adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

MONOLOQ

MƏZAHİR ƏHMƏDZADƏ
45144 | 2010-04-24 01:18
...Məni daha yaxından tanıyanlar bilir, ufultulu, giley-güzarlı adam deyiləm. Olsaydım, ən azından bircə dəfə yazılarımda bu cür görünüb bu sarıdan diqqət çəkərdim. Və məni ürəkdən qəbul edənlər, münasibətlərin normal sərhədlərində səmimiyyət quranlar belə bir halıma əvvəl inanmazdılar, duymuş olsaydılarsa irad tutardılar. Hər dəfə əllərindən öpəcək qədər rəğbət bəslədiyim, inandığım və çox-çox uca tutduğum bir dostumsa, bunu mənə heç bağışlamazdı.
   
   Şükürlər olsun ki, ən acı sınaqlar da məni sındıra, kimlərinsə yanında sızlada bilmədi. Bu sınaqlar bu gün də öz norma və qanunları ilə sağımda-solumdadır. Oxucularım, daha çox tez-tez görüşdüyüm oxucularım, mənə deyirlər ki, köşələri qəliz yazıram. Bəziləri bunu zarafata salıb söyləsə də, müəyyən qədər razılaşmalı oluram. Bir müddət yazmayanda da dərhal səbəbini soruşurlar. "Nə olub, nə baş verib?" mənasında. Nə gizlədim belə münasibət məni razı salır, hətta qürurlandırır da. Bu məmləkətdə beş-on daimi oxucusu olmaq özünü gerçək jurnalistikaya bağlayan hər bir yazar üçün əsl xoşbəxtlikdir.
   
   İndi isə, əziz oxucular, mən bu kiçik köşəni yaradıcılığımda ilk dəfə giley üzərində qurmaq səviyyəsinə enməli oldum, üzrlü sayın. Özü də söylədiyiniz kimi, qəliz yazmıram, eləcə aydın, bəlkə də yaxşı oxuyan orta məktəb şagirdinin "Sevdiyim ədəbi qəhrəman" mövzusunda qələmə aldığı inşa dilində. İstəsəniz lap kəndçifason formada.
   
   Qulaq asın, əziz oxucular!
   
   Mən əmək fəaliyyətinə tez başlamışam. Çünki orta məktəbi bitirdiyim ilk illər universitetə qəbul ola bilmirdim. Sonralar tələbəlik illəri, komsomol işi, yeni həyat, yeni sevdalar, yeni dostlar... Allah mənə elə bir xasiyyət, elə bir bacarıq vermişdi ki, dost bildiyim bütün insanların yanında ən lazımlı anlarda olurdum. Sevincə, kədərə qəlbən şəriklik o qədər də asan məsələ deyil. Mən dost dediyim adamlarla ömrümü belə yaşamışam. Bacara bildiyim qədər. Adamın özünü tərifləməyi xoşagələn əlamət deyil. Ancaq mən heç bir qınaqdan çəkinməyərək xatırladıram ki, hələ ilk gənclik illərində sevimli dost kimi məşhurlaşmışdım. Dostluqda, əliaçıqlıqda, vətənpərvərlikdə, inqilabçılıqda... Bütün bunları indi mənim təxmini yaşıdlarım olan (yəni yaşca məndən böyük və ya kiçik) bir çox dostlar təsdiqləyərlər. Elə indinin özündə də tez-tez nümunə göstərirlər, sağ olsunlar. Onların çoxu tanınmış və məşhur adamlardılar. Vaqif Bayatlı Odər, Aqil Abbas, Fəxrəddin Manafov, Fəzail Ağamalı, Xanlar Zeynalov, Ramiz Rövşən, Azər Abdulla, Elxan Qasımov, Şöhrət Vəkilov... Bu sıralamanın hardasa qırılacağından da yaman qorxuram. Çünki...
   
   ...Sonradan qazanılan dostlar da olub. Çətin günlərin, təlatümlü, anlaşılmaz situasiyaların sınaq məqamları da yaşanıb. Elə dostlar olub ki, onlara verdiyim məsləhətlər, göstərdiyim köməkliklər həyatlarında həlledici rol oynayıb. Eləsi olub ki, türmənin qapısından geri qaytara bilmişəm - indi çox böyük mənsəb və var-dövlət sahibidir. Eləsi olub ki, silahı gicgahına dirəyib intihar etmək istəyərkən onu ucuz ölümdən çəkindirib qələbəyə inandırmışam və o da çox yuxarılardadır indi. Eləsi də olub bütöv nəslini biabırçılıqdan qurtarmışam - deyiblər ömrümüz boyu sənə borcluyuq.
   
   Bəyan edirəm, bütün bunlara baxmayaraq, heç kəsin mənə borcu yoxdur. Dostlar, tanışlar, bütün insanlar bir-birinə kömək əli uzatsa yaxşıdır. Başqa cür məntiqlə gərək onda mən ömrüm boyu Vaqifin və Aqilin köləsi olaydım. Çünki hər ikisinin həyatımda çox ciddi, can qurban ediləsi münasibətləri qalır. Onlar o qədər böyük və ağayana insanlardı ki, bunu heç zaman zərrəcə sezdirməzlər də. Hələ layiq olub-olmamağın qalsın bir tərəfə.
   
   Mən də həyatlarında rol oynadığım dostlara heç zaman özümü göstərmədim. Ancaq son 4-5 ilin müəyyən çətinlikləri, iradəmdən asılı olmayan təlatümləri bəzi dostların yanında məni bir növ yazıq vəziyyətə saldı. Onlardan yüksək vəzifəli və rütbəli olan 3-4 nəfər ayrı-ayrılıqda hərəsi bir qovluq hazırlatdırıb dedi: "Bağışla, bilməmişəm vəziyyəti, bu işi mən görməyəndə bəs kim görəcək ki?..". Xeyli vaxt keçsə də o dostların heç biri onlar üçün asan, mənə görə isə artıq çox çətin işə çevrilmiş həmin məsələ həll olunmayıb. İlin əvvəlində o dostlardan birinə utana-utana məsələni xatırlatdıqda mənə nə desə yaxşıdır: "O hansı iş, hansı söhbət idi elə?".
   
   Buyurun, məni bəzən qınayan, bəzən başıma ağıl qoyan dostlar! Baxın, mən belə bir münasibətlə necə sevimli dost ola bilərəm ki?.. Çətin və məsuliyyətli işimin ağırlığı (yaxşı mənada) bir yandan, doğmaların istəkləri, çoxusu da reallıqdan uzaq tələbləri bir yandan, xəstələrimin həkimlərdən daha çox məndən imdad diləmələri, fiziki və mənəvi mənada paralanmış ürəyin ağrıları da bir yandan...
   
   Ürəyim kimi çat verən dostların da xəcalətindən başımı heç qaldıra bilmirəm.
   
   Qəliz yazmadım ki?..

TƏQVİM / ARXİV