adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

4. NƏFS

ƏLÖVSƏT BƏŞİRLİ
32809 | 2015-03-20 08:46
"Heyvan zəruri tələbatını ödəməklə kifayətlənir, ovunu yeyib doyur. Amma acgöz insan doymaq bilmir və öz nəfsinin qurbanı olur".
Demokrit
Qədim yunan filosofu
O, rayonun baş həkimini xoş ovqatla qarşılayıb hal-əhval tutdu.
- Sağ olun, Əli müəllim, - həkim razılıq elədi, - evdə salamatlıqdır, kənddən də böyük qardaşım salam göndərib sizə.
- Hə, lap cavan vaxtı, institutu qurtaran ili kənddə dərs demişəm ona. Sağ olsun, yaddan çıxarmayıb.
- Heç sizi yaddan çıxarmaq olar?! İndi rayonda işləyən ziyalıların çoxu vaxtilə şagirdləriniz olub. Elə mən özüm, yaşıdlarımg
- Sən yaxşı oxuyurdun, əlaçıydın. Tibb institutuna qəbul olunanda çox sevindirdin məni. Elə indi də keçmiş şagirdlərim barədə xoş söz eşidəndə ürəyim atlanır. Sən də ki, rayonda sayılıb-seçilən həkimsən, maşallah.
Vaxtilə orta məktəbdə qiymət məsələsində "xəsislik" eləyən tələbkar müəlliminin vəzifə kürsüsündə sadəliyi, təvazökarlığı, indi yaşa dolan sabiq şa-girdləri barədə ürək dolusu danışmağı həkimi təsirləndirdi.
O, ani olaraq susdu, sonra sövq-təbii ürəyindəkini dilinə gətirdi:
- Çoxlarını vəzifə dəyişir, bəzilərini heç tanımaq olmur. Ancaq siz elə həmin Əli müəllimsiniz. Tək mən yox, rayonda hamı belə deyir.
Əli müəllim köksünü ötürüb ərkyana:
- Nə çox tərifləyirsən müəllimini, - deyə gülümsündü. - Onu da bil ki, hamıya yaxşı olmaq mümkün deyil, xüsusən vəzifə başında. Məncə əsas məsələ haqqı nahaqqa verməməkdir. Gərək haqqı ayaqlayan, vəzifəsindən sui-istifadə edən öz cəzasını alsın. Onda da olursan pis kişi. Əlbəttə, belələrinin, onların himayədarlarının gözündə. Heç uzağa getməyək, hazırda büroya çox ciddi məsələ hazırlayırıq. Bununla bağlı idarələrdə yoxlama aparmışıq. Elə faktlar üzə çıxır ki, lap məəttəl qalıram. Necə ola bilər ki, vəzifə sahibi camaatın haqlı şikayətini qulaqardına vursun, tədbir görmək əvəzinə adamların ağzını necə deyərlər, boza versin, get-gələ salsın, "Get, sabah gələrsən". Axı, nə qədər "sabah" olar. Bir gün deyil, beş gün deyil, aylarla!
- Əli müəllim, qardaşım oğlunun da başına belə bir iş gəlib. İki aydır onu süründürür rayon kənd təsərrüfatı idarəsinin rəisi Ağayar Baratov.
- Təlimatçı mənə deyib. Maşallah, fərqlənmə diplomu ilə bitirib institutu, əlində də təyinatı. Dağ zonasında baytar həkim işləyəcək, elə öz kəndlərinə yaxın. Tapşırmışam, narahat olma. O ki, qaldı Ağayar Baratova, şübhəsiz cəzasını alacaq. Ondan elə faktlar var ki, töhmət, lap şiddətli töhmət verməklə kifayətlənmək olmaz. Köhnə kişilər demişkən, tamah dişini çıxarasan gərək beləsinin.
* * *
Kənd təsərrüfatı idarəsinin rəisi Ağayar Baratov qonşu rayonda həmin vəzifədə işləyən həmkarı Əziz Əzizovla möhkəm dost idi. Camaatın təbirincə, "aralarından su keçmirdi". Fürsət tapan kimi rayonun "təmas xətti"ni keçib görüşür, yeyib-içir, gen-bol söhbətlərini eləyir, ürəklərini boşaldır, qəhqəhə çəkib ağrı-acılarını çıxarırdılar.
