adalet.az header logo
  • Bakı 20°C

SiYASƏTiN QROSSMEYSTERi

BABƏK YUSİFOĞLU
51880 | 2010-04-20 01:09
Dünya tarixinə nəzər salsaq orada ən müxtəlif hadisələrin, inanılması mümkün olmayan olayların, eyni zamanda tərəqqinin, rəngarəngliklərin şahidi olarıq. Dövlətlər, inperiyalar yaranıb sonradan bu və ya digər səbəblər üzündən süquta uğrayaraq sıradan çıxıblar. Onları başqaları əvəz edib. Sonra onlar da eyni aqibəti yaşayıblar. Hunların, Çingiz xanın, Teymur Ləngin, Makedoniyalı İskəndərin, ərəb xilafətinin... qurduğu möhtəşəm imperiyalardan indiyə heç nə qalmayıb. Bu çox yəqin ki, zamanın, tarixin pozulmayan bir qanunauyğunluğudur ki, xalqlar bunu dönə-dönə yaşamağa məcburdurlar. Yəni ən sadə məntiqlə olanlara yanaşsaq belə demək mümkündür ki, Tanrıdan başqa yer üzündə nə varsa dəyişməyə məhkumdur. Yalnız O mütləqdir.
   
   
   
   "Qoca dünya"nın səyyahları tərəfindən kəşf olunan "yeni dünya" o vaxtlar inkişaf baxımından çox geri qalsa da dövr dəyişdikcə heyrətamiz inkişafa qədəm qoydu. Qitənin əsrarəngiz təbiəti, zəngin təbii ehtiyatları, ucsuz-bucaqsız bərəkətli torpaqları burada əvəzsiz rol oynadı. Avropalılar durmadan bu torpaqlara axışdılar və buradakı zənğinliklərdən yararlanmaqla inkişafın təməlini qoydular. Amma bütün bunlar heç də faciəsiz, itkisiz, qurbanlarsız başa gəlmədi. "Qoca qitə"nin müxtəlif dövlətlərindən bura gələn silahlı dəstələr, ordular buranın hələ də oxla, nizədən savayı silahı olmayan yerli hindu tayfalarını amansızcasına qırıb onların torpaqlarını zorla əllərindən aldılar. Və qüvvətli Avropa dövlətinin hər biri həmin torpaqlarda öz hökmranlıqlarını qurdular. Və bu yazilliklər boyu beləcə davam etdi. Elə bu üzdəndir ki, bu gün də Amerika qitəsində olan ölkələr əsarətlərində olduqları dövlətlərin dilində danışırlar - ingilis, ispan, portəgiz, fransız...
   
   Kim deyərdi ki, yarıçılpaq, nizəli-oxlu hinduların ərazisində sonradan qurulacaq bir dövlət - ABŞ bütün dünyada hegomonluq edəcək, öz maraqlarının təmin edilməsi üçün insanları kütləvi şəkildə qırmaqdan belə çəkinməyəcək. Amma onu da etiraf etmək lazımdır ki, ABŞ yalnız qırmaqla, öldürməklə, işğalla qüvvətlənmədi, güclənmədi, qüdrətli olmadı. O məhz qüdrətli, güclü olduğu üçün qırdı, işğal etdi, hegomona çevrildi. Bu yolda da ən əsas rolu Amerikanı idarə edən, yönləndirən, ona istiqamət verən ağıllı başları oynadı. Həmin ağıllı başların hamısını sadalamaq, onlardan söz açmaq bir qəzet səhifəsində qeyri-mümkün olduğu üçün biz yalnız onlardan biri - müasir ABŞ-ın siyasi həyatında özünəməxsus rol oynamış Kissincer haqqında danışmaq istəyirəm.
   
