çÖRƏK - YAŞAMAQ üçüN

ƏBÜLFƏT MƏDƏTOĞLU
37772 | 2010-04-24 01:18
Çox qəribədir, o qədər qəribədir ki, dərindən fikirləşəndə az qalıram havalanam, yerə-göyə asi olam. Bu qədər qəribəliyi heç vaxt ağlıma gətirməmişdim, heç kitablarda da oxumamışam. Amma görünür ki, həqiqətən də qəribəliklərdən, qeyri-adiliklərdən, kəsəsi baş verənlərdən özünü sığortalamaq mümkün deyil, heç cürə. Çünki insan robort deyil və onun proqramı da yoxdur. O zamanla, hadisələrlə yaşayır, ona uyğun həyatını qurmağa çalışır. Adi bir təbii fəlakət bəzən illərlə qurduğunu bir anda külə çevirir. Bax, elə bu anlamda həyat doğrudan da çox qəribədir...
   
   Hələ kiçik yaşlarımda indi haqqa qovuşmuş nənəm, babam, o cümlədən də valideynlərimin dilindən "aclıq, çörək qıtlığı, dava" sözləri düşmürdü . Hər hansı bir uyğunsuzluq, narahatlıq görəndə, hiss edəndə dərhal bizə irad tuturdular ki, "bala, çörəyin qədrini bilin, aclıq yaman şeydi! Darı cadı, arpa kümbəsi yeməmisiniz, çöllərin otunu-alafını qaynatmamısınız. Allaha ağır gedər, çörəyi ayağ altına atmayın. Biz onun çox korluğunu çəkmişik"!!!
   
   Mən hər dəfə bu sözlərə uşaq marağı ilə qulaq asıb və inana bilmirdim ki, evdən, təhnədən çörək qurtara bilər. Çünki atam-anam kolxozda işləyirdi, nənəm-babam təqaüd alırdı, hər dəfə də dəyirmana gedəndə kisə-kisə un gətirirdilər. Anam bəzən üç-dörd təndirlik çörək bişirirdi ki, həftələrə bəs etsin. Bu bolluq da gözlərimizi doydurmuşdu. Təndirə çörək yapılanda bircə arzumuz olurdu ki, kaş kündənin bir-ikisi küt getsin, qazmağını götürüb yeyək. Bilirsiniz necə şirin, dadlı olur çörək qazmağı? Hətta belə bir inancımız var idi ki, çörəyin yanmış qazmağını yeyən mütləq pul tapacaq . O vaxtlar 10-20 qəpik bizə kənd klubunda yaxşı bir kino-filmə baxmağa bəs edirdi. Biz bu cür böyüyürdük. Çörək korluğu çəkmədən, sabaha ümidlə.
   
   Elə o vaxtdan ağlıma ilişib qalıb ki, çörəyi ayağa atmazlar, çörəyi tapdamazlar, çörəyə haram qatmazlar, sörəyi çörəkçiyə verərlər, çörəyin qədrini biləni Allah da sevər, daha nələr, nələr. Hətta bir dəfə kəndimizdə qəribə bir hadisə oldu. İki qonşumuz bir-biriylə əməlli-başlı sözləşdilər. Atam onlardan birinə yaxınlaşıb dedi ki, "ayıbdı, gor qonşusuyuq, çörək kəsmişik, Allahsız iş tutmayın". Elə bil bu söz onların üstünə su kimi çiləndi. İkisi də bir ağızdan dedi ki, kəsdiyimiz çörək olmasa mən bilərəm onların başına nə gətirərəm. Sonralar anladım həmin sözün mənasını, kəsilən çörəyin gücünü...
   
   İndi də çörək kəsilir. Özü də kasıb süfərədən tutmuş böyük məclislərə, bir-birindən dəbdəbəli, bahalı restoranlara qədər hər yerdə. Çörəyə də and içirlər, dü za da. Amma məclis dağılandan bir az sonra çörək də yaddan çıxır, duz da. Qalırsan baxa-baxa. İnana bilmirsən. Anlaya bilmirsən ki, insan çörəyə qarşı bu qədər necə laqeyd olur. Bəlkə bu günün insanları darı çörəyi, jımıx, arpa çörəyi yeməyiblər. Ona görə buğda çörəyinin qədrini bilmirlərp. Və yaxud da indi çörəyin ununa o qədər qatqılar qatıblar ki, çörək öz mahiyyətini itirib. Nə bilim vallah...
   
   Mən hər şeydən uca bilmişəm çörəyi. Kəsdiyim yerə də öncə çörəyə görə qiymət vermişəm. Düşünmüşəm ki, qazandığım evimə, balalarıma apardığım çörəyin halallığı da, bərəkəti də qorunmalıdır. Bu çörək məni, ailəmi ağrı-acıya tuş etməməli, əksinə can rahatlığı verməlidir. təəssüf ki, indi obrazlı desək, çörək get-gedə qəhətə çəkilir, ceyranın belinə çıxır. Deyə bilərsiniz ki, küçələrdə, zibilliklərdə nə qədər desən çörək var. Xeyr, məni düz anlamadınız. Mən halal zəhmətə, halal xidmətə, alın tərinə verilən kişi çörəyindən danışıram. O çörəkdən ki, onu qazanan da, onu verən də halallığı qoruya bilir. O çörəkdən ki, addımbaşı üzə vurulmur, başa qaxılmır...o çörəkdən ki, onun arxasında insanlıq, mənəviyyat, ən vacibi isə haqq-ədalət durur... Allah yaddan çıxmır, qismət tapdalanmır... qazanan da, qazanca şərait yaradan da könül rahatlığı yaşayır...
   
   Bu gün qazandığım hər tikə çörək o qədər əl çatmaz, o qədər mənə ağır və üzücü gəlir ki, hərdən ondan imtina etmək istəyirəm. Görürəm ki, çörək dadını, duzunu, bərəkətini get-gedə qaçırır. Çünki onun araya-ərsəyə gəldiyi zaman, mühit, çəkilən zəhmət, verilən qiymət o qədər bayağılaşıb, o qədər baş-ayaq düşüb ki, heç nəyin necə olduğunu, kimin kimə, kimin nə üçün işlədiyini görmək, anlamaq olmur. Mənə elə gəlir ki, bu məşhər gününün yaxınlaşmasının bir əlamətidir. Deyəsən dünyada baş verən bütün təbii fəlakətlərin fonunda boğazdan keçməyən çörəklərin yerini yavaş-yavaş görməyə başlamalıyıq. Ən azı ona görə ki, o çörəklər xeyir-dua ilə, açıq ürəklə, öncəki səmimiyyətlə süfərələrə gətirilmir. Bu sadəcə sıradan bir iş, bir az da adi desəm vərdişin təkrarlanması kimi bir şey olubdu. Amma gərək belə olmayaydı. Axı biz təkcə mədəmiz üçün yaşamırıq. Bizim qarnımızla yanaşı, qədrimiz də bilinməlidir. Nə isə. Bu həyatın bir üzüdür. Necə ki, haqqı, haramı və halalı olduğu kimi.
   
   
   
   Haqqını halal elə
   
   Ay ölən son ümidim
   
   Gücüm çatmadı sənin
   
   Göz yaşını kiridim.
   
   
   
   Yarpaq-yarpaq tökülüb
   
   İlmə-ilmə sökülüb
   
   Daha belin bükülüb
   
   Səni necə yeridim.
   
   
   
   Tay dağ-dərə tanımır
   
   Ovum bərə tanımır...
   
   Dərdim çarə tanımır
   
   Onu necə dirildim?!
   
   
   
   ***
   
   
   
   Ovqat insanın öz əlindədi, deyirlər. Amma görünür bunu deyənlər bizim günlərdə yaşamayıblar. Əgər yaşasaydılar görərdilər ki, həyatını, bütün yaşayışını bir tikə çörək qazanmağa və yaxud da beş gün halal insan ömrü yaşamağa həsr edən hər kəsin bir anın içində ovqatını alt-üst etmək mümkündü. Özü də ovqata elə bir toy tutmaq olar ki, həftələrlə, aylarla özünə gələ bilməz. Bunun üçün çox xırda bir ştirixdən, detaldan istifadə etmək kifayət edər. Məsələn, günəmuzd çörəyə işləyən birisinin işini əlindən al, çörəyinin qarşısında qırmızı işıq yandır, o təzə iş yeri tapana qədər gülməyi də yadırğayacaq, arvad-uşağın üzünə baxmağı da. Beləsində xoş ovqat necə yarana bilər?
   
   Deməli, istənilən xeyir-şər məclisində insanlara diqqət yetirəndə mən nə qədər çalışıram, gülümsəyən üz-göz tapa bilmirəm. Hətta toylarda həddindən artıq spirtli içki qəbul edənlərin də üz-gözündə təbəssüm olmur. Əksinə, onların dərdi vurub çıxır sifətlərinə, qayğıları təzələnir, unutmaq istədikləri tikan kimi bitir gözlərinin önündə və həmin anda özünü hansı formaya salmaqdan asılı olmayaraq təbəssümü, xoş ovqatı geri qaytara bilmirsən. Bu da günümüzün bir reallığıdı.
   
   Lap elə hüzr mərasimlərində də eyni mənzərə yaşanır. Mən əlimi ürəyimin üstünə qoyub səmimi şəkildə bəyan edə bilərəm ki, indi hüzr mərasimlərində ölü sahibinə qoşulub ağlayanların böyük əksəriyyəti öz dərdini, öz itkisini, öz acısını, öz gününü ağlayır. Bu əslində bir ansamblda hər kəsin öz istədiyi kimi çıxış etməsinə bənzəsə də, amma dərdlərin eyni olan məqamları bu fərqliliyi aradan qaldırır və bizə elə gəlir ki, yəni ölü sahibinə elə gəlir ki, onun dərdini ağlayırlar. Neynək, bu da XXI əsrin bizə bəxş etdiyi bir ovqatdı, ağlamaq ovqatı. Dərdlərin həmahəng, həmqafiyə olması kimi bir ovqat...
   
