adalet.az header logo
  • Bakı 11°C

SINIQ KÖNüLLƏRDƏ NƏ BAHAR, NƏ YAZ...

VƏSİLƏ USUBOVA
29841 | 2010-04-24 01:18
Başlığı oxuyan kimi məni qınayacağını bilirəm, istəkli oxucu. Deyəcəksən ki, torpağımıza bahar gəlib, çəmənlərdə novruzgülü, kol dibində bənövşə üzə gülür, adama ruh verib yaşamağa çağırır. Sınıq könüllərdən söz açmağın yeridi heç?! Mənim də bu qınaqlara tutarlı cavabım var. Adamların üzünə diqqətlə bax, gör nə oxuya biləcəksən. Hamının bir nəfər kimi işğal olunmuş torpaqlarımızın, əsirlikdəki qız-gəlinlərimizin, uşaqlarımızın, qocalarımızın dərdini çəkdiklərini söyləmə mənə. Bir-birimizə təmənnasız əl tutmağımızdan, alicənab davranışlarımızdan, ədalətli, xeyirxah münasibətlərimizdən də söz aça bilməzsən. Belə bir əqidənin, birliyin yiyəsi olsaydıq, əxlaqımızın, mənəviyyatımızın bunca kasadlaşmasına yol verməzdik. Torpağı nə yollasa qaytarmaq olur, ancaq bu torpağın qoynunda açılan yaraları sağaltmaq beş ilin, on ilin işi deyil. Torpağın da ləyaqəti, irzi-namusu var. Heç ləkə götürməz. İlahi yuxulara bənzəyən o gözəl yerlərimiz bir də əvvəlki şəklinə düşəcəkmi?! Düşsə də, biz onu görməyəcəyik. Bu azdır?!
   
   Adamların üzündən hər şeyi oxuya bilmirsənsə, onda baxışlarını endirib əllərinə- "böyrü-böyründən keçən" zənbillərinə bax. Heç kəs öz mədəsinə, qarnına görə əlləşib-vuruşmur. Hamının əlinə göz dikəni, evdə çörək, paltar gözləyəni var. Dərd deyil bu? Dərdin buynuzu olmaz ki,...
   
   Amma məni yazdıran heç bu fikirlər də deyil. Onsuz da təzə heç nə demirəm. İstəsəniz, ikinci mövzuda sizinlə razılaşıb barışa da bilərəm. "Aclıq olsun, kef olsun" prinsipini qəbul da edərəm. Neçə gündən bəri poçtamtın qabağına vurulmuş bankomatı ümidlə qurdalayıb əliboş geri dönənləri görməzliyə də vuraram. Balışının altından beş-on manat çıxarıb bankomatlara baş çəkmədən bazara yollananların da olduğuna özümü inandıraramg
   
   Bircə o gecə yaşadıqlarım olmasaydı. Və həmin yaşantıları qələmə almaqdan məni heç bir qınaq, töhmət saxlaya bilməzg
   
   
   
   ***
   
   Müğam, ozan müsabiqələrindən başqa televiziya kanallarımızda yayımlanan heç bir yarışmaya baxmıram. Əgər son günlər qızım yanımda qalmasaydı, "Space"də gedən "Sən bir nəğmə" yarışmasından da xəbərsiz qalacaqdım. Layihənin necə gərəkli, xeyirxah bir iş olduğundan söz açmağıma ehtiyac yoxdu. Çıxış edənlər bunu təkrar-təkrar söyləyiblər. Uşaqların necə oxumasını qiymətləndirmək də mənim işim deyil. Desəm ki, heç səslərini də eşitmirəm, inanın. Bu müsabiqədə nələr yaşandığını hamımız görə bilirikmi? Ekrandan yayılan kədəri, nisgili, həsrəti duymağa, anlamağa gücümüz, iqtidarımız, ən nəhayət, ləyaqətimiz çatırmı?! İlk baxışdan hiss olunur: əyin-başları digər müsabiqələrin iştirakçılarının geyim-kecimi kimi deyil. İfalarını çox tərifləyir, hədsiz mehribançılıq göstərirlər. Elə bu aşırı nəvaziş onlara çox şeyi diqtə eləmirmi? Şən mahnı oxuyanda belə gözləri gülmür, bədənləri açılmır. Açıla da bilməz. Ana qoynunda isinməyən, ətrini udmayan körpənin canı ömürboyu qıza bilməz. Ananın ilıq sinəsində, boyun-boğazında gəzməyən əlləri böyüyəndə, lap elə qocalanda da buz kəsəcək. Onlar mahnı oxuyurlar. Özlərininsə ömür nəğmələri çox kədərlidi. Bu nəğmədə işıq yoxdu, isti yoxdu, sevgi yoxdug Baxışları harasa uzaqlara dikilir, bəbəklərində yaş qaynayır. Nə axtarırlar, nə görürlər, nə gözləyirlər?!...
   
   Bu sualların cavabı onlarlıq deyil, bizlikdig
   
   Hələ bu yaşımızda da doğmaların, yaxınların istisini, nəvazişini duymayanda kövrəlir, küskünləşirik. Bir xoş baxışın, şirin sözün həsrətini çəkirik. Bəs, bu uşaqlar öz balaca ürəkləri, məhdud dünyaları ilə yaşamağa necə qüvvə tapırlar?! Bəlkə alışıblar buna? Bəlkə elə bilirlər hər yerdə belədi? Umu-küsülərin, gözləntilərin nə olduğunu bilmədən yaşamaq daha asandı, yoxsa? Nə səni əzizləyən var, nə də səndən bunu gözləyən. Bunlar yoxdu. Üstəlik, çox şeylər olmalıdı, onlar da yoxdu. Olmayanların da bir adı, bir dərdi var: yoxdu, vəssəlam!
   