Bu dəfə vəziyyət elə gətirmişdi ki, başları iş-gücə, xeyrə-şərə necə qarışmışdısa, adət etdiklərindən xeyli gec görüşmüşdülər. Yenə hər iki rayonun qovşağında, yoldan aralı, gözdən uzaq bir yerdə, ağaclar altındakı yeməkxananın xəfə guşəsində üzbəüz oturmuşdular. Hal-əhval tutandan sonra Ağayar özünəməxsus əda və ərklə dedi:
- Əziz, neçə vaxtdır görüşmürük, de görüm, nə var, nə yox siz tərəflərdə.
-Hər yerdə olduğu kimi bizim tərəflərdə də hər şey var, heç nə yoxdur, - deyə Əziz dostu ilə məzələndi. Qədəhlərə araq süzüb badəsini qaldırdı: "Hər ikimizin ailələrimizlə bahəm sağlığımıza".
İçib yüngülcə nuş edəndən sonra Əziz dostuna zənnlə baxdı:
- Bilirsən də, mənim elə-belə, səbəbsiz-filansız heç dodağım da qaçmır. Ancaq axır vaxtlar elə şeylər olub ki, yadıma düşəndə özümü saxlaya bilmirəm. Bir az dərinə gedəndə fikirləşirəm ki, gerçəkdə olanların yanında lətifə-zad yalandır. Anekdotu sözü-sözə calayıb quraşdırırlar. Onun da öz ustaları var. Amma açıq-aşkar gerçəkdə olanların tamı, ləzzəti bambaşqadır. Öz gözlərinlə görürsən, qulaqlarınla eşidirsən, mat-məəttəl qalırsan ki, bir başqası danışsaydı, inanmazdım. Hər dəfə yadına düşəndə qəşş edirsən.
- Mus-mus eləməkdənsə, mətləbə keç. De görüm, nə olub axı?
- Daha nə olacaq? Bilirsən də hər rayonun öz şakəri var. Bəzi yerlərdə rayon rəhbərinə "birinci katib", yaxud "birinci", elə "katib", ya da "kişi" deyirlər. Bizdə sovetin daşı atılandan üzü bəri ata-baba ağzıyla camaat arasında "ağa" deyirlər. Öz aramızdır düz deyirlər də. Rayonun ağası necə olar bəyəm? Külli-ixtiyar sahibidir də. Xüsusən təzə katibimiz kimi. Kişi iki ildir təşrif buyurub, rayonu alt-üst eləyib, gəl ki, hələ də təzə sayırlar. Nədən ki, hər dəfə nəsə təzə bir şey çıxardır ortaya. Camaatı gözdən qoymur, gecə-gündüz kənd-kəsəyi əldən salır, hər şeydən xəbərdar olur, yorulmaq bilmir. Ələlxüsus irili-xırdalı vəzifəliləri elə bil ovcunun içində saxlayır. Səhlənkarın sıxıb suyunu çıxarır, sonra nəfəs verib işlədir. Yaxşı işləyəni də boş buraxmır, qoymur arxayınlaşıb harınlasıng
Kənardan görmüsən də bazburutlu, zəhmli kişidir. Ancaq öz aramızda, xəmiri sıyıqdır. Bilirsən də nə deyirəm. Rayonda elə şeylərə gözünün qırağıynan da baxmır. Ən yaxın dostlarına deyib ki, kişi özünün işlədiyi yerdə başqasına kəm baxmaz. Amma qonaqlar arasında gözəgəlimli xanım-xatın görəndə əldən-ayaqdan gedir. Keçən ay gözəl-göyçək müğənnilər, mədəniyyət işçiləri gəlmişdilər rayona. Kişinin çiçəyi çırtlamışdı. Ancaq mərdiməzarı axtarmaqnan deyil ki, bir də görürsən şappadan qabağına çıxır, qanını qaraldır. Mərkəzdən zəng elədilər. Naçar qalıb müşavirəyə gedəndə ələlbət tapşırdı ki, qonaqlara yaxşı baxsınlar. Bakıda ləngidi, qayıdan günü qulağına nə pıçıldadılarsa, yığıncaqda dağ kolxozunun sədrini abırdan saldı:
- Qarın bağlamısan, dərinə sığmırsan, elə harınlamısan ki, gözün ayağının altını görmür, qulağın da eşitmir. Əgər eşitsəydi, mənim sözümü yadından çıxarmazdın. Dönə-dönə deməmişəm ki, qonağa hörmət etmək vacibdir? Nə oldu, hamı eşitdi, sən kar oldun?!
