Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADİLİN ADİL ÖMRÜ

(XII yazı)

13427    |   2010-04-24 01:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)
   
   
   
   1945-ci il noyabrın 6-da Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet teatrı bayramsayağı bəzədilmişdi. Axşam saat 6-da teatrın mərkəzi qapıları şəhər zəhmətkeş deputatları sovetinin təntənəli iclasına dəvət olunan yoldaşların üzünə taybatay açıldı. Qonaqlar xüsusi yoxlamadan sonra içəri keçib yavaş-yavaş salonda öz yerlərini tutmağa başladı. Saat 7-də Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi və Bakı Komitəsinin birinci katibi Mir Cəfər Bağırov, partiya, hökumət rəhbərləri, generallar, elm, sənət xadimləri səhnədə göründülər. Rəyasət heyətində əyləşənlər arasında Üzeyir Hacıbəyov, Səməd Vurğun, yeni yaradılan Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov da var idi. Bakı Soveti İcraiyyə komitəsinin sədri A. Kozlov təntənəli iclası açıq elan edən kimi, SSRİ-nin (diqqət yetirin: Azərbaycanın deyil, SSRİ-nin - E.B.) dövlət himni səsləndi. Kozlov böyük ruh yüksəkliyi ilə rəyasət heyətinə daxil olan müraciəti hamının nəzərinə çatdırdı:
   
   - Yoldaşlar! Təklif var ki, əziz rəhbərimiz Stalin başda olmaqla Ümumittifaq Kommunist bolşeviklər Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu təntənəli iclasımızın fəxri rəyasət heyətinə seçilsin.
   
   Hamı bir nəfər kimi ayağa qalxıb uzun zaman arası kəsilməyən gurultulu alqışlarla yekdillik nümayiş etdirdi. Məruzə üçün söz Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevə verildi. O, qəbul olunmuş standart dəyərləndirmələr çərçivəsində qabaqcadan hazırlanmış çıxışında inqilabdan sonra qazanılan nailiyyətlərdən, faşizm üzərində qələbədə sovet xalqının qəhrəmanlıq nümunələrindən, azərbaycanlıların arxa və ön cəbhədə şücaətindən, ən başlıcası partiyanın, şəxsən Stalin yoldaşın qarşıya qoyduğu yeni vəzifələrdən danışdı. Teymur Quliyev ürəyini boşaldıb tribunanı tərk edən kimi, Kozlov yenə ağzını mikrofona dayayıb yığıncaq iştirakçıları adından xüsusi ahənglə "sərkərdələr sərkərdəsi, bolşeviklərin və sovet xalqının müdrik rəhbəri" Stalin yoldaşa təbrik məktubu göndərmək təklifini irəli sürdü. Mətni oxumaq üçün söz Rəsul Rzaya verildi. Xitabət kürsüsünə çıxan şair böyük rəhbərin şərafətinə, şücaətinə əzəldən heyran və əbədi minnətdar olan həmvətənlərinin sonsuz sədaqətini, dərin məhəbbətini ifadə edən şanlı məktubu oxuyub bitirən kimi, hər kəs yenə ayağa qalxıb, qolları taqətdən düşənə qədər çəpik çaldı. Bundan sonra digər çıxışlara, müzakirələrə lüzum qalmadığından yığıncağı idarə edən A. Kozlov tədbir iştirakçılarını Molotov yoldaşın məruzəsini dinləməyə dəvət etdi. Elə bilməyin ki, Vyaçeslav Mixayloviç Bakıda idi, yox! Həmin axşam o, Kreml Sarayının Böyük salonunda Stalin yoldaşın hüzurunda nitq söyləyirdi. Axundov adına Opera və Balet teatrına toplaşanlar onun çıxışını radio ilə dinləyəcəkdi.
   
   Günün bu və digər mühüm hadisələri barədə "Kommunist"in sabahkı nömrəsində oxuculara geniş məlumat vermək üçün bayram tədbirində iştirak edən biriki nəfərdən başqa digər əməkdaşlar redaksiyada çalışırdı. Başlığa çıxarılan əsas şüar müəyyən edilmişdi:
   
   "Lenin bayrağı altında, Stalinin başçılığı ilə sosialist quruculuğunun yeni müvəffəqiyyətlərinə doğru, irəli !"
   
   Birinci səhifəyə Vladimir İliç Lenin və onun ən etibarlı tələbəsi, sadiq silahdaşı, ləyaqətli davamçısı olan Stalinin şəkillərini qoymuşdular. Hər iki şəklin ölçüləri eyni olmalı və yanında sitat yerləşdirilməli idi. Dünya proletariatının rəhbəri İliçin və millətlər atası Stalinin ağzından dürr tökülsə də hər kəlməni atalar məsəli, hikmətli söz kimi işlətmək də işə yaramırdı . Yuxarı dairələrdə təsdiqlənmiş müəyyən ifadələr vardı və çərçivədən kənara çıxmaq yolverilməz sayılırdı. Bayram nömrəsinə Leninin hikmət xəzinəsindən aşağıdakı uzaqgörən fikirlər seçildi:
   
   "Böyük Oktyabr Sosialist inqilabının əhəmiyyəti hər şeydən əvvəl bundan ibarətdir ki, bizdə Sovet hökuməti olacaqdır, burjuaziyanın əsla iştirak etmədiyi öz hakimiyyət orqanımız olacaqdır. Məzlum kütlələr özləri hökumət yaradacaqlar. Köhnə dövlət idarəsi tamamilə dağıdılacaq və sovet təşkilatları şəxsində yeni dövlət idarəsi yaradılacaqdır."
   
