adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ATEiZM

FƏRHAD ŞABANOV
36106 | 2010-04-17 08:59

   
   Ateizm qısa olaraq tanrı ya da tanrıların var olmadığını qəbul edən, dini elmləri inkar edən fəlsəfi fikirdir. Bu fəlsəfənin yolu ilə gedənlərə ateist deyilir. Ateizm sadəcə tanrını deyil, bütün meta və ruhla bağlı hər şeyi rədd edir. Ateizm çox vaxt dinsizlik ilə bir tutulsa da bu yalnışdır. Teravada Buddizmi kimi bəzi dinlərdə də tanrının varlığına rastlanılmır. Deist düşüncələrdə isə tanrıya inanılır ancaq heç bir din qəbul olunmur. Ateizm kainatın necə əmələ gəldiyini bildirməməklə yanaşı təbiətdəki hər şeyin şüurdan kənar formada, öz-özlüyündən əmələ gəldiyini iddia edir. Ateizm tanrını inkar etmək deyil. Çünki inkar var olan bir şeyin rədd edilməsi anlamına gəlir. Ateistlərə görə, tanrı olmadığına görə onun inkarı da yalnış terminolojik ifadə olacaqdır. Ateizmin kökü ilk dinlərin və onların tanrı düşüncəsinin ortaya atıldığı dövrlərə dayanır. Antik Dövrün məşhur nümayəndələrindən Demokritos və Epikuros da ateist olmuşdur. Bundan sonra kilsə və ruhaniliyin üstün olduğu bir dövr kimi nəzərə çarpır. Fransız inqlabı ilə dinə qarşı fikirlər ortaya atılmağa başlansa da ateizmin ən parlaq dövrü 19-20-ci əsrlərdə görülür - Marks, Engels, Lenin.
   
   Bu gün dünyada təxmini olaraq 505-749 milyon ateist var. Ateizmə bir inanış olaraq baxdığımızda Xristianlıq (2 milyard), İslam (1,2 milyard) və Hinduizmdən (900 milyon) sonra dünyada dördüncü yeri tutur. Təbii olaraq müxtəlif araştırmalar bu rəqəmlərin fərqli olduğunu deyir. Buddistləri də ateistlərin içinə qatdığımızda dünya əhalisinin təxminən 28%-i edir. Bu isə dünyadakı ikinci böyük qruplaşma deməkdir. Bəzi tanınmış ateistlər: Bil Qeyts, Brus Li, Ancelina Coli, Karl Marks, Fridrix Nitşe, Darvin, Con Lennon, Diderot və 15 bilyard dəyəri olan Facebook vebsaytının qurucusu Mark Zükkerberq.
   
   İndi isə ateizm məsələsini açmağa çalışaq. Bildiyimiz kimi Yəhudilik, Xristianlıq və İslam üç böyük və tək tanrılı dindir. Ancaq Xristianlıqda Təslis deyilən bir şey var - Tanrı, Tanrının oğlu və Müqəddəs Ruh. Bu üçlüyün hamısı tanrı olaraq qəbul edilir və inanılır. İslama görə isə Allaha şərik qoşmaq ən böyük günahdır. Kiçikliyindən bəri Xristianlıq dini çərçivəsində təhsil almış bir insan düşünmə qabiliyyətinə malik olduğunda tək tanrılı din olaraq oxuduğu dinini qəbul etmədə çətinlik çəkir. Bu istər - istəməz məntiqə tərs bir fikirdir. Tanrıya olan inanışın qopma nöqtəsi burada başlanır. Dəqiq elmlərlə məşğul olan alimlərin də tanrını inkar etməsinə çox rastlanılır. Dəqiq olmayan elmlərdə isə tanrının qoyduğu qanunlar çərçivəsində tabe olunacaq qaydalar müəyyən edilir. İslam dinində Allah doğmadı və doğulmadı (İxlas, 3-cü ayə) deyilərək Allahın təkliyinə inanılır. Buna görə də müsəlmanlar arasında tanrını inkar edən kəslər demək olar ki, yoxdur. Xristianlıqda isə Təslis nəticəsində tanrını inkar edənlərin sayı 70%-ə yaxındır.
   
   Hər il ateistlik faizlərində artışlar nəzərə çarpmaqdadır. Bunun müxtəlif səbəbləri ola bilər. Ancaq ilk olaraq onu bildirməliyik ki, sonradan ateist olanların böyük hissəsi oxumuş, müəyyən biliklər əldə etmiş insanlardır. Yəqin ki, oxuduqca daha çox elm sahibi olmuş və elmin isbat edə bilmədiyi heç nəyi qəbul etməməyə başlamışlar. Bunu bütün oxuyan insanlara aid etmək də yanlışdır. Əlbəttə ki, dünyadakı hər yazılanı oxumaq mümkün olmadığına görə oxuyub ateist olanların nə oxuduqları da önəmlidir. Riçard Doukins və Fridrix Nitşeni oxuyan - iradəsi və inamı zəif olan - istənilən insanın ateist olma ehtimalı çox yüksəkdir.
   
   Başqa tərəfdən baxaq mövzuya. Tanrı insanlar üçün hər şeyə qadir, hər istədiyini edən, istədiyini yaradıb, istədiyini yox edən, zaman və məkanla əlaqəsi olmayan qısaca qarşısında təsəvvürümüzün aciz qaldığı bir anlayışdır. Vaxt keçdikcə ateist olanların sayının artdığını dedik. Çünki vaxt keçdikcə texnologiya da inkişaf edir. Texnologiya inkişaf etdikcə insan öz məharətlərini ortaya qoymaq üçün yeni imkanlar əldə edir. Ən primitiv nümunə olaraq bilgisayar oyunlarını götürək. İnsan qəhrəman olur dünyanı xilas edir. Ordulara başcılıq edib bütün dünyanı fəth edə bilir. Makedonyalı İsgəndərin gedə bilmədiyi yerlərə bir düyməyə basmaqla gedə bilir. Bütün bunları tək edir. İstər - istəməz özünə inamı artır, özünə inamı artdıqca Allaha inamı azalır. Əvəllər Allahı göydən yer kürəsinə baxan və onu idarə edən kimi başa düşürdük. İndi göydən yerə baxmaq çox asandı. "Google Earth" proqramı ilə bunu istənilən kəs edə bilir. İnsanlar özlərini "bir şey" zənn etməyə başladıqlarında bu, tanrıya meydan oxuma dərəcəsinə çata bilir. Texnologiya insanları bir - birinə soyutduğu kimi insanı tanrıya qarşı da soyudur. Əvəllər uşaqlar məhəllədə birgə oyunlar ilə başlarını qatırdı. İndi hərə bir disk alıb evə qaçır.. Əvvəl bir uşaq üçün balaca bir maşın böyük bir hədiyyə idi, indi uşaq balaca maşının heç üzünə də baxmır.. Əvvəl televizorun markası "Raduqa" idi, indi görüntüsü raduqadı.. Televizorların rəngi tündləşdikcə həyatın rəngi solmağa başladı. Ona görə də indiki evlərdəki televizorların sayı birdən çoxdu. Çünki həyat maraqsızdı. Bu yaxınlarda Çində bir hadisə oldu. Yeni qurulmuş bir ailə, uşağın təxminən 1-2 yaşı var. Atası və anası internetdə bir oyun tapıb oynuyurmuşlar. Virtual bir uşağı böyütmək, ona valideynlik etmək oyunu imiş. Bir gün görüblər ki, öz uşaqları nəfəs almır. Həkimə aparıblar və tibbi araşdırmalar nəticəsində müəyyən olub ki, uşaq aclıqdan dünyasını dəyişib. İndi görün ki, texnologiya insanlara öz doğma uşaqlarını belə unutdurur. Üstəlik unutduran səbəb var olmayan, virtual bir uşaqdır. İndi həmin "ata" və "ana" həbsdə azadlığa çıxacağı günün xəyalını qururlar.
   
   Yuxarıdakı səbəblərlə olsun, başqa səbəblərlə olsun ateist olan insanların çox hissəsində ruhən narahatçılıq olur. Çünki sonradan ateist olmaq, 20 il qatığa ağ deyib 20 ildən sora qaradı deməyə bənzəyir. İnsan öyrəşə bilmir. Həmişə içində suallar olur ki, onun ruhunu sıxır. Və nəticədə gündə 5 dəfə içki içən adam, ömrünün son dövrlərində gündə 5 dəfə namaz qılmağa başlayır. Maraqlıdı...

TƏQVİM / ARXİV