adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

TüRK KüLTüR KONQRESi

SEYFƏDDİN ALTAYLI
50056 | 2010-05-01 04:33
Türkiyə Cümhuriyyətinin özülü mədəniyyətdir.
   
   Atatürk
   
   
   
   Turana qılıncdan da kəskin ulu qüvvət
   
   Yalnız: mədəniyyət, mədəniyyət, mədəniyyət...
   
   Hüseyn Cavid
   
   
   
   Mədəniyyət, hər millət üçün həddən artıq mürəkkəb, mürəkkəb olduğu qədər də önəmli bir hadisədir.
   
   Mədəniyyət bir toplumun xarakterinin güzgüsüdür ki, onu o kütlərin fikirləri, bilikləri, inamları, yaratdığı texniki vəsaitlər və davranış qaydaları təşkil edir. Kültür, bir xalqın "toplum mirası"dır və onun özülü dildir. Mədəniyyətin bir maddi, bir də mənəvi yönü vardır ki, dil onun mənəvi yönünə aiddir. Bugünkü çağımızda bir toplumun hansı millətin mədəniyyətinə daxil olmasını, onun hansı kültürün mənəvi yönünü mənimsəməsiylə fərqləndirə bilərsiniz. Amerikada yaşayan və genetik yöndən Afrika köklü olan qaradərililər bugün ulu babalarının dilini və mənəvi mədəniyyətini yox, İngilis dilini və mədəniyyətini mənimsəyib və onlara nə İngilis deyə bilərsiniz, nə də Afrikalı. Mədəniyyət olaraq İngilis kültürünə mənsub olsa da gen olaraq fərqlidir və hibrid xarakterli bir toplumdular. Asimilasiyanın özü də, bir toplumun öz geninə mənsub mədəniyyət əvəzinə özgə genə mənsub bir xalqın mədəniyyətini mənimsəməsidir.
   
   İbtidai toplumlarda millətləşmə şüurunun bünövrəsi təbii olaraq lokal genetik qohumluğa söykənir və ondan ilham alırdı. Müasir mənadakı toplum nümunələrinin yaranması dünya coğrafiyasında hər yerdə eyni vaxtda görülməyibdir. İptidai kütlələrdə mədəniyyət hadisəsinin özülü, dulusçu çarxının və təkərin ixtira edilməsi, torpağın sürülüb əkilməsiylə yanaşı başlayıb. Bu prosesin başlamasıyla yanaşı insanoğlu daimi olaraq təbiəti müşahidə edib və ondan aldığı ilhamla araşdırmasını sürətləndirib. Bəşərin iptidai təkərlə başlayan mədəniyyət yürüşü indiki vaxtda ulduzlara yönələrək davam etdirilir.
   
   Heç kəs mənim şovinist hisslərlə çıxış etdiyimi zənn etməsin, ancaq insanoğlunun başladığı mədəniyyət sərgüzəştində Türk millətinin həddən artıq özəl bir yeri vardır. İnsanoğlunun ilkin texnoloji ixtirasını reallaşdıran, dulusçu çarxıyla təkəri yaradıb işə salan biz türklərik. Qərblilər qısqanclıq ucbatından bunu qəbul etməsələr də tarixi həqiqəti tərs-üz eliyə bilməzlər. Arxeoloji tapıntılar bu fikrimizi artıqlamasıyla təsdiqləyir. Təkərin, dulusçu çarxının tapıldığı yer Anadolu və Azərbaycan sahəsidir. Torpaq da ilkin burada sürülüb, torpağa ilk toxum burada səpilərək əkinçi mədəniyyəti başladılıb. Buğdanı, darını, arpanı əkən, qoyunu, atı, köpəyi əhliləşdirən bizik, hamı bunu bilməlidir. Buna dodaq büzüb inanmayanlara, ali təhsilini qədim Önasiyada yaşayan xalqların dilini, mədəniyyətini və tarixini öyrənərək alan biri kimi, Anadolu və Azərbaycan coğrafiyasında aparılan arxeoloji qazıntılar vaxtı aşkarlanan tapıntılara və qazıntı arayışlarına nəzər salmalarını tövsiyyə edirəm.
   