Başını aşağı salıb, xərçəng kimi qızaran yaşlı kolxoz sədri yerə baxa-baxa mızıldandı:
- Qonaqların yeyib-içməklərinə fikir vermişəm. Bircə axırda maşınlarına pay-puş qoya bilməmişəm, başım qarışıbg
- Bilirəm başın qarışıb kolxozu inək kimi sağmağa, rəhmətlik arvadının ili çıxmamış cavanını almağa, təzə gəlinçin cer-cehiz düzəltməyə.
İclasdakılar kişinin zəhmindən səslərini içərilərinə salıb pıqqıldaşdılar.
- Əyə, bədbəxt oğlu, yığıb neyləyəcəksən?! Axırı öləcəksən, qalacaq cavan arvada, o da gedəcək ərə, yeyəcəklər, heç sənə yasin də oxutmayacaqlar. Odur ki, ağlını başına yığ, düz işlə, adam kimi dolan. Bu sənə axırıncı xəbərdarlığımdır.
Ağayar badəsini dostunun qədəhinə vurub cingildətdi:
- Sənin sağlığına, dostluqda əskik olmayasan. Vallah, elə danışırsan ki, məəttəl qalıram. Öz aramızdır, bəzək-düzək vurursan yəqin, bunsuz olmaz axı.
- Eh, nə bəzək-düzək, kaş özün olaydın, görəydin, eşidəydin. Onda bilərdin ki, zalım oğlunun xoruz səsi eşitməyən necə sözləri, "kəlamları" var. Özü də hər ayın axırında rayonda görülən işlərə yekun vurur, büro iclasında müzakirə edir. Vay o adamın halına ki, planı, yaxud kişinin göstərişini yerinə yetirməsin. Məsələn, keçən həftə balıqçılıq təsərrüfatının müdirini elə məsxərəyə qoydu ki, əvvəlki katiblər dövründə dilini dinc qoymayan, rayonun ən varlı-karlı vəzifə sahibi ayaq üstə quruyub qaldı. Kişinin ona dediyi hər kəlməni bir batman yağ-balnan ötürmək olmazdı:
- Bu nədi, balıqlar Kürdən, dənizdən qaçaq düşüblər, yainki sənin qarnının, mədənin dibsiz dəryasna qərq olublar?! Cavab ver görüm. Məgər bu pambıq tarlasıdır ki, şumlayıb əkəsən, becərəsən, alağın eləyəsən, axırda da ovuc-ovuc, qram-qram yığasan?! Bunu qız-gəlinlər, zənənlər tər töküb, zəhmət çəkib eləyirlər. Bəs sən neynirsən?! Əlin belində, siqaretin damağında, gözün sularda, tutulan balıqlar da, yüklənən maşınlar dag gedir karvan-karvan ətraf rayonlara, Bakıya, Moskvayag Sonra balıqlar şəklini dəyişib pul, qızıl kimi dolur sənin cibinə, kisənə, sandığına, gizlin yerlərinəg Elə bilirsən ki, camaat görmür, mənim də heç nədən xəbərim yoxdur?! Yəni o qədər qalınlaşmısan ki, anlamırsan, qanmırsan bunları?! Bəlkə ona arxayınsan ki, belinə kəndir bağlayıb bir ucunu yuxarılara bağlatdırmısan. O kəndiri elə kəsərəm ki, düz dəryanın dibinə düşərəsən, balıqlara yem olarsan.
