ÖZÜMÜZƏ OVQAT YARADAQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
103122 | 2015-03-20 09:41
Axşamdan oturub müzakirə etdiyimiz və əvvəlki illərdən fərqli olaraq artıq vərəqə yazmağa ehtiyac olmayan siyahını, bir az da dəqiq desəm, hərəsindən bir kiloqram olmaqla qoz, fındıq və 3 kq almanı gözümün qabağına gətirə-gətirə şəhərin küçəsiylə addımlayıram. Məqsədim alış-veriş yerlərindən birinə baş çəkib bayram bazarlığı etməkdi. Gördüyünüz kimi, çox böyük bir siyahı ilə çıxmışam evdən. Siyahını bir də təkrar edirəm - hərəsindən bir kiloqram olmaqla qoz, fındıq və 3 kq alma...g
Bəli, düşünməyin ki, mən hansısa iqtisadi araşdırmanı aparacam. Od tutub yanan bazarı, üz-gözündən qayğı tökülən adamları, hətta alış-verişin zəifliyindən gileylənən üzü bazarlarda bozarmış alverçilərin də kefi yerində deyil. Amma hər kəs, elə mənim özüm də öncə evdəki uşaqları, sonra adət-ənənəni nəzərə alıb, bir az da dəstədən geridə qalmamaq prinsipi ilə ölçürəm bu yolu üzü bazara tərəf. Getdikcə də hər addımdan bir yolun sağında, solunda düzülmüş ərzaq məhsullarına, bağ, bostan nemətlərinə gözucu baxıram. Deyəsən bu yol boyu düzülən nemətlərin də görkəmində heç bayram ovqatı yoxdu. Onlar da deyəsən çıxılmaz bir duruma düşüb. Çünki heç kim onlara tərəf əl uzadıb nə dadına baxmır, nə də qiymətində çək-çevir etmir. Hə, bax, necə deyərlər, bu durumda fikri, sözü ancaq sazla ifadə etmək olar. Neyləyim ki, nə saz çalmağı bacarmıram, nə də heç saz çalası halım da yoxdu. Mənim indiki halım bütün millətin halının həm oxşarıdı, həm də eynidi. Amma burda bir məqam da var - o da dözüm məsələsidi. Biz o qədər ağrı-acıdan, o qədər problemlərdən keçmişik ki, ən son marka sement kimi daşlaşmışıq. Ona görə də bazar-dükan da, atını dörd nala çapan dollar da... daha nələr də indi tükümüzü də tərpətmir. Olsa-olsa keyləşmiş, donuq vəziyyətdə olan hisslərimiz sızıldada bilər. Buna da öncə uşaqların baxışları, sonra da yandırdığımız tonqallar istilik qatır. Deməli, bu məsələdə problem yoxdu. Problem yoxdusa, heç bacadan, qapıdan papaq atmaq da yoxdu. Elə dəniz kimi qabarmadan özümüzə çəkilib öz damımızın altında ilin son çərşənbəsini, baharın ilk gəlişini qarşılamaq daha gözəldi. Elə deyilmi?..
Bax, bütün bu fikirlərin içərisində addımladıqca xatirələr də əlimdən tutur, yaddaşımı təzələyir, uzaq illərə - kəndimə qayıdıram. Bəlkə də heç indiki uşaqlar inanmayacaq. Amma biz onda tamam fərqli bir bayram ovqatı yaşayırdıq. Çünki bazara, dükana qaçmağa o qədər də böyük ehtiyac olmurdu. Həyətin, bağın, bağçanın barı-bərəkəti süfrəni bəzəyirdi. Kiminsə ağlına gəlmirdi ki, bazara gedib çəkiylə qoz-fındıq və digər nələrdənsə alış-veriş etsin. Ona görə də uşaqlar həmin bayram günləri az qala