   19-23 Nisan 2010 tarixləri arasında İzmir vilayətinin Çeşmə qəsəbəsində əgə Universiteti Türk Kültürünü Araşdırma İnstitutu ilə Türk Dil Qurumunun əlbirliyi ilə II-ci Uluslar Arası Türk Kültür Konqresi təşkil olundu. Bundan əvvəlki konqres də yenə həmin qəsəbədə təşkil olunmuş, o konqresdə də iştirak etmişdim. indiyə kimi Türkiyədə təşkil olunan önəmli qurultayları, konqresləri və simpoziumları TRT Türkiyənin Səsi Radiosu Azərbaycan Türkcəsi Verilişləri Redaksiyası adına daim izlədim. Dünyanın, xüsusilə də Türk dünyasının dörd tərəfindən gəlmiş elm və mədəniyyət adamlarıyla görüşdüm, onlarla müsahibələr götürdüm, canlı yayımlarda qonaq edərək təəssüratlarını dinləyicilərlə bölüşməsinə imkan yaratdım, onlarla dostlaşdım. Açıq-aydın bir dillə və əminliklə bunu deyə bilərəm: Çeşmədə təşkil olunan II-ci Türk Kültür Konqresində ürək dolusu həyəcan keçirdim, hədsiz zövq aldım. Loru dildə desək kefim doxsandoqquz vurdu. Səbəbi də bu idi. İndiyə kimi təşkil olunan bütün yığıncaqlarda müxtəlif qərarlar qəbul edilir, bir sonrakı yığıncağa kimi bir arpa boyu belə yol gedilməmiş kimi qəbul olunurdu, çünkü yaranan dəyişikliği əyani şəkildə göstərəcək müşəxxəs dəlillər o qədər də gözə batmırdı. Bu yığıncaqları təşkil edənlər kəskin tənqid atəşinə tutulurdu. Həddən artıq reaksiya ilə üzləşən yığıncaqların başını isə Qardaş Türk Dövlətləri və Topluluqları Qurultayı çəkir, çünkü bu qurultaylarda qəbul olunan qərarlar necə deyəllər fil sürətiylə həyata keçirilir. Bu qurultayları da, Çeşmədə keçirilən konqresi də tənqid edənlər elə bilirlər ki, həzrət Musanın əsası bu qurultayları və konqresləri təşkil edənlərin əlindədir. Qollarını qaldırıb əsaları ilə nəyəsə toxunacaqlar və qəbul edilən qərarların tamamı həyata keçiriləcəkdi. Hətta millətçilik şüuru bir az tünd olanlar tənqid oxlarını bir az da insafsızcasına bu yığıncaqları təşkil edənlərə yönəldirlər. Bizdə bir söz var, "korun istədiyi iki göz, biri əyri biri düz". Ulu babalarımız bu sözü elə-belə yaradıb, düzüb qoşmayıb. Onların istədiyini hamı arzulayır, ancaq... Məncə babalarımız "səbrlə halva bişər ey qora səndən" sözünü məhz belələri üçün yaradıbdır. Bu qardaşlarımız və bacılarımız xalqlarımız və dövlətlərimiz üçün fikirləşdikləri hər bir şeyin o dəqiqə həyata keçməsini istəyir. Ancaq onlar arzularla reallığı bir-birindən ayıra bilmir. Bunlar, nə dünyadaki siyasi toqquşmaları, nə imperiya siyasəti güdənlərin əməllərini, nə də Türk dünyasının qarşısına gizli yollardan və masklarla, ya da eynilə ermənilərdə olduğu kimi maşalarla çıxıb onun inkişafına və mədəni yöndən inteqrasiyasına maneəçilik törətməsindən bixəbərdilər. Bu şəxslərə, gözlərini açıb dünyanı yaxşı dərk etmələrini tövsiyyə edirəm.
   
   Mən, İzmirin Çeşmə qəsəbəsində keçirilən II-ci Türk Kültür Konqresində xəyallarımızın yavaş da olsa reallaşmağa başladığını gördüm. Türk dünyasının dörd tərəfindən gələn xüsusilə gənc alimlərin həddən artıq ayıq olduğunu, çağdaş biliyə yiyələndiklərini müşahidə elədim. Təqdim oluna məruzələrin səviyyəsi istənən qədər yüksəkdi. Bu da, Türk dünyasında başlayan, özümüzü, özülümüzü tapmaq yolunda sərf olunan əməklərin nə gözəl bəhrə vərdiyini göstərirdi. Təqdim olunan məruzələrin elmi səviyyəsinin yüksəkliyi, yeni nəsil ziyalılarımızın intelekt səviyyəsini də büruzə verirdi. Bir digər önəmli fakt isə təqdim olunan məruzələrin tamamının ya Türkiyə Türkcəsiylə və ya onların gəldikləri bölgələrin şivəsi və ləhcələrində təqdim olunmasıydı. On il qabaq təşkil olunan yığıncaqlarda məruzələr Rus diliylə aparılırdı. Bilmirəm, bu konqresi tənqid atəşinə tutanlara bu fakt bir söz deyirmiə! Bu qardaş və bacılarımızı başa sala bildimmi görən!
   
   II-ci Uluslar Arası Türk Kültür Konqresini təşkil edən, başda əgə Universiteti Türk Kültürünü Araşdırma İnstitutunun sədri Prof. Dr. Fikrət Türkmən müəllimə, institutun əməkdaşlarına, Türk Dil Qurumunun sədri Prof. Dr. Haluk Akalına, konqresin təşkilində əməyi olanlara ürək dolusu təşəkkürlərimi bildirirəm. Ürəyiniz var olsun Fikrət müəllim, institutun əməkdaşları, hamınıza can sağlığı, təşəkkür, təşəkkür, təşəkkür.
   
   Tanrı, arzularımızı çin eləsin inşallah.

TƏQVİM / ARXİV