Yayın bürküsündə balıqçılıq təsərrüfatının müdiri elə bil durduğu yerdə donub qalmışdı. İclas zalında milçək uçsaydı, vızıltısı eşidilərdi. Kişinin zəhmindən hamı baxışlarını yayındırıb ayağının altına zilləmişdi. Sükut buzunu özünün boğuq, xırıltılı səsi qırdı:
- Svodkaya baxıram, gözlərimə inana bilmirəm. İri balıqlar - qızıl, nərə, çəki, xəşəm, kütüm bir yana qalsın, bunların yeyəni, müştərisi çoxdur. Bəs, adi selyotkanın, ondan kiçik, xırdaca balıqların planını niyə doldurmursan? Səbəb nədir, kim mane olur sənə?!
O, başını qaldırmadan, titrək səslə dilləndi:
- Qaragbatdaq!..
- Nəg Qara? Kimdi o? Familiyasını eşidə bilmədim. Belələrinə sıralarımızda yer ola bilməz. Partiyadan çıxardaram onu, rayondan qovaram.
Bir anda iclas salonunda gülüşmə qopdu. O, əvvəl yığıncağa, sonra dönüb təsərrüfat üzrə katibə tərs nəzər saldı:
- Niyə gülür bunlar?
- Bilirsiz, qarabatdaq quşdur. Suyun üzərində uçub xırda balıqları yeyir, - ikinci katib pıçıldadı.
O, əsəbi halda başını yellədi:
- Hayıf ki, quşdur, adam deyil. Kommunist olsaydı, cəzasını verərdimg Ancaq quş da olsa tədbir görməliyik. Hanı o, dursun ayağa görüm.
İclasdakılar pıçıldaşdılar: "Yəqin, təbiəti mühafizənin müdirini soruşur".
Qaraşın, tökməbədən, orta yaşlı kişi ağır-ağır yerindən qalxdı.
- Yaman ağırlaşmısan, görürəm. Mühafizə yox, müharibə elan eləmisən rayonun təbiətinə. Ovçularını salmısan Kürqırağı meşəyə, parta-part tüfəng səsindən qulaq tutulur. Qırqovul, ördək, qaz qalmadı plovun altına qoydurub köhnə kişilərin sözü olmasın həzmirabedən keçirdib qarnını salladın, qalanını satdırıb cibini doldurdun.
- Yoldaşg
- Səndən mənə yoldaş olmaz, kəs səsini. Naqqallıq eləməkdənsə, iş gör, ovçularını apar Kür qırağına, dənizə tərəf, qırsınlar o ziyankar quşları. Bu balığın müdiri də planını dodursun, üstəlik ovçuların barıtının, zəhmətinin haqqını ödəsin. İkinizə də deyirəm. Sözümü qulağınıza sırğa eləyin, iş görün, olmasa baxtınızdan küçün.
Ağayar dostuna zənnlə baxıb baş barmağını şəhadət barmağına sürtə-sürtə soruşdu:
- Heç demədin, tamahı necədir kişinin?
- Tamahına nə gəlib, maşallah!
- Həə, onda aranız açıqdır ki!..
- Yox, aranı açmaq olmur, heç yaxına qoymur.
- Bəs onda necə eləyirsən bunu?
- Yaxın dostu vasitəsilə. O da mərkəzdə yaşayır, elə də böyük qulluq sahibi deyil. Ancaq belə şeylərin xiridarıdır. Rayona gəlir, üzdə özünü o yerə qoymasa da işini görür, yağdan tük çəkən kimi haqq-hesabı bitirir. İnsafən xırda vəzifəlilərə dəyib dolaşmır. Mənimkimilərin az qala dərisini soyur. Görünür kişi özü belə buyurub. Yoxsa o adam özbaşına iş görən deyil. Axı, biz də tükü tükdən seçirik. Həm də görürük ki, bir vacib məsələdə rayonda hamı kişidən razılıq edir.
- O nədir elə?..
- Kadr məsələsi. Fərqi yoxdur, irili-xırdalı bütün vəzifələrə seçim edəndə heç kimdən heç nə ummur. Qısası, bizim rayonda pul verib vəzifə ala bilməzsən. Lap var-dövlətin aşıb daşsın, xeyri yoxdur. Savadı, bacarığı, ixtisası olana qapı açıqdır. Buyur, işlə, vəzifənin öhdəsindən gələ bilsən sənə zaval yoxdur. Olmasa, xudahafiz!