qoz-fındıq sındırmaqdan, alma, armud dişləməkdən yorulurdular, bezirdilər. Hətta evlərin çəpərlərinin dibində çərşənbə axşamı papaq atmış uşaqların izlərini rahatca görmək olurdu. Çünki onlar evdən-evə, məhlədən-məhləyə keçdikcə dolub-boşalan papaqlarından, ciblərindən yol boyu çəpərlərin küncünə tökülən qozdan, fındıqdan xəbərsiz olurdular. Hamı daha çox papaq atmaq, daha çox qapı pusmaq istəyirdi. Bu, bir şənlik idi və heç kim də bundan əsəbləşib qıcıqlanmır, səbrini daşdırmırdı. İndi isə...
Çərşənbə axşamı qapımız üç dəfə döyüldü. Üç papaq atıldı. Uşaqlarım papaq sahiblərini tanıdılar. Üzbəüz qonşuların uşaqları idi. Görünür, onlar da ərk etmişdilər, güvənib döymüşdülər qapımızı. Başqa bir kimsə döymədi. Adətən bayram axşamlarında susmayan telefon da o qədər özünə əziyyət vermədi. Bütün bunlar hamımıza, xüsusən ailənin yaşlı üzvlərinə qəribə bir yük oldu, bir ağırlıq gətirdi. Yandırdığım tonqalın ətrafında dayananların çöhrəsinə alovun işıqları altında baxanda onların nə düşündüklərini oxumaq istədim. Çöhrələrində, gözlərində işıqdan çox duman var idi, tüstü var idi. Valideynlərim xəyala dalmışdılar. Bu sükutu atamın səsi pozdu:
- A bala, atlanın tonqalın üstündən.
Hamı bir-birinə baxdı. Mən gözucu oğluma işarə etdim. O da könülsüz bir şəkildə babasının söylədiyinə əməl etdi. Gözlədik. Tonqal söndü, biz onun işaran qorlarının üzərinə torpaq səpib tam arxayın olduqdan sonra evə süfrə arxasına qayıtdıq...
Mən həmin axşamı nə isə yazmaq, nə isə danışmaq halında deyildim. Özümü o qədər sıxıntılı bir durumda hiss edirdim ki, nə bir qərara gəlmək, nə bir hərəkət etmək, nə də niyə süfrə arxasında oturduğumu demək halında deyildim. Yaxşı ki, qapı qonşum valideynlərimi təbrik etmək üçün bizə gəldi. Fürsətdən istifadə edib qonşumu atamgillə baş-başa buraxıb o biri otağa keçdim. Küsmüş uşaq kimi elə yerdə əyləşib divara söykəndim. Düşünmək, düşünmək istəyirdim, nələr baş verdiyini anlamaq, niyə belə olduğunu dərk etmək və bundan sonra nələr olacağını anlamaq istəyirdim. Amma ipucu tapa bilmirdim. Elə bil gəmilərim batmışdı... elə bil malım, mülküm yağmalanmışdı... elə bil bu dünyada kimsəsiz qalmışdım - tək, tənha! Amma bu belə deyil. Bu dünyada kifayət qədər dəyərli insanlar, doğmalar, dostlar, eləcə də sən vardın. Və mən bir gün öncə düşünüb söhbətarası söylədiyim və səninlə razılaşdığım bir məqamı xatırladım. Biz şəhərdə gözəl bir ev sahibi olmaq istəmişdik. Hətta evlərin, xüsusilə həyət evlərinin görüntüləri reklam olunan jurnalların birindən şəkil də kəsib götürmüşdüm. Sən də bəyənmişdin o evi. Və biz məhz belə bir evdə yaşamaq arzusunda idik. Həmin bayram axşamı mən o evin necə "yandığını" hiss etdim. Bir də gördüm ki, əlim dəftər-qələmə tərəf uzanıb.

Sənə
Hədiyyəm olmadı
Bilirsən ki,
Yalanı bacarmıram...
Yəni
Düzü budur ki,
Gücüm çatmadı -
Sənin
Bir vaxt
Bəyəndiyinə -
Mənim
Almaq istədiyimə!..
Ona görə də
Reklam görüntüsü
Olan
Həyət evinin şəklini
Çıxarıb cibimdən
Basdırdım
Sahil bağındakı
Küknarın dibində...
Və üzüldüm,
Nə vaxtdan bəri
Ümidsiz
Ümid bəslədiyimə!..
Hərdən
Dolaşanda şəhəri
Götürüb
Ürəyimizdəki əklili
Gedərik
"Yasin" oxumağa
Səssizcə
O küknarın dibində!..

***

Deyəsən bu yazının ovqatı bütünlüklə bayram əhval-ruhiyyəsini ifadə etmək gücündə olmadı. Yəni bir ansamblda xaric səs kimi səslənməyə başladı. Amma tam səmimiyyətlə deyirəm ki, bu, məndən asılı olan səbəblər üzündən belə alınmayıb. Gerçəyin özü budu. Və nə qədər pafoslu, bəlağətli sözlər, fikirlər səsləndirmək istəsəm də, gerçəyin özü əlimi, qolumu bağlayır və məni fakt qarşısında qoyur. Ona görə də onları yazdığım üçün məni üzrlü sayın. İndi çalışıb bir az sevgi notlarına üstünlük verəcəm. Bəlkə bu notlar sizin də ruhunuzu oxşadı. Axı hər şeyə qalib gələn sevgidi. Doğrudu, bəzən deyirlər ki, gözəlliyin gücü daha artıqdı, daha böyükdü. Amma mən həmin fikri qəbul etsəm də, gözəlliyə sevgiylə, sevgi gözüylə baxanda nə qədər güclü, nə qədər böyük olduğunu görmək mümkündü. Əks halda ötəri, laqeyd, bir az da içdəki xıltla gözəlliyə baxsan, onda orda heç bir məna, hətta gözəl olmanın özünü də görə bilməyəcəksən. Çünki göz qapanmış olur, gözün önündə arzuolunmaz pərdə dayanır. Sevgi isə tamam başqa bir şeydi, başqa bir aləmdi. Yaxşı ki, bu dünyada məhz o sevgi var. Bizi bir-birimizə, bizi həyata, bizi bütün kainata bağlayır. Ağacı da, otu da, quşu da, bütün təbiəti də, səmanı da, səyyarələri də, bir sözlə, göz görüb əl toxunan, duyğularımız qəbul edən hər şeyi sevgiylə fəhm edirik... sevgiylə dəyərləndiririk... sevgiylə yaşayırq və ondan ümid, inam, enerji, dəstək alırıq. Bax, insan üçün bundan gözəl, bundan anlamlı, bundan zəngin heç nə ola bilməz. Təbii ki, bu mənim özəl fikrimdi, özəl düşüncəmdi. Kimlərsə bunu istədiyi formada redaktə edə bilər, hətta cırıb ata da bilər. Bu da onların haqqıdı...
Bəli, məhz elə bu yerdə demək istəyirəm ki:

Hərdən mənim sözümü
Dağa, daşa yozursan...
Öləzəyən közümü -
Ömrə, yaşa yozursan...

Ötən günün və ayın
Dəqiq bilirəm sayın...
Atdığım oxun, yayın -
Gülüb qoşa yozursan...

Çəkmişəm gözəl nazın
Telin qırmışam sazın...
Əlimdən uçmuş yazın -
Yerin qışa yozursan...

Tanrı verən ürəklə
Ürək dolu diləklə...
Məni sən tək mələklə -
Sağ ol, qoşa yozursan!..

***
Deməli, əhval-ruhiyyəni yaradan insan özüdü. Özünü kökləyə bilsən, yaxşı düşünüb, yaxşı xəyal qursan, ən azından yaxşı günləri xatırlasan, onda özünlə bahəm, ətrafındakıların da əhvalına işıq salmış olarsan. Duruldarsan bulanıq suları... aydınlıq gətirərsən çevrənə... təbəssüm qondurarsan üz-gözlərə... Bax, bu dediklərimi yəqin ki, yazımın ikinci hissəsində siz yaşamağa başladınız. Və həmin o ovqatı davam etdirmək məqsədiylə mən öz-özlüyümdə gəldiyim məntiqi qərara söykənib deyirəm ki, gəlin bir anlıq bazarı da, od tutan qiymətləri də, bazarlarda bozarmış satıcı sifətlərini də unudaq... Gözümüzün önünə tumurcuqları görünməyə başlayan ağacları, gülləri gətirək... İçimizdə xoş musiqi səsləndirək... Övladların, nəvələrin təbəssümünü su kimi içək... Sevdiklərimizin görüşünə tələsək... Və ən vacibi onlara bağışlayacağımız hər hansı bir hədiyyəni, deyəcəyimiz xoş kəlməni həqiqi bayram ovqatına büküb dünyanın ən gözəl, ən qiymətli bir neməti, bir əşyası kimi təqdim edək. Və bu hədiyyəni qəbul edən də təkcə əlində yox, həm də öz dünyasında bizim ürəyimizi hiss etsin, görsün. Bax, onda hər şey gözəl olacaq. Ağrı, acı, bahalıq, hətta bankların oynadığı son həngamələr bir anlıq da olsa unudulacaq. Zənnimcə, bugünlər elə bir növü dediklərimi unutmamaqla bir-birimizin yanında olmağımız daha gözəl olar. Axı biz gözəlliyin və sevginin vurğunlarıyıq. Mən də bu nöqtədə yadıma bir zarafat şeirimi salıram.

Darağını bərk sıxıb
Tellərini yoldurma...
Mənə incik tək baxıb -
Baxışını soldurma...

Üzündəki işığı
Qoy görsün haqq aşığı...
Küsəndə qab-qaşığı -
Başın üstə qaldırma...

Qədrini bil günlərin
Sev ki, sevib dinlənim...
Başındakı cinlərin -
Bir də başın doldurma!..

Hə, zənnimcə bayram ovqatı alındı. Alınmadısa da, çalışın siz özünüzü bu ovqatda kökləyin və düşünün ki, beş günlük deyilən dünyanın heç olmasa bir gününü özümüzə, içimizə və sevgimizə həsr etmək bizim haqqımızdı. Haqqımız və bayramımız mübarək!


TƏQVİM / ARXİV