   İstər-istəməz bu yazdıqlarımı təkrar gözümün önündən gətirib keçirirəm. Elə bilirəm ki, boşaltamağa çalışdığım ürəyimlə bir yerdə mən də yüngülləşəcəm, məndən əl çəkəcək bu üzüntülər. Amma faydası yoxdu. Sanki yazdıqca, dedikcə dərd də çoxalır, problem də artır. Hətta uğrunda övladlarının naminə apardığım savaşın da əhatə dairəsi böyüyür, dözümüm tükənir...onda köməyimə qələm çatır. O qədər ki, yazdıqlarımı, daha doğrusu yazmaq istədiklərimi kağıza hopdurmaqda köməkçim olub. Elə bir köməkçim ki, yazdıqca ömrümü uzatmır, əksinə gödəldir. Görəsən, dünyanın hər yerində belədir? Görəsən, insan çörəyini hər yerdə belə zülmlə qazanır? Doğrudanmı biz elə həmişə iynə ilə gor qazmalıyıq?
   
   
   
   pəncərə şüşəsinə
   
   çəkdiyim şəkillərin
   
   surətin köçürürəm
   
   gözlərimə...
   
   baş daşına söykənmiş
   
   ünvanlı əklillərin
   
   soyuq yazılarının
   
   istisini hopdururam-
   
   sözlərimə...
   
   pəncərə şüşəsi...
   
   və bir də
   
   başdaşı...
   
   biri isti nəfəs umur
   
   biri də
   
   isti göz yaşı...
   
   
   
   ***
   
   Mən çörək qazanmağın çətinliyini də bilirəm, qazanılan çörəyin qədrini də. Və bir də çörək qazanmaq yollarını tapmaqda da həyat təcrübəm var. Bu yazıda söhbət təkcə mənim, sənin və yaxud bizim tanıdıqlarımızın necə zülmlə çörək qazanmasından getmir. Əksinə, biz qazana bildiyimiz kimi itirməyi də öyrənmişik. Ona görə də dözümümüz hələ ki, o çörəyi qorumağa, onun qədrini bilməyə kifayət edər. Bu yazıda söhbət həyatın dərsləri ilə yanaşı, o dərslərdən çıxardığımız nəticədən və nəhayət həmin nəticəyə görə atdığımız addımlardan gedir.
   
   İstər fəhlə ol, istər qulluqçu, istər söz adamı ol, istər adi vətəndaş. Böyük mənada insan hər yerdə, hər bir vəzifədə insandı. Amma insan o yerdə böyük olur ki, o yerin özü və o insanın özü də bir-birini tamamlayır, bir-birinə layiq olur. Onda insanla bərabər həmin yer də böyüyür. Adi bir misal çəkim. Ən böyük vəzifəyə insanlıqdan, düşüncədən, qabiliyyətdən kənar birisini əyləşdirmək olar. Çox qısa zamanda o böyük yer həmin orada əyləşənlərin gününə düşəcək, səviyyəsinə enəcək. Və yaxud da ən kiçik kürsüyə çox ləyaqətli, həqiqi bir insanı əyləşdirmək olar və o yer də həmin insanın səviyyəsinə qalxar. Deməli, çörəyi qazanan isnan özü ilə bərabər çörəyi də ucalda bilər və yaxud da əksinə.
   
   İndi dünyanın bütün problemlərinin biz insanlara yük olduğu bir məqamda qarın davası etmək bəlkə də gülüncdür. Amma neyləyəsən ki, yaşamaq üçün yemək də lazımdır. Bax, elə bu məqamda da yediyinin, yaşamağın üçün qazandığının mahiyyəti dəyişir. Çünki onu sənə təqdim edəndə çox şeylər gözlənilmir. Bu da müxtəlif fəsadlara gətirib çıxarır. Sonu isə daha üzücü olur. Məni qınamayın. Mən bu məmləkətdə çörəyin necə verildiyini, necə qazanıldığını görə-görə qocalıram.
   
   
   
   Qoruya bilmirəm
   
   əsəblərimi...
   
   maşın səsi
   
   külək səsi
   
   it hürməsi
   
   xoruz banı
   
   qapı zəngi
   
   qadınların
   
   ümumi mətbəxdə
   
   davası-
   
   çömçə-qaşığın
   
   qazanın
   
   tasın
   
   havalanması...
   
   "süd!"
   
   "qatıq!"
   
   "xlor!" satanın
   
   bağırması
   
   döyülən uşağın
   
   ağlaması
   
   dilənçinin naləsi...
   
   bir sözlə
   
   həyatın səsi
   
   tarıma çəkir
   
   əsəblərimi...
   
   artırır ağrılarımı,
   
   əzablarımı...
   
   insafınız olsun
   
   səsinizi boşuna
   
   xərcləməyin
   
   və mənə də
   
   "nevrozsan!" -
   
   deməyin...
   
   mən çörək
   
   uğrunda
   
   vuruşuram
   
   yaşamaq üçün
   
   hər gün...

TƏQVİM / ARXİV