adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Mart 2015 11:37
4777
ƏDƏBİYYAT
A- A+

Erməniləri ifşa edən kitabın 3-cü sayı nəşr olunub

Tanınmış türkiyəli alim, İstanbul Universitetinin müəllimi, tarix elmləri doktoru Mehmet Perinçəkin "erməni məsələsi”nə dair yeni kitabı çapdan çıxıb. Kitab "Ermeni milliyetçiliğinin serüveni (Taşnaklardan ASALA-ya yeni belgelerle)” adlanır.

 

İlk nəşri mart ayının əvvəlində gerçəkləşdirilən kitabın artıq üçüncü nəşri işıq üzü görüb. Kitabda erməni milliyyətçiliyinin və terrorçuluğunun simvolu olan Daşnaksütun Partiyasının yaradılması və Qafqazdakı fəaliyyətinə dair Rusiya arxivlərindən əldə edilən sənədlər əsasında elmi ümumiləşdirmələrə yer verilib. "Erməni məsələsi”nin böyük dövlətlərin öz məqsədləri üçün istifadə etdikləri bir alət olduğuna diqqəti cəlb edən M.Perinçək yeni kitabındakı fikrini bu şəkildə əsaslandırıb: "Təbii ki, bu proseslərdə başqa ölkələrlə əməkdaşlıq edən erməni milliyyətçiliyinin liderlərinin yaşadıqları ölkələrin düşməni olan rus çarlarına, ingilis krallarına, faşistlərə qoşduqları mədhiyyələrin, tərif dolu məktubların sayı-hesabı yoxdur. Düşmən ölkələrin orduları böyük bir coşqu ilə işğala dəvət edilməkdədir”.

 

Birinci Dünya müharibəsində xarici qüvvələrin dəstəyi ilə daşnakların Osmanlı imperiyasını parçalamağa çalışmasını arxiv sənədləri ilə isbat edən M.Perinçək İkinci Dünya müharibəsində ermənilərin faşistlərlə əməkdaşlıq edərək, Türkiyəni  işğal etmək üçün Almaniyanı təhrik etməsini  də ətraflı şəkildə  işıqlandırıb. Müəllif ASALA terror təşkilatının 1970-80-ci illərdə dünyanın müxtəlif ölkələrində türk diplomatlarını şəhid etməsini daşnakların ideologiyasındakı terrorçuluqla əlaqələndirib. Kitabda rus arxivlərindən əldə edilmiş sənədlərin surət və tərcümələri  öz əksini tapıb.

 

Qeyd edək ki, Mehmet Perinçək "soyqırım”  böhtanlarına qarşı dünya miqyasında təsirli mübarizə aparan Tələt Paşa Komitəsinin qurucu koordinatoru, Vətən Partiyasının lideri Doğu Perinçəkin oğludur. 2011-ci ilin yayında "Ergenekon” adı verilmiş istintaq çərçivəsində həbs edilən M.Perinçək 5 avqust 2013-cü ildə həbsdən azad ediləndən sonra çalışmalarını yeni araşdırmaları ilə davam etdirməkdədir.