ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
42751 | 2015-03-20 10:09
O, mənim müəllimim olub. ADU-nun filologiya fakültəsində "Xarici ölkələr ədəbiyyatı" fənnindən bizə mühazirələr oxuyurdu. Onun mühazirələri o qədər maraqlı, o qədər canlı keçirdi ki, biz özümüzü XIX əsr Fransa, İngiltərə, İtaliya, ümumən Avropa ölkələrində hiss edirdik, Balzakın "səfillərinə" qoşulurduq, "Şaqren dərisi"nə bürünürdük, Bayronun romantik qəhrəmanlarının arxasınca gedib Yunanıstanda üsyanlara qatılırdıq. Bizə elə gəlirdi ki, o, təsvir etdiyi ölkələri qarış-qarış gəzib, o ölkələrin tarixini, coğrafiyasını, adət-ənənələrini, milli xüsusiyyətlərini bizə elə izah edirdi ki, şübhə eləmirdik o ölkələri gəzib dolanmamış olsun. Amma sonralar etiraf etdi ki, onun səyahətlə arası yoxdur, sadəcə, bizə çatdırdığı bu informasiyaları kitablardan, mənbələrdən əxz edib.
Bəli, Əkbər Ağayev - XX əsr Azərbaycan ədəbi tənqidinin, filologiya elminin bu görkəmli nümayəndəsinin səyahətlə, dünyanı gəzib-dolaşmaqla arası olmayıb, amma Azərbaycan oxucuları onun bədii tərcümələri vasitəsilə dünya ədəbiyyatının bir çox şedevr əsərləri ilə tanış olublar, necə deyərlər, dünya səyahətinə çıxıblar.
Daniel Defo - "Dənizçi Robinzon Kruzonun həyatı və qəribə sərgüzəştləri".
Maksim Qorki - "Nağıllar".
Nikolay Karamzin - "Zavallı Liza".
Alfons Dode - "Taraskonlu Tartarenin qeyri-adi macəraları".
Jül Vern - "Arxipelaq alovlanır".
Çarlz Dikkens - "Oliver Tvistin macəraları".
V.Korolenko - "Qəribə qız".
M.Kostyubinski - "Fata-morqana".
Bu siyahıya onlarla rus, o zamankı SSRİ xalqarı və Avropa ədəbiyyatları nümunələrini də əlavə etmək olar.
Və bir də çox səlis şəkildə Azərbaycan oxucularına təqdim etdiyi Bualonun "Poeziya sənəti", Dobrolyubovun və Belinsikinin "Seçilmiş məqalələri".
Tərcüməçilik Əkbər Ağayevin xobbisi deyildi, ürəkdən bağlandığı, tənqidçi və ədəbiyyatşünas kimi çox mühüm yaradıcılıq fəaliyyəti ilə bir sırada duran bir sənət sahəsiydi. Qətiyyətlə deyə bilərik ki, Əkbər Ağayev Azərbaycanda bədii tərcümənin nəzəri və sənətkarlıq məsələlərindən söz açan ilk tənqidçilərdən olmuşdur. O, "Azərbaycan" jurnalında (1983, № 11) çap etdirdiyi bir məqaləsində yazırdı: "Tərcümə mürəkkəb yaradıcılıq işidir. Tərcüməçi də yaradıcıdır. Bu halda tərcüməçi öz yaradıcılıq, tərcüməçilik qabiliyyətini, istedadını üzə çıxarmaq üçün gərək öz qələminə, istedadına uyğun olan əsərin tərcüməsini üzərinə götürsün. Bizə elə gəlir ki, tərcüməçi istedadı özünəməxsus istedaddır, hamıda olmur; çox görkəmli yazıçı olmaqla bərabər mümkündür ki, bədii tərcümədə əlin olmasın, qələmin işləməsin". Onun tərcümələri dilinin sadəliyi, aydınlığı ilə seçilirdi və bu haqda mətbuatda da maraqlı fikirlər səslənib.
Əkbər Ağayevin qeyri-adi bir tərcümeyi-halı və ya həyat tərzi olmayıb. Onun ömrü o zamankı bir Azərbaycan ziyalısının pillə-pillə, amma inadla öz məqsədi, amalı uğrunda mübarizəsini xatırladır. 1915-ci ildə Şuşada doğulmuşdu, burada orta təhsil almışdı, sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı şöbəsini bitirmişdi. İnstitutu bitirəndə 22 yaşı vardı. Bu zaman mənhus 37-ci il başlanırdı, Cavidlər, Müşfiqlər, Əhməd Cavadlar, Salman Mümtazlar, Əli Nazimlər, Çobanzadələr, Ələkbərlilər, Sanılılar az sonra başlanacaq o repressiya tufanının qapısı ağzındaydılar. Belə bir qorxunc dövrdə sonuncu kurs tələbəsi Əkbər Ağayevin "Ədəbiyyat qəzeti"ndə ilk məqaləsi çap olunur: "Yüksək keyfiyyətli bədii tərcümə uğrunda". Məqalə böyük ingilis dramaturqu V.Şekspirin məşhur "Otello" əsərinin Əhməd Cavad tərəfindən edilən tərcüməsinə həsr olunmuşdu. Məqalə oxucu rəyi kimi çap edilsə də, hiss olunurdu ki, onun müəllifi V.Şekspirin yaradıcılıq dünyasına bələddir. Odur ki, "Otello"nun tərcüməsində nəzərə çarpan və mübahisə doğuran məqamlara diqqət yönəldirdi.
Bütün varlığı ilə ədəbiyyata bağlı olan Əkbər Ağayev məhz 1937-ci ildən başlayaraq fəal bir tənqidçi kimi diqqəti cəlb etməyə başladı. Təbii ki, onun da tənqidi yazılarında artıq Azərbaycan ədəbiyyatına bir ideologiya kimi sirayət edən sosrealizm prinsipləri təsir göstərməyə bilməzdi. Amma bir həqiqət var ki, biz XXI əsrdən boylanıb XX əsrin otuzuncu illərinin ədəbiyyatını nə qədər tənqid atəşinə tutsaq belə, o dövrün qatı bolşevik ideologiyasının şüurlara hakim kəsiliyini unutmamalıyıq. Və unutmamalıyıq ki, belə ideoloji təzyiqlər və təsirlər nə qədər güclü olsa belə, Azərbaycan ədəbiyyatı malik olduğu bir sıra yaşarı ənənələrdən, dilindən, xalqın əsrlər boyu yaşatdığı özgürlüyündən, mənəvi prinsiplərindən uzaqlaşmadı. Əkbər Ağayev sosializm realizmi ədəbi metodunu tərifləyən məqalələr də yazıb, kommunist ideologiyasını tərənnüm edən əsərlərdən də söz açıb-bunu inkar etmək olmaz (digər tənqidçi və ədəbiyyatşünaslarımız kimi!), amma onun tənqidçi və ədəbiyyatşünas kimi fəaliyyətini bu yazılarla məhdudlaşdırmaq olmaz. Onun Azərbaycan ədəbiyyatının uzaq və yaxın keçmişinə, müasir mərhələdə inkişafına, keçdiyi yolda əldə etdiyi uğurlara, həmçinin üzləşdiyi maneələrə, görkəmli sənətkarların yaradıcılıq aləminə, dünya, xüsusilə, rus ədəbiyyatının klassiklərinə həsr etdiyi onlarla sanballı məqalələri vardır ki, bunların əksəriyyəti indinin özündə də aktuallığını itirməmişdir. Bu yazılar həm professional səviyyəsinə, həm də təfəkkür aydınlığına, dilinin, ifadə tərzinin səlisliyinə görə seçilir.
O, 1940-1980-ci illərin ən fəal tənqidçilərindən biri olmuşdur. Bu mənada onun adını "tənqidimizin vicdanı" (S.Vurğun) adlandırılan Məmməd Ariflə, görkəmli tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfərlə bir sırada çəkmək olar. Bu dövrdə Əkbər Ağayev həm ali məktəblərdə "Xarici ölkələr ədəbiyyatı" fənnindən mühazirələr oxuyur, həm ədəbi orqanlarda çalışır, həm bədii tərcümə ilə məşğul olur, həm də tənqidçi və ədəbiyyatşünas kimi qəzet və jurnal səhifələrində məqalələrlə çıxış edirdi. Onun tərcümə kitablarının sayı iyirmiyə çatır, amma tənqidçi-ədəbiyyatşünas kimi cəmi altı kitabın müəllifidir: "Lermontov və Azərbaycan" (1941), "Gertsen" (1962), "Sənətkarlıq məsələləri" (1962), "Nizami və dünya ədəbiyyatı" (1964), "Sənətkarva töhfə-Tolstoy-150" (1978), "Əsrin tərənnümü" (1980). Əgər bir tərcüməçi kimi Əkbər müəllimin fəaliyyəti tam əhatə olunubsa, tənqidçi və ədəbiyyatşünas kimi nəşr göstəriciləri heç onun yazdıqlarının onda birini əks etdirmir. Xeyli sayda məqalələri, ədəbi müşavirələrdə məruzələri olub ki, kitab halında çap edilməyib. Elə bircə sanballı doktorluq dissertasiyası olan "Azərbaycan sovet poeziyası (1920-1970): inkişafın əsas meylləri və sənətkarlıq, ənənə və novatorluq məsələsi" elmi işi monoqrafiya halında oxuculara çatdırılmadı. Nə yaxşı ki, həmin dissertasiyanın müəyyən qismi "Azərbaycan" jurnalının 1974-cü il, 1-10 saylarında dərc edildi.
Təbii ki, bir yazıda görkəmli tənqidçinin bütün yaradıcılığından söz açmaq, onları indiki ədəbi meyarlarla qiymətləndirmək mümkün deyil. Ancaq tənqidçi-ədəbiyyatşünas Əkbər Ağayevin yaradıcılığında nəzərə çarpan, bu gün üçün də qətiyyən əhəmiyyətini itirməyə bir neçə məqamı incələmək istərdik.
Əkbər Ağayev yaradıcılıqda İSTEDAD və YAZIÇI MƏDƏNİYYƏTİ məsələsini xüsusilə nəzərə çarpdırdı: istər klassiklərdən, istərsə də müasirlərlərdən yazanda o, həmişə bu faktoru bir meyar kimi götürürdü. Yazırdı: "İstedad öz-özlüyündə, bir iş görə bilməz, istedad sənətkarlıq üçün lazımdır, lakin hələ sənətkarlıq demək deyildir. Poetik istedad o zaman səmərəli olur ki, o, tərbiyə edilsin, yüksək yazıçı mədəniyyəti ilə birləşsin. İstedadın fitri cəhətləri vardır, yaradıcılıq prosesində mühüm rol oynayan yazıçı mədəniyyəti isə məhz həyatda qazanılır, yuxusuz gecələr, uzun və ağır əmək bahasına müxtəlif yollarla qazanılan həyat təcrübəsi hesabına əldə edilir. Yazıçının dünyagörüşü, elmi, nəzəri bilik səviyyəsi, müşahidə dairəsinin genişliyi və sairə onun mədəni səviyyəsini təyin edirgYazıçı mədəniyyəti olmadıqda, hər şeydən əvvəl, əsərin realizmi-yəni həyat həqiqəti zərər görür, əsərin əsas bünövrəsi sökülür, əsər öz ruhundan, canından məhrum olur və heç bir istedad belə əsərin köməyinə çata bilməz.
Nizamişünaslıqdan söhbət düşəndə çox zaman Əkbər Ağayevin adını çəkmək unudulur, amma onun "Nizami və dünya ədəbiyyatı" monoqrafiyası nizamişünaslıqda mühüm bir addım idi. O, Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq Nizaminin Avropada tədqiq olunması, onun əsərlərinin Qərb dünyasına mənəvi təsirini və Nizami mövzularının Höteyə, Qotsiyə, Şillerə, Heyneyə necə ilham verdiyini tədqiq etdi. Qərb ədəbiyyatını mükəmməl bilən və Şərq ədəbiyyatına da yaxşı bələd olan Əkbər müəllim Nizaminin yaradıcılığını Azərbaycan renessansının zirvəsi hesab edirdi.
Əkbər Ağayevin istər klassik, istərsə də müasir ədəbiyyatdan, ayrı-ayrı görkəmli sənətkarlardan, yaxud mühüm yaradıcılıq, sənətkarlıq problemlərindən söz açdığı məqalələrində biz onu ehtiraslı bir müəllif kimi görürük. Bu "ehtiras" sözü sizi çaşdırmasın, onun öz mənası var - Əkbər Ağayev heç bir yazısını quru, soyuq, "akademik" dillə qələmə almamışdır.
"Əsrin tərənnümü" kitabında onun gözəl şairimiz Əliağa Kürçaylının "Seçilmiş əsərləri"nə yazdığı bir məqaləsinə diqqət yetirirəm. Bu, təkcə bir şairin kitabına verilən qiymət deyil, həm də "poeziya nədir?" sualına verilən cavab kimi maraqlıdır. Məqalə belə başlayır: "Poeziyanı sevən və qiymətləndirməyi bacaran oxucu yaxşı bilir: hər dəfə yeni bir şeir, şeirlər silsiləsi və ya poema oxuyanda, istər-istəməz eyni bir sual ətrafında düşünməli olursan, oxuduğun əsərdən soruşmaq istəyirsən-axı, poeziya nədir?"
Bu suala cavab vermək üçün Əkbər müəllim uzun-uzadı mühakimələr yürütmür, kimlərdənsə sitatlara ehtiyac duymur və o suala belə cavab verir: "Cavablar çoxdur, saymaqla qurtarmaz. Amma bir cavab da var - poeziyanın öz cavabı...gHər bir istedadlı, yetkin və kamil poetik əsər öz-özlüyündə "Poeziya nədir?" sualına cavabdır. Bu cavab daha orijinal, daha yeni, daha təravətlidir". Və Ə.Ağayev Əliağa Kürçaylının poeziyasının ən gözəl nümunələrinə müraciət edir, sualın cavabı aydınlaşır.
Ümumiyyətlə, Əkbər Ağayev poeziyamızın mötəbər tədqiqatçılarından biri idi. Onun öncə adını çəkdiyim "Azərbaycan sovet poeziyası (1920- 1970). İnkişafın əsas meylləri" (jurnal variantında adı belədir) XX əsr Azərbaycan poeziyasını sistemli şəkildə tədqiq edən bir əsərdir və bu əsərdə ayrı-ayrı fikirlər, mülahizələr sosrealizm mövqeyindən yazılsa da, bütövlükdə poeziyamızın keçdiyi yolu düzgün işıqlandırır. Bu əsərin yetmişinci illərin əvvəllərində yazılmasını da unutmayaq. Bir də ki, sovet ədəbiyyatı deyilən bir anlayış havadan, sudan yaranmamışdır, bu ədəbiyyatın araya-ərsəyə gətirdiyi nümunələrin heç birini qırağa atmaq olmaz, sadəcə, onları həmin dövrün, tarixi şəraitin yetirdiyi ədəbi məhsullar kimi izah etmək lazımdır. Həmin monoqrafiyda Əkbər Ağayevin bir ədəbiyyat tarixçisi kimi istedadı da üzə çıxır. O, yetmiş ilin (əsərdə XX əsrin poeziyası bütünlüklə, həm ayrı-ayrı ədəbi şəxsiyyətlərinin yaradıcılığı, həm də inkişaf mərhələləri) poeziyasında meydana gələn heç bir təmayülü nəzərdən qaçırmır, bu poeziyanın ənənə və navatorluq, klassika və müasirlik, sənətkarlıq axtarışları kimi ən vacib problemlərini tədqiq edir. Qiymətləndirmə meyarı isə bəzən subyektiv görünsə də, hər halda, maraqlıdır. Məsələn, Sabir, Səhhət və Hadinin müqayisəsinə diqqət yetirin: "Sabir poeziya səmasında əbədidir, yandıqca parlayır, parladıqca aydınlaşır və daha gur şölə saçır, şüasının əhatə və təsir dairəsi genişdir, tükənməzdir, həmişə fəaldır. Hadi çox tez parlamış, gözləri qamaşdıran bir işıq saçmış, tez də ziyasını itirmiş və sönmüş ulduzdur, lakin poeziya səmasından silinməmişdir, öz tutduğu məqamında o, yenə vardır. Amma onu görmək istəyənlər əvvəlcə aydınlaşdırıcı cihazlarla silahlanmalı, özünü işıqlandırmalı, sonra görməlidirlər. Görə bilsələr, o zaman hiss edərlər ki, o sönmüş ulduz da içəridən nəfəs alır. Bəli, Sabir poeziya göylərində hamının gördüyü və görəcəyi ulduzdur, Hadi isə onu görə bilənlərin ulduzudur. Bu iki ulduzun arasında öz sakit və aramlı işığını bir qaydada saxlayan sıravi bir ulduz da var, o - Səhhətdir, incə, ahəstə və təmkinli qələm sahibi Səhhət".
Əkbər müəllim ömrünün son illərində Nizami adına Ədəbiyyat İnstitutunda çalışırdı. Deyim ki, burada hamı onun xətrini çox istəyirdi, elmi müşavirələrdə çıxışları isə ayrıca bir aləm idi. Çoxlarının ürəyindən keçirdi ki, "kaş mən də belə çıxış edəydim".
Yetmiş beş il yaşadı. Mart ayında Şuşada dünyaya gəldi, mart ayında Bakıda vəfat etdi.
Vəfatından sonra bir kitabı belə işıq üzü görməyib. Onun ən azı beş-altı qalın cildə sığışdırıla biləcək ədəbi-tənqidi irsi isə öz sahibini, müasir dillə desək, öz sponsorunu gözləyir. Bu irsdən isə nəinki indi, gələcəkdə də faydalana bilərik...

TƏQVİM / ARXİV