adalet.az header logo
  • Bakı 17°C

YALANINIZ BATSIN!

ORXAN ARAS
23643 | 2010-04-23 08:29
Bu ay İzmirin Çeşmə bölgəsində Türk Dünyası Kültür Konqresi toplanır.
   
   Qəzetlərin verdiyi bilgiyə görə konqresə yüzlərcə kişi qatılacaqmış. Umarım o "yüzlərcə kişi" ordakı qonaqlıqların haqqını verərlər və ortaya ağlı başında, uyğulana bilən qərarlar çıxar. İnanın artıq bu "türk dünyası" sözündən də və bu adla yapılmış toplantılardan və toplantılar sonucu ortaya çıxan yalanlardan da bezmişəm. Məqsədim Çeşmədə yapılan konqresi qaralamaq deyildir. Sadəcə bu mövzularda yapılmış yayınlara diqqət çəkmək istəyirəm. Türk dünyası dedikləri dünyanın bir qismi artıq 20 ildən bəridir ki, müstəqil dövlətdirlər. Türkiyə ilə bu müstəqilliyə qovuşmuş yeni türk dövlətləri arasında planlanan, xəyal edilən mövzularda nə yazıq ki, bir santimetr belə yol gedilməyib. Guya əlifba birliyi üçün addımlar atılacaqdı, heç bir şey yapılmadı. Ortaq tarix Türk dünyasındakı məktəblərdə dərs kitablarına girəcək və tələbələrə ortaq tarix şüuru veriləcəkdi, hamısı fıs çıxdı. Ortaq türkcə konusunda fikirlər vardı, elə söz olaraq qaldı.
   
   Bütün bunların birinci səbəbi bu cür konqreslərə miqyası olmayan, savadsız, nüfuzsuz insanların dəvət edilməsidi. Ayrıca bu cür havayı qonaqlıqlara hər kəs öz tanıdığını, dostunu dəvət edir. Nəticədə də hər dəvətli kürsüyə çıxır, həyəcanla danışır, bildiyimiz sözləri deyirlər, həyəcanlar qabarır və sözdə Turan xəyalı gerçəkləşdirilir, hər kəs dağılışıb evinə gedir.
   
   Abdallıq edib bu cür toplantıların bir neçəsinə mən də qatıldım. Bir həftədən öncə hazırlaşdım. Başımı yordum, gerçəkləşə biləcək fikirlər topladım və yola düşdüm. Nələrlə qarşılaşdığımı yazsam bir kitab dolusu mövzu çıxar ortaya. Sadəcə bunu yazım ki, hər qatıldığım toplantıdan sonra əlimdəki sənədlərlə həm bu toplantını təşkil edənlərə, həm də özümə söyə-söyə evimə döndüm. Çünki füqəra xalqımızın puluyla ən bahalı otellərdə keçirilən bu cür toplantıların ən önəmli söhbətləri yemək və içmək olurdu.
   
   Frankfurtda yapılan bir toplantını heç unuda bilmirəm. Məni tanıyanlar bilirlər, tam 20 ildi Türk dünyası davası üçün yollardayam. Avropada bu mövzularda tər tökən, əmək verən həmən-həmən hər kəsi bir az tanıyıram. Frankfurtda dəvət edilmiş qonaqlardan biri (ömrümdə görmədiyim və adını heç duymadığım biri) kürsüyə noutbukuyla birlikdə çıxdı və bizə bir saata yaxın internetdən alınmış bilgilərlə tarix dərsi verdi. Atillanın Avropanı necə diz çökdürdüyünü anlatdı. Yenə Türkiyədən dəvət edilmiş bir millət vəkili bəlkə 50 dəfə AZƏRBAYCAN yerinə Azerbeycan dedi. Və bəlkə də adı yazılaraq əlinə verilmiş və Türk dünyasının ən böyük şairlərindən biri olan Bəxtiyar Vahabzadənin adını Baxtiyar Vahab deyərək kəkələyə-kəkələyə onun önəmli bir şeirindən bir bölümü zar-zor oxumağa çalışdı. Orda qalxıb bağıra-bağıra etiraz etməmək üçün özümü zorla saxladım.
   
   BİLMİRSƏNSƏ HEÇ OLMASA BİR BİLƏNDƏN SORUŞSAN BƏ ADAM!
   
   Amma hər yerdə dilimin bəlasını çəkdiyim üçün susdum. Toplantının ilk saatlarında çantamı götürdüm və üç gün sürəcək toplantını yenə söyə-söyə tərk etdim.
   
   Nə yazıq ki, bizim Türk dünyası davamızın xəyalı da belə nüfuzsuz və dəyərsiz insanların əli ilə yox olub getdi. Tam 20 ildi sözdən başqa heç nə eşitmədik. Nə ortaq türkcəmizin çərçivəsi cızıldı, nə də o çox öyündüyümüz tariximiz ortaq tarix halına gətirilərək gənc nəsillərə öyrədilə bildi. Hətta bu cür toplantıların yararından çox zərərini gördük. Çünki o toplantılarda "Türk, Türk dünyası" deyə-deyə döşünə döyənləri başqa toplantılarda türkcəyə, türk tarixinə söyərkən gördüm. Bu qəhrəmanlara (!) görə əslində ortada bir türk dili də yoxdur. Elə insafsız adamlardılar ki, onlara qalsa Qarsın ayrı, Gəncənin ayrı, Təbriz və İstanbulun da ayrı-ayrı dilləri var. Artıq bunlara yalanınız batsın deməkdən başqa əlimdən bir şey gəlmir.

TƏQVİM / ARXİV