adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ADiLiN ADiL ÖMRü

19102 | 2010-05-01 04:33
(əvvəli ötən saylarımızda)
   
   
   
   Beləliklə, 1945-ci ilin küləkli, yağmurlu payızında Adilin taleyinə sanki Günəş doğdu. Bu Günəşin işığında "Çinar" kölgəsində "Qocanın söhbəti" minlərlə insanın dilində-dodağında dolaşdı, yaddaşlara həkk oldu:
   
   
   
   Daddımsa aləmin hər nemətini
   
   Dilbər guşələrdə keçdisə ömrüm,
   
   Dünyanın ən böyük səadətini
   
   Bu boylu çinarın altında gördüm.
   
    B. Adil
   
   
   
   On gün sonra, noyabrın 10-da, daha bir hadisə baş verdi. "Kommunist" qəzeti Səməd Vurğunun Adil Babayevə ithaf etdiyi "Mənim arzum" şeirini dərc etdi. Adilin adını eşitməyənlər, üzünü görməyənlər də Vurğun xeyir-duasından sonra onu tanıdı. Noyabrın 11-də, həmin şeir "Bakinski raboçi" qəzetində Pavel Pançenkonun tərcüməsində "Moya meçta" adı ilə rus dilli oxuculara da təqdim olundu. Bu minvalla "Çinar" ( "Qocanın söhbəti" şeiri əslində belə adlanır və bu adla A. Babayevin kitablarında yer alır. E.A.) müasir Azərbaycan ədəbiyyatında haqqında ən çox danışılan əsərlərdən birinə çevrildi ...
   
   Bəzən hər hansı münasibətlə bu və ya başqa şəkildə mükafatlanan insanı təbrik edəndə tez-tez işlənən çeynənmiş sözlər eşidirik: "Bu mükafat ona deyil, kollektivə verilən yüksək qiymətdir". Şəxsən mən belə dəyərləndirməni başa düşmürəm, daha doğrusu, qəbul etmirəm. Məsələyə bu cür yanaşma komanda oyunlarında keçərli ola bilər. Şeir isə Tanrının istedad və ilham payı ilə yazıçı əməyinin vəhdətindən doğan nəticədir. Adilin ətrafında dost sevincini paylaşanlarla yanaşı, onun məğrur "Çinar"ını doğram-doğram edib, əhəmiyyətini kiçiltmək istəyənlər də tapıldı. Adilin haqq etdiyi tərifi eşidib bundan daralanlar "Mənim arzum" şeirinin guya ümumən gənclərə xitabən yazıldığı barədə əsassız müddəaları dövriyyəyə buraxdı. Təbii ki, yalan ayaq tutub yerimədi. Çünki ortada Səməd Vurğunu riqqətə gətirən poetik lövhə vardı. Səməd Vurğun dəyərli arzu və istəklərini bir bəndini epiqraf kimi götürdüyü B.Adilə ünvanlamışdı. "Mənim arzum" gələcəyinə ümidlə baxdığı iyirmi yaşlı qələm dostunun geniş yaradıcılıq imkanlarına Vurğun inamının aynası, yüksək qiyməti və ustad tövsiyəsi idi ...
   
   
   
   "Şair! Nə incədir rübabın sənin!
   
   Uçurdu qəlbimi çaldığın o saz!"
   
    Səməd Vurğun
   
   ***
   
   Bir neçə gün sonra "Kommunist"in redaksiyasına zəng çalıb Adil Babayevi soruşdular. Məlum oldu ki, Yazıçılar İttifaqının sədri onunla görüşmək istəyir. Təyin olunmuş vaxtda görüşə gələndə təvazökarlığından katibəyə demədi ki, məni bura dəvət ediblər. Sədrin yanında toplantı olduğunu eşidəndə dinməz-söyləməz qəbul otağında oturub ümumi qaydada sıra gözlədi.
   
   Səməd Vurğunun "Könül dəftəri" adlı narıncı üzlüklü kitabını Naxçıvanda ibtidai sinif şagirdi olanda evlərindəki kitab rəfindən götürüb vərəqləmişdi. İllər keçdikcə dərsliklərdə, qəzet və jurnallarda şairin digər əsərlərini, kitablarını oxuyaoxuya, o da Vurğunun çoxsaylı vurğunlarından birinə çevrilmişdi. 1938-ci ildə Lenin ordenli şairin "Vaqif" əsəri aləmə səs salanda pyesin yüksək şeiriyyətinə, vətənpərvərlik duyğularına bütün xalq məftun olmuşdu. Doqquzuncu sinifdə Adil "Vaqif"i əzbər bilirdi. Gələcəkdə Teatr institutunda oxuyanda diplom işi "Vaqif"i dramının səhnə taleyi ilə bağlı olacaqdı. Aspiranturada təhsil alanda da dissertasiya üçün "Səməd Vurğun yaradıcılığında tarixilik və müasirlik " mövzusunu seçəcəkdi. Amma indi bütün bunlardan xəbərsiz, qəbul otağında oturan oğlanın ürəyi həyəcandan yaman bərk döyünürdü. Birdən qapı açıldı, Səməd Vurğun kabinetindən çıxıb üzbəüz otağa keçəndə Adilə gözucu nəzər salıb salamlaşdı. Az sonra geri dönəndə pəncərə kənarında dayanan tanımadığı gəncdən nədənsə rusca soruşdu:
   
   - Vı ko mne ?
   
   Adilin yanaqları əməlli-başlı qızarmışdı. Bəlkə ona görə sədrin diqqətini çəkmişdi. Qarşısında dayanan "Vaqif" in, "Fərhad və Şirin" in nəhayət, ona itfah edilən şeirin müəllifini görüncə adam şaşırmazmı?
   
   - Məni sizinlə görüşə çağırıblar, Səməd müəllim. Adım Adil...
   
   Bu adı eşidəndə, onun baxışları qəribə ifadə aldı:
   
    - Adil Babayev? Nədənsə səni tamam başqa cür təsəvvür edirdim. Lap gənc görünürsən, neçə yaşın var?
   
   - İyirmi.
   
   - Toplantımız indicə bitdi, keçək işəri, səni yoldaşlarla da tanış edim.
   
   Sədr Adilin qolundan yapışıb kabinetinə apardı. Otaqda xeyli adam vardı: Məmməd Rahim, Osman Sarıvəlli, Süleyman Rüstəm, Məmməd Cəfər, Əhməd Cəmil... Adil həyacanlı olduğundan digərlərini tanıya bilmədi. Vurğun qələm dostlarına onu təqdim edib dedi:
   
   - Mənim şeir ithaf elədiyim Adil budur, tanış olun.
   
   Əhməd Cəmil:
   
   - Biz onu "Sovet Gürcüstanı"nda işləyən vaxtdan tanıyırıq, İttifaqla həmişə əlaqə saxlayır. Tədbirlərimizdə fəal iştirak edir.
   
   Məmməd Cəfər:
   
   Tiflisdən gələndə az müddət "Ədəbiyyat"da işlədi. Bizdə ara-sıra şeirləri çıxır.
   
   Səməd Vurğun:
   
   Bəs sonra niyə getdi?
   
   Məmməd Cəfər:
   
   - "Kommunist"ə işə düzəldi. Orda maaş daha yüksəkdi, liter payok verirlər.
   
   Sədr Adilə üz tutub soruşdu:
   
   - İttifaqın üzvüsən?
   
    Xeyir.
   
   - Partiyaçısan?
   
   - Xeyir.
   
   Yan tərəfdə əyləşən orta yaşlı adam boz surətinə dərin məna toyu çəkib xüsusi əda ilə Adilə solaxay sual verdi:
   
   - Partiya üzvü olmayaolmaya nə əcəb səni Mərkəzi Komitənin orqanına işə götürüblər?
   
   Adilin tutulduğunu görən Məmməd Rahim söhbətin məcrasını dəyişməyə çalışdı:
   
   - Adili mən də tanıyıram. Bir neçə dəfə görüşmüşük, söhbətimiz həmişə maraqlı, yaddaqalan olub. Bu yaxınlarda qəzet üçün məndən müsahibə almışdı. Təmiz, çalışqan oğlandır, istedadlı şairdir. Məncə, İttifaqa üzv olmağa layiqdir.
   
   Səməd Vurğun:
   
   - Qonağı çox da sorğu-sual etməyin. Təzə şeirlərindən əzbər bildiyin varsa, söylə qoy yoldaşlar eşitsin.
   
   Adil "Dilək" və "Layla" adlı iki şeirini oxuyub tamamlayınca, səsi yarpaq kimi titrəyir, boğazı səhra kimi qurumuşdu.
   
   Ona diqqətlə qulaq asan, Səməd Vurğun "bu əsl lirikadır, mən bəyəndim, siz necə? - deyə məclisdəki qələm əhlinə müraciət etdi. Süleyman Rüstəm:
   
   Səməd, onun barədə ən doğrusunu sən demisən: " Şair, nə incədir rübabın sənin!" Mən səninlə tam şərikəm. Adil, şeirlərin xoşuma gəldi, amma oxumağını bəyənmədim. Şair öz əsərini hamıdan yaxşı təqdim etməyi bacarmalıdır. Yadında saxla, bu işdə utanmaq, çəkinmək, sıxılmaq olmaz.
   
   Osman Sarıvəlli :
   
   - Süleyman, hamı sənin kimi ağzından od püskürə bilməz. O, hələ cavandır. Bu qədər adamın içində sıxılmağı da təbiidir. Yavaş-yavaş açılışar, düzələr. Əsas odur ki, həssas qəlbi, incə qələmi var. Səməd bircə şeirini oxumaqla Adilin xarakterini düz tapıb.
   
   Ay Səməd, bu gözəl misralarınla, elə bilirəm, həm Adilə qiymət vermisən, həm də Kür qırağından gələn eloğlumuzu yaxşı şeirlər yazmağa ömürlük səfərbər etmisən. Adilə isə arzum budur ki, ömürlük bu yolun yolçusu olsun.
   
   Bayaqkı adam yenə təşəbbüsü ələ alıb dilləndi:
   
   - Sən gündəlik hadisələrə şeirlərində münasibət bildirməyi də unutma. Lirika, məhəbbət, təbiət yaxşıdır. Amma inqilabdan doğulan bizim gənc nəsil ölkənin ictimai-siyasi həyatında bizdən də fəal olmalıdır. Bu yaxınlarda yoldaş Bağırovun gənclərin qarşısında qoyduğu vəzifələri bir də diqqətlə oxu. Bizim staxanovçuların, beşilliklərin əmək qəhrəmanlarını tərənnüm et, yoldaş Stalinə, partiyaya sədaqətini şeirlərində əyani göstər. Yoxsa, cinara, söyüdə, çaya, dənizə şeir yazmaqla partiyalı ədəbiyyatımıza fayda verməzsən.
   
   Hiss olunurdu ki, Səməd Vurğun bu adamın danışdıqlarından heç də xoşlanmır. Amma səbrlə dözür. Çünki bu "yazıçının" kim olduğunu İttifaqda hamı yaxşı bilirdi. O, ədəbi mühitdə əsərləri ilə deyil, donosları ilə tanınırdı. Kütləvi tədbirlərdə, ictimai yerlərdə hər kəsin hər sözünə, addımına, hərəkətinə, ifadəsinə göz-qulaq olub, şübhəli nə varsa, hamısını lazımı ünvana poçt göyərçinlərindən, teleqraf xətlərindən daha tez çatdıran yarasalar hər təşkilatda əsaslı kök salmışdı. İnsanların əməlinə, əməyinə qiymət veriləndə, NKVD arxivlərində yeddi qıfıl arxasında saxlanılan qovluqlardakı məlumatlar xüsusi əhəmiyyət daşıyardı. Amiranə tərzdə Adilə məsləhət verən bu adamın sədrin otağında göylə getməsinə səbəb qoltuğunun altıda gizli qalan yarasa qanadları idi. Səməd Vurğun bir daha "toplantı bitdi", deyib hamı ilə sağollaşdı. Otaqda Adillə tək qaldı. Bir "Kazbek" yandırıb papirosun zəhərli tüstünü ciyərlərinə çəkdi ki, dərdisərini içində boğub öldürsün. Otağın havası da ağır gəlirdi ona. Pəncərəni açıb içərini sərinləşdirdi. Adilə nələrsə deyəcəkdi, nəsə danışacaqdı. Amma hər ikisi susmuşdu. Elə bil sükutla dərdlərini bölüşürdülər... Böyük bir həbsxananı xatırladan "azad " məmləkətdə xəyanət, satqınlıq, rəzalət gölünə baş vurmadan yaşayanların sürgünə, ölümə məhkum edildiyi vaxtda, üç nəfərdən ən azı birinin xəfiyyə orqanlarının gizli məlumat mənbəyinə çevrildiyi eybəcər mühitdə mənən təmiz qalmaq, bəşəri dəyərləri unutmamaq, haqqın, ədalətin varlığına şəkk gətirməmək, partiya biletindən deyil, Tanrının ətəyindən yapışmağa içində cəsarət tapmaq çox çətin idi. Bunun üçün körpəlikdə təmiz ana südü əmmək bəs etmirdi. O qaçhaqovda nə yaxşı ki, anaların südü qurumamışdı. Nəhayət Səməd Vurğun sükutu yardı:
   
   - Adil, səni görməyimə şad oldum. İstedadını "Çinar" şeirinlə məlum etmişdin. Bu gün görüşəndə üzünə diqqətlə baxdım, adamlarla rəftarına, davranışına diqqətlə fikir verdim. Gördüm ki, abırhəya simanda yuva salıb. Sən bu şəhərə yeni gəldin, diqqətli olmağını istərəm. Bakıda xəzri-gilavarla yanaşı, başqa küləklər də əsir. Unutma ki, hər parıldayan daş qiymətli olmur, hər eşitdiyin sözdə də hikmət axtarma. Bayaq o adamın dediklərini onun kimilərdən hələ çox eşidəcəksən. Həmişə indiki kimi təmkinli davran. O dəqiqə cavab verməyə tələsmə. Düşündüyün kimi yaz, yazdığın kimi yaşa. Bu günlərdə səni təbrik edən bilirəm ki, çoxdur. Şairlər gül-çiçəyi xoşlasalar da, keçdiyi yollar adətən daşkəsəkli olur. Haqsızlıq, zülm, ədavət, xəyanət insan yaranandan həmişə var. Elə ki, rastına çıxdı, sıxılsan da darıxma. Daxırsan, ruhdan düşüb ona təslim olsan, sənə aman verməyəcək basılacaqsan. Sənətkar mübariz olmalıdır. Bir şeyi da yadında möhkəm saxla hər hökmü verən zaman olur. Hər necə olursa-olsun Zamanın tərəzi daşları ədalətdir.
   
   Səməd yazı masasının arxasına keçdi. Telefon dəstəyi götürüb məsul katibə zəng elədi:
   
   - Rəyasət heyətinin növbəti iclasının gündəliyinə Adillə Bəxtiyarın üzvlük məsələsini salarsan.
   
   O zaman İttifaqa üzv olmaq istəyən gənclər üçün namizədlik müddəti müəyyən olunmuşdu. Əslində Adil də, Bəxtiyar da bu mərhələni keçməli idi. Amma iclasda qərara alındı ki, Bəxtiyar Vahabzadə və Adil Babayev İttifaqa birbaşa üzv olsunlar.
   
   Təqvimdə 1945-ci il. Qələbə ili başa çatmaq üzrə idi...

TƏQVİM / ARXİV