ELÇİLİK

FAİQ QİSMƏTOĞLU
29186 | 2015-03-20 10:40
İki ayağını bir başmağa dirəyən Əhməd kişi heç cürə ipə-sapa yatmırdı və deyirdi ki, iti görüm, qurdu görüm Nərimanın oğlu Kamili görməyim. Və onlarla bizimki heç vaxt tutmaz. Biz kasıb adam, onların da başından var-dövlət aşır...
Ancaq nə Nəriman kişinin günahı vardı, nə oğlu Kamalın. Kamalın günahı ondan ibarət idi ki, o, Əhməd kişinin qızı Gülbaharı istəyirdi. İnsafən qız da ona öyrəşmişdi. Lakin bu iki gəncin elçilik məsələsi baş tutsa da, ancaq ona qızın atası heç cürə razılıq vermirdi. Hətta iş o yerə çatmışdı ki, Əhməd kişinin qapısına rayonun icra başçısı da getmişdi. Əhməd kişi onu xətir-hörmətlə qarşılamışdı və demişdi:
- Mənim evim-eşiyim sənə qurbandı, əziyyət çəkib gəlmisən. Balamın hansı birini desən, başını kəsə bilərsən. Amma bu məsələ ilə əlaqədar xahiş edirəm mənə üz vurmayın. Çünki onlarla bizimki dədə-babadan gətirməyib. Vaxtilə bizim əmimiz uşaqları onların yaxın qohumu ilə ailə qurmaq istəyib və qızı da ona verməyiblər.
Stolun üstunə gətirilib qoyulan çay bumbuz olmuşdu. Nə icra başçısı, nə də yanındakı hörmətli adamların heç biri o çaydan bir qurtum da içməmişdilər. Ayağa qalxmışdılar və "sağ ol" demədən çıxıb getmişdilər.
...Kənddə də söz-söhbət yayıldı ki, balam, bu Əhməd kişi lap tərsin biriymiş. Gör iş nə yerə gəlib çatıb ki, hətta icra başçısının sözünü yerə saldı. Başçı da elə-belə kişilərdən deyil, bir də görəcəksən ki, Əhməd kişini elə yerdən vurdu, ömrünün sonuna qədər o yara sağalmadı.
Amma icra başçısı çox savadlı, qohumcanlı və səmimi adam idi. O heç vaxt Əhməd kişini tərsliyinə görə ona pislik eləməzdi. Əksinə, qolundan tutardı, kömək olardı və ayağa qaldırardı. Heç vaxt zorla kiminləsə qohum olmaq mümkün deyil.
...Bir ay keçmişdi. Yenə evdə bərk söz-söhbət düşmüşdü. Bu dəfə yenə Nəriman kişinin oğlu Kamal hər şeyi vurub sındırır, hətta atasına dişinin dibindən çıxanları deyirdi. Elə Nəriman kişi də oğlunun qulağının dibindən bir yağlı şillə vurdu:
- Elə bu əməllərinə görə qızı sənə vermirlər də. Qohum-əqrəba gedib deyib ki, sən dədənin üzünə qayıdırsan.
Heç kəs Əhməd kişiyə Kamalla bağlı bir söz də deməmişdi. Nə demişdilər ki, Kamal dəliqanlıdı, nə də demişdilər ki, atasının üzünə qayıdır. Sadəcə olaraq, Əhməd kişi düşünürdü ki, onlarla bizimki ona görə tutmaz ki, çox varlıdırlar. Elə işin də düyünə düşməsinə səbəb bu idi.
...Günlərin bir günündə Əhməd kişi arvadı Gülzara dedi ki, qızının ağzını ara, gör o gədəyə razılığı var, ya yox? Gülzar da qızını dilə tutdu, gördü ki, Kamala münasibəti yaxşıdı. Elə kişiyə də belə çatdırdı. Qızın deyir ki, mənim narazılığım yoxdu.
Amma Əhməd kişi bunların heç birini vecinə almırdı. Nə qızının razılığını, nə də qohum-əqrəbasının təzyiqlərini. Düşünürdü ki, kənddə o qədər qəşəng qız var ki, gedib onların birini Kamala alarlar.
Zarafat deyil, altı dəfə bu qapıya elçi getmişdilər. Əhməd kişi də hamısının ağzını dağa dirəmişdi və demişdi: "Olmaz ey!"
...Yeddinci dəfə elə bir adamı axtarıb tapdılar ki, ona heç cürə Əhməd kişi "yox" deyə bilməzdi. Bu ağır seyidlərdən olan, sanbalı, ağayanalığı ilə seçilən, görkəmindən nur yağan Seyid Əli Ağa idi. Seyid Əli Ağa hansı qapıya getsəydi orda həmişə barışıq olardı. Elçiliyə nə vardı ki? Uzaqbaşı qız verməzdilər. İki qohum bir-birini al-qana batıranda bax, onda Seyid Əli Ağa qohumlar arasındakı qan davasını yatırmışdı. Özü də bir dəfə yox ha, düz on-on beş dəfə.
Axşam şər qarışandan sonra Nəriman kişi Seyid Əli Ağanı və bir neçə də qohumunu götürüb getdi Əhməd kişinin qapısına. Əhməd kişi gördü ki, bu həna o hənadan deyil. Yəni daş qayaya rast gəlib. Seyid Əli Ağanı görəndə lap rəngi saraldı və bildi ki, dağ boyda kişini ona görə gətiriblər ki, qızın razılığını versin. Seyid Əli Ağa çay stolun üstünə gəlməmişdən dedi:
- Bilirəm, altı dəfə Nərimanın elçilərini geri qaytarmısan. Hətta ən hörmətli adamlara yox demisən. Əgər qızının razılığı olmasaydı, mən heç vaxt bu qapıya gəlməzdim. İki gənci bir-birindən ayrı salmaq ən böyük günah sayılır.
O danışandan sonra Əhməd kişinin mat-mutu qurudu. Qırımından bildi ki, Seyid Əli Ağa əsəbləşib. Üzünü ona tutub dilləndi:
- Ağa, cəddinə qurban olum, çayınızı şirin eləyin. Əgər sən gəlmisənsə mənim ağzım nədir yox deyəm? Bir də öyrənmişəm ki, qızın da razılığı var. Allah xeyir versin!
Elçilər sevincək halda qapıdan çıxdılar. İyirmi gündən sonra Nəriman kişi toy çaldırdı. Qara zurnada Şahlar kişinin çaldığı musiqinin səsi kəndi ağzına götürmüşdü. Kimsə yerindən dilləndi: "Pah atonnan, Əhməd kişini də yumşaldan adam tapılarmış".

TƏQVİM / ARXİV