- Başqası desəydi, inanmazdım, qəribə gəlir mənə. Nə isə çox maraqlıdırg
- Ən maraqlısı seçkili vəzifələrdədir. Keçən ay "Muğan"da kolxoz sədri seçkisi çox gərgin keçdi. Yığıncaqda raykomun təsərrüfata baxan ikinci katibi ilə mən iştirak edirdim. Çoxluq köhnə sədrin yenidən seçilməsini istəyirdi. İkinci katib başqasını israr edirdi. Pambıqçı Tükəzban arvadın ağzından elə bil od tökülürdü, deyirdi ki, mən briqadir Məmişi çox yaxşı tanıyıram, bundan sədr olmaz. Axır ki, israr elədi, ikinci katib birinci katibə zəng vurdu. Nə eşitdisə, dəstəyi Tükəzban arvada verdi. O da dil-boğaza qoymadı:
- Bilirsiz ki, mən açıq danışanam, olanını deyənəm. Bu köhnə sədr yediyini yeyib, yığdığını yığıb, ev tikib, maşın alıb. Bunlar hamısı siz gələnəcən olub. İndi sizin vaxtınızda tamam-kamal dəyişib, kəndə yol çəkdirib, məktəb tikdirib, camaata da yaxşı baxır. Heç insafdır ki, yeyib doyanın, düz yola gələnin əvəzinə gözüacı seçək? Bu neçə ildir balaca briqadanın öhdəsindən gələ bilmir, onda qalmış kolxoz ola.
Tükəzban arvad susub dinlədi və nə eşitdisə dəstəyi ikinci katibə uzatdı. O, əli əsə-əsə dəstəyi qulağına yaxınlaşdırıb "Bəli, baş üstə", - dedi. Və Tükəzban arvadın sözü keçdi. Birinci katib onu yaxşı tanıyır, inanırdı.
- Daha sözüm yoxdur, yaman kişidir, - deyə Ağayar dostuna fikrini bildirdi.
- İntəhası bir az dildən pərtövdür. Hirslənəndə üzünü görmə, ağzına gələni deyir, özü bilir kimə, nəyə görə. Ancaq yaxşı kadrın, işləyənin, zəhmət adamının qədrini bilir. Tikir, qurur, abadlığa önəm verirg
Əziz söhbətinə ara verdi. Bir qədər yeyib içəndən sonra dostundan sourşdu:
- İndi sən danış, sizdə vəziyyt necədir, ələlxüsus təzə rəhbər.
- Təzə çox mədəni, ədəb-ərkanlı, nəzakətlidir. Heç kimin qəlbinə toxunmaq istəmir. Hamıyla "siz"lə danışır, "yoldaş" deyir. Özü də adıyla yox, familiyasıyla. Məsələn, yoldaş Baratov, yoldaş Zeynalov, elə edin ki, dövlət planı vaxtında yerinə yetirilsin, adamlarda məsuliyyət hissini gücləndiringvə sair və ilaxır.
Ağayarın yamsılamağına dostu qəhqəhə çəkib soruşdu:
- Yaxşı, bəs o məsələ, yəni rüşvətlə arası necədir?..
- Yox, ona rüşvətxor demək insafsızlıq olardı. Açığını deyim, heç mənim kimi imkanlı, pullu vəzifəlilərin də əlləri onun cibinə çatmır. Ancaq başa düşürük ki, belə də olmaz. Ona görə fürsət tapıb stolunun yan siyirtməsinə astaca qoyuruq.
- Görmür yəni?
- Nə deyim, vallah. Arxa otağına keçəndə, başı söhbətə qarışanda, üzü başqa səmtə olanda, bunu eləməyə nə var ki?! Əlbəttə, bilir, ancaq üstünü vurmur. Özü də aza qane olandır, tamahsızdır. Özün bilirsən də, neçə illərdi vəzifədəyəm, ancaq beləsini görməmişəm. Ağsaqqallar da təsdiq eləyirlər ki, rayonumuzda bu cür mədəni, gözü-könlü tox başçı olmayıb.
- Daha deynən keyfə baxıram dəg
- Keyfə baxardım, soğan doğrayan olmasaydı.
Əziz təəccübləndi:
- Kimdir o elə, rayonun böyüyü dura-dura sənin keyfinə soğan doğrayır?
- Raykomun şöbə müdiri Əli müəllim. Saç-saqqalını müəllimlikdə ağardıb. Rayonda yaman hörməti var. Onu irəli çəkib vəzifəyə tuş eləyənin Allah bəlasını versin. Zalım oğlu nə yeyir, nə içir, nə əmir, nə əmişdirir. Qupquru qaxac, boyu da ki, az qala göyə çatır. Adam bir kostyumda neçə il gəzib dolanar? Məəttəl qalmışam. Ağzını açan kimi qədim yunan filosoflarından danışır. Guya deyiblər ki, heyvan ovunu yeyib doyur, acgöz adam doymur, öz nəfsinin qurbanı olur. Bunu mənə misal çəkir, guya. Nə var, nə var rayona təyinatla gələn ali təhsilli mütəxəssisi get-gələ salmışam, ondan ummuşam.
- Belə şey olub yəni?
- Olub deyəndə ki, oğlan dağ kəndindəndi. Baytarlığı qurtarıb, fərqlənmə diplomuyla.
- Ondan nə ummaq olar, ac tələbənin qəpik-quruşuna qalmısan?!
- Ac niyə olur, atası kolxozda briqadir, əmisi rayonda baş həkim. Ağzını verdim boza. Fikirləşdim ya atası, ya əmisi gəlib görüm-baxım eləyər. Tərs kimi əmisi gedər Əli müəllimə deyər. Raykomun bürosuna məsələ hazırlanırmış. Əli müəllim elə düzüb-qoşub büroda üzümə dirəndi ki, heç ağzımı aça bilmədim. Üstəlik yağlı töhmət yapışdırtdı mənə.
- Bəs birinci katib nə dedi?
- Eh, nə deyəcək, yastı-yastı üyüdüb tökdü: "Yoldaş Əli Əliyev məsələni düz qoyur. Belə olmaz, yoldaş Baratov! Büronun qərarı ilə verilən töhmətdən ciddi nəticə çıxartmalısan, bir daha belə hallara yol verməməlisən".
Əslinə qalsa birinci katibi də qınamalı deyil. O bilir ki, yuxarıda Mərkəzi aparatda səlahiyyət sahibi Əli müəllimin keçmiş tələbə dostudur, xətrini çox istəyir. Bunu rayon prokuroru da öyrənib, büronun qərarından sonra başlayıb mənim işlərimi qurdalamağa.
- Prokuror?!
- Bəs nədi, birinci katibin stolunun gözünə payını qoyandan sonra şöbə müdiri kimdi ki? Prokurorun da payını kəm eləmirəm. Ancaq zalım oğlunun gözü doymur, elə qamarlayır ki, az qala evdəkinin bağrı çatlaya.
Dostunun sual və heyrət dolu baxışlarını görüb izah etdi:
- Bilirsən, Əziz, bağışla məni, sözün açığı evin xanımı öyrəşib ki, əlimə keçəni gətirim, yığsın "qara gün"lüyə. İndi evdən üstündən gedəndə haray-həşir qoparır.
Qonşum Uğur kişi susub stəkanda buğlanan çayı xırda qurtumlarla içdi. Sonra fikrə getdi, əvvəlki işığı közərən gözləri yol çəkdi. Araya çökən sükutdan elə bil ürəyim sıxıldı. Dözməyib soruşdum:
- Bəs bunun axırı necə oldu?
- Ağayar yığdıqlarını verib istintaqın get-gəlindən qurtaran günü arvadının ürəyi dözmədi, ili çıxmamış özü yatağından qalxa bilmədig Prokurora da qamarladıqları qismət olmadı. Narkoman oğlu atasının var-dövlətinin dibinə daş atıb öz maşınında qəzaya düşdü.

(ardı gələn
şənbə nömrəmizdə)

TƏQVİM / ARXİV