adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MiRZƏ VƏ GüLÖYZƏ

VAHİD ƏLİFOĞLU
26863 | 2010-04-24 01:18
(Əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Söz tamama yetdi. Quş havaya qalxıb istiqamət götürdü Bakıya sarı. Mirzə də süpürgəni qucaqlayıb baxırdı quşun dalınca. Qulamov Mirzənin bu halına nəinki şərik oldu, əksinə "dubinka"nın qayışını biləyinə dolayıb yaxınlaşdı ona və aldı görək nə dedi:
   
   
   
   Saz kimi dindirrəm bunu,
   
   Göy üzündən tar ələnər.
   
   Təpənə yendirrəm bunu,
   
   Armud düşər, nar ələnər.
   
   
   
   Qaldırdım daş əvəzinə,
   
   Yeyərsən aş əvəzinə.
   
   Ağacdan quş əvəzinə,
   
   Lopa-lopa qar ələnər.
   
   
   
   Qulamovam, yetdi vədəm
   
   Boş yerə gəlmərəm hədə.
   
   Burnundan qan axar, gədə,
   
   Gözlərindən yar ələnər.
   
   
   
   Qulamov sözünü tamam edib, "dubinka"nı qaldırdı ki, Mirzənin quluncuna "sığal" çəkə, rəis darvazadan daxil oldu içəri. Qulamov "dubinka"nı cəld aşağı endirib, yeridi rəisin qabağınaki məruzə etsin. Rəis səhər-səhər iki "pors" xaşnan yarım litr tut arağına "divan" tutub gəlirdi. Kefi əlaydı. Qulamova əhəmiyyət verməyib dedi:
   
   - Ə, Qulamov, aşığı gətir kabinetə. Bir az çalıb-oxusun feyziyab olaq...
   
   ...İndi sizə kimdən deyim, Əsəd müəllimdən. Əsəd müəllim çadırın qabağında əyləşib axşamkı yuxunun təsiri altında məlul-müşkül vəziyyətdə idi. Arvadı çadırdan çıxıb nazlana-nazlana gəldi onun yanına. Bir az Əsəd müəllimə tamaşa edib əyildi aşağı, əlini stəkana vurub dedi:
   
   - Bıy, Əsəd, çayın buza dönüb. Niyə içməmisən? Əsəd müəllim başını qaldırıb məzlum-məzlum dedi:
   
   - Arvad dədəm bu gecə yuxuma girib.
   
   Arvad diksinsə də özünü toxtaq göstərib soruşdu:
   
   - Nə təhər gördün? Nə dedi?
   
   Əsəd müəllim arvadına belə bir əhvalat danışdı:
   
   - Gördüm ki, kişi dayanıb çadırın qabağında. Başında ağ çalma, əynində göy əba. Dedi ki, Əsəd sənə çəkdiyim əziyyətləri halal eləmərəm əgər Gülöyzəni Mirzəyə verməsən. Qayıdıb gedəndə də əlavə etdi ki, bizim tayfadan qaratikan kolu çıxmayıb. Özünü Qara Keşişə tay eləmə. Bir "Əsli və Kərəm"imiz var bəsimizdi. Təzə "Mirzə və Gülöyzə" adlı nakam məhəbbət dastanı yaradıb binəva milləti ağlar qoyma...
   
   Əsəd müəllim sözünü qurtarıb əlinin kündəsi ilə gözünü silmişdi ki, telefonuna zəng gəldi. Əsəd müəllim telefonu qulağına tutub bacısının səsini tanıdı:
   
   - Əsəd, bacındı danışan. Gülöyzə balam, şam kimi əriyir. Günü ahu-zarla keçir. Bu gün getmişdim baxıcıya, dedi ki, qızın butası Mirzədədi. Neyniyim, qardaş?
   
   Əsəd müəllim heç nə izah etmədən:
   
   - Qızı da götür, gəl çadıra - dedi və telefonu söndürdü.
   
   ... Dastan dili yüyrək olar. Bir həftədən sonra çadırda bir toy oldu ki, hələ heç kəs belə bir toy görməmişdi. Mirzə qovuşdu sevgilisi Gülöyzəyə. Yedilər, içdilər, kama yetdilər. Bir ildən sonra Mirzənin Gülöyzədən totuq bir oğlu oldu. Adını Əsəd qoydular...
   
   ... Dastanların adətən "Möhür-bəndi" olur. Bəndəniz bu məsələdə təcrübəsiz və naşı olduğu üçün bir qoşma ilə dastanı yekunlaşdırdı:
   
   
   
   Nə mənası dürr tökəsən dilindən,
   
   Hərçayının, hər naqqalın yanında.
   
   Qocalmışdı, ov çıxmışdı əlindən,
   
   Sülənirdi qurd çaqqalın yanında.
   
   
   
   
   
   Namərd tikib, dağarcıqlar torbadı,
   
   Ata saman, ulaqlara arpadı.
   
   Düz əyriyə, qəmbər qoza arbadı,
   
   Ağlı dayaz ağsaqqalın yanında.
   
   
   
   Xəstə Mirzə, müxəmməsə vər salır,
   
   Aldığını adda-budda, tərs alır.
   
   Ay zəmanə, aşıqların dərs alır,
   
   O tacirin, bu baqqalın yanında...
   
   
   
   Son.
   
   
   
   
   
   P.S. Müəllif bu sevgi dastanının xoşbəxt sonluqla bitməsində əvəzsiz xidmətləri olmuş Əsəd müəllimə, baxıcı Yeganə xanıma, rəisə, Əsəd müəllimin rəhmətlik dədəsinə və qismən də serjant Qulamova sonsuz sayğılarını bildirdi.

TƏQVİM / ARXİV