizimi yerə qoyub ətrafdakı tikanlı qanqanları, otu əllərimlə çəkib çıxarıram ki, oraları kol-kos basmasın. Adətən birinə qarğış edəndə deyirlər ki, qəbrinin üstünə gələn olmasın və məzarın kol-kosla örtülsün. Bu hissləri duyurmuş kimi yenidən qəbirlərin ətrafındakı otları, alaqları əllərimlə təmizləyirəm. Bu da mənə bir sakitlik və bir təsəlli gətirir. O təsəlli ki, heç olmasa rəhmətə gedənləriimzin məzarının ətrafındakı kol-kosu təmizləyib bir yüngüllük tapıram. Hər halda, qəbiristanlıq elə bir yerdi ki, ora hamının yolu düşür. Amma gərək elə edəsən ki, o qəbirləri heç vaxt kol-kos, tikan və alaq otları basmasın. Camaat deməsin ki, filankəsin üç qızı, üç oğlu var, onlardan biri gəlib onun məzarını ziyarət etmir və qəbirlərin ətrafındakı kol-kosu təmizləmir. Almanlar yaşlaşanda qəbiristanlığa daha tez-tez gəlirlər. Bu da onunla bağlıdır ki, onlar yaxşı bilir hər bir insanın sonu burda bitir. Amma biz azərbaycanlılar isə çox vaxt qəbiristanlığa kimsə rəhmətə gedəndə baş çəkirik. Adi günlərdə illərlə və bəzən də daha çox zaman kəsiyində bir dəfə olsun əzizlərimizin məzarını ziyarət eləmirik. Bax, bunu bizə nə Allah, nə də rəhmətə gedənlərimizin ruhu bağışlayar.
   
   
   
   ***
   
   Günlərin birində Əzrayıl bir kişinin başının üstünü kəsdirir ki, bəs sənin canını almalıyam, hazırlaş. Həmin adam da bir yerə baxır, bir də göyə və qayıdıb deyir ki, ay Əzrayıl qardaş, yaşımın cavan vaxtında mənim canımı niyə alırsan? Axı hələ mənim nə qədər görməli işlərim var. Oğlumu evləndirməliyəm, qızımı köçürməliyəm. Əzrayıl isə deyir ki, bunların mənə heç bir dəxli yoxdur. Ömrü alan mən deyil, Allahdı. Mən də Allahın əmrini yerinə yetirirəm. Həmin kişi də Əzrayıla yalvarır ki, qurban olduğumla məni birləşdir. Çox götür-qoydan sonra bu xəbəri Əzrayıl Allaha çatdırır. Allah da deyir ki, o hansı bəndədir ki, mənim əmrimi pozur. Həmin bəndə Allaha yalvararaq deyir ki, bəs necə olur Əhmədin 70 yaşı var onun canını almırsan, Əlinin 80 yaşı var onu öldürmürsən, mənim canımı almaq istəyirsən? Allah da buyurur ki, ona görə həmin insanlara dəymirəm ki, onlar yaxşı və əməli saleh adamlardı. Amma sən yaşadığın bu dövrdə bir adama yaxşılıq eləməmisən. Elə əlindən kimlərəsə pislik eləmək gəlir. Bəndə yenidən deyir ki, yaxşılara yaxşılıq eləməyə nə var ki, böyüklük odur ki, mənim kimi pis adamlara yaxşılıq eləyəsən. Allah da bir az fikirləşir, sonra da bəndəsinə bildirir ki, bu dəfə ona möhlət verir, gərək həmin bəndə pis əməllərdən çəkinsin və əməli saleh işlərlə məşğul olsun. Bəndə də Allah-Təala tərəfindən ona yeni ömür verildiyinə görə, yerdə qalan ömrünü yaxşılıqla keçirir və haqqın yoluna qayıdır. İndi görək bütün insanlar öz səhvlərini baş düşüb bu cür haqqın yoluna qayıda bilirmi? Bax, bu suala cavab vermək çətindir.
   
   
   
   ***
   
   Həmişə hansısa mükafatı və ərmağanı istedadlı adamlara verəndə çox xəsisilik ediblər. Bəzi istedadlı adamlar bu ədalətsizliyə dözməyib əsəbləri pozulub, infakt keçirib və hətta dünyasını dəyişib. Bir dəfə də hansısa istedadlı rəssama mükafat vermək istəyiblər, amma sonradan fikirlərini dəyişiblər. Həmin istedadlı rəssam da o qədər əsəbiləşib ki, bilməyib laqeyid və soyuqqanlı vəzifə sahiblərinə öz etirazını hansı formada bildirsin. O rəssam bakılı olduğuna görə, elə belə də deyib: "Mükafat vərürsüz vərün, vərmürsüzünüz, vərmüyün. Vərəndə də elə vərürsüz ki, vərməsənüz ondan yaxşudu". İndi görün ədalətsizliyə və etinasızlığa məruz qalan insanlar necə çətin anlar yaşayırlar. Bəzən bu xalqın, bu vətənin, bu torpağın və bu millətin yolunda canını qoyan insanlar heç vaxt yada düşmür, amma çoxlarının tanımadığı istedadsız, abırsız və mənəviyyatsız adamlar mükafatlandırılırlar. Bunu da təbii ki, istedadlı adamlar görəndə haqsızlığa dözə bilmir, onların ya əsəbləri pozulur, ya da dərddən ürəkləri partlayır. Necə də partlamasın, 50 il sənətə vicdanla, namusla qulluq edən muğam ifaçısı olan xanəndəyə əməkdar artist adı qıyılmır, amma hər gün soyunub efirə çıxan və yüz oyundan, hoqqadan çıxan əxlaqsız, səviyyəsiz bir müğənniyə xalq artisti adı verirlər. Onların nə oxumağı bir oxumaq deyil, nə də danışmağı danışmaq. Səsləri yoxdu bu aydındı, amma hər gün efirə çıxıb elə düşük-düşük, şit-şit danışırlar ki, adamın əli üzündə qalır. Ramiz Rövşən kimi istedadlı bir şairə hər hansı televiziya məkanında 10 dəqiqə vaxt ayırmağa kimlərsə can çəkir, amma səviyyəsiz və mənəviyyatsız efir müğənnilərinə gen-bol vaxt ayrılır və onlar da ağızlarına gələni danışırlar. Görünür, kimlərəsə milli-mənəvi dəyərlərimizi təbliğ edən sənətkarlar yox, bu cür səviyyəsiz və əxlaqsız müğənniləri təbliğ etmək daha çox sərf edir. Nə vaxtacan sərf edəcək, bax, onu deyə bilmərik. Yəqin ki, bir gün belələrinə "dayan!" deyən tapılacaq.

TƏQVİM / ARXİV