adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

GET BANANINI YE

OQTAY SALAMOV
28239 | 2010-04-24 01:18
-Sən bilirsən banan niyə əyridi?
   
   -Yox, bilmirəm.
   
   -Onda gedim başqa meymundan soruşum.
   
   Çox ərkli prikol
   
   
   
   Adətən kimisə təhqir edəndə, Məşədi İbad demiş, onu meymun adlandıranda "get bananını ye" ifadəsi hər şeyi demiş olur - söyüşü də, adam haqda nə düşündüyünü də, onu cəmiyyət arasında birbaşa "alçaltmaq istəmədiyini də". Özü də bu sözü bütün dillərdə başa düşürlər, artıq beynəlxalq status qazanıb. Odey, bu günlərdə argentinalı futbolçu Martias Manrique oyun zamanı rəqib komandanın futbolçusu Sovanni Espinozaya bir neçə dəfə "meymun" və "get bananını ye" deyib. Argentina Futbol Federasiyası Manriquenin bu hərəkətini cavabsız qoymayıb. Belə ki, futbolçu irqçi və təhqiramiz ifadələr işlətdiyinə görə 58 oyunluq cəzalanıb.
   
   Düzdü, Manrique deyib ki, bu sözləri irqçilik səbəbilə işlətməyib və artıq Espinozadan üzr istəyib. Amma nə dəxli var ki, hansı məqsədlə deyirsən de, meymun meymundu, banan da banan...
   
   Stadionda futbolçunun rəqibinə meymun deməsi o qədər də qorxulu deyil. Bir də görürsən yaxşı pullu biri çıxıb elə bir hoqqa çıxarır ki, elə bil pulsuzların hamısına birdən, "optom" meymun deyir. Özü də yeməyə banan yox, xiyar təklif eləyir. Bir xəbərdə oxuyuram ki, II Yekatrinanın saç sancağı 1 milyon 650 min dollara satılıb.
   
   Düzdü, bu zərgərlik məhsulunu dünyanın ən gözəgəlimli məhsulu hesab eləyirlər, amma 61 milyon 650 min də heç gözəgəlimsiz deyil axı. Özü də alan adam telefonla zəng eləyib deyib ki, göndərin gəlsin.Varlığa nə darlıq? Deyir, Kraliçanın sifarişi ilə hazırlanan saç sancağını Kolumbiya zümrüdü bəzəyir. O, iki cərgə briliantla tamamlanıb.
   
   Daha bir unikal daş - tarixi şöhrətə malik Maksimilian briliantı isə elə həmin auksionda 1 milyon 162,5 min dollara satılıb. 39,55 karatlıq briliant Meksika imperatoru Maksimilianın boynundan edamdan əvvəl çıxarılıb və onun gənc dul arvadı, belçikalı şahzadə Şarlottaya verilib. Xeyirli olsun, yəqin indiki alıcı da edama gedəndə kiməsə bağışlayar. Bunları oxuyanda adam özünü heç xiyar yeməyə də layiq bilmir.
   
   A kişilər, belə baxanda Çini o qədər də varlı ölkə saymırıq.Varlı ölkənin vətəndaşları hətta Azərbaycana da gəlib "bes manat, üs manat" deyib saxta mal satmaz. Di gəl ki, Çində keçirilmiş hərracda çəkisi 5 karatdan böyük olan mavi rəngli briliant rekord qiymətə satılıb. Deyir, ekspertlər daşa maksimum 6 milyon dollar qiymət qoysa da, o, nəzərdə tutulandan baha satılıb. Adı açıqlanmayan alıcı nadir daşa 6,4 milyon dollar ödəyib. Bununla da, o, dünyanın ən qiymətli ikinci daşı adına da sahib çıxıb. İlk yeri isə hələ də ötən il Cenevrədə keçirilən hərracda satılmış 7 karatlıq briliant tutur - 9,5 milyon dollar. Qadan alım, xiyarın yetişmişi neçəyədi?..
   
   Deyirəm, hərənin öz cibinin razmerinə görə dərdi var ey. O gün televizordan bizə sübut eləməyə çalışırdılar ki, ildə 1200 manata özəl ali məktəbdə oxumaq baha deyil. Çünki bir tələbənin bir il oxuması 3 min manata başa gəlir. Müqayisəni də dünya ölkələri ilə eləyirdilər. Heç biri də bizimkilərin aldığı maaşı dünya ölkələrində alınanla müqayisə eləmədi. Deməli, "get bananını ye" demək bizimkilərə tərif imiş...
   
   Amerikalıların da yekə bir qayğısı ortaya çıxıb. Xəbəri oxuyanda adamın ürəyinin başına od düşür. Deyir, bığlı amerikalıların hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilat ABŞ hökumətindən bu insanlara vergi güzəştləri tələb edir. Onlar hökumətin bığlı vətəndaşlara 250 dollar vergi güzəşti etməsini vacib sayır. Çünki dediklərinə görə, 1 il ərzində bığa qulluq etmək məhz 250 dollara başa gəlir. Söhbət ülgüclərin alınmasına, daranmaya, həmçinin bığların "ukladka"sına xərclənən pullardan gedir. Banandan ucuz elədilər ha!..
   
   Amerikadan söz düşmüşkən, qoy onların bir bananyeməliliyindən də danışım. Deyir Tennesi ştatının Treysi şəhərində mer seçkilərində ...ölü qalib gəlib. Zarafat eləmirəm, Karl Giri adlı biri ölümündən bir ay keçəndən sonra şəhər meri seçilib. The Daily Telegraph yazır ki, o seçkiqabağı kompaniya zamanı ürək tutmasından ölsə də, rəqiblərindən üç dəfə artıq səs qazanıb. Özü də seçicilərin Girinin ölümündən xəbərləri vardı. İndi qalıblar belə. Deyəsən oraya təcili bir eşalon banan göndərmək lazımdı...
   
   Mən biləni, Hindistanda banan çox olur. Deyəsən orada mobil telefonu olanlar bizimkilər qədər olmasa da, az da deyil. Amma bu bədbəxtlərin tualetə gedənləri telefonu olanlarından azdı. Yox, "voobşe" gedənlərdən danışmıram, təbii ehtiyaclarını tualetdə ödəməyənləri deyirəm. Özü də özümdən demiram a, bunu Hindistanın Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Zəfər Adil bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 545 milyon mobil telefon var və bu, əhalinin 45%-i deməkdir: "Lakin vətəndaşların cəmi 31%-i təbii ehtiyaclarını ödəmək üçün tualetə gedir. Deyirəm axı, bananın çürümüşü niyə pis iylənirmiş...
   
   Deyəsən türklər erməniləri nəinki adam, heç meymun yerinə də qoymur ey. Erməni bambılıları aprelin 24-nü özlərinə genosid olunan gün təyin eləyiblər.Özü də deyirlər genosidi türklər eləyib. Yəni guya türklər əl-ayağa düşüb özlərini müdafiə eləməyə çalışacaqlar.Qadasın aldığım türklər də acığa aprelin 23-nü nəinki əl-ayağa düşməyiblər, hətta ölkənin idarəsini uşaqlara tapşırıblar.
   
   23 aprel Türkiyədə "Milli Suverenlik və Uşaq Bayramı"dır. 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramıdır. "Bu günün balacaları sabahın böyükləridir" deyən Atatürk, bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması adətini başladıb. Hər il 23 apreldə uşaqlar tədbirlərdə nitq söyləyir, şerlər oxuyurlar.
   
   Bu yerdə mütləq qeyd eləməliyəm ki, hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, habelə bələdiyyə sədrləri ilə kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir və onların bu vəzifədə verdiyi göstərişlərə riayət olunur. Di gedin bananınızı yeyin!...

TƏQVİM / ARXİV