adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Minnətdarlıq reportajı

CEYHUN MUSAOĞLU
31214 | 2010-05-01 04:33

   
   Həyatımda bir treninqin izi
   
   
   
   Jurnalistlər üçün keçirilən bütün treninqlərdən istisnasız olaraq razı qalmışam. Rəhbərlik etdiyim Jurnalist Ekspert Mərkəzinin yaranması ideyasının da kökündə treninq dayanır. 2004-cü ildə Azərbaycan Jurnalistlər Liqasının bələdiyyə seçkilərini mətbuatda obyektiv işıqlandırılması məqsədi ilə Soros Fondunun maliyyə dəstəyi verdiyi 6 aylıq treninqin nəticəsi yeni QHT-nin - Jurnalist Seçki Ekspert Mərkəzinin yaranmasına səbəb oldu. Treninqin iştirakçıları seçki prosesində iştirak edib maraqlı və obyektiv reportajlar hazırlamaqla bu sahədə ekspert ola biləcəklərini ortaya qoydular.
   
   Sonradan "Seçki" ixtisara düşdü. Təşkilatın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmadığını bu amillə əsaslandırıb adımızı qısaltdıq. Təəssüf, yenə qeydiyyata alınmadıq və bu gün də qeydiyyatsız fəaliyyət göstərməyə məcburuq.
   
   
   
   Bilirsən soyqırım nədir?
   
   
   
   Treninqlərin əhəmiyyətini göstərməkdən dolayı yazdığım bir neçə cümləni inanıram ki, özünüreklam hesab etmədiniz. Ən azından niyyətim belə deyil. Niyyətsə əsas şərtdir. Elə Qubadakı treninqdə ilk dəfə idi eşidirdim ki, soyqırımın sübutunun əsasını niyyət təşkil edir. Gördünüz, bir treninqin əhəmiyyəti nə qədərdir? İndi düşünürəm: ona görə Xocalı soyqırımını dünyaya tanıda bilmirik ki, ermənilərin murdar niyyətini sübut etməyi bacarmırıq.
   
   
   
   İflasa uğrayan daha bir dedi-qodu
   
   
   
   Qubadakı treninqi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi təşkil etmişdi. Layihənin maliyyə dəstəyi "Azərfon" şırkəti tərəfindən həyata keçirilirdi. Aprelin 21-dən 24-nə qədər biz şəhərin hisindən-pasından, şəhər də bizim hirsimizdən-hikkəmizdən azad oldu. Qubanın möhtəşəm İdman Olimpiya Kompleksi. Statistkaya görə ölkədə ən böyük komleksdir. Ölçməmişəm, amma gördüm və 3 gün yaşadım. Olduqca səliqəli, rahat və qonaqpərvər bir məkan. Orda olarkən "İdman Komplekslərinin qapıları bağlıdır" dedi-qodusunun mənasızlığını anladım.
   
   12 gün idi ki, taykvando yığma komandası kompleksdə təlim-məşq toplantısı keçırdı. Bakıya qayıtmağımıza bir gün qalmış Azərbaycan çempionatında oynayan voleybol komandalarımız gəldi. Ailəvi qonaqların də sayı kifayət qədər idi...Demək istəyirəm ki, əla yerdə məskən salmışdıq. Demək istəyirəm ki, layihənin müəllifləri və təşkilatçılarına minnətdarıq.
   
   
   
   Onlarla dost
   
   olmaq nə gözəl
   
   
   
   BMT-nin Resident Əlaqələndiricisinin ictimaiyyətlə əlaqələr və informasiya məsələləri üzrə müşaviri Fərqan Abbaszadə hələ yolda ikən bizimlə isti ünsiyyət yaratdı. Özü barəsində qısa olaraq hər şeyi danışdı, bizim barəmizdə də çox informasiya öyrəndi. Qubaya çatanda köhnə dostlar kimiydik. Fərqan bəyin səmimiyyətinə heyran olmamaq mümkün deyildi. Onun barəsində mətbuatdan uzaq olan dostlarıma danışanda dedilər: adamın belə dostları çox ola. Olmur, belələri çox olmur. Bu da mənim cavabım.
   
   BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı müşaviri Teymur Məlik-Aslanovla tanışlığımızdan mənəvi olaraq qazandıqlarımız sonumuza qədər bəsimizdi. Başdan-ayağa mədəniyyətdən yoğrulmuş Teymur bəyin mətbuat barəsindəki dəyərli fikirlərindən "Belə olsa yaxşıdır" adlı əla kitab hazırlamaq olar. Orda bildik ki, Teymur Məlik-Aslanov ombudsmanlığa namizəd olan 3 nəfərdən biridir. İnanıram və əminəm ki, nə vaxtsa onu ombudsman görəcəyik.
   
   Fatma Ağazadə. İnsan Hüquqları üzrə Ali Komissarlığında mütəxəssis kimi çalışan Fatma xanım nəzakəti ilə yaddaşımızda elə iz saldı ki, hər dəfə xanımlıqdan söhbət düşəndə onu xatırlayacağımıza əminəm.
   
   Qubada kəşf etdiyim insanlardan biri də Ombudsman Aparatının Elmi-Analitik Sektorunun müdiri Zaur Əliyev oldu. Zaur bəyi dinləyənə qədər Ombudsman Aparatı barədə mənfi təsəvvürə malik idim. Onun 90 dəqiqəlik mühazirəsi yanıldığımı göstərdi. Belə nümayəndələri olan Aparat işləkliyini itirməz.
   
   
   
   Təsəvvürləri
   
   dəyişən adam
   
   
   
   Zaur Əliyev aprelin 22-i ilk mühazirəçimiz oldu. Çıxış BMT-nin insan hüquqları sistemi: Saziş Qurumları, Azərbaycanın BMT konvensiyaları üzrə beynəlxalq öhdəlikləri mövzusunda idi. Aprelin 21-axşam "Ruanda Mehmanxanası" filminə baxmışdıq. Beynəlxalq təşkilatların münaqışə zonalarındakı rolu barədə xeyli suallar toplamışdıq. Zaur bəydən bu sualların hamısına dəqiq və izahlı cavablar aldıq.
   
   Nahardan sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının baş hüquq məsləhətçisi Zaur Nağıyevin qaçqınlar və insan hüquqlarına həsr olunan mühazirəsindən olduqca maraqlı və lazımlı həqiqət tapdıq. "Ruanda Mehmanxanası" filmində iki tayfa arasındakı yüzminlərlə insan qırğını bir jurnalistin informasiyası ilə baş vermışdi. Olardımı belə informasiya yaymaq? Zaur Nağıyev bir cümlə ilə cavab verdi: "Jurnalist sülhə çalışmalıdır". Bəli, filmin qəhrəmanı yalan və şişirdılmış informasıyası ilə münaqişə yaratmışdı. Həm də dəhşətlı münaqişə.
   
   
   
   Onlara əlil deməyin!
   
   
   
   Növbəti mühazirəçı UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə uşaq və əlillər mövzusunun ehtiyatlı tərzdə işıqlandırılmasının vacibliyinə toxundu. KİV-in ən yaralı yeri. Fiziki qüsuru olanları yazıq kimi təqdim etmək, əsasən də televiziyaların şakərinə çevrilib. Bununla onlara dəstəkçı axtardıqlarını düşünürlər. Daha dərk etmirlər ki, fiziki qüsuru olanları mənəvı mənada aşağılamış olurlar. Olmaz axı... Bilirəm çox uzağa getdim. Doğrusu, Munir bəyin çıxışı zamanı düşündüklərim idi bunlar. Diliməsə gətirmədim. Qeyri-peşəkar olduğumuzu nümayiş etdirməkdən utandım. Bəs indi niyə yazıram eləmi? Çünki vicdanımdan utanıram.
   
   
   
   Hələ hörmətli
   
   qonaqlar olacaq
   
   
   
   Doğrusu, çox yorulurduq. Amma bu yorğunluqda şirinlik vardı. Bir yerdə şam etmək isə başqa aləm idi. Hər iki nəfərə ayrılan geniş otaqlarda dincəlməyə tələsmirdik. Cəmiyyətdəki vəziyyəti geninə-boluna müzakirə etmək üçün əlimizə imkan düşmüşdü. Bir də bu adamları hardan tapacaqdıq suallarımıza ləzzətli cavablar alaq.
   
   Tələsməyək, qarşıda bütöv bir gün var. Aprelin 23-ü. Artıq yuxudan telefonla qalxırıq. Havası təmiz, otaqları səliqəli, çarpayıları rahat olan yerdən kim tezdən saat 8:00 da qalxar axı? Qalxar, Fərqan bəyin zəngi hamımızı cəhər yeməyinə çağırırdı. Qarşıda maraqlı mühazirələr gözləyir bizi. Qonaqlarımız iki gündür yollarıını gözlədiyimiz "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədru Arif Əliyev, "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı, ekspert Elşad Fərzəliyev və BMT-nin İctimai İnformasiya Deportamentinin informasiya üzrə mütəxəssisi İqrar Əliyevdir.
   
   
   
   Ayrıseçkiliyə yox!
   