   ***
   
   Bəs, o gözlərdəki min yerə yozulacaq ağrı hardandı? Bəbəklərində qaynayan nəmli qığılcımların kökü hardan su içir? Sən nə bilirsən qüssə nədi, qəm nədi?... Bu bizim yükümüzdü, biz çəkməliyik. Amma yükləmişik sizin kiçik ürəklərinizə, kövrək çiyinlərinizə. Ömür adlanan ağır, qara daşı üstümüzdən atıb, boyunuz boyda dərd vermişik sizə. Utanmadan, vicdan əzabı çəkmədəng
   
   Haqqınız var bizdən üz çevirməyə. Elə bilirəm ki, çevirmisiniz də. Çıxışları qurtaran kimi tamam başqa aləmə gedirsiniz. Ancaq sizə bəlli olan bir aləmə. Bizsə həyatın bu üzündə qalırıq. Doyunca yeyib-içməyə, tox qarınlarımızı rahatca gəzdirib dolandırmağa, ancaq özünü düşünməyə köklənmiş bir üzündə. Özümüzə haqq qazandırmağa da o qədər bəhanələrimiz var ki,g Yazılmamış saxta qanunlarımız, zəhlətökən əxlaq normalarımız da öz yerindəg Hamısını da özümüz yaratmışıq. Bu yaratdıqlarımızdan da xeyli məmnun qalaraq günahımızı, babalımızı qoymuşuq sizin boynunuza. Rahat yaşamağın belə bayağı düsturu bizim toplumdan başqa daha kimlərin ağlına gələ bilər ki?... İkiüzlü həyat sürməyin canıyıq. Gizlində min hoqqadan çıxıb, aşkarda namus-qeyrətdən, ləyaqətdən dəm vurmağı vərdişə çevirmişik. Üzümüzdəki maska da gündən-günə qalınlaşır.
   
   Ruhumuz çoxdan ölüb, yaşayan bədənimiz, nəfsimizdig
   
   
   
   ***
   
   Tanınmış müğənnilər qonaq olur bu verilişdə. Onlarsa heç kəsə yaxınlaşmaq, qaynayıb-qarışmaq istəmirlər. Heç bunu bacarmırlar da. Elə bir-birlərinə qısılmaqda, sığınmaqdadı fikirlərig Həmin axşam Nazpəri Dostəliyeva yarışmanın qonağıydı. Müğənni təsirli bir mahnı oxudu. Bu mahnı onların haqqındaydı. Soyuq divarlar arasında keçən, "qayğısız" adlandırıla bilməyən uşaqlıqları haqqındag Və uşaqlar mahnının ahənginə uyğun yellənə-yellənə ağlayırdılar. İlahi, bu yaşda dərd yükünü daşımaq olurmı? Böyüklərin çəkə bilmədiyi ağrı-acıları bu kövrək çiyinlərə yükləmək insafdandırmı?! Ürəyimdə Nazpəri xanımı qınadım ki, düz eləmir, belə sözləri onların üzünə oxuyur. Sonra haqq qazandırdım. Qoy indidən hər şeyi öz rəngində görməyi öyrənsinlər. Anlayıb dərk eləsinlər. Bizlər kimi saxta inanclarla, yalançı şüarlarla böyüməsinlər. Lap uşaqlıqdan başa düşsünlər ki, həyat deyilən şeyin çox sərt tərəfləri də var. Onlara həyat verib sonra öz nəfsinə, yersiz şıltaqlığına qurban verənləri, rəhmsiz dünyanın qoynuna atanları tanısınlar. Mahnının sözləri onları özlərinə qaytarmışdı. Oxuyanda özləri deyildilər, ağlayanda isə öz taleləri ilə birlikdə, əslində olduqları kimi görünürdülərg
   
   Niyə ekran qarşısında sakitcə oturmuşduq? Ağlayanlarımız da vardı, bilirəm. Amma nə olsun? Bu azdı. Biz elə seriallara baxanda da ağlayırıq. Niyə durub ayaqyalın, başıaçıq onların yanına qaçmırıq? Bağrımıza basıb yaşlı gözlərindən, islaq yanaqlarından öpmürük? Onların hər biri oğlumuz, qızımız, gəlinimiz ola bilər, axıg Yaşadıqları yerin adını olduğu kimi yazmıram. Xoşum gəlmir o sözdən. Qoymayaq gəldikləri o "soyuqxana"lara bir də qayıtsınlar. Demirəm, oraları bağlayıb qapısından qızıl qıfıl asaq. Məktəb olsun, kitabxana olsun, amma o söz dilimizdə bir də işlənməsing
   
   
   
   ***
   
   Onların öz "himn"ləri də var. "Taleyimiz eyni, yazımız eynig" Kimdi bu taleyi, qədəri onların alnına yazan? Tanrımı? İnsanlarmı? Bunu ayırd eləmək mümkün deyil, həm də çox vaxt alandı. Onlarsa böyüyürlər. Özləri də, dərdləri dəg

TƏQVİM / ARXİV