adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Mart 2015 13:37
4517
LAYİHƏ
A- A+

HACIQABULDA HƏYAT ÜZƏ GÜLÜR

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi



Bu gün ölkə həyatına diqqət yetirəndə təbii ki, daha çox göz oxşayan bir gerçəklik insanın ovqatını xoş edir. Bu da həm insanların iş yerinin olması, həm də bu iş yerinin mahiyyətinin ürək açmasıdır. Yəni aparılan tikinti-abadlıq işləri həm ölkəmizi gözəlləşdirir, həm də bu gözəlliyi yaradanların özləri, ailələri sosial cəhətdən daha yaxşı təmin edilmiş olurlar. Bax, bu mənada regionların inkişafına dair Dövlət Proqramının mərhələlərini izlədikcə insan özündən asılı olmadan bir fəxarət hissi yaşayır. Bu da əvvəldə dediyim kimi, gözəlləşən Azərbaycanımız və rifah halı yaxılaşan Azərbaycan vətəndaşının durumudu.
Bəli, Hacıqabul rayonu ölkənin paytaxtından çox da uzaqda yerləşmir. Necə deyərlər, magistral yolun kənarında olan rayon mərkəzi, eləcə də onun digər kəndləri, yaşayış məntəqələri həm rayonun özünə, həm də onun digər yaşayış məntəqələrinə səfər edən hər kəsdə müəyyən bir müsbət hisslər oyadır. Çünki səfərlər yeniləşdikcə adı çəkilən bölgədə aparılan yenidərqurma da, bərpa işləri də, hətta təmir-abadlığın özü də dərhal adamın gözünü oxşayır. Baxıb görürsən ki, bir il, ay bundan öncə gördüyün mənzərə kökündən dəyişibdi. Təbii ki, bu da bacarıqlı rəhbərliyin və zəhmətkeş insanların fəaliyyəti nəticəsində həyatda təsdiqini tapır. Bir müddət öncə rayona səfər edərkən gördüklərim məni də özünə çəkdi. Məhz həmin hisslərin təsiri altında qeyri-ixtiyarı rayon mərkəzini gəzib dolaşdım. Açığını etiraf edim ki, Hacıqabulda gözlə görünüb könül oxşayan xeyli yeniliklər baş vermişdi. Elə həmin uğurlu inkişafına rəqəmlərlə ifadəsi də dediklərimizi təsdiq edir. Yəni Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun ötən il ərzində rayonda həyata keçirilmiş sosial-iqtisadi proqramın nəticələri ilə bağlı rayon fəallarına verdiyi hesabatdan məlum olmuşdu ki, 2014-cü ildə Hacıqabul rayonunda yaddaqalan hadisələr baş vermiş və bu əlamətdar hadisələrin də hər birinin arxasında hacıqabulluların böyük əməyi, alın təri dayanmışdı.
Rayon icra hakimiyyəti başçısının vurğuladığı kimi, ötən il Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 2013-cü ildəkinə nisbətən 2,3 faiz artaraq 65,8 faiz təşkil etmişdi. Göründüyü kimi, bir il ərzində iqtisadiyyatın bütün sahələri üzrə məhsul satışında 2,3 faiz artım əldə etmək məhz həmin o gərgin əməyin ifadəsidi.
Ölkə həyatının aparıcı sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı da Hacıqabul rayonunda həmişə diqqət mərkəzində saxlanılır. Yəni rayon rəhbərliyi bütün imkanlardan istifadə edərək öz sakinlərini kənd təsərrüfatı məhsulları ilə təmin etməklə yanaşı, həm də ölkə həyatında yaxından iştirak etməyə də xüsusi diqqət yetiribdi. Məhz bunun nəticəsidi ki, ötən il 6415 ha buğda, 6124 hektar isə arpa səpini həyata keçirilmiş və sonda da 2013-cü ildəkindən 348 ton çox buğda, 532 ton artıq arpa istehsal etmək mümkün olmuşdu. Maraqlı cəhət burasındadı ki, 2013-cü ildə 2014-cü ilin əkin sahələrinin hektarlarında o qədər ciddi dəyişiklik aparılmamışdı. Yəni torpağa artan diqqət, göstərilən aqrotexniki xidmət son nəticədə istehsalın artımına gətirib çıxarmışdı. Arpa və buğda ilə yanaşı rayonda bostan-tərəvəz məhsullarının istehsalında diqqəti çəkən üstünlüklər önə çıxmışdı. Yəni 2013-cü illə müqayisədə 2014-cü ildə 859 ton tərəvəz, 54 ton meyvə artımı qeydə alınmışdı. Bunun özü də həm sakinlərin, həm də ölkənin meyvə-tərəvəz təminatında müsbət göstəricidi. Ümumiyyətlə, kənd təsərrüfatının bütün sahələrində, o cümlədən də heyvandarlıq və quşçuluq sahələrində də hacıqabullular uğurlara imza atmışdılar. Bu söylədiklərimizi rəqəmlərin dilinə çevirsək, onda məlum olar ki, ötən il Hacıqabul rayonunda 3643 ton ət, 4 ton süd, 1 ton yun, 46 milyon 716 min ədəd yumurta istehsal olunmuşdur. Bu istehsal özü-özlüyündə həm yerli, həm də ölkə bazarlarını təmin etməkdə öz sözünü demiş və regionların inkişafına dair Dövlət Proqramının müsbət nəticəsi kimi önə çıxmışdı. Birmənalı şəkildə vurğulamaq olar ki, ötən il öz sakinlərini təmin edən Hacıqabul rayonunun kənd təsərrüfatı əməkçiləri paytaxt sakinlərinə 32,8 ton bostan məhsulları, 19,7 ton meyvə, 10,3 ton mal əti, 6,3 ton qoyun əti və 645 min ədəd yumurta satışı reallaşdıra bilmişdi. Yəni paytaxta təşkil edilən kənd təsərrüfatı yarmarkalarına hacıqabullular həmişə əlidolu gəlmişdilər.
Rayonda olarkən onu da öyrəndik ki, Hacıqabulda torpağa ondan istifadəyə xüsusi diqqətlə yanaşılır. Bunun nəticəsidir ki, torpaq mülkiyyətçiləri güzəşitli qiymətlərlə əldə etdikləri 76,45 ton mineral gübrənin torpağın qüvvətləndirilməsində, məhsuladarlığın artırılmasında gərəkliyini müsbət qiymətləndirərək torpağa özəl münasibət bəsləmişdilər və nəticədə də gübrə ilə təmin olunan əkin sahələri öz sahibinin üzünü ağ etmiş, yüksək məhsulla hər bir mülkiyyətçini sevindirmişdi. Üstəlik ötən il Hacıqabul rayonunda buğda məhsulunun istehsalı ilə məşğul olan 710 nəfərə 154 min 448 manat subsidiya verilmişdi. Bununla paralel olaraq 254 nəfərə torpağın becərilməsi üçün gərəkli olan yanacaq və sürtgü materiallarının qiymətini ödəmək baxımından hər hektarına 40 manat olmaqla 581846,1 manat güzəştli vəsait ayrılmışdı. Bax, bütün bunlar da rayonda kənd təsərrüfatının inkişafına, onun ilbəil daha məhsuldar və səmərəli olmasına öz təsirini göstərmişdi. Üstəlik, rayonun əkin sahələrinin su təminatı da diqqət mərkəzində saxlanılmışdı. Doğrudu, yay aylarında suya tələbat artıdığı üçün torpaq mülkiyyətçiləri müəyyən problemlərlə qarşılaşırlar, bu vəziyyətə cavabdeh olan rayon suvarma sistemləri idarəsi və onun rəhbərliyi hələki problemin bütünlüklə həllinə nail ola bilməyib. Ancaq rayon rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı bu vəziyyətin də getdikcə tələb olunan səviyyəyə gəlib çatacağına ümid verir.
Bəli, bu gün Hacıqabulda kənd təsərrüfatı və bütövlükdə iqtisadiyyatın bütün sahələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın da məqsəd və məramı hər kəsin rifah halını yüksəltməkdir. Hacıqabulda bunu çox gözəl dərk edən zəhmət adamları Azərbaycan prezidenti İlham Əliyev cənablarının onlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq daha həvəslə işləyir və öz rayonlarının həm ümumi mənzərəsinin, həm də sosial durumunun yüksəlməsi üçün ürəklə, inamla, ilhamla işləyirlər.

(Ardı var)

Ceyhun RÜSTƏMOV