   
   
   HENRİ ALFRED
   
   KİSSİNCER
   
   
   
   Henri də əksər amerikalılar kimi Avropalı idi. O, 1923-cü il mayın 27-də Almaniyada - Bavariyanın Fyurt şəhərində yəhudi ailəsində anadan olub. Henri (Haynts) ailənin böyük oğlu idi. Atası Luis şəhərdəki orta məktəblərdən birində müəllim işləyirdi. Ailə əvvələr sakit həyat tərzi keçirsə də sonralar ölkədə gedən siyasi dəyişikliklər nəticəsində hər şey dəyişdi. Bu həmin illərə təsadüf edir ki, ölkədə ultra millətci hərəkat başlamışdı və getdikcədə güclənirdi. 1933-cü ildə Adolf Hitlerin hakimiyyətə gəlişi ilə Almaniyada antisemitizm hərakatı geniş vüsət almağa başladı. Və bundan sonra Luisin yəhudi ailəsindən ötrü Fyurtda yaşamaq mümkün olmadı. O, tezliklə işini itirdi, hər yerdə, hər addımbaşı basqılara məruz qaldı, ailəni dolandırmaq üçün heç yerdə özünə iş tapa bilmədi. Ardınca Hayntsı oxuduğu gimnaziyadan da çıxardılar. O sonradan yəhudilər üçün məktəbdə təhsilini davam etdirsə də onlar üçün getdikcə yaşamaq dözülməz olurdu. Məhz bu üzdən Kissincerlər ailəsi 1938-ci ildə Almaniyanı tərk etmək məcburiyyətində qaldı.
   
   
   
   MÜHACİRƏT
   
   
   
   Əslində buna heç tərk etmək də deməzdilər, ailə təhlükələrdən yayınmaq üçün ölkədən qaçdı, sonra isə müxtəlif yollarla ABŞ-a mühacirət edərək Nyu-Yorka yerləşdilər. Oxumağa böyük marağı olan yeniyetmə Henri Corc Vaşinqton məktəbinə daxil oldu və 1943-cü ildə oranı bitirdi. Bu müddət ərzində Kissincerlər ailəsi Amerika vətəndaşlığını qazanmaq üçün əllərindən gələni edirdilər. Və nəhayət onlar bu istəklərinə çatdılar. ABŞ vətəndaşı olan Henri orta məktəbi bitirəndən sonra hərbi xidmətə çağırıldı və orduda hərbi əks-kəşfiyyatda tərcüməçi kimi xidmət göstərdi. O, xidmət etdiyi dövrlərdə bacarığı və intellekti ilə seçildi və ona olan ümidlər daha da artmağa başladı. 1945-ci ildə Almaniya məğlub edildikdən sonra ABŞ-ın işğal edilmiş Almaniyadakı hərbi nümayəndəliyində işlədi. Və burada da bacarığını ortaya qoyan Henri Kisssincer Bürünc ulduzla təltif edilib. Amma gənc Kissincerin təhsilini yenə davam etdirmək həvəsi onu məşhur Harvard universitetinə gətirib çıxardı. Və o burada siyasi elmlər üzrə bakalavr dərəcəsi alır. Amma təhsilə heç də bununla son vermir. 1952-ci ildə magistr, 1954-cü ildə isə doktor adını qazanır. Bundan sonra o, Harvard universitetinə işləmək üçün dəvət edilir.
   
   O vaxtlar Henri Kissincer möhkəm və qərib adam hesab olunduğundan onun beynəlxalq siyasət kursunun tələbələri digərlərindən daha çox populyarlıq qazanmışdı. 1959-cu ildə o, adyunkt-professor təyin edildi, üç il sonra da professor oldu. Artıq bu gənc mütəxəssis rəsmi dairələrin də diqqətini cəlb etməyə başlamışdı. Onun nəzəri təhlilləri, siyasi mühakimələri diqqət çəkirdi. Daha sonra Harvardın müdafiə məsələləri üzrə təhqiqat proqramına rəhbərlik etməyi Kissincerə həvalə etdilər və çox çəkmədi ki, o, xarici siyasət və strateji müdafiə məsələləri üzrə sanballı bir mütəxəssis adını qazandı. Həmin dövrlərdə Amerikanın sayılıb-seçilən tarixçisi hesab olunan Artur M. Şlessincer Beynəlxalq məsələlər şurası yanında təhqiqatlar proqramları üzrə direktor postuna Kissincerin namizədliyini irəli sürdü. Həm də onun hazırladığı "Nüvə silahı və xarici siyasət" məruzəsi ABŞ-ın dövlət rəsmlərini, habelə Rokfeller qardaşlarının diqqətini özünə cəlb eləmişdi. Və bundan sonra Henri Kissincer bir sıra ciddi işlərin öhdəsindən uğurla gəldi. Amma siyasi elmin bossu olmağa layiq olan bu yəhudi çıxdığı yolu daha sürətlə getməyi bacardı. Vətənindən çox-çox uzaqlarda, beynəlxalq siyasətin əjdahaları olan bir məmləkətdə irəli çıxdı.
   
   Artıq beynəlxalq siyasətin elmi nəzəriyyəsi ilə bağlı onun araşdırmaları, yazdıqları get-gedə rəsmi dövlət adamlarının daha çox diqqətini cəlb edirdi.
   
   
   
   
   
   GÜNDOĞAN
   
   
   
   Amerikanın Cənubi Vyetnamdakı səfiri Henri Kebot Locun dəvəti ilə bu ölkəyə gəldi və bundan bir qədər sonra - 1965-ci ildə ABŞ-ın Şimalı Vyetnamı bombalaması başladı. Həmin dövrləri araşdıran bəzi jurnalistlərin qənatinə görə, Vyetnam müharibəsində bu yəhudinin fikirləri ciddi önəm daşıyıb. Məhz onun təklifləri ilə ABŞ-ın həmin ökəyə müdaxiləsi daha da böyümüşdü. İki il ötdükdən sonra Conson iqtidarı Vyetnamda razılığın əldə olunmasının perspektivi üçün araşdırmalara başlatdı ki, bu da dörd ay çəkdi. Ardınca da Parisdə sülh danışıqları işə düşdü. Onda Kissincer də rəsmən Nelson Rokfellerin müşaviri vəzifəsində işləyirdi.
   
   1968-ci ildə isə o, ABŞ-ın yeni prezidenti Niksonun əməkdaşlıq təkliflərini qəbul edərək prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsinin icrasına başladı. Və bu təyinatdan sonra ABŞ-ın bütövlükdə gündoğan regionunda siyasəti daha da aktivləşdi. Amma bu dəfə başqa ampluada. Yəni Amerikanın Vyetnamdakı qoşun hissələri tədricən Cənubi "Vyetnamlaşmağa" başladı. Amma bu o demək deyildi ki, Amerika regiondan çəkilməyə qərar vermişdi. Xeyr. Məhz onun təklifi ilə Vaşinqton Şimali Vyetnamın Kombocada olan kommunikasiya sistemlərinə qarşı hava reydlərinə start verdi. Bu da aparılan danışıqlarda ABŞ-ın mövqeyini gücləndirmək məqsədi daşıyırdı. Nəhayət onun yürütdüyü siyasət öz bəhrəsini verdi. Qarşılıqlı razılıaşmalar və öhdəliklərlə sülh danışıqları reallaşdı. Kissincer və Şimali Vyetnamın lideri Nobel Sülh Mükafatına layiq görüldü. Bu cür seçimdən razı qalmayanlar çox oldu və hətta etiraz olaraq nümayişlərə də başladılar. Həyatında və işində istədiklərini bacarıq, səbri ilə əldə edən bu ağıllı, uzaqgörən siyasətçi mükafatı almağa özü getmədi. Onu ABŞ səfiri təmsil etdi. Dünyanın siyasət divlərindən sayılan Henri Kissincer İkinci dünya savaşında iki fərqli düşərgələrə parçalanmış Almaniyanın siyasi həyatında da dəyişiklərə nail oldu. Şərqi Almaniyanın tanınması müqabilində Sovet İttifaqı Qərbi Berlinə olan qadağasını götürdü. Məhz onun fəaliyyəti nəticəsində ABŞ prezidenti Nikson 1972-ci ildə Çin Xalq Respublikasının Baş naziri Çjou Enlayla qeyri-rəsmi görüşü baş tutdu.
   
   Kissincerin adı beynəlxalq siyasi arenada kifayət qədər məşhurlaşmışdı. Nikson ikici dəfə prezident seçiləndən sonra onu ABŞ-ın dövlət katibi vəzifəsinə gətirdi. Və beləliklə Almaniyadan baş götürüb ailəsi ilə Amerikaya pənah gətirən bir ailənin məktəbli yaşında oğlu ABŞ kimi bir super dövlətin ən məsul kreslolarından birinə oturdu. Və bundan sonra dünyada baş verən qlobal siyasi gəlişlmələrdə səbəbli və səbəbsiz onun adı hallandırılmağa başladı. Hətta Çilidə baş verən hərbi çevrilişdə Kissincerin də payı olduğu bildirilirdi. 1973-cü ildə Misirlə İsrail, Suriya ilə İsrail arasında başlayan müharibənin dayandırılması, Süveyş kanalının təhlükəsiz istifadə olunması, Suriya-İsrail razılaşması... məhz onun adı ilə bağlıdır. Belə bir fikir də var ki, qüdrətli Sovet İmperiyasının süqutu da məhz Kissincerin nəzəriyyəsi əsasında həyata keçirildi. Kənardan və iqtisadi təzyiqlərlə bu nəhəng hegomonun çöküşünün mümkün olmayacağını, onun yalnız daxildən parçalanmasının effekt verəcəyini bu yəhudi başı ortaya qoyub. Nəticəsi də göz qabağındadır.
   
   Ueterqeyt qalmaqalından sonra hakimiyyətdən uzaqlaşan Niksonu əvəz edən Cerald Ford da beynəlxalq siyasi oyunların ustası hesab edilən Kissinceri tutduğu vəzifədən kənarlaşdırmadı. O bu vəzifədə 1977-ci ilədək çalışdı. Və iqtidar dəyişdikdən sonra postundan getdi. O, fəaliyyətini dövlət qulluğu ilə tamam üzülüşüb beynəlxalq münasibətlər institutunda dərs deməklə davam etdirdi. Özünü siyasi elmə həsr etdi. Ümumiyyətlə, ABŞ-ın xarici siyasətdə uzun müddət yol göstərəni olmuş bu şəxs bir çox elmi mərkəzlərin, institutların üzvü, beynəlxalq, siyasi məsələlərlə bağlı sanballı əsərlərin müəllifi və bir sıra mükafatların sahibidir.
   
   
   
   AİLƏ HƏYATI
   
   
   
   Qəribə də olsa onu da qeyd edək ki, dünya siyasətinin aparıcı nəzəriyyəçilərindən biri, dərin analitik təhlil qabliyyətinə malik olan Henri Kissincerin ailə həyatı uğurlu olmayıb. O 1949-cu ildə Enn Fleyşer adlı qadınla ailə həyatı qursa da, həmin qadından bir oğlu və bir qızı dünyaya gəlsə də, ailəsi dağılmış, beş ildən sonra ikinci dəfə evlənmişdir. 1971-ci ildə isə Renat Falkenberqlə ailə qurmuşdur ki, bu nigahdan da iki oğlu, bir qızı doğulmuşdur. Son vaxtlar səhhətində problemlər yaşayan Kissincer tez-tez sağlamlığının qayğısına qalmaqla məşğuldur.
   
   Cəmiyyətdə onu bəyənənlər də, bəyənməyənlər də var. Hətta onun haqqında müxtəlif cür macəralar da danışılır. Amma bütün bunlara baxmayaraq Henri Kissincer Amerikanın beynəlxalq siyasət fəlsəfəsində çox ciddi dəyişikliklərin müəllifi sayılır. Onun dərs dediyi tələbələr indi ən müxtəlif sahələrdə işləyirlər. Onun yazdıqlarını oxuyur, öyrənirlər. Kissincer bu yaşında, səhhətində problemlər yaşasa belə bu gün də siyasətdə avtoritet sayılır.

TƏQVİM / ARXİV