   
   
   İlk çıxışçı Elşad Fərzəliyev münaqişələr və müxtəliflıyın ışıqlandırılmasında hansı səviyyədə ehtiyatlı olmağımızın izahını verdi. Dedi: "Bütün fərdlərimizə baxmayaraq, hamımız yaşadığımız və çalışdığımız cəmiyyətin üzvləriyik". Təvəzökarlıq olmasın, mən də deyirəm ki, biz vətəndə doğulduğumuz üçün yox, vətəndə yaşadığımız üçün oranı sevməliyik. Elşad bəy Böyük Biritaniya mətbuatından misallar gətirəndə bu həqiqətə söykənmişdı. Qəzetlərdən biri qaçqınların məskunlaşdığı düşərgədə baş verən yanğından yazıb. Və sübut etməyə çalışır ki, ölkələrinə qayıtmağa etiraz edın qaçqınlar qəsdən yanğın törədiblər. Sonradan məlum olur ki, yanğın təsadüf və bu təsadüfün daha ağır fəsadlar törətməsinə yollar açan səhlənkarlıq nəticəsində baş verib. İki qaçqının savaşması qaz xəttini zədələyib, yanğnın qarşısını alacaq qurğular olmadığından alov geniş ərazini zəbt edib. Halbuki, düşərgənin tikinti planında belə qurğuların quraşdırıldığı aydın göstərilib. Məmur hərisliyi qaçqınları günahdan qurtarsa da onlara qarşı ictimai rəy mənfiyə dəyişmiş olur. Belə olmaması üçün jurnalistlər nə edə bilərlər? Elşad Fərzəliyevdən eşidirik:
   
   - Cəmiyyətin bütün üzvlərinin eşidilməsinə və görünməsinə kömək edə bilərlər;
   
   - Münaqişələr və sosial bölgülərə səbəb olan stereotiplərdən yaxa qurtarmağa kömək edə bilərlər;
   
   - Müxtəlif qrupların ümumi cəhətlərini vurğulaya bilərlər;
   
   - Vətəndaşlıqdan irəli gələn məsuliyyət, qazanc və öhdəlikləri bərabər bölüşmək imkanı yarada bilərlər.
   
   
   
   Elçin Şıxlının tapıntısı
   
   
   
   Dinləyicilər Azərbaycan mətbuatından misallar çəkdi. Vəziyyət ürəkaçan deyildi. Elçin Şıxlının jurnalistlərin etikası mövzusundakı mühazırəsi vəziyyətin niyə ürəkaçan olmadığına aydınlıq gətirdı. Birinci, jurnalist peşəkarlığı çatmır, ikinci, cəmiyyət jurnalistikayla münasibət qurmağın yollarını bilmir. Bəzən yersiz olaraq ortaya çıxan məhkəmə çəkişmələri qəzetlərə maddi və mənəvi zərbə olur. Bəs neyləməli? Əlbəttə çıxış yolu var. Elçin Şıxlı bütün yazılarda yazarın daxili mədəniyyətinin lokomatıv olmasının tərəfdarıdır. Aydınlaşdırırıq ki, qəzetlərimiz onlara rəhbərlik edən baş redaktorların xarakterini əks etdirir. Hər bir baş redaktor öz xarakterinə uyğun qəzet hazırlayır. Söhbət fərdi yanaşmadan gedirsə, daha bunun harası Kütləvi İnformasiya Vasitəsi oldu ki?...
   
   
   
   Arif Əlyevin məntiqi:
   
   "Harda olmalıydıq, hardayıq"
   
   
   
   Treninqlərdə xeyli sayda ziddiyyətli məqamlarla rastlaşdıq. Arif Əliyev "Defamasiya haqqında" qanun layihəsinin qəbulundakı problemlərə toxunanda onu da etiraf etdi ki, mətbuatın bu proseslə başını qatması heç qəbuledilən deyil. Qəzetlərinin üst-üstə tirajı 50 minə çatmayan mətbuat daha böyük hədəflərin üstünə getməli idi. Təəssüf.
   
   
   
   Absurd: bizə gülənlər bizi də güldürür
   
   
   
   Əlbəttə 3 günlük treninqi təəssüf hissi ilə sona çatdırmadıq. Anketlərdə rəyimizi bildirdik. "Daha hansı mövzuda seminar keçmək istərdiniz" sualına isə şəxsən mən belə cavab verdim: necə edək ki, keçid dövrü tez bitsin və cəmiyyətimiz demokratiyaya tam qovuşsun. Axı bezdik "demokratiya gediləsi uzun bir yoldu" tezisini eşitməkdən. Bütün yolların sonu var. Bakıdan Qubaya uzanan yol boyu jurnalist həmkarlarımızla Çoşqun və Rafaelin yeni diskinə tamaşa etdik. Günümüzün acı reallıqlarını ifşa edirdilər. Bizə gülürdülər. Və dəhşət: biz də gülürdük, bəlkə də ürəkdən yox.

TƏQVİM / ARXİV