   Stalinin şəkli yanında yer alan müdrik kəlam da bu oldu:
   
   "Bizim proletar inqilabımız dünyada yeganə inqilabdır ki, xalqa özünün təkcə siyasi nəticələrini deyil, maddi nəticələrini də göstərə bildi... Bizim inqilabımız yeganə inqilabdır ki, kapitalizmin buxovlarını nəinki qırdı və xalqa azadlıq verdi, hətta varlı həyat üçün xalqa maddi şərait də verməyə nail oldu. Bizim inqilabımızın gücü və məğlubedilməzliyi də bundadır!"
   
   Molotovun məruzəsinin mətni birinci səhifəyə sığmadığından ikincini də zəbt etdi. Qalan səhifələri də rəsmi xəbərlər, təbriklər, əmək kollektivlərinin, staxanovçuların raportları bəzədi. Kirovabadda Beriya adına teatrda keçirilən mərasimdən hazırlanan geniş hesabat da mühüm yazılar arasında yer ayırmışdı. Əli Vəliyev operadan çıxıb redaksiyaya qayıdanda nömrə artıq çapa hazır idi. Fəqət materialları şəxsən gözdən keçirməsə, evə rahat gedə bilməzdi. Həyat yoldaşı Qumru xanım nigaran qalmasın deyə, kabinetindən telefonla zəng edib bir qədər ləngiyəcəyini xəbər verdi. Dəstəyi yerə qoyanda nəsə yadına düşdü və Adil Babayevi soruşdu. Dedilər buralardadır, indi çağırarıq. Görən xeyir ola, axşam vaxtı Adil yada düşdü ? Axı, nömrədə bir dənə də olsun ədəbi material yox idi. Adil özü də müəllimin otağına gəlincə, "xeyir ola" sualına cavab tapmırdı. Amma, redaktorun üzündəki xoş təbəssüm içini rahatlatdı:
   
   - İndicə rəsmi tədbirdən gəlirəm. Orda neçə nəfərdən son şeirin barədə xoş sözlər eşitdim. Səməd Vurğunla da görüşdük. "Qocanın söhbəti" onu yaman tutub. Heç bilirsən, nə dedi? Sənə şeir yazmaq fikrindədir. Hər halda, mənə belə söylədi. Bir daha təbrik edirəm.
   
   Onu həyəcanla dinləyən Adil dedi:
   
   - Əli müəllim, bütün bunların səbəbkarı ilk növbədə sizsiz. Neçə vaxt idi, həmin şeir qovluqda qalmışdı. Siz onu çapa göndərməsəz ...
   
   Əli müəllim onun sözünü yarımçıq kəsib, qoymadı fikrini tamamlasın:
   
   - Adil, bala, bu şeiri mən olmasam, nə vaxtsa bir başqası çap edəcəkdi. Hər nə qədər maneə olsa da, yaxşı əsər əvvəl-axır üzə çıxır. Səməd kimi adamı riqqətə gətirmək hər oğulun işi deyil. Sən bunu bacardınsa, afərin!
   
   ***
   
   Noyabrın 7-si səhər saat 10-da meydanda Bakı şəhər hərbi qoşun hisslərinin rəsmi keçidi başlayacaqdı. Hərbçilərdən sonra zəhmətkeşlər nümayişə çıxacaqdı. Sovet İttifaqı Marşalı A.Vasilevskinin əmri ilə Moskvada və qardaş respublikaların paytaxtında, eləcə də bəzi şəhərlərində toplardan iyirmi yaylım atəşi açılacaqdı. Beləliklə, Oktyabr inqilabının 25 illiyi münasibətilə nəzərdə tutulan silsilə tədbirlər qaranlıq səmaya rəng qatan atəşfəşanlıqla tamamlanacaqdı. Ayın 8 və 9-da qəzetlər çıxmadığından ayın 10-da Moskvanın Qırmızı meydandakı (Qızıl meydan o zaman belə adlanırdı - E.B.) hərbi parad, bir qrup rəhbər partiya işçisinin orden və medallarla təltif edilməsi, eləcə də məmləkətin bayram tədbirləri və digər boyat xəbəri hadisədən üç gün ötmüş "Kommunist" də dərc olundu. Ayrıca guşədə Molotovun ayın 6-da Kremldəki tarixi çıxışından ilhamlanan respublika zəhmətkeşləri əmək cəbhəsində yeni qələbələr qazanacaqlarını bəyan edirdi. Dağıstanın 25 illiyinə həsr olunmuş materiallar da nəşriyyat diliylə desək, bir podval yer tutmuşdu. Sovet İttifaqı Teleqraf Agentliyinin yaydığı məlumatlara görə, guya xarici ölkələrin kütləvi informasiya vasitələri Molotovun məruzəsinə xüsusi diqqət ayırmışdı. Təbliğat maşınının bu kimi keyfiyyətsiz, gərəksiz və əhəmiyyətsiz yazıları "Kommunist"in oxucularını ideoloji cəhətdən maarifləndirmək, əmək cəbhəsində yeni qələbələrə səfərbər etmək məqsədi daşıyırdı. Rəsmi xəbər və dadsızduzsuz materiallar bolluğunda qəzetin 3-cü səhifəsində Səməd Vurğunun imzası daha çox diqqət çəkdi. Görünür, bunun bir neçə səbəbi vardı. Hər şeydən öncə ona görə ki, bütünlükdə Oktyabr bayramının necə keçirildiyinə həsr olunan nömrədə yer alan şeir tamam başqa məqsəd və əhvalıruhiyyə ilə qələmə alınmışdı. İkincisi, bir gün öncə, yəni noyabrın 9-da yazılsa da, mürəkkəbi qurumadan qəzetdə dərc edilmişdi. Bu əsər əgər Lenini, Stalini vəsf etsə, Qızıl meydanda 7-də keçirilən hərbi parada, yaxud bayram münasibətiylə "staxanovçu"ların qələbə rapotrlarına həsr olunsa, təbii sayılardı. Amma Səməd Vurğun çoxlarının tanımadığı iyirmi yaşlı gəncə şeir ithaf etmişdi. Ona gələcək yaradıcılıq yollarında uğurlar diləmiş, dəyərli məsləhət, istiqamət vermiş, böyük ümidini, arzularını, poetik duyğularını dilə gətirmişdi. Üçüncüsü, "Mənim arzum" əsərində Səməd Vurğun Adilin bir bəndini epiqraf götürməklə ona münasibətini qabaqcadan ifadə etmişdi. Bu məqam da oxucuların, Vurğun poeziyasının vurğunlarının diqqətindən yayınmadı. Həmin gün Adil Babayev özünü dünyanın ən bəxtəvər insanı sanırdı.
   
   
   
   Mənim arzum
   
   
   
   Daddımsa dünyanın hər nemətini,
   
   Dilbər guşələrdə keçdisə ömrüm,
   
   Dünyanın ən böyük səadətini,
   
   Bu boylu çinarın altında gördüm
   
    B.Adil
   
   
   
   Şair! Nə incədir rübabın sənin!
   
   Uçurdu qəlbimi çaldığın o saz!
   
   Vətən torpağında bitən gülşənin
   
   Yarpağı saralıb, çiçəyi solmaz.
   
   
   
    ***
   
   O səcdə qıldığın çinar kölgəsi
   
   Mənim də şerimin qibləgahıdır.
   
   Qurbanı olduğum Odlar ölkəsi
   
   Hüsnün də, eşqin də ilk sabahıdır.
   
   
   
   ***
   
   Sən ana torpağı qarışqarış gəz,
   
   Hər daşın altında bir gövhər axtar.
   
   Eşqinə, qəlbinə yad ola bilməz,
   
   Vətən sevgisilə yanan sənətkar.
   
   
   
   ***
   
   Şair! Yuvasından tərlanı səslə,
   
   Qartal qanadınla fəzaları aş!
   
   Bu ilk məhəbbətlə, bu ilk həvəslə
   
   Mən keçən yolları sən də keç, qardaş!
   
   
   
   ***
   
   Vaxtdır! Bu eşq ilə bir dastan başla,
   
   Min ürək dil açsın hər varağında.
   
   Babalar yurdunu sən də alqışla
   
   Bizim Vaqif kimi, Kür qırağında.
   
   
   
   ***
   
   Hər otun, çiçəyin öz adını yaz,
   
   Hər insan ömrünün bir kitabı var.
   
   Mənasız gözəllik xatirdə qalmaz
   
   Sənə sarban olsun böyük arzular.
   
   
   
   ***
   
   Danışdır torpağı, hər sirrini aç,
   
   Oxuyub doymasın nəsillər onu.
   
   Kamalın hüsnündən Günəşə nur saç
   
   Onun nə ilki var, nə də ki, sonu.
   
   
   
   ***
   
   Şer rübabını sən ürəklə çal,
   
   Ürəksiz deyilən sözlər saxtadır.
   
   Sənə oğlum deyir bugün istiqbal
   
   Elə zənn etmə ki, o uzaqdadır.
   
   
   
   ***
   
   Gələcək eşq ilə yanan bir ürək,
   
   Ağlın fəzasında balüpər açar...
   
   İstiqbal idrakla şəfəqlənəcək,
   
   Hər tilsimli yolu bir hünər açar.
   
   
   
   ***
   
   Uç, uç! Sən xəyalın asimanında,
   
   Hər daşa, torpağa qanad ver, qanad!
   
   Etila hüsnü var insan qanında
   
   Biz yüksəl deyir anamız həyat!
   
   
   
   Səməd Vurğun
   
   9 noyabr, 1945